Prezident İlham Əliyev
İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin
başçılıq etdiyi nümayəndə heyətini
videoformatda qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də
İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri
Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə
heyətini videoformatda qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
görüş iştirakçılarını salamladı.
Prezident
İlham Əliyev: Sabahınız xeyir.
Nümayəndə heyətinin üzvləri: Sabahınız xeyir, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
“Maire
Tecnimont Group”un sədri Fabrizio Di Amato dedi:
-Sabahınız
xeyir, cənab Prezident. Bu səhər bizimlə
görüşmək üçün vaxt
ayırdığınıza görə Sizə təşəkkür
edirəm. 2018-ci ildəki
açılış mərasimindən sonra biz yenidən Azərbaycana
səfərə gəlmişik. Bu gün
səfirimiz və “Maire Tecnimont” şirkətinin heyəti ilə
Bakıda olmağımızdan şərəf duyuruq. 2020-ci ildə Dağlıq Qarabağdakı gərgin
dövrü geridə qoymağınız münasibətilə
Sizi təbrik etmək istəyirəm. Biz
Azərbaycana çox yaxınıq və həmin
mühüm vaxt bütün italyanların diqqəti də
burada idi. Bildiyiniz kimi, biz 7 ildən
artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk.
Biz ölkənizin sənayeləşdirilməsi
işinə töhfəmizi veririk. Bu
gün burada olmaqdan fərəh hissi duyuruq. Çünki biz artıq yeni layihələrə cəlb
olunmuşuq. Şəxsən özüm və
“Maire Tecnimont” şirkətinin bütün heyəti adından
Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri
genişləndirmək və sənayenin inkişafına
töhfə vermək əzmindəyik.
Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə
yaxın heyətimiz çalışır. Biz Azərbaycanı
doğma ölkə hesab edirik və işçi qüvvəsinin
72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan
ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların
sayı artırıldı. Bu, daha bir vacib
nailiyyətimizdir.
Daha bir mövzu bizim yerli universitet tələbələri
və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza
aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə
əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın
inkişafı üçün yaxşı imkanlar
mövcuddur. Digər bir məsələ sənaye
zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha
çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq
edirik. Sonuncu layihədə bizim Azərbaycanda
sərmayə baxımından iştirakımız 400 milyon
avrodan artıq olmuşdur. Bu da daha bir vacib
məsələdir. Bildiyiniz kimi, biz
İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla
bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə
bərabər biz bu əməkdaşlığı davam etdirmək
və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi
genişləndirmək arzusundayıq. Bir
daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma
ölkə hesab edirik. Bu, işlədiyimiz
hər bir ölkədə bizim prinsipimizdir.
Prezident
İlham Əliyev dedi:
-Çox
sağ olun. Xoş sözlərinizə
görə, əvvəla Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa
etməsi münasibətilə təbrikinizə görə təşəkkür
edirəm. Biz xalqımız, ölkəmiz
üçün çox çətinliklər yaradan bu əsas
məsələni həll etdikdən sonra, - bu məsələ
həm də dünyada ən böyük haqsızlıqlardan
biri idi, - Azərbaycanın inkişafı daha da sürətli
olacaq. Buna baxmayaraq, hətta işğal
illəri ərzində Azərbaycan uğurla inkişaf
etmişdir, sənayeni və müasir texnologiyaları
inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim
sizin şirkətinizlə sıx əməkdaşlığımız
və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir
ki, ölkənin iqtisadi və sənaye inkişafı
çox yaxşı təsir
bağışlamışdır.
İndi tariximizin yeni səhifəsidir. Azərbaycan
azad edilmiş ərazilərdə həyatı bərpa etmək
üçün zəruri olan bütün tədbirləri
görəcək. Bu, asan olmayacaq,
çünki hər şey məhv edilib və işğaldan
azad olunmuş əraziləri ziyarət etdikdə biz hər
şeyin dağıldığını müşahidə edə
bilərik. Bütün binalar, zavodlar,
tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib.
Beləliklə, biz hər şeyi
sıfırdan etməli olacağıq. Buna
görə də, əlbəttə, fəaliyyətimizin bu
istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar
lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı
fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr
bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək
edir. Yeri gəlmişkən, sizə deyə bilərəm
ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi
azalmaya baxmayaraq, - o, 4,3 faiz olmuşdur, -
bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl
nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq
şirkətlə əməkdaşlıq, əlbəttə
ki, bizə kömək etdi və gələcəkdə də
kömək edəcək.
Mən sizin Azərbaycandakı fəaliyyətinizlə
bağlı məlumata baxırdım və əlbəttə
ki, Sumqayıtdakı açılış mərasimini də
xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə
Prezident cənab Mattarella mənimlə birlikdə iştirak
edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda
dəyəri 1,6 milyard avrodan çox olan
layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə
də davam edəcək. Çünki siz
artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş
etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə
bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda
uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət
göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz.
Başlanğıcda yalnız italyanlar işləyirdi,
indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə
vermisiniz və bu da çox önəmlidir.
İtaliya və Azərbaycan arasında münasibətlərin
uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il
bundan əvvəl mənim ölkənizə dövlət səfərim
bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə,
biznes icması ilə görüşlərimizi və
müzakirələrimizi xatırlayıram. Biz həmişə
sözümüzü tuturuq və
razılaşdırdıqlarımızın
hamısını icra edirik. Həmçinin keçən
il tariximizdə yaşanan çətin
vaxtlarda biz italyan xalqının bizimlə həmrəy
olduğunun şahidi olduq. Biz İtaliya
mediasının bu məsələyə obyektiv
yanaşmasının şahidi olduq və onu da gördük
ki, imzaladığımız və
vurğuladığımız məsələləri
reallığa çevirdik. Çünki
İtaliya və Azərbaycan strateji tərəfdaşlardır.
