Qeyri-səlis məntiq nəzəriyyəsinin
banisi
Lütfi Zadənin anadan
olmasının 100-cü ildönümünə həsr olunur
XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə
sahib olacaqsa, o, daha güclü olacaq. Güclü
olan isə hər zaman qalibdir.
2021-ci il
fevral ayının 4-də dünyanın ən məşhur
azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya
Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin
banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri
üzvü, dünya şöhrətli alim Lütfi Zadənin
(Lütfəli Rəhim oğlu Ələsgərzadənin)
anadan olmasının 100 illiyi tamam olur.
Professor
Lütfi Zadə, yalnız elmi və fəlsəfi
düşüncəyə deyil, həm də texnoloji
inkişafa təsir edən və təsir göstərəcək
vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir
şəxsiyyətdir.
Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakının
Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə
və həkim-pediatr Fanya Koremanın ailəsində
dünyaya gəlib. O, ilk təhsilini Bakı şəhərindəki 16
nömrəli rusdilli məktəbdə almışdır. 1931-ci ildə ölkədə yaranmış ağır
iqtisadi vəziyyətlə əlaqədar Lütfi Zadə ailəsi
ilə birlikdə Tehrana köçür. O, Tehrana
köçdükdən sonra təhsilini amerikalıların
Alborz missioner məktəbində davam etdirir. Orta
təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik
mühəndisliyi fakültəsinə daxil olur və 1942-ci
ildə həmin fakültəni uğurla bitirir. 1944-cü ildə Lütfi Zadə Amerika Birləşmiş
Ştatlarına gəlir və təhsilini Massaçusets
Texnologiya İnstitutunda davam etdirir. 1946-cı
ildə mühəndis-elektrik ixtisası üzrə magistr
diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına
daxil olur. Lütfi Zadə, ona doktorluq dərəcəsini
almağa ilham verən müəllimi, professor Ernst Adolf Gilyemin
ilə birgə elmi tədqiqat aparır və 1949-cu ildə
dissertasiya müdafiə etdikdən sonra mühəndislik
bölməsində assistent olaraq çalışmağa
başlayır. Kolumbiya Universitetində Lütfi
Zadə elektromaqnit sahə nəzəriyyəsi, dövrə
analizi, sistem nəzəriyyəsi, məlumat və
ardıcıl maşınlar nəzəriyyəsindən
mühazirələr oxuyur. 1950-ci ildə dosent, 1957-ci ildə
isə professor elmi adlarına layiq görülür, daha sonra məşhur
alim, "kibernetikanın atası" hesab olunan Norbert Vinerin
tövsiyəsi ilə Kaliforniyaya köçür və 1959-cu ildən
ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində
professor vəzifəsində çalışır. O,
1963-1968-ci illər ərzində həmin universitetin
"Kompüter elmləri və elektrik mühəndisliyi"
kafedrasına rəhbərlik edir. Çalışdığı
dövrdə və sonralar bu kafedra "Elektron texnikası və
kompüter elmləri" kafedrası kimi fəaliyyətini
davam etdirir.
Lütfi
Zadənin əsas xüsusiyyətlərindən biri, onun yeni,
orijinal və az tədqiq olunmuş
mövzulara maraq göstərməsi idi. Beynəlxalq
aləmdə ona şöhrət qazandıran ilk əhəmiyyətli
elmi işi qeyri-stasionar dövrələrin tezlik analizi məsələlərinə
həsr olunmuşdu. Bu elmi işlə qeyri-stasionar şəbəkələrin
tezlik analizində yeni bir istiqamətin təməli qoyulur. O, məqalədə
qeyri-sabit xətti sistemlərin analizində daha sonra
çoxsaylı tətbiqləri olan qeyri-sabit bir ötürmə
funksiyası konsepsiyasını təqdim etmişdi. 1950-ci ildə onun
"Düşünən maşınlar" - elektrik mühəndisliyinin
yeni bir sahəsi və J.R.Raqazzini ilə birgə Vinerin
ekstrapolyasiya nəzəriyyəsinin ümumiləşdirilməsinə
dair məqalələri dərc olunur. Bu əsər sonlu
yaddaşı olan filtrlərin (süzgəclərin) layihələndirilməsində
öz tətbiqini tapır və təklif olunan üsul klassik metod kimi qəbul olunur. Sonralar
alınmış bu elmi nəticələr uyğun olaraq
süni intellekt və sistem nəzəriyyəsinin sələfləri
hesab olunurdu.
