"Bir çox hallarda qadınlar gender bərabərliyinin pozulmasının ən böyük iştirakçıları
olurlar"
GENDER VƏ İNKİŞAF ÜZRƏ EKSPERT
ŞƏMSİYYƏ MUSTAFAYEVA: "AZƏRBAYCAN ANALARI
ÖVLADLARINA QADINA DA KİŞİ QƏDƏR HÖRMƏT
ETMƏYİ ÖYRƏTSƏLƏR, GENDER
MƏSƏLƏSİNDƏ BÖYÜK
DƏYİŞİKLİYƏ NAİL OLA
BİLƏRİK"
Gender
bərabərliyinin pozulması cəmiyyətdə
təkcə sosial-iqtisadi, ictimai-siyasi problemlərlə
nəticələnmir. Bu, həm də
ayrı-ayrılıqda fərdlərdə psixoloji
problemlərə yol açır, komplekslər,
özünə dəyər verməmək və öz
potensialını reallaşdıra bilməmək kimi illərlə
davam edən dərin fərdi problemləri özündə
ehtiva edir. Elə bu fərdlər də
yaşadıqları cəmiyyəti formalaşdırırlar.
Bəs belə kompleksli cəmiyyət sağlam ola bilərmi?
Bir çox cəmiyyətlərdə hələ də bu
cinsi ayrı-seçkiliyin mövcud olmasının əsas
səbəbi nədir, bu problemin həll yolları
hansılardır?
Azərbaycanda bir sıra qadın inkişaf
layihələrinin təşəbbüskarı olmuş gender
və inkişaf üzrə ekspert Şəmsiyyə Mustafayeva
ilə söhbətimizdə bu suallara cavab tapmağa
çalışdıq.
Müsahibəni təqdim edirik.
***
"Sanki dünyanın siyasəti, iqtisadiyyatı, sosial
mühiti kişilər üçün dizayn olunub"
- Şəmsiyyə xanım, siz BMT-nin Baş
katibi Antonio Guttereşin istinadən, gender sözlərinə
bərabərliyinin dünyada güc məsələsi
olduğunu demişdiniz. Bu fikri bir qədər aça
bilərsinizmi?
- Antonio Guttereş bu fikri ötən il fevralın
27-də etdiyi çıxışında dilə
gətirmişdi. Həmin çıxışda o, çox
maraqlı bir misal çəkmişdi, üç min il bundan
qabaq Homerin "Odisseya" əsərində Odisseyin oğlu
Telemikusun anası Penelopaya dediyi "Sən sakit dur, kənarda
dayan, qoy kişilər danışsınlar" -
sözlərini xatırladaraq demişdi ki, üç min il
keçməsinə baxmayaraq, hələ də mən
hətta stol arxasında söhbət edərkən də
düşünən kişilərə rast
gəlirəm. Yəni qadınlara qarşı diskriminasiya
ona görə güc məsələsidir ki, bu,
əsrlərlə qədər davam edir. Gücün
olduğu hər yerdə - hökumətdə də, biznes
sahəsində də, hərbi sektorda da əsrlərlə
qərar verənlər kişilər olduğundan elə
təsəvvür yaranır ki, sanki dünya kişilər
üçün dizayn olunub. O, buna sadə bir misal gətirərək
bildirir ki, avtomobillərdəki təhlükəsizlik
kəmərləri belə orta statistik kişi üçün
nəzərdə tutulduğuna görə avtomobil
qəzaları zamanı kəmər taxmasına
rəğmən, ölən qadınların sayı
kişilərdən daha çoxdur. hətta burada
belə, qadınları nəzərə almayıblar. Sanki
dünyanın siyasəti də, iqtisadiyyatı da, sosial
mühiti də kişilər tərəfindən və
kişilər üçün dizayn olunub, qadınlar bu
sistemə sonradan əlavə ediliblər.
Guttereş gender bərabərliyinin güc
məsələsi olduğunu ona görə deyir ki, bir
çox hallarda qərar verənlər kişilər
olduğundan gender bərabərliyini təmin etmək
mümkün olmur. Bu səbəbdən də qadınların
haqlarının bərpa olunmasına nail ola bilməyimiz
bu qədər uzun vaxt aparıb.
