Qələbənin
mühüm cəhətlərinin tarixi prototipləri
Ordu həm döyüş hazırlığı, həm
də ruhu, fədakarlığa hazır olmaq hissi ilə
düşməndən üstün olmalıdır. Napoleon qələbənin
3/4-nü ordunun mənəvi qüvvəsində
görürdü. Lakin bunlar da hansı
silah növlərindən istifadə edilməsini, onun
müasirliyinin və effektliliyinin əhəmiyyətini azalda
bilməz. Azərbaycanın siyasi rəhbərliyi
bu vəzifəni daim diqqətdə saxlamış və
uğurla həll edə bilmişdi. Ordumuz
döyüş texnikası cəhətincə Ermənistan
ordusundan çox güclü idi. Onun cəbbəxanası
ən müasir silahların və döyüş
texnikasının sərgisini andırırdı. Həm də əsgərlər və zabitlər
onlardan ustalıqla istifadə etmək vərdişlərinə
yiyələnmişdilər. Pilotsuz
uçuş aparatları, radioelektronika susdurma sistemləri, həmçinin,
düşmənə hücum etməyə və onu
müşahidə altında saxlamağa cavab verən xüsusi
döyüş bölmələri müharibədə
böyük effekt verirdi. Düşmənin
döyüş meydanındakı qərargahları, silah
anbarları və təchizat yolları ardıcıl olaraq
dağıdılırdı. Azərbaycan
ordusu ilk günlərdən havadakı nəzarəti
bütünlüklə ələ keçirmişdi. Ermənilər isə havadan müdafiə
olunmadıqlarından, radioelektronika vasitələrinə
qarşı durmağa qadir deyildilər və bu, onları
"kor" edə bilirdi.
Türkiyədən və İsraildən
alınmış pilotsuz uçuş aparatları hərbçilərimizə
imkan verirdi ki, adi artilleriya zərbəsi ilə hərbi obyektləri
vurana qədər düşmənin mövqeləri barədə
tam məlumata malik olsunlar və onları təchiz olunmaqdan məhrum
etsinlər. Ermənistan özünün Su-30 qırıcı təyyarələrindən
də istifadə edə bilmədi. Həm
də belə vəziyyət düşmənin ağır
itkilər verməsi ilə müşayiət olunurdu.
Türk dronlarının 44 günlük müharibədəki
gördüyü işi Ənvər paşanın
başçılıq etdiyi türk ordusunun 1918-ci ildə azərbaycanlılara
göstərdiyi böyük köməklə müqayisə
etmək olar.
Bu silah növü döyüşlərdə
düşmənin qərargah mənzillərini və obyektlərini
bombardman etməkdə öz üstünlüyünü
nümayiş etdirdi. Erməni hava
hücumundan müdafiə sistemləri İkinci Qarabağ
müharibəsində onlara qarşı duruş gətirə
bilmirdi.
Türk pilotsuz uçuş aparatları erməni
silahlı qüvvələrinin 1 milyard dəyərində
olan döyüş texnikasını məhv etdi. Ermənistan
224 döyüş texnikası itirdiyi halda, Azərbaycanın
həmin tip texnikadan yalnız 36-sını itirdi. Hava hücumundan
müdafiə vasitələri onlara qarşı dura bilmir,
çünki yüksək texniki xarakteristikalara və tətbiq
olunma təcrübəsinə malikdir. Onlar
döyüş əməliyyatları vaxtı insan itkisini, həmçinin,
maliyyə və texniki riskləri xeyli azaldır. Bütün sutka ərzində, müxtəlif hava
şəraitlərində monitorinq və bombardman etməyi
bacarır. Bu silah növü hazırda cəbbəxanada
olan ən təhlükəli vasitə hesab olunur.
Döyüşə təsir edən hansısa bir
növün, ya priyomun tətbiqi özünün
miqyasından asılı olmayaraq, döyüşçüyə
yeni silah təsiri bağışlayır, onun
üstünlük əldə etməsinə səbəb olur. Silahın təkmilləşməsi
olduqca ləng getsə də, dayanmırdı. Hunlar üzəngidən istifadə etdikdən sonra
sürətli ox atan süvarilərə malik oldular. Onlar uçan quş dəstəsinə bənzəyirdilər.
Üzəngi atlıya əlində iri
qılıncı və nizəni saxlamağa imkan verirdi.
