Mitolojinin elçisi,
Kamal Abdulla armağanı” kitabının
təqdimatı keçirilib
M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Xalq yazıçısı,
Əməkdar elm xadimi,
akademik Kamal Abdullanın
anadan olmasının
70 illiyi münasibətilə
Türkiyədə nəşr
olunmuş “Mitolojinin elçisi, Kamal Abdulla armağanı”
adlı kitabın təqdimat mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın
birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə kitabxananın
direktoru, professor Kərim
Tahirov dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyinin tamam olduğunu deyib. Bildirilib ki, Kamal Abdullanın
Azərbaycan xalqı,
dövləti qarşısında
xidmətləri böyükdür.
Bir türkoloq alim kimi Kamal Abdullanın Azərbaycan filologiyasının,
xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli
öyrənilməsi və
inkişafında mühüm
xidmətləri vardır.
Kamal Abdulla, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin və
multikulturalizminin Avropa
və Amerika, Yaxın və Uzaq Şərq ölkə universitetlərində
təbliği ilə bağlı geniş fəaliyyət göstərib,
Azərbaycan həqiqətlərinin
bu yolla da beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılmasında
real işlər görüb.
Bütün bunların nəticəsidir
ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə
sözügedən kitab
Türkiyədə nəşr
olunub. Kitabda istər Azərbaycanın,
istərsə də türk dünyasının
və xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələri
öz əksini tapıb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli
məruzə ilə çıxış edərək
Milli Kitabxananın elm,
mədəniyyət sahəsindəki
fəaliyyətini və
ziyalılarımıza göstərdiyi
xidməti yüksək
qiymətləndirib. O bildirib
ki, Kamal Abdulla yaradıcılığı
nəinki Azərbaycanda,
həmçinin ölkə
hüdudlarından kənarda
da tanınır, tədqiq
edilir: “K.Abdulla Azərbaycan ədəbiyyatına
əhəmiyyətli töhfələr
verən ziyalılarımızdandır.
Onun həm Xalq yazıçısı,
həm də bir akademik kimi
fəaliyyəti çox
dəyərlidir. Belə ki,
onun “Kitabi Dədə Qorqud” haqqında yazılan əsərlərində həm
bədii, ədəbi
yanaşma, həm də elmi yanaşma
olduğunu görürük.
Postmodernizm cərəyanının yaradılmasında da Kamal Abdullanın
mühüm xidmətləri
vardır”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək
bildirib ki, Kamal Abdulla Azərbaycanın çox
dəyərli alimlərindəndir. Onun Azərbaycan
dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair
ciddi tədqiqat əsərləri var. N.Cəfərov
bildirib ki, akademikin “Kitabi-Dədə
Qorqud”a dair yazılan əsərləri
tədqiqatçılara bir
köməkdir. Həmçinin
o qeyd edib ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə
nəşr olunan “Mitolojinin elçisi, Kamal
Abdulla armağanı” adlı
kitabda 24 ölkənin
123 müəllifinin Kamal Abdulla haqqında məqalələri
yer alıb. Kitab Azərbaycan yazıçısı
haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir. O vurğulayıb
ki, Milli Kitabxanada nümayiş olunan bu kitablar
Kamal Abdulla yaradıcılığının
bir nümunəsi, göstəricisidir.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında ilk əvvəl Milli Kitabxanaya Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
görkəmli şəxslərinə
həsr edilən belə tədbirləri təşkil etdiyinə görə öz təşəkkürünü bildirib. Daha sonra, o, Kamal Abdullanı
yubiley münasibətilə
təbrik edərək
belə bir fundamental kitabın nəşrini yüksək qiymətləndirib.
O qeyd edib ki, Kamal Abdulla yaradıcılığı
çoxşaxəlidir. O həm
şair, həm də gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas,
mədəniyyətşünas alimdir. O, istər Azərbaycan ədəbiyyatında,
istərsə də Azərbaycanın ictimai-siyasi
fikrində mühüm
rol oynamış şəxsiyyətlərdəndir.
Tədbir zamanı Milli Kitabxana tərəfindən
akademikin 70 illik yubileyi münasibətilə
hazırlanan “Xalq yazıçısı – Kamal Abdulla” adlı virtual sərgi də nümayiş olunub.
Tədbirin davamında AMEA-nın
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Xalq şairi Ramiz Rövşən, Azərbaycan
Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin
baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, fəlsəfə elmləri
doktoru Niyazi Mehdi,
professor Rəhilə Qeybullayeva
və digərləri
çıxış edərək
Kamal Abdulla yaradıcılığının
çoxşaxəliliyi, eləcə
də kitabın bədii tərtibatı ilə bağlı məsələlər haqqında
çıxış ediblər.
Tədbirin sonunda Xalq yazıçısı, akademik,
Əməkdar elm xadimi
Kamal Abdulla çıxış edərək ilk öncə
ona yubiley münasibətilə “Şərəf”
ordeninin verilməsinə
görə, ölkə
Prezident İlham Əliyevə və bu tədbirin keçirilməsində təşkilatçılığa
görə Mədəniyyət
Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz
təşəkkürünü bildirib.
Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.
525-ci
qəzet.- 2021.- 4 fevral.- S.9.