"Gender bərabərliyinin pozulmasında təkcə
kişiləri məsul tuta bilmərik"
- Bir çıxışınızda da patriarxal rejimi
bəsləyənin elə qadınların özləri
olduğunu deyir, hətta qayınanaları bu sistemin
sütunları kimi göstərirdiniz. Sizcə,
qadınlarda bu təfəkkürü niyə aşmaq
çətin olur, qadınlar niyə fərdləşməyə
qarşı müqavimət göstərirlər?
- Çıxışlarımın birində demişdim
ki, gender bərabərliyinin pozulmasında təkcə
kişiləri məsul tuta bilmərik. Sosial həyatda,
xüsusilə bizimki kimi mədəniyyətlərdə bir
çox hallarda qadınlar gender bərabərliyinin pozulmasının
ən böyük iştirakçıları olurlar. Buna
misal olaraq da qayınanaları nümunə
göstərmişdim. Amma yalnız qayınanaları
nümunə göstərmək, əlbəttə,
ədalətsizlik olar. Bu, bütün qadınlara aiddir. Bəs
gender bərabərsizliyini təşviq edən, gücü
əlində saxlayıb qızlara, qadınlara imkan
verməyən, qadınların fikirlərini dəyərli
saymayan, onların şəxsiyyətinə hörmət
etməyən oğlanları kimlər yetişdirib? Əlbəttə
ki, analar. Yəni bizim Azərbaycan anaları
övladlarına qadına kişi qədər
hörmət etməyi, qadına kişi qədər diqqətlə
yanaşmağı öyrətsələr, görün biz
nə boyda dəyişiklik etmiş olarıq. Bu
məsələdən qadınları məsul
tutmağımın tək səbəbi analıqla
bağlı deyil. Fikir versəniz, görərsiniz ki, bu
gün ölkəmizdə müəllimlərin
əksəriyyəti qadınlardır. Uşağın
ailədə ilk gördüyü ata-ana, cəmiyyətdə
isə bağça müəllimləridir. Hansı ki,
onların əksəriyyəti qadınlardır, ibtidai sinif
müəllimləri də onun kimi. Bu uşaqlar
qadınların əlində böyüyürlər. Cəmiyyətdəki
gender bərabərsizliyinin qarşısını almaqda
qadınlar çox böyük rol oynaya bilərlər.
"Selektiv abortun Azərbaycan cəmiyyətinə
çox böyük mənfi təsirlərinin
olacağını düşünürəm"
- Bu yeni dönəmdə istər iqtisadiyyatda, istər
siyasətdə, istərsə də ekoloji
məsələlərdə, bir sözlə, həyatın
bütün sahələrində demoqrafik balansın
pozulmasının nə kimi fəsadları ola bilər?
- Selektiv abortun Azərbaycan cəmiyyətinə çox
böyük mənfi təsirlərinin olacağını
düşünürəm. Dünyada qadınlarla
kişilərin təbii nisbəti hər 100 qıza 105
oğlandır. Amma bu nisbət ölkəmizdə 100
qıza 114 oğlan təşkil edir. Bu o deməkdir ki,
biz, ölkə olaraq təbii normanın çox
kənarındayıq. Bu fərq çox
böyükdür və onun cəmiyyət üçün
böyük fəsadları ola bilər.
2019-cu ildə 1.4 milyard əhalisi olan Çində
kişilərin sayı qadınların sayından 34 milyon
çox olub. Gender natarazlığı xüsusilə
də evlilik yaşında olan qadınlar və kişilər
arasında böyükdür. BMT-nin məlumatlarına
görə, 2018-ci ildə hər 280 kişiyə (15-29
yaş arası) 100 qadın (15-29 yaş arası) var idi.
Çindəki bu gender natarazlığı qadınların,
xüsusilə də kasıb qadınların müxtəlif
yollar və bəhanələrlə Çinə gətirilib
insan alverinin qurbanına çevirir. Cəmiyyətdə
qadınların azlığı hər sahədə
qəddarlığın, cinayətlərin artmasına
səbəb olur, bir çox demoqrafik və sosial-iqtisadi
fəsadlara gətirib çıxarır.
"Sanki oğlan uşaqları valideynlər
üçün sosial müdafiə sistemini əvəz
edirlər"
- Niyə ailələr məhz oğlan uşaqlarına
üstünlük verirlər?
