İşıqlı insan, elm fədaisi

 

 

 

Akademik İsmayıl Hacıyevin 70 yaşı tamam oldu. Belə baxanda 70 il nədir ki... Onunla biz təxminən yaşıdıq. 70 ilin zirvəsindən dönüb geri baxanda adam sevinir ki, nə yaxşı bu qloballaşan, keşməkeşli, mürəkkəb dünyamızda İsmayıl müəllim kimi işıqlı insanlar var. Bu, erməni işğalçılarına haqlı deyən ədalətsiz dünyamızda ədalətin, haqqın, insafın yanında olan, çöhrəsindən təbəssüm, nur əksik olmayan İsmayıl müəllim...

 

Mən Əməkdar elm xadimi, akademik, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevi ümumilikdə 47 ildən artıqdır tanısam da, təxminən 43 ildir, daha yaxından, əmək cəbhəsində yoldaş, iş yoldaşı, həmkar kimi tanıyıram. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ot kökü üstündə bitər, - deyiblər, İsmayıl müəllim, hamının halal adam kimi tanıdığı, halallıq mücəssəməsi olan Muxtar müəllimin ailəsində böyümüşdür. O Muxtar müəllim ki, keçən əsrin 60-70-ci illərində muxtar respublikada hörmətli ağsaqqal, gözəl pedaqoq, adlı-sanlı maarif xadimi kimi tanınırdı, qapısından qonaq əskik olmazdı. İsmayıl müəllim 1971-ci ildən üzvü olduğum indiki Naxçıvan Dövlət Universitetində 1978-ci ildə əmək fəaliyyətinə başladı. Az müddətdə qabiliyyəti, səmimiyyəti, işğüzarlığı, məsuliyyəti, dosta sədaqəti ilə bütün universitet kollektivinin rəğbətini qazandı. Bu yüksək insani sifətləri, idarəçilik keyfiyyətləri, nəcibliyi, alicənablığı, işinə bağlılığı, xüsusilə akademik İsa Həbibbəylinin rektor işlədiyi dövrdə diqqəti cəlb etdi. Ona görə İsmayıl müəllim ümidverici kadr kimi irəli çəkildi, dekan müavini, dekan, tədris işləri üzrə prorektor işlədi. İsmayıl müəllimlə dostluğa sədaqətli, mehriban iş yoldaşı kimi ünsiyyətimiz yarandı, səmimi münasibətlərimiz də elə o illərdə başladı. Həmin dövrdə o, namizədlik (fəlsəfə doktoru), doktorluq dissertasiyası müdafiə etdi. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti yanında AAK-ın səyyar müdafiə şurasının Naxçıvan Dövlət Universitetində keçirilmiş iclasında İsmayıl Hacıyev yüksək səviyyədə dissertasiya müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsini aldı.

 

İsmayıl müəllim işgüzar və çalışqan pedaqoq-alimdir. Prorektor işlədiyi müddətdə tədrisin səviyyəsi xeyli yüksəldi, idarəçilik işi yaxşılaşdırıldı. Bu illərdə mənim onda müşahidə etdiyim və təqdir etdiyim ən yaddaqalan xarakter cəhət o oldu ki, o, kimin və ya nəyin xatirinəsə heç vaxt nahaq danışmayıb, düzün düz olduğunu, əyrinin əyri olduğunu deyib, haqqı nahaqqa verməyib. Adamın nöqsanı olanda da birbaşa üzünə deməyib, dolayı yollarla, yumşaq şəkildə, incə eyhamla deyib, onu islah etməyə, düz yola gətirməyə çalışıb.

 

Universitetdə tədrislə yanaşı, elmi fəaliyyətini də davam etdirən alim hərdən həmkarı olan müəllim yoldaşlarla əməkdaşlıq edir, müştərək tədqiqat əsərləri işləyib nəşr etdirirdi. Bizim də belə bir müştərək çalışmamız oldu. Yadımdadır ki, 1995-ci ildə İsa müəllimin başçılığı altında (onda prorektor işləyirdi) Ankaraya, oradan da Şimali Kipr Türk Cümhuriyyətinə elmi konfransa getmişdik. Qayıdanda o, Ankara Universitetinin rektoru ilə də görüşdü, iki universitet arasında əməkdaşlıq haqqında protokol imzalanması qərara alındı. Naxçıvan Dövlət Universiteti Ankara Universiteti ilə qardaş universitet oldu. Filologiya və tarix əlaqəli elm sahələri olduğuna görə İsmayıl müəllimlə birlikdə ikimiz bir kitab yazıb hazırlamışdıq. Elmi-kütləvi səciyyə daşıyan "Tarixdə və günümüzdə Naxçıvan" adlı həmin kitabı da Ankara Universitetinin nəşriyyatında çap etdirdik. Onu da deyim ki, "Tarixdə və günümüzdə Naxçıvan" kitabı Naxçıvan diyarı haqqında türk dilində Türkiyədə nəşr olunan ilk kitab idi. Və ona görə də türk alimləri, oxucuları bu kitaba çox maraq göstərirdilər. Yadımdadır ki, Türkiyədəki bir elmi tədbirdə məşhur cərrah, türkoloq Cavad Heyətlə rastlaşanda kitabı bəyəndiyini söylədi və atamın Naxçıvana səfərini də göstərsəydiniz yaxşı olardı, - dedi (atası keçən əsrin 20-ci illərində indiki İran Respublikasının ədliyyə naziri olmuşdu - Ə.Q.) İnsaf naminə deyim ki, həmin kitabda xeyli arxiv materiallarından istifadə etmişdik. Bunların hamısı İsmayıl müəllimin sayəsində mümkün olmuşdu.

