"Bir çox hallarda qadınlar gender bərabərliyinin
pozulmasının ən böyük
iştirakçıları olurlar"
GENDER VƏ
İNKİŞAF ÜZRƏ EKSPERT ŞƏMSİYYƏ
MUSTAFAYEVA: "AZƏRBAYCAN ANALARI ÖVLADLARINA QADINA DA
KİŞİ QƏDƏR HÖRMƏT ETMƏYİ
ÖYRƏTSƏLƏR, GENDER MƏSƏLƏSİNDƏ
BÖYÜK DƏYİŞİKLİYƏ NAİL OLA
BİLƏRİK"
Gender bərabərliyinin
pozulması cəmiyyətdə təkcə sosial-iqtisadi,
ictimai-siyasi problemlərlə nəticələnmir. Bu, həm də
ayrı-ayrılıqda fərdlərdə psixoloji problemlərə
yol açır, komplekslər, özünə dəyər
verməmək və öz potensialını reallaşdıra
bilməmək kimi illərlə davam edən dərin fərdi
problemləri özündə ehtiva edir. Elə bu fərdlər
də yaşadıqları cəmiyyəti
formalaşdırırlar.
Bəs
belə kompleksli cəmiyyət sağlam ola
bilərmi?
Bir çox cəmiyyətlərdə hələ də
bu cinsi ayrı-seçkiliyin mövcud olmasının əsas
səbəbi nədir, bu problemin həll yolları
hansılardır?
Azərbaycanda
bir sıra qadın inkişaf layihələrinin təşəbbüskarı
olmuş gender və inkişaf üzrə ekspert Şəmsiyyə
Mustafayeva ilə söhbətimizdə bu suallara cavab tapmağa
çalışdıq.
Müsahibəni təqdim edirik.
***
"Sanki
dünyanın siyasəti, iqtisadiyyatı, sosial mühiti
kişilər üçün dizayn olunub"
- Şəmsiyyə xanım, siz BMT-nin Baş katibi Antonio Guttereşin istinadən,
gender sözlərinə bərabərliyinin dünyada güc
məsələsi olduğunu demişdiniz. Bu
fikri bir qədər aça bilərsinizmi?
- Antonio
Guttereş bu fikri ötən il fevralın
27-də etdiyi çıxışında dilə gətirmişdi.
Həmin çıxışda o, çox maraqlı bir misal
çəkmişdi, üç min il
bundan qabaq Homerin "Odisseya" əsərində Odisseyin
oğlu Telemikusun anası Penelopaya dediyi "Sən sakit dur, kənarda
dayan, qoy kişilər danışsınlar" - sözlərini
xatırladaraq demişdi ki, üç min il keçməsinə
baxmayaraq, hələ də mən hətta stol arxasında
söhbət edərkən də düşünən
kişilərə rast gəlirəm. Yəni
qadınlara qarşı diskriminasiya ona görə güc məsələsidir
ki, bu, əsrlərlə qədər davam edir. Gücün olduğu hər yerdə - hökumətdə
də, biznes sahəsində də, hərbi sektorda da əsrlərlə
qərar verənlər kişilər olduğundan elə təsəvvür
yaranır ki, sanki dünya kişilər üçün
dizayn olunub. O, buna sadə bir misal gətirərək bildirir
ki, avtomobillərdəki təhlükəsizlik kəmərləri
belə orta statistik kişi
üçün nəzərdə tutulduğuna görə
avtomobil qəzaları zamanı kəmər taxmasına rəğmən,
ölən qadınların sayı kişilərdən daha
çoxdur. hətta burada belə,
qadınları nəzərə almayıblar. Sanki
dünyanın siyasəti də, iqtisadiyyatı da, sosial
mühiti də kişilər tərəfindən və
kişilər üçün dizayn olunub, qadınlar bu sistemə
sonradan əlavə ediliblər.
Guttereş
gender bərabərliyinin güc məsələsi olduğunu
ona görə deyir ki, bir çox hallarda qərar verənlər
kişilər olduğundan gender bərabərliyini təmin etmək
mümkün olmur. Bu səbəbdən də qadınların
haqlarının bərpa olunmasına nail ola
bilməyimiz bu qədər uzun vaxt aparıb.
"Gender
bərabərliyinin pozulmasında təkcə kişiləri məsul
tuta bilmərik"
- Bir
çıxışınızda da patriarxal rejimi bəsləyənin
elə qadınların özləri olduğunu deyir, hətta
qayınanaları bu sistemin sütunları kimi göstərirdiniz.