Strateji tərəfdaşlıq haqqında sənəd
imzalanıb və reallıq da bizim strateji tərəfdaş
olduğumuzu göstərir.
Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri
bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə
çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq
bərpa işləri və tikinti işləri ilə
bağlı bir neçə italyan şirkəti dəvət
olunub. Əminəm ki, onların sayı
daha da artacaq. Çünki mən artıq dəfələrlə
çıxışlarımda demişəm və bir daha qeyd
etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən
olan şirkətləri dəvət edəcəyik.
Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə
tanınar. Bu çətin anda siz
dostlarınızın həqiqətən kimin olduğunu
anlayırsınız. Bu, çox vacib və
dəyərli bir məsələdir.
Planlarımız haqqında sizə bir məsələni
də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu
barədə bilirsiniz. Lakin bu istiqamətdə
işlər gedir. Bu məsələ
Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi
ilə bağlıdır. Biz artıq yer
ayırmışıq. Artıq
universitetin yaradılması ilə bağlı məsələ
üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində
razılaşdırılmışdır. Ümid edirəm
ki, gərgin çalışsaq bu il biz bu
işə başlaya bilərik. Çünki
bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və
eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini
idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək
üçün tələb etdiyi ixtisaslar üzrə gənc
azərbaycanlıların hazırlanması və təlim
keçməsi məsələsində də çox önəmlidir.
Bu, həmçinin ölkələrimiz
arasında sıx dostluq əlaqələrinin güclənməsinə
də kömək edəcək. Sizə
uğurlar arzulayıram və sizi Bakıda görməyə
şadam. Ümid edirəm ki, növbəti
dəfə biz videokonfrans vasitəsilə yox, üzbəüz
görüşəcəyik.
Baş
icraçı direktor Pierroberto Folgiero dedi:
-Sağ
olun, cənab Prezident. Əvvəlcə,
universitetlə əməkdaşlıq əsasında
inkişaf məsələlərində Sizə
yardımçı olmaqdan olduqca məmnunam, çünki
“Maire Tecnimont” şirkətinə gəldikdə, ilk olaraq
texnologiyalara əsaslanan şirkət haqqında
düşünürsən. Bizim yeni
texnologiyalara böyük inamımız var və bu səbəbdən
töhfə verməkdən çox məmnun olardıq.
Xüsusən də bilirəm ki, SOCAR ilə
kimya sahəsində əməkdaşlıq aparılır.
Bu işbirliyi universitetin fəaliyyətə
başlamasını nəzərdə tutacaq. Bu isə kimya sahəsində malik olduğumuz ən
mühüm dəyərlərdən biridir.
İcazə verin, əvvəlcə, bildirim ki, biz öndə
gedirik və istərdik, “yaşıl kimya”
adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə,
dünyanın bu bölgəsində Azərbaycanın üzərinə
mühüm rol düşür. Həmin
ideyalarla bölüşməkdən çox şad
olardıq. Bu, birinci məsələdir.
İkinci məsələyə gəlincə, biz əməkdaşlığı,
məsələn, enerji istehsalı sahəsində də
genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız
uzunmüddətlidir və ən əsası, insan
kapitalına söykənir, gənclərin işə cəlb
edilməsini nəzərdə tutur. Sizə
bir faktı da söyləyim. Biz dünya
miqyasında regional müşavirələr keçiririk və
onlardan birində “Tecnimont” şirkətində
çalışan gənc azərbaycanlı həmkarımız
iştirak edib və dünya ictimaiyyəti
qarşısında əməkdaşlığın
faydası, mədəniyyətlərarası işbirliyi barədə
çıxış edib. Onun
çıxışı bütün insanlarımızda
böyük hisslər doğurdu. Hər
hansı böyük uğur hər ikimizə məmnunluq hissləri
yaradır. İcazə verin, bildirim ki, yeni
texnologiyaları inkişaf etdirmək və sizin
çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə
etməkdən çox şad olardıq. Bu keyfiyyətlər
İtaliyanın iş adamlarının da
yanaşmasının əsasında dayanır və müəyyən
dərəcədə “yaşıl kimya” sahəsində
qabaqcıl mövqeyi şərtləndirir.
Prezident İlham Əliyev dedi:
-Çox sağ olun. Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz. Bildiyimə görə, bu, texnoloji inkişaf baxımından yenilikdir. Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.
Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var.
Mən
bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək
istəyirəm. Bu, şirkətinizdə yerli
işçilərin olması ilə bağlıdır. Bu,
dostluğun əsl rəmzidir və dostluğu nümayiş
etdirir. Mən buna görə sizə təşəkkürümü
bildirmək istəyirəm və əminliyimi ifadə edirəm
ki, biz şirkətinizlə və tərəfdaşlarınızla
birgə işimizi davam edəcəyik. Əminəm ki,
buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər
barədə ölkənizin iş adamları nə qədər
çox bilərsə, bir o qədər çox İtaliya
şirkətləri bura gələcək. Biz bunu istəyirik.
Azərbaycan.-2021.- 4 fevral.- S.1-2.