Lütfi Zadə 1952-ci ildə yenidən J.Raqazzini ilə
birlikdə diskret sistemlər üçün Z-çevirmə
(Zadə sözünün baş hərfi) metodunu təklif
edir və o da klassik üsul kimi qəbul olunur.
1953-cü ildə o, qeyri-xətti filtrasiya
(süzülmə) üçün yeni bir yanaşma təklif
edir və Volter-Vinerin nəzəriyyəsinə əsaslanan
qeyri-xətti sistemlərin bir iyerarxiyasını qurur. Beləliklə, kompüter və ya başqa cihazlarda
faydalı siqnalların aşkarlanması və emalı
üçün optimal qeyri-xətti prosessorların layihələrinin
təməli qoyulur.
Berkli şəhərinə köçdüyü
dövrdə onun tədqiqat maraqları əsasən xətti
sistemlər və avtomatik idarəetmə nəzəriyyələri
üzərində qurulmuşdu. Zadə 1963-cü ildə
idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən
bir nəzəriyyə irəli sürür və Çarlz
Dezoerlə birgə "Xətti sistemlər nəzəriyyəsi"
kitabını nəşr etdirir. Bu kitab,
sistem təhlilinə və avtomatik idarəetməyə bir
çox müasir yanaşmaların mənbəyinə
çevrilir.
Beləliklə, 1960-cı illərin ortalarında
Lütfi Zadə sistem nəzəriyyəsi, avtomatik idarəetmə
nəzəriyyəsi və bunların tətbiqi sahəsində
ən məşhur mütəxəssislərdən biri kimi
tanınır.
Heç şübhəsiz, Lütfi Zadə orijinal elmi
ideyaları və yanaşmaları ilə yeni elmi istiqamətlər
formalaşdıran dahi alimlərdən biridir.
"Yalnız savad kifayət etmir, zəhmət və
uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və
isrardır. Uğurun elementləri
bunlardır" - Lütfi Zadənin bu sözləri onun nə
qədər zəhmətkeş, əldə etdiyi nailiyyətlərdən
kifayətlənməyən, daim öz üzərində
çalışan bir insan olduğunun göstəricisidir.
Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə
tədqiqatlarına yeni istiqamət verərək 1965-ci ildə
reallıqla fantastikanın harmoniyasından yaranmış
qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə
gətirir və "İnformation and Control" jurnalında həyatının
ən mühüm, "Qeyri-səlis çoxluqlar" elmi
işini çap etdirir. “Google Scholar”a görə, 29 sentyabr 2017-ci il tarixinə qədər bu məqaləyə
71 mindən çox istinad edilmiş və elmi informasiya
tarixində ən çox istinad edilən məqalələrdən
biri olmuşdur. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
mahiyyətinin nədən ibarət olduğunu Lütfi Zadədən
soruşanda, bu suala professor birmənalı cavab vermişdi:
"...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1
şkalasında müəyyən həddə dəyişir".
Deməli, real dünyanın ümumi mənzərəsi
0 və vahid arasında olan onlarla, yüzlərlə
çalarlardan ibarətdir.
Bütün dünyada qeyri-səlis məntiqin
"atası" kimi tanınan Lütfi Zadənin inqilabi nəzəriyyəsi
Aristotelin ikili məntiqinin sərhədlərini məhv
etmişdi. O,
sübut etdi ki, insan dünyanı yalnız "ağ" və
"qara" rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə
imkanları zəngin və hüdudsuzdur. Lütfi
Zadənin məntiqi dünyanı bütün
çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun
riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır
və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik,
siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər,
münaqişə vəziyyətlərində geniş istifadə
olunmuşdur. Mütəxəssislər,
alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən
insanın həyata dair fəlsəfi baxışlarında
olduğu kimi elm dünyasında da bir inqilab etdiyini
düşünürlər. Həmyerlimizin
fikrincə, Azərbaycan qanı ona əzm və möhkəmlik
vermiş, mübahisədən qorxmamağı öyrətmişdi.
Təsadüfi deyil ki, o, dəfələrlə
təkrarlayaraq "bu da mənim xarakterimin bir parçasıdır"
fikrini söyləyərdi.