Sizcə, qadınlarda bu təfəkkürü
niyə aşmaq çətin olur, qadınlar niyə fərdləşməyə
qarşı müqavimət göstərirlər?
-
Çıxışlarımın birində demişdim ki,
gender bərabərliyinin pozulmasında təkcə kişiləri
məsul tuta bilmərik. Sosial həyatda,
xüsusilə bizimki kimi mədəniyyətlərdə bir
çox hallarda qadınlar gender bərabərliyinin
pozulmasının ən böyük
iştirakçıları olurlar. Buna
misal olaraq da qayınanaları nümunə göstərmişdim.
Amma yalnız qayınanaları nümunə
göstərmək, əlbəttə, ədalətsizlik olar.
Bu, bütün qadınlara aiddir. Bəs
gender bərabərsizliyini təşviq edən, gücü əlində
saxlayıb qızlara, qadınlara imkan verməyən,
qadınların fikirlərini dəyərli saymayan, onların
şəxsiyyətinə hörmət etməyən
oğlanları kimlər yetişdirib? Əlbəttə
ki, analar. Yəni bizim Azərbaycan anaları
övladlarına qadına kişi qədər
hörmət etməyi, qadına kişi qədər diqqətlə
yanaşmağı öyrətsələr, görün biz nə
boyda dəyişiklik etmiş olarıq. Bu məsələdən
qadınları məsul tutmağımın tək səbəbi
analıqla bağlı deyil. Fikir versəniz,
görərsiniz ki, bu gün ölkəmizdə müəllimlərin
əksəriyyəti qadınlardır. Uşağın
ailədə ilk gördüyü ata-ana, cəmiyyətdə
isə bağça müəllimləridir. Hansı ki, onların əksəriyyəti
qadınlardır, ibtidai sinif müəllimləri də onun
kimi. Bu uşaqlar qadınların əlində
böyüyürlər. Cəmiyyətdəki gender bərabərsizliyinin
qarşısını almaqda qadınlar çox böyük
rol oynaya bilərlər.
"Selektiv
abortun Azərbaycan cəmiyyətinə çox böyük mənfi
təsirlərinin olacağını düşünürəm"
- Bu yeni
dönəmdə istər iqtisadiyyatda, istər siyasətdə,
istərsə də ekoloji məsələlərdə, bir
sözlə, həyatın bütün sahələrində
demoqrafik balansın pozulmasının nə kimi fəsadları
ola bilər?
- Selektiv
abortun Azərbaycan cəmiyyətinə çox böyük mənfi
təsirlərinin olacağını düşünürəm.
Dünyada qadınlarla kişilərin təbii
nisbəti hər 100 qıza 105 oğlandır. Amma bu nisbət ölkəmizdə 100 qıza 114
oğlan təşkil edir. Bu o deməkdir
ki, biz, ölkə olaraq təbii normanın çox kənarındayıq.
Bu fərq çox böyükdür və onun cəmiyyət
üçün böyük fəsadları ola
bilər.
2019-cu ildə 1.4 milyard əhalisi olan Çində
kişilərin sayı qadınların sayından 34 milyon
çox olub.
Gender natarazlığı xüsusilə də
evlilik yaşında olan qadınlar və kişilər
arasında böyükdür. BMT-nin məlumatlarına
görə, 2018-ci ildə hər 280 kişiyə (15-29 yaş arası) 100
qadın (15-29 yaş arası) var idi. Çindəki bu gender
natarazlığı qadınların, xüsusilə də
kasıb qadınların müxtəlif yollar və bəhanələrlə
Çinə gətirilib insan alverinin qurbanına çevirir. Cəmiyyətdə qadınların
azlığı hər sahədə qəddarlığın,
cinayətlərin artmasına səbəb olur, bir çox
demoqrafik və sosial-iqtisadi fəsadlara gətirib
çıxarır.
"Sanki
oğlan uşaqları valideynlər üçün sosial
müdafiə sistemini əvəz edirlər"
- Niyə
ailələr məhz oğlan uşaqlarına
üstünlük verirlər?