Məhz üzənginin tətbiqi ilə yaranan
ağır süvarilər dəstəsi qorxulu qoşun
növünə çevrildi. Piyadalar
onlarla bacarmır və böyük itki verirdilər. Hunlar çinlilərdən inəklə və pulla
təzminat alırdılar. Attilanın
başçılığı altında V əsrin əvvəllərində
Romaya gəlib çıxmışdılar. Çingiz xanın monqol imperiyası isə (XIII əsr)
Yapon dənizindən Şərqi Avropaya qədər, cənubda
isə İraqa qədər uzanırdı. Çingiz xanın süvariləri uzaqda bir nöqtə
kimi göründüyü halda, düşmən üstünə
yaxınlaşanda qara bulud təsviri yaradırdı. Çingiz xan imperiyasına qədər quldurlar
tacirlərə hücum edib, əmlaklarını müsadirə
edir və özlərini öldürürdülər. Çingiz xandan qorxu quldurların fəallığını
heçə endirdi. İpək Yolu əvvəlki
dövrlərdən daha güclü surətdə işləməyə
başladı.
Sonrakı yenilik çinlilər tərəfindən
kükürdlə şoranın sintezindən hazırlanan
barıt, odlu silahların tətbiqinə yol açdı. Avropa
müharibələrində ingilis toplarından istifadə
olunurdu.
Tarixi təcrübə də göstərir ki, yeni, daha
səmərəli silahları olmayan tərəf müharibədə
mütləq uduzur, həm də ağır itkilər verməyə
məcbur olur.
1514-cü ilin martında Araz çayının
mənşəyininin yaxınlığında gedən
Çaldıran savaşı bunu bütünlüklə təsdiq
edir. Osmanlı imperiyası Səfəvi imperiyası
üzərində qəti qələbə çaldı,
Şərqi Anadolunu və Şimali İraqı Səfəvi alıb,
özünə birləşdirdi.
Ən mühüm fərq ondan ibarət idi ki, Osmanlı
daha böyük və yaxşı silahlanmış orduya malik
idi, onun sərəncamında çox sayda artilleriya qüvvəsi
var idi. Səfəvilərin
ordusu tərkib etibarilə ondan 1,5 dəfə
kiçik idi və artilleriyaya malik deyildi. Şah
İsmayıl döyüşdə yaralanıb, təslim oldu.
Osmanlılar Çaldıran döyüşündə
artilleriyadan çox istifadə etmişdi. Axı
yarım əsr əvvəl, Avropadan alınan topların
köməyi ilə II Mehmet Fateh 1453-cü ildə
Konstantinopolu işğal etmişdi. Çaldıran
döyüşündə Səfəvilərin bir topu da yox
idi, ancaq süvarilərinə bel bağlayırdılar.
Top atəşi isə canlı qüvvəni kərənti
kimi biçirdi. Müasir silah döyüşdə
həlledici rol oynadı, ona görə də
osmanlıların qalib gələcəyinə heç bir
şübhə yox idi.
Yeni silah
növünün əks tərəfdə böyük itkilər
verməsinə səbəb olmasının 1898-ci ildə
general Kitçenerin başçılığı
altında ingilis əsgərləri ilə Omdurmanda Mahdinin tərəfdarları
olan sudanlılarla döyüşün nəticəsində
görürük. İngilislər yeni Maksim
pulemyotlarından istifadə edir, sudanlıları
qırırdılar. Mahdi tərəfdarları
isə tüfənglə vuruşurdu. Nəticədə
ingilislər 18 nəfər əsgər itirdiyi halda,
sudanlıların itkisi 12 min nəfərdən ibarət idi.
Azərbaycan ordusu məhz yeni tipli döyüşlər
apardığına və ən müasir silahlardan istifadə
etdiyinə görə Avropa dövlətləri hərbi dairələrinin
diqqətini cəlb etdi. Onlar Azərbaycanın döyüş əməliyyatlarını
öyrənməyə cəhd edirlər, çünki ermənilərə
qarşı savaşda XXI əsrin müharibəsi
nümayiş etdirilmişdi və o, keçmiş müharibələrdən
tam fərqli idi. Bu vaxta qədər Avropa təyyarəni
"göyün kralı" hesab edirdi. İndi
tam əks vəziyyət meydana gəlmiş, kral yeni vasitələr
önündə gücsüzə çevrilmişdir. Axı I Dünya müharibəsində də
artilleriya "müharibənin allahı" kimi qiymətləndirildi.
II Dünya müharibəsi motorlar müharibəsi
olduğundan, tanklar və təyyarələr daha böyük
əhəmiyyət kəsb etdi. Tank üstündə top
və pulemyot quraşdırıldığından daha mobil və
səmərəli silah növünə çevrildi. Ona görə də müharibənin gedişində
vuruşan dövlətlər tank və təyyarə
istehsalına daha çox fikir verir, onların parkları ən
yeni növlər hesabına ardıcıl olaraq təzələnirdi.