- Bu sualın cavabı da elə birinci sualdakı güc
məsələsindədir. Oğlanlar
cəmiyyətdə qızlardan daha çox gücə
malikdirlər və onlar ailəni daha yaxşı
müdafiə və təmin edə bilirlər. Oğlanlar daha
çox maaş alır, inanca görə, ailə xəttini
davam etdirir və yaşlı valideynlərinə baxmaq kimi bir
öhdəlikləri də mövcud olduğuna görə,
ailələr oğlan uşaqlarına üstünlük
verirlər. Sanki oğlan uşaqları valideynlər
üçün sosial müdafiə sistemini əvəz
edirlər. Ümid edirəm ki, o gün gələcək,
ölkəmizdə sosial müdafiə dövlət
tərəfindən tam təmin olunacaq. Hazırda bu
istiqamətdə çox işlər görülür. Beləcə,
artıq atalar və analar da oğlan uşaqlarına sosial
müdafiə kimi baxmayacaqlar. Eyni zamanda, gender
bərabərliyinin qorunması, qızlarımızın,
qadınlarımızın səlahiyyətləndirilməsi
onların cəmiyyətdə dəyərini artıracaq,
əsirlərlə kök salmış qadın haqqında
fikirləri dəyişəcək.
- Gender bərabərliyini təmin edə bilmək
üçün məktəb psixoloqlarının
üzərinə daha çox məsuliyyət
düşdüyü fikri ilə
razılaşırsınızmı? Çünki psixoloji
yaddaş insanda uşaqlıqdan kodlanan səhnələrin
başqa formalarda təkrar-təkrar yaşanmasına səbəb
ola bilir. Beləcə, qız uşağının
həyatı çox vaxt zorakılıq gördüyü
atanın əlindən zorakılıq gördüyü
ərin əlinə keçir. Hətta o, öz
iradəsiylə seçim etsə belə. Bu
səbəbdən qız uşaqlarında psixoloji yaddaş,
öyrənilmiş ssenarini təkrarlamaq kimi reallıqlar da
rol oynayırmı?
- Gender
prinsiplərinin pozulmasına
əsaslanan zorakılıq
barədə onu deyə bilərəm ki, bəli, burada məktəb psixoloqlarının rolu çox böyükdür.
Amma iş təkcə məktəb psixoloqları ilə bitmir. Çünki məktəbdə bir psixoloq bütün məktəbə cavabdeh olur. Bu o deməkdir ki,
öncəliklə bütün
müəllimlərimiz bu
sahədə təlimlərdən
keçməlidirlər. Ümumiyyətlə,
psixologiya və uşaq inkişaf psixologiyası barədə
müəllimlərimizin hazırlığı
bu cür problemləri aradan qaldırmaq üçün
kifayət deyil. Onların əksəriyyəti uşaq,
inkişaf psixologiyası
haqqında kifayət qədər məlumatlı
və həssas olmadıqları üçün
valideynləri və ya yaşıdları tərəfindən zorakılığa
məruz qalan uşaqlara düzgün münasibət göstərə
bilmirlər.
İkinci bir məqam
da odur ki,
uşaqlar çox zaman başqalarının hərəkətlərindən, davranışlarından öyrənirlər.
Sinifdə müəllimin
qızlara və oğlanlara münasibəti,
qadın müəllimin
və kişi müəllimin özünü
aparması bu baxımdan öyrənmə
prosesində kifayət
edir. Bunun özü gənclərə
böyük təsir göstərir. Bu, artıq gender məsələsinə qarşı
münasibəti, özlərinə
verdikləri qiyməti,
dəyəri formalaşdırır. Yəni sinifdə müəllim qız şagirdin üstünə qışqırırsa,
yaxud "Sən qızsan, sakit dur", "Sən qızsan, səsini çıxartma", "Sən
qızsan, yavaş danış" kimi ifadələr işlədirsə,
ailədə, cəmiyyətdə
olan qəlibləri müəllim də sinifdə tətbiq edirsə, bu, həmin qız uşağının cəmiyyət,
ailə tərəfindən
formalaşmış, özü
haqqında olan yanlış düşüncəsini
bir daha müəllim tərəfindən
də təsdiqlənmiş
hesab edir. Bu düşüncə,
"Sən oğlanlardan
əskiksən, sən
oğlanlardan az danışmalısan, sənin
səsin onlardan az çıxmalıdır,
öncə onlar gəlir, sonra sən" - qəlibidir. Bu, eyni zamanda,
oğlan uşaqlarının
özləri haqqındakı
düşüncəsinə də çox böyük təsir göstərə bilər.
Ona görə də, bu məsələni
yalnız psixoloqlarla məhdudlaşdırmaq doğru
yol deyil.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 4 fevral.- S.8.