- Bu sualın cavabı da elə birinci
sualdakı güc məsələsindədir. Oğlanlar cəmiyyətdə
qızlardan daha çox gücə malikdirlər və onlar
ailəni daha yaxşı müdafiə və təmin edə
bilirlər. Oğlanlar daha çox maaş alır, inanca
görə, ailə xəttini davam etdirir və yaşlı
valideynlərinə baxmaq kimi bir öhdəlikləri də
mövcud olduğuna görə, ailələr oğlan
uşaqlarına üstünlük verirlər. Sanki oğlan
uşaqları valideynlər üçün sosial müdafiə
sistemini əvəz edirlər. Ümid edirəm ki, o gün gələcək,
ölkəmizdə sosial müdafiə dövlət tərəfindən
tam təmin olunacaq. Hazırda bu istiqamətdə çox
işlər görülür. Beləcə, artıq atalar və
analar da oğlan uşaqlarına sosial müdafiə kimi
baxmayacaqlar. Eyni zamanda, gender bərabərliyinin qorunması,
qızlarımızın, qadınlarımızın səlahiyyətləndirilməsi
onların cəmiyyətdə dəyərini artıracaq, əsirlərlə
kök salmış qadın haqqında fikirləri dəyişəcək.
-
Gender bərabərliyini təmin edə bilmək
üçün məktəb psixoloqlarının üzərinə
daha çox məsuliyyət düşdüyü fikri ilə
razılaşırsınızmı? Çünki psixoloji
yaddaş insanda uşaqlıqdan kodlanan səhnələrin
başqa formalarda təkrar-təkrar yaşanmasına səbəb
ola bilir. Beləcə, qız uşağının həyatı
çox vaxt zorakılıq gördüyü atanın əlindən
zorakılıq gördüyü ərin əlinə
keçir. Hətta o, öz iradəsiylə seçim etsə
belə. Bu səbəbdən qız uşaqlarında psixoloji
yaddaş, öyrənilmiş ssenarini təkrarlamaq kimi
reallıqlar da rol oynayırmı?
- Gender prinsiplərinin
pozulmasına əsaslanan zorakılıq barədə onu deyə
bilərəm ki, bəli, burada məktəb
psixoloqlarının rolu çox böyükdür. Amma iş
təkcə məktəb psixoloqları ilə bitmir.
Çünki məktəbdə bir psixoloq bütün məktəbə
cavabdeh olur. Bu o deməkdir ki, öncəliklə
bütün müəllimlərimiz bu sahədə təlimlərdən
keçməlidirlər. Ümumiyyətlə, psixologiya və
uşaq inkişaf psixologiyası barədə müəllimlərimizin
hazırlığı bu cür problemləri aradan
qaldırmaq üçün kifayət deyil. Onların əksəriyyəti uşaq, inkişaf
psixologiyası haqqında kifayət qədər məlumatlı
və həssas olmadıqları üçün valideynləri
və ya yaşıdları tərəfindən
zorakılığa məruz qalan uşaqlara düzgün
münasibət göstərə bilmirlər.
İkinci bir məqam da odur ki, uşaqlar
çox zaman başqalarının
hərəkətlərindən,
davranışlarından öyrənirlər. Sinifdə müəllimin
qızlara və oğlanlara münasibəti, qadın müəllimin
və kişi müəllimin özünü aparması bu
baxımdan öyrənmə prosesində kifayət edir. Bunun
özü gənclərə böyük təsir göstərir.
Bu, artıq gender məsələsinə qarşı
münasibəti, özlərinə verdikləri qiyməti, dəyəri
formalaşdırır. Yəni sinifdə müəllim
qız şagirdin üstünə qışqırırsa,
yaxud "Sən qızsan, sakit dur", "Sən qızsan,
səsini çıxartma", "Sən qızsan, yavaş
danış" kimi ifadələr işlədirsə, ailədə,
cəmiyyətdə olan qəlibləri müəllim də
sinifdə tətbiq edirsə, bu, həmin qız
uşağının cəmiyyət, ailə tərəfindən
formalaşmış, özü haqqında olan yanlış
düşüncəsini bir daha müəllim tərəfindən
də təsdiqlənmiş hesab edir. Bu düşüncə,
"Sən oğlanlardan əskiksən, sən oğlanlardan
az danışmalısan, sənin səsin onlardan az
çıxmalıdır, öncə onlar gəlir, sonra sən"
- qəlibidir. Bu, eyni zamanda, oğlan uşaqlarının
özləri haqqındakı düşüncəsinə də
çox böyük təsir göstərə bilər. Ona
görə də, bu məsələni yalnız psixoloqlarla məhdudlaşdırmaq
doğru yol deyil.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 4 fevral.- S.8.