Lütfi Zadənin təklif etdiyi "qeyri-səlis məntiq"
riyaziyyatla insanların intuitiv ünsiyyət tərzi
arasındakı boşluğu aradan qaldırmaq, insanların
düşünməsi və dünya ilə
qarşılıqlı əlaqə qurması
üçün iddialı bir cəhd idi. O, insan istedadlarını təqlid
edə və qeyri-müəyyənliyi aradan qaldıra biləcək
riyazi bir struktur təqdim etmişdi. Real dünya
anlayışları üçün sərt sərhədlər
qoymaq əvəzinə, sərhədləri "qeyri-səlis"
etmişdi. Almaniyanın Yena Universitetinin
professoru, qeyri-səlis məntiqlə məşğul olan və
son illər ərzində Lütfi Zadə ilə birgə
çalışan Rudolf Zayzing alimin nəzəriyyəsini
qiymətləndirərək "bu, nəzəriyyə ilə
reallıq arasında bir körpüdür" demişdi.
Berkli Universitetinin fəxri professoru Elayc Polak verdiyi
müsahibədə Lütfi Zadənin "Qeyri-səlis
çoxluqlar" nəzəriyyəsi fikrinin onların
universitet şəhərciyində gəzintisi zamanı
yaranmasını xatırlayırdı. Professorun insanların
dayanacaqda avtomobillərini saxlayarkən onların intuitiv olaraq
maşınların təkərlərini əvvəl
biraz sola, sonra isə sağa çevirdiklərinə diqqət
yetirmişdi. Qeyri-səlis çoxluqların riyazi aparatı
birmənalı sərhədləri olmayan hər hansı bir
konsepsiyanın təyinində istifadə etmək cəhdi
olaraq meydana gəlmişdi.
Qeyri-səlis çoxluqlar ideyası Lütfi Zadə
üçün sadə və cəlbedici
görünürdü. Əslində, o, uzun illər obyektləri
kateqoriyalara görə təsnif etmək problemi və nəticədə
yaranan siniflər arasındakı dəqiq olmayan sərhədlərlə
maraqlanırdı və sonra, 1964-cü ilin payızında
Berkli Universitetində oxuduğu mühazirədə bu
ideyanı açıq şəkildə inkişaf
etdirmişdi.
Professor Lütfi Zadə və bir çox alimlər
qeyri-səlis məntiqi gələcəkdə süni
intellektin yaradılması üçün bir vasitə kimi
görürdülər. Berkli Universitetindən olan bəzi həmkarları
bu metodların nə qədər effektiv olacağına
şübhə ilə yanaşsalar da, o, öz fikirlərinə
həmişə sadiq qalmışdı.
Uzun illər
Lütfi Zadə ilə birgə çalışan, Berkli
Universitetinin professoru Stüart Rassel söyləmişdi:
"Lütfi Zadə tənqidləri həmişə bir
iltifat kimi qəbul edirdi. Bu da insanların onun nə
demək istədiyini düşündükləri anlamına gəlirdi".
"Qeyri-səlis məntiq"
adlı elmi konsepsiyasını təqdim edərkən
Lütfi Zadə söyləmişdi: "Bunun vacib
olacağını bilirdim, ancaq dünya miqyasında bir hadisə
olacağını xəyal etmirdim". Zadənin
kəşfi elm və texnikanın bütün sahələrində
mühüm rol oynamış, elmdə və insanların fəlsəfi
baxışlarında yeni bir istiqamət üçün zəmin
yaratmışdır.
Onun qeyri-səlis məntiq nəzəriyyəsi
riyaziyyatın, kibernetikanın, informatika və hesablama
texnologiyasının inkişafı tarixində yeni bir dövr
açmışdır. Bu nəzəriyyə bütün
dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz
etmişdir. Paltaryuyan maşınlardan
tutmuş avtomat sürücüyə kimi yüzlərlə,
minlərlə sistemdə, qurğuda öz tətbiqini
tapmışdır. Beləliklə də,
həmin nəzəriyyənin əməli gücü onun
mücərrəd mahiyyətini üstələmişdir.
Alimin
inqilabi qeyri-səlis məntiq nəzəriyyəsi
günümüzdə General Motors, General Elestric, Motorola,
Kodak, Fuji, Dupont, Canon, Sanyo, Mitsubishi, Matsusita, Sharp, Toshiba, Sony,
Daewoo, Nissan, Panasonic, Honda kimi dünya nəhənglərinin
foto və videokameralar, paltaryuyan maşınlar, tozsoranlar,
vakuum kimyəvi təmizləyicilərin istehsalında, nəqliyyat
vasitələrinin, sənaye proseslərinin idarə
olunmasında geniş istifadə edilir. Danimarkada
qeyri-səlis məntiq əsasında işləyən
yüksək sement sobaları istehsal olunur.
