Çağdaş ərəbşünaslığımızın
80 yaşlı korifeyi
Mən professor İmamverdi
Həmidovu son zamanlar tanımışam. Baxmayaraq ki, artıq on beş ildir,
AMEA-da işləyirəm və
biz eyni mərtəbədə
yerləşən binada
çalışırıq. Qəribə
də olsa, bəlkə heç rastlaşmamışdıq da. Sadə, təvazökar və sakit bir insan
olan professor İmamverdi
Həmidovla tanışlıqdan
sonra isə bu böyük şəxsiyyəti tanımadığıma
görə hələ
də özümü
qınayıram. Hər
dəfə bu böyük alimlə oturub söhbət etmək şərəfinə
nail olanda görüşümüzün
nə vaxt bitdiyini hiss etmirəm.
Bu yaxınlarda ömrünün
səkkizinci onilliyi -
80 yaşı tamamlanan
İmamverdi Həmidov
mənalı həyat
yolu keçmiş bir insandır. Onun ölkəmizdə
və ölkədən
kənarda çoxsaylı
elmi əsərləri
çap olunub. Ərəbdilli ədəbiyyatın mahir bilicisi olan İmamverdi müəllim Azərbaycan-ərəb
ədəbi əlaqələrinin
inkişafında özünəməxsus
yer tutur. O, hazırda Azərbaycan şərqşünaslıq elminin
ən parlaq nümayəndələrindən biri olmaqla yanaşı,
həm də ədəbiyyat tariximizin gözəl bilicisi və öz məktəbini formalaşdıran
görkəmli tədqiqatçı-alimidir.
O, Aida İmanquliyeva, Ziya Bünyadov, Vasim Məmmədəliyev kimi böyük şərqşünaslarımızla
eyni məktəbin nümayəndəsi və
həmin məktəbin
davamçılarından biridir.
Görkəmli şərqşünas
alim Ziya Bünyadov onun haqqında yazırdı:
"İmamverdi Həmidov
ərəb mənbələrinə
yaxşı bələd
olan, nadir qaynaqlarla bağlı tədqiqat aparmağı bacaran alimdir".
İmamverdi müəllim elmə hələ ötən əsrin 60-cı illərində
gəlib. 1966-cı ildə
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun əyani
aspiranturasına daxil olan alim, ona
qədər 1960-1965-ci illərdə
keçmiş SSRİ məkanında
ən tanınan və bəlkə də o dövr üçün respublikada
ən yüksək ixtisas sayılan Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində təhsil
almış və oranı fərqlənmə
diplomu ilə bitirmişdi. 1970-ci ildə İbn Quteybə Dinəvəri mövzusunda filologiya elmləri namizədi dissertasiyasını uğurla
müdafiə etmiş
alim 1963-1964-cü illərdə
Yəmən Ərəb
Respublikasında təcrübə
keçmiş və ərəb dili tərcüməçisi kimi
çalışıb. 1985-1989-cu illərdə İmamverdi müəllim İraqda ərəb dili tərcüməçisi
kimi fəaliyyət göstərəndən sonra
həyatını Azərbaycan
elminin inkişafına
həsr etdi.
Alimin "İbn
Quteybə Dinəvəri
(həyatı, suubiyyə,
"ədəb" və
ədəbi tənqidə
aid əsərləri)"
(1998), "Əbu Bəkr əl-Valibi və onun "Əxbarul-Məcnun va əş`aruhu" (1999), "Azərbaycan-ərəb
ədəbi əlaqələrindən
səhifələr" (2002), "Azərbaycan ədəbiyyatı
klassikləri ərəb
ədəbiyyatşünaslığında"
(2007) monoqrafiyaları və
xeyli sayda elmi məqalələri nəşr olunub. 2009-cu ildə İmamverdi müəllim "Ərəb
ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı
klassiklərinin öyrənilməsi
problemləri" mövzusunda
doktorluq dissertasiyasını
uğurla müdafiə
edərək filologiya
elmləri doktoru elmi adını aldı.
İmamverdi müəllim
həm də təşkilatçılığı ilə seçilir. O, 1973
- 1976-cı illər ərzində
Nizami adına Ədəbiyyat İnstitutunun
elmi katibi vəzifəsində çalışıb,
uzun müddət isə Ədəbiyyat üzrə Müdafiə Şurasının Elmi katibi olub. Müxtəlif zamanlarda Bakıdakı Misir Mədəniyyət Mərkəzində, Bakı
Dövlət Universitetində
və Bakı Asiya Universitetində dərs demiş, gənc nəslin tərbiyəsində yaxından
iştirak edib. 3 nəfərin elmlər doktoru hazırlığı
üzrə məsləhətçisi,
4 nəfərin fəlsəfə doktoru hazırlığı üzrə
elmi rəhbəri olub.
Hazırda Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun aparıcı
şöbələrindən biri olan "Qədim Azərbaycan ədəbiyyatı" şöbəsinə
rəhbərlik edən
İmamverdi müəllim
eyni zamanda, ictimai fəaliyyətlə
də məşğul
olur, Azərbaycan Talış icmasının
fəal nümayəndəsidir.
Hörmətli professorumuz İmamverdi Həmidovu 80 illik yubileyilə bağlı ürəkdən təbrik
edir, ona yüksək əhval-ruhiyyə,
möhkəm cansağlığı
və yeni-yeni elmi uğurlar arzulayıram.
Rasim HEYDƏROV
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Rasim Heydərov
525-ci qəzet.- 2021.- 4 fevtal.- S.13