Ermənistan ordusu isə son müharibədə öz
texnoloji geriliyindən, həm də özləri bunu etiraf etməsələr
də, əsgərlərinin fərariliyindən əziyyət
çəkirdi. Onların istifadə etdiyi Sovet
dövründə istehsal edilmiş hərbi texnika həm
fiziki, həm də mənəvi aşınmaya məruz
qalmışdı, çox vaxt öz
yararsızlığını göstərirdi. Hətta dinc şəhərlərə
atdıqları raketlərin bir hissəsi partlamırdı.
Lovğalanmağı özünə qalxan hesab
edən Ermənistan ordusu müasir silahlarla və texniki vasitələrlə
silahlanmış Azərbaycan ordusu qarşısında
cılız və miskin görünürdü. Azərbaycan öz iqtisadi inkişafına və
böyük maliyyə imkanlarına görə, həm də
rəhbərliyin uzaqgörən siyasətinə arxalanaraq
yaxşı silahlanmışdı və bu, perspektivdəki qələbəyə
inamı möhkəmləndirirdi.
Yeni silahlarla yanaşı, yeni taktiki üsullar da
düşməni çaş-baş salmaqla, onun məğlubiyyətinə
şərait yaradırdı. Fransa 1870-ci ilin iyulunda
Prussiyaya müharibə elan etmişdi, bir ay yarım sonra, 2
sentyabrda Sedanda fransız ordusu təslim oldu və imperator III
Napoleon əsir düşdü. Sonra Paris
mühasirəyə məruz qaldı. Prussiya ordusunun bu
uğuru baş qərargah rəisi Helmut fon
Moltkenin hazırladığı planın yerinə yetirilməsinin
nəticəsi idi. Bu plana əsasən, Reyn
çayından keçməklə dəmir yolu ilə
Fransaya üç alman ordusunun sürətlə gətirilməsi
kampaniyanın uğurunu həll etmiş oldu. Dəmir yolundan ilk dəfə hərbi məqsədlər
üçün belə səmərəli istifadə
olunmuşdu.
Fransa Prussiyanın qüdrətinin böyüməsinə
mane olmaq istəyirdi, əvəzində Prussiyada və Cənubi
Almaniyada milli hisslərin yüksəlişinə,
almanların birləşməsinə şərait yaratdı. III Napoleonun
şöhrətpərəstliyi isə onun alçalması
ilə nəticələndi.
Azərbaycan
da 2020-ci il müharibəsində ermənilərin
müdafiə planlarını alt-üst edən taktiki yeniliklər
həyata keçirirdi. Ermənistan ordusu
hücumu mərkəzdən, Ağdam istiqamətində
gözləyirdi, burada onun daha güclü istehkamları
mövcud idi. Azərbaycan ordusu isə
flanqlardan, Füzuli və Ağdərə istiqamətlərində
hücuma keçib, ilk gündən döyüş
üstünlüyü qazandı. Həm də
ermənilərdən fərqli olaraq ordunun təchizatı da
sürətli gedirdi, logistika sahəsində də Azərbaycanın
düşünülmüş planı öz faydasını
verirdi. Pilotsuz uçuş vasitələri
isə düşmənin hərbi texnikasını sıradan
çıxartmaqda və onun dislokasiyasını dəqiq
müəyyən etməkdə mühüm rol oynadı.
Bütün bunlar göstərir ki, Azərbaycan
rəhbərliyi müharibəyə yeni tələblər səviyyəsində
yanaşmağı bacarmışdı, yeni silah növləri
və taktiki priyomlar onun böyük üstünlüyünə
olan şübhəni isə bütünlüklə yoxa
çıxardı.
Silahlardan əlavə, digər mühüm fərq hər
iki xalq tərəfindən müharibəyə bəslənən
münasibətdən ibarət idi. Ermənistandakı ailələr
övladlarının cəbhədə həlak olduğu xəbərini
aldıqca, bu ölkədə həyəcan, təşviş
hissi və rəhbərlikdən narazılıq
böyüyürdü. Azərbaycanlı
valideynlər isə ağır itki xəbərini aldıqda,
onları haqlamış böyük dərdi yaşamaqla
yanaşı, övladlarının şəhidlik zirvəsinə
yüksəlməsi ilə fəxr etdiklərini gizlətmirdilər.
Matəmlərdə vətənpərvərlik
çağırışları daha güclü səslənirdi,
həlak olmuş Azərbaycan əsgəri qəhrəmanlıq
rəmzinə çevrilirdi. Onlar mərdliklə
vuruşmuş, cəsədləri isə evlərinə
"qalxan üstündə" qayıtmışdı.
Xalqın orduya belə dayaq olması "Ordu elə
millət deməkdir" kəlamının müdrikliyini təsdiq
etdi.