Qeyri-səlis məntiq siyasət və iqtisadiyyatda aktiv
şəkildə istifadə olunur. Neft emalı və digər
iqtisadi və texniki sistemlərdə qeyri-səlis sabitlik nəzəriyyəsinin
tətbiq edilməsi, hətta dünya bazarındakı neft
qiymətlərini proqnozlaşdıra bilər.
Qeyd etmək lazımdır ki, Lütfi Zadə 1989-cu ildə
sənayedəki qeyri-səlis məntiq nəzəriyyəsinin
uğurlarına görə yapon alimlərinə verilən ən
yüksək "Honda", 1996-cı ildə isə
"Okava" mükafatlarına layiq
görülmüşdür. O, 1991-ci ildə Berkli Universitetinin
ömürlük professoru seçilən yeganə şəxsdir.
1992-ci ildə Beynəlxalq Robot və İstehsalat Simpoziumu
(İSAAM) çərçivəsində Lütfi Zadə
"Qeyri-səlis Məntiqin Atası" adına
layiq görülmüşdü.
O, NASA və NATO-nun
aparıcı mütəxəssislərindən biri idi. Lütfi Zadənin məşhur vəziyyətlər
fəzası, dinamik sistemlərin idarə və müşahidə
olunma nəzəriyyələri müasir idarəetmə
elminin əsasını təşkil edir. ABŞ-ın
Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr
əsasında idarəetmə sistemlərini tədqiq edir,
layihələndirir və tətbiq edir.
Yaşadığı
Berkli şəhərində "İnstitute Zadeh-ZİFT"
İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik
etmişdir. Məlumat üçün bildirək ki,
Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci
alimdir ki, sağlığında həm özünün, həm
də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz
mövcud idi. O, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün
rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının
fəxri sədri, Amerika Elminin İnkişafı Dərnəyi,
Hesablama Maşınları Dərnəyi, Amerika Süni
İntellekt Birliyi, Beynəlxalq Qeyri-səlis Sistemlər
Birliyi, Avstriya Kibernetika Tədqiqatlar Cəmiyyətinin
üzvü olmuşdu.
Məhsuldar tədqiqatlarına görə, Lütfi Zadə
çoxsaylı milli və beynəlxalq mükafatlara layiq
görülmüşdü.
Dünya
şöhrətli alim İEEE Educational medalı (1973),
İEEE Centennial medalı (1984), Honda mükafatı (1989),
Berkeley Citation (1991), İEEE Rişard Hamming medalı (1992),
Rufus Oldenburger medalı (1993), İEEE Fəxri medalı (1995),
Bolzano medalı (1997), Edvard Feigenbaum medalı (1998), İEEE
Milenium medalı (2000), V.Kaufman mükafatı və
gızıl medalı (2004), Egleston medalı (2007), Franklin
medalı (2009) və s. ilə təltif olunmuşdu.
Azərbaycanlı olduğunu fəxrlə bildirən və
ürəyi daim doğma Vətəni ilə birgə
döyünən Lütfi Zadə elm və texnologiyaların
inkişafında, eləcə də mədəniyyətlərarası
dialoqun qurulmasında misilsiz xidmətlərinə görə
2011-ci ildə 90 illik yubileyi münasibətilə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
"Dostluq" ordeni ilə təltif edilmişdi. 2016-cı ildə Nizami Gəncəvi
adına qızıl medala layiq
görülmüşdü.
Lütfi
Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin
fəxri doktoru adına
layiq görülmüş, həmçinin, Koreya,
Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və
ABŞ akademiyalarının fəxri üzvü
seçilmişdi.
Professor Lütfi Zadə 200-dən çox elmi məqalənin
müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin
üzvü olmuş, 50-dən çox doktorant
hazırlamışdı.
Bu gün dünyanın müxtəlif ölkələrində
qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqəli
25-ə yaxın elmi jurnal nəşr olunur. Qeyri-səlis məntiqlə
bağlı hər il həmin jurnallarda
minlərlə məqalə dərc olunur. Son illərdə
qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan
1300-dən çox patent ABŞ, Yaponiya və Avropada istehsalata
tətbiq edilmişdir. Yaponiyada alimlər tərəfindən
süni intellektə malik olan ilk "Alter" robotu
hazırlanıb və Tokiodakı Beynəlxalq Elm Muzeyində
sərgilənmişdir.
