Ermənistanda dövlət idarəçiliyi iflic olub

 

 

 

Ermənistandakı böhranlı vəziyyət bütün sahələrdə daha qabarıq görünməkdədir. Hakimiyyət əleyhinə yönələn etirazların sayının çoxalması, vətəndaş itaətsizliyi idarəçiliyə də mənfi təsir edir. Ölkədə iqtisadiyyatın tənəzzülü də günbəgün dərinləşir, yoxsulluğun səviyyəsi yüksəlir.

Yerevanda hakimiyyətin istefası tələbi ilə keçirilən mitinqlər isə artıq gündəlik normaya çevrilib. Son aksiyalardan biri parlament binası qarşısında keçirilib. Müxalifətin təşkil etdiyi aksiyada 20-dək siyasi partiyanın nümayəndəsi iştirak edib. Onlar parlamentin baxacağı məhkəmə məcəlləsində dəyişiklik və əlavələri nəzərdə tutan layihəyə etirazlarını bildiriblər. Layihəyə əsasən hökumət birinci instansiya məhkəmələrində hakimlərin sayını 8-i Yerevandan olmaqla 17 nəfərə qədər artırmağı təklif edir. Apellyasiya Məhkəməsində isə 3 ştatın əlavə olunması planlaşdırılır. Ermənistanın keçmiş ədliyyə naziri Armine Ovannisyan bu qanun layihəsinin “siyasi, antikonstitusion, qanuna zidd və əxlaqsız” olduğunu söyləyib. O, yeni yaradılan vəzifələrə hökumətyönlü hakimlərin təyin ediləcəyini bildirib.

Müxalifət təmsilçiləri düşünürlər ki, bu dəyişiklik hakimiyyətin təsir və təzyiq rıçıqlarının artırılmasına xidmət edir. Ümumiyyətlə, müxalifət parlamentdə son vaxtlar müzakirəyə çıxarılan digər qanun layihələrinə də etiraz edir ki, bu da ölkədə siyasi vəziyyəti daha da mürəkkəbləşdirir.

Mövcud durumdan daha çox yararlanmaq istəyən isə ictimaiyyətdə heç bir nüfuzu olmayan keçmiş hərbi xuntadır. Belə ki, fəallığını artıran  Ermənistanın sabiq prezidentləri, müharibə cinayətkarları Robert KoçaryanSerj Sarkisyan bu günlərdə digər müxalifət partiyalarının liderləri ilə görüşlər keçiriblər. “4rd.am” saytı yazır ki, belə görüşlərdən biri müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirilib. Görüşdə Manukyanla yanaşı, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan və “Daşnaksütyunun nümayəndəsi İşxan Saqatelyan da iştirak ediblər. Amma görüşdə hər hansı ortaq məxrəcə gəlinməsi mümkün olmayıb. Belə ki, digər müxalifət partiyaları keçmiş xuntanın revanş cəhdinə isti yanaşmayıblar.

Ermənistanda ən böyük problemlərdən biri ordudadır. Müharibədə darmadağın edilən ordunun döyüş qabiliyyəti demək olar ki, qalmayıb. Eyni zamanda hərbi hissələrin təminatında da ciddi çətinliklər yaşanır. Bundan başqa, demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı da sürətlə pisləşməkdə davam edir. Digər tərəfdən, ordudakı dedovşina səbəbindən çağırışçılar hərbi xidmətdən yayınırlar. Hazırda 27-35 yaş arası 5 mindən çox Ermənistan vətəndaşı orduda xidmətdən yayındığına görə axtarışdadır.

Bütün bunların fonunda Ermənistanda ordu günündə ciddi qalmaqal baş verib. Qraparak” qəzeti yazır ki, baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyinə gələrək burada ordunun yüksəkrütbəli komandanlığı ilə görüşüb. Lakin görüş rəsmi şəkildə verildiyi kimi sakit keçməyib. Belə ki, Nikol Paşinyan ordu rəhbərliyinə Qarabağ müharibəsində məğlubiyyətə görə ittihamlar səsləndirib. Bu isə baş qərargah rəisi Onik Qasparyanı özündən çıxarıb. Erməni general ucadan söyüş söydükdən sonra qapını çırparaq otağı tərk edib. Lakin sonradan onu birtəhər sakitləşdirib geri qaytara biliblər: “Həmin vaxt müdafiə naziri Vaqarşak Arutyunyan araya girib və yüksəkrütbəli zabitləri cəzalandımaqla hədələyib. Bu zaman generallar arasında mübahisə başlayıb və onlar müdafiə nazirindən yerində sakit oturmasını tələb ediblər. Sonda Nikol Paşinyan tərəfləri sakitləşdirməyə müvəffəq olub. Buna rəğmən, baş nazir hadisəni unutmayıb və Onik Qasparyana yaxın şəxslərin ordudan uzaqlaşdırılmasına başlayıb. Ermənistanda həbs olunansilah baronuDavud Qalstyanın başına gələnlərin həmin hadisə ilə bağlı olduğunu söyləyirlər”.

Göründüyü kimi, Ermənistanda problemlər fonunda dövlət idarəçiliyi də tənəzzülə uğrayıb. Müdafiə Nazirliyində baş verənlərin timsalında bu ölkədə idarəçiliyin hansı səviyyədə olduğu öz təsdiqini tapır.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 4 fevral.- S.1;7.