 

2002-ci ilin avqust ayında Ümummilli liderimiz Heydər Əliyev Naxçıvana səfərə gəldi, ziyalılarla, elm adamları ilə görüş keçirdi, bu diyarda elmi müəssisənin yaranma zərurətini əsaslandırdı və az sonra Ulu öndər indiki AMEA-nın Naxçıvan Bölməsinin təşkil olunması, yaradılması haqqında sərəncam imzaladı. Bu bölmənin sədri vəzifəsinə də ən layiqli namizəd kimi o zaman tarix elmləri doktoru olan İsmayıl Hacıyev təsdiq edildi, o, 2003-cü ildə AMEA-nın akademiki seçildi. Naxçıvan Bölməsinin sədri olan İsmayıl müəllimin dəvəti ilə mən də 16 fevral 2003-cü il tarixdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru kimi fəaliyyətə başladım.

 

Burada bir məsələni də qeyd edim ki, həmin dövrdə doktorluq işim bir neçə il idi hazır idi, ancaq müdafiə etmək həvəsim yox idi, çünki ətrafımdakılar mənə qarşı açıq qısqanclıq göstərirdilər. Bunun bir səbəbi elm sahəsində fəallığım, digər səbəbi də xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara tez-tez dəvət almağım, daha sonra bir müddət Türkiyədə universitetdə müəllim işləməyim idi. Ona görə məndə bir az küskünlük yaranmışdı. O illərdə İsmayıl müəllim məni müdafiə edir, dilə-dişə salan o bədxahlardan qoruyurdu. İsmayıl müəllim bu dövrdə məni ruhdan düşməyə qoymadı, özümü topladım, onun təhriki ilə elə akademiyada işə başladığım il, yəni 2003-cü ildə müdafiə edib elmlər doktoru elmi dərəcəsini aldım.

 

Onu da deyim ki, Ali Məclis Sədrinin təklifi, Ulu öndərin Sərəncamı ilə yaradılan AMEA-nın Naxçıvan Bölməsinin inkişafına, dirçəlməsinə dövlət hər cür qayğı göstərirdi və bu diqqət bu gün də davam etməkdədir. Bölmənin bu illər ərzində əldə etdiyi nailiyyətlər ilk növbədə İsmayıl müəllimin böyük əməyi sayəsində başa gəlib.

 

İsmayıl müəllim təşkilatçı müəssisə rəhbəri olmaqla yanaşı, həm də tanınmış elm xadimidir. Onun tarixşünaslığa və naxçıvanşünaslığa böyük töhfələri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Akademikin 50-dən artıq monoqrafiya və kitabı, 400-dən artıq elmi məqaləsi nəşr olunub. İsmayıl müəllimin bu gün Qarabağda müzəffər ordumuz tərəfindən "beli qırılan" bədnam ermənilərin Naxçıvan iddialarının yalan və uydurma olduğunu sübut edən, onlara tutarlı elmi sübutlarla, faktlarla cavab verən elmi araşdırmaları Azərbaycan tarixşünaslığında hələ uzun müddət öz aktuallığını, sanbalını qoruyub saxlayacaq. Qeyd edək ki, akademik İsmayıl Hacıyevin elmi irsində "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı" (1995-2019) və "Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində" monoqrafiyaları xüsusi mövqeyə malikdir. Belə ki, birinci monoqrafiyada 1995-2019-cu illərdə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafının ilk hərtərəfli elmi tədqiqi həyata keçirilib. 2018-ci ildə Azərbaycanda, 2020-ci ildə Sankt-Peterburq şəhərində rusca nəşr olunan "Naxçıvan Azərbaycanın dövlətçiliyi tarixində" monoqrafiyası isə ermənilərin saxta Naxçıvan iddiallarına ən tutarlı cavab verən elmi əsər kimi böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu monoqrafiya 2019-cu ildə Naxçıvan Muxtar Respublika Ali Məclisinin mükafatına layiq görülüb.

 

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev ictimai xadim kimi müstəqil dövlətimizin dövlətçilik siyasətinə həmişə sidq-ürəklə xidmət göstərir. O, 2000-ci ildə Naxçıvan Ali Məclisinin, 2005, 2010-cu illərdə Azərbaycan Milli Məclisinin deputatı olub, bir sıra qanun və qərarların hazırlanmasında iştirak edib. Akademik, ölkə Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Milli Ensiklopediyasının və Dövlət Mükafatı Komissiyasının üzvüdür. Görkəmli elm xadimi elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, o cümlədən, Naxçıvan Ali Məclisinin Xatirə medalına, Fəxri Fərmanına, AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülüb.

 

70 yaşını qeyd etdiyimiz görkəmli tarixçi alimin elm və təhsil, mədəniyyət sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təqdirəlayiq haldır ki, akademik İsmayıl Hacıyev bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, Naxçıvan Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə" nişanı ilə təltif olundu.

 

Biz də elm təşkilatçısı, nəcib, qayğıkeş və səmimi insan, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, akademik,"Şöhrət" ordenli İsmayıl Hacıyevi anadan olmasnın 70 illiyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, Azərbaycan tarix elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2021.- 3 fevral.- S.20.