L.Zadə
eyni zamanda, "Təəssüratlar nəzəriyyəsi",
"Sistemlər nəzəriyyəsi", "Sözlə
hesablama nəzəriyyəsi", "Optimal süzgəclər
nəzəriyyəsi", "Yumşaq hesablamalar nəzəriyyəsi"
kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında
mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Onun haqqında "Müasir
elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir"
adlı kitablar yazılmış, "Uzaq və yaxın
Lütfi Zadə" sənədli filmi çəkilmiş,
Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası,
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər
Akademiyası yaradılmışdır.
Lütfi
Zadənin yaratdığı elmi məktəblər və
laboratoriyalar 1966-cı ildən İngiltərə, Almaniya,
Yaponiya və dünyanın bir çox ölkələrində
fəaliyyət göstərir.
Lütfi Zadə dünya miqyasında əsərlərinə
ən çox istinad olunan alimlərdəndir.
“Google
Scholar”da 2011-ci
il noyabr tarixinə olan məlumata görə, onun əsərlərinə
88,7 min istinad edilmiş, bunlardan 26 mini "İnformation and
Control" jurnalında dərc olunmuş qeyri-səlis
çoxluqlar haqqında ilk məqaləsinədir. 2017-ci
ilin oktyabr ayında isə
Scopus, Lütfi Zadənin 1950-1956-cı illərdə nəşr
olunmuş 20 əsərinə istinad edən 482 akademik məqalə
və 1957-ci ildən bu günə qədər nəşr
olunmuş 179 əsərinə istinad edən 53708 akademik məqalə
göstərir, bunlardan 36165-i 1965-ci ildə nəşr
olunmuş qeyri-səlis çoxluqlar haqqında məqaləyə
aiddir. Bu günə olan məlumata görə, “Google
Scholar”da Lütfi Zadənin elmi əsərlərinə
267783 istinad olunmuş, bunlardan 14 298-i 2020-ci ilə, 1 242-si
2021-ci ilə aiddir. Alimin Hirş indeksi 115-ə
bərabərdir.
Bu gün qeyri-səlis çoxluqlar nəzəriyyəsi
və qeyri-səlis məntiq həqiqətən dünya
miqyasında böyük şöhrət
qazanmışdır. O, daimi işi yeri ilə yanaşı, Massaçusets
Texnologiya İnstitutunda, Stenford Universitetində, elmi-tədqiqat
laboratoriyasında (San-Xose) dəvətli professor kimi fəaliyyət
göstərir, Fransa, İngiltərə, Kanada, Yaponiya,
Braziliya, Sinqapur, Almaniya, Çin, İtaliya, İspaniya,
Hindistan, Macarıstan, Yuqoslaviya, Türkiyə, Polşa,
Avstriya, İsveç, İsveçrə, Rumıniya,
Portuqaliya, Səudiyyə Ərəbistan və s. ölkələrdə
mühazirələrlə çıxış edirdi.
Lütfi Zadə asanlıqla ünsiyyət quran və
tamamilə demokratik bir insan idi. O, kübar davranışları, nəzakəti,
xeyirxahlığı, həssaslığı, sakitliyi və
sağlam düşüncəsi ilə seçilirdi. Daxili aləmini əks etdirən dərin biliyə
sahib olan Lütfi Zadə intuitiv, yaradıcı, həyatının
hər dəqiqəsindən səmərəli istifadə etməyə
çalışan, ailənin sabitliyinə, adət və ənənələrinə
dəyər verən bir şəxsiyyət idi. Fotoportretlərə
olan marağı onun nə dərəcədə incə təbiətə
sahib bir insan olduğunu göstərir. Lütfi Zadə,
insan ruhunun özəlliklərinin təzahür etdiyi anı
"tutmağı" bacarırdı və fotoşəkildə
təcəssüm olunan şəxsin xarakterini anında görmək mümkün
olurdu.
Lütfi
Zadə gələcək həyat yoldaşı Fanya Zand ilə
Tehranda tanış olmuş və
1946-cı ildə evləndikdən sonra ona Fey deyərək
müraciət edirdi. Lütfi Zadə həmişə deyərdi:
"Mənim həyatımda iki sevdiyim qadın var - bunlar Fey və elmdir". Fey çox
gözəl bir qadın idi. Lütfi Zadə
onun yağlı boya ilə portretini sifariş etmişdi.
Daha sonra Berkli Fakültə Klubunun təşkil
etdiyi sərgidə portreti təqdim etmişdi.