Qələbəyə gedən yolun
enişli-yoxuşluğu dövlət
başçısının çiyinlərinə
ağır məsuliyyət yükü qoyduğu kimi,
müharibədən sonrakı dirçəliş prosesinə
başçılıq etməyin özü də heç də
asan olmayan bir vəzifədir. Qalib, həm də məğlub
xalqa mərhəmətlə yanaşmaq nümunəsi göstərir,
mənəvi cəbbəxanasında olan güclü mərhəmət
hissini də işə salmağı bacarır. Hərbi paradda ölkə Prezidenti qonşu xalqla da
iqtisadi əlaqələrin bərpası imkanını qeyd
etdi və göstərdi ki, biz çalışmalıyıq
ki, region əvvəlki düşmənçiliyi unudub,
sülhsevərliyi ilə seçilən bir məkana
çevrilsin. Üçtərəfli bəyanata
qoşulmağın özü də qan axıdılmasına
son qoymaq qayğısının əyani təzahürü
idi. Çünki döyüşlər
davam etsə, Xankəndi asanlıqla alınar, Ermənistan
ordusu mühasirəyə düşüb, birbaşa məhv
olma səhnəsi ilə üzləşməli olardı.
Bu isə qonşu ölkə və xalq üçün
dözülməz bir fəlakət siqnalı ola
bilərdi. Azərbaycan ordusu da növbəti döyüşlərdə
itkilər verməkdən xali ola bilməzdi.
Üçtərəfli bəyanat, əslində, Ermənistanın
qeyd-şərtsiz təslim olması əlaməti idi və Azərbaycan
rəhbərliyinin irəli sürdüyü bütün
şərtlər qəbul edildi və bəyanatda
Dağlıq Qarabağın statusu məsələsinə,
ümumiyyətlə, toxunulmadı. Məğlub Ermənistan
artıq öz dərdinə qalmışdı, status məsələsi
onu o qədər də maraqlandırmırdı. Müharibənin başa çatmasının gecikməsinə
Azərbaycan da maraqlı deyildi, çünki əlavə qan
axıdılması davam edərdi. Reallığı gec
də olsa qiymətləndirməyi bacaran Ermənistanın
siyasi və hərbi rəhbərliyi məcbur qalıb,
üç iri rayonun ərazisini döyüşsüz təhvil
verdi. Müharibə davam etsə,
Ermənistan ordusu ağır vəziyyətə düşə
bilərdi. Ordusu yoxa çıxan dövlətin
ərazisi də müdafiəsiz qalır, yad isə bu
müdafiəni öz üzərinə ya götürmək
istəməz, ya da buna tələsməzdi.
Məğlub olanlar bir qayda olaraq, tam iflasdan qaçmaq
üçün adətən ordusunu qoruyub saxlamaq barədə
fikirləşir. Ağır itkilərlə müşayiət
olunan Borodino döyüşündən sonra, ordunu qoruyub
saxlamaq üçün ruslar köhnə paytaxt Moskvanı da
fransızlara vermək qərarına gəldilər.
I Dünya müharibəsində
1918-ci ilin iyulundakı Marna döyüşündə
ağır məğlubiyyətə uğrayan alman ordusunun
komandanları Paul fon Gindenburq və Erik Lyudendorf hiss etdilər
ki, müharibə davam etsə, onlar heç bir müqavimət
göstərə bilməyəcək və alman ordusu məhv
olacaqdır. Ordunu xilas etmək naminə onlar kayzer II
Vilhelmdən tələb etdilər ki, müharibədə təslim
olmağa razılıq versin, əks təqdirdə Almaniya
ordusuz qalacaqdır. Almaniya imperatoru əlacsız
qalıb, məğlub olduqları barədəki etirafla
çıxış edib, özü də taxt-tacdan əl
çəkdi. 11 noyabr 1918-ci ildə Birinci Dünya müharibəsi
başa çatdı. Kayzer böyük ümidlərlə
müharibəyə girmişdi, lakin nəinki heç nə
qazanmadı, əksinə, öz imperiyasının və həm
də Avstriya-Macarıstan imperiyasının məhvinə
səbəb oldu. Bundan əvvəl Rusiya imperiyası, bir qədər
sonra isə Osmanlı imperiyası da bu acı taleyi
yaşamalı oldular. Almaniya Afrikadakı
müstəmləkələrini, Asiyadakı
torpaqlarını itirdi, bircə təskinliyi o oldu ki, öz ərazisinə
xələl gəlmədi, bir qarış da olsa
torpağını itirmədi. Çünki Almaniya ərazisinə
Antanta əsgərlərinin ayağı dəyməmişdi,
tez təslim olma onu bu bəladan da qorumuşdu.
Telman ORUCOV
(Əvvəli ötən
sayımızda)
525-ci qəzet.- 2021.- 3 fevral.- S.17.