Fey Zadə
1998-ci ildə Lütfi Zadənin həyatına həsr
olunmuş "Qeyri-səlis məntiqin atası ilə mənim
həyatım və səyahətlər" (My Life and Travels
with the Father of
Fuzzy Logic) adlı
kitab nəşr etdirir. Kitabda Lütfi Zadənin
həyat yoldaşı ilə birlikdə keçdikləri həyat
və səyahətlər haqqında çox maraqlı xatirələr
yer alıb, bunların çoxu Zadənin beynəlxalq
konfranslarda iştirakı ilə əlaqədardır. Bu kitab dövrümüzün görkəmli aliminin
şəxsi həyatının canlı bir mənzərəsini
təqdim edir. Kitabda Lütfi Zadənin mənəvi
keyfiyyətlərindən, şəxsi həyatından geniş bəhs
olunur. Oxucular burada zəmanəmizin ən
böyük elm dühalarından olan Lütfi Zadə
haqqında geniş məlumat və "Lütfi Zadə
kimdir?" sualına cavab ala bilərlər. Xüsusilə, oxucu Zadənin fotoşəkillərlə
kifayət qədər ciddi maraqlandığını
aşkar edə bilər. Qeyd edək ki,
60-cı illərdə ABŞ-da nəşr olunan
kitabının üz qabığına qoyulmuş Kerenskinin
portreti Lütfi Zadə tərəfindən çəkilmişdir. Ümumilikdə isə,
Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter, həmçinin,
ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen kimi 50-yə
yaxın tanınmış şəxsin şəklini çəkmək
ona nəsib olub.
Bəşəriyyətin gələcək
inkişafının informasiya kommunikasiya texnologiyaları sahəsi
ilə bağlılığına əmin olan Lütfi Zadə
Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc
mühəndislərin və tədqiqatçıların
formalaşması üçün müasir tədqiqat mərkəzlərinin
yaradılmasını arzu edirdi. "Elmlə məşğul
olan insanlara qayğı göstərilməlidir. Onlar adi adamlar deyil. Millətin
inkişafı bir çox hallarda həmin insanlardan
asılıdır" (Lütfi Zadə). O, öz
müsahibələrində ölkəmizdə elm və
texnologiyaların inkişafı üçün böyük
potensialın olduğunu bildirmişdi.
"Azərbaycan mənim doğma Vətənimdir. Mən həmişə Azərbaycanın
uğurlu gələcəyi
barədə düşünürəm və bu istiqamətdə
atılan hər bir addım məni sevindirəcək" (Lütfi Zadə).
Alim vətənini tərk etdikdən sonra Azərbaycana cəmi
iki dəfə səfər etmişdi. İlk olaraq Lütfi Zadə
Bakıya 1965-ci ildə birgünlük səfər etmiş,
ikinci dəfə isə 2008-ci ilin noyabrında "BakuTel"
Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və
konfransında iştirak etmək üçün gəlmişdi.
Üçüncü dəfə 2017-ci ildə
o, əbədi olaraq vətəninə dönür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişir
və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilir. Ölümündən bir ay əvvəl Lütfi Zadə
müsəlman adətlərinə görə vətənində
dəfn olunmasını xahiş edən bir məktubla Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına müraciət
etmişdi. Onun bu istəyi yerinə
yetirilmişdi.
Elm və texnologiyaların inkişafına misilsiz
töhfələr vermiş məşhur alim Lütfi Zadə
həmişə azərbaycanlı olması ilə qürur
duyub, onun ürəyi daim doğma Vətəni ilə
döyünüb. O yazırdı: "...Vətənimin oğlu kimi qəbul
edilməyim həyatımın məğzi və şərəfimdir.
Bakı və xalqım qəlbimin qaynar guşəsində
özünə əbədi yer tutub".
Nə qədər iddialı səslənsə də, Azərbaycan
Lütfi Zadə kimi bir övladının olması ilə fəxr
edir.
Lütfi Zadə də öz növbəsində Vətənini,
xalqını çox sevirdi. "Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm,
əksinə, bununla qürur duymuşam" deməklə bir
daha millətinə nə qədər bağlı olduğunu
nümayiş etdirib.
Fenomenal
elmi təfəkkürü ilə seçilən, adı elm
tarixinə qızıl hərflərlə həkk olunan,
dünya şöhrətli azərbaycanlı alim və
böyük şəxsiyyət Lütfi Zadənin əziz
xatirəsi onu tanıyanların qəlbində hər zaman
yaşayacaq!
Misir MƏRDANOV
AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor
Aynur
HƏSƏNOVA
riyaziyyat üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 4 fevral.- S.10.11.