Əbədiyyətdəki əziz
ünvanlarımız
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
Şahanə
MÜŞFİQ
Ömrünün
22-ci payızında şəhidlik zirvəsinə ucalan Yusifzadə
Ramil Adəm oğlu 22 may 1998-ci ildə Bakıda anadan olub.
Əslən Qəbələnin Vəndam qəsəbəsindən
olan Ramil Xəzər rayonu, Binə qəsəbəsində
böyüyüb, 2015-ci ildə Mərdəkan qəsəbəsi
3 nömrəli orta məktəbin, 2019-cu ildə isə Bədən
Tərbiyəsi və İdman Akademiyasının məzunu
olub. Futbolçu və rəqqas olan Ramil Vətən
müharibəsinin ilk günlərindən döyüşlərə
qatılıb. Oktyabrın 13-də
Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi
ətrafında gedən döyüşlərdə itkin
düşüb. Uzun axtarışlardan
sonra şəhidimizin nəşi dekabrın 3-də tapılıb,
ailəsinə təhvil verilib. Ramilin ailəsiylə
son danışığı oktyabrın 8-də olub. O,
atasından haqqını halal etməsini və vəziyyətlə
bağlı anasına heç nə deməməsini xahiş
edib.
***
No
description available.
Məhəmmədəli İbrahimli Mütəllim
oğlu 22 noyabr 1996-cı ildə Beyləqanda doğulub. Əslən
Füzulinin Cuvarlı kəndindəndir. 2011-2014-cü
illərdə Bakıda 215 nömrəli orta məktəbdə
təhsil alıb. 2014-2018-ci illərdə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
bakalavr təhsilindən sonra 2018-ci ildə Azərbaycan Texniki
Universitetində magistr pilləsinə daxil olub.
O,
Ağdamın "İmarət" fan-klubunun ən fəal
azarkeşlərindən idi, demək olar ki, klubun bütun
oyunlarında olurdu. 2020-ci ildə həqiqi hərbi
xidmətə çağırılıb. Kəşfiyyatçı
əsgər olan M.İbrahimli 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində
iştirak edir. Oktyabrın 3-dən 4-nə
keçən gecə Suqovuşan uğrunda gedən
döyüşdə yaralansa da, bir həftə hospitalda
müalicə aldıqdan sonra təkidlə yenidən cəbhəyə
qayıdır. Tək arzusu torpaqlarımızı
işğaldan azad etmək olan əsgərimiz
döyüş yoldaşlarına deyirdi: "Bizim soyumuzu davam
edəcək kimsə qalmasa da, qoy haqqımızda Vətən
üçün özlərini qurban verdi
desinlər". Sonuncu dəfə
yodaşlarıyla söhbətində "mən şəhid
olsam, vətənim Füzulinin Cuvarlı kəndindən torpaq
gətirib məzar torpağıma qatarsınız" - deyib.
O, oktyabrın 13-də Ağdərə istiqamətində gedən
döyüşlərdə kəşfiyyatçı əsgər
kimi xidməti zamanı qəhrəmancasına şəhid
olur. 63 gün heç bir xəbər ala bilməyən
ailəsi 15 dekabrda övladlarının şəhid
olduğunu öyrənir və həmin gün Bakıxanov qəsəbəsi
Şəhidlər Xiyabanında dəfn olunur.
***
No
description available.
Qasımov Orxan Rizvan oğlu 21 yanvar 1996-cı ildə
Bakıda doğulub. Əslən Füzulinin Qacar kəndindəndir.
2013-cü ildə 296 №li məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Neft və Sənayə
universitetinin Qaz-neft-mədən fakültəsinin Neft-qaz
mühəndisliyi ixtisasına qəbul olur. 2017-ci ildə təhsilini başa vurduqdan sonra hərbi
xidmətə yollanır. 2018-ci ildə tərxis
olunur.
2020-ci ildə Vətən müharibəsinə
qatılıb və 27 sentyabrda Füzulinin işğaldan azad
edilməsi uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə yüksəlib.
Şəhadətindən
sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə "Cəsur döyüşçü" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif olunub.
***
No
description available.
Bəşirov Akif Vahid oğlu 8 noyabr 1988-ci ildə
Ağstafanın Soyuqbulaq qəsəbəsində anadan olub. İlk təhsilini
həmin qəsəbədəki tam orta məktəbdə
alıb. 2007-ci ildə Füzulidə N saylı
hərbi hissədə xidmətə başlayıb. 2009-cu ildə hərbi xidməti uğurla bitirib,
çalışmaq üçün Bakıya yollanıb.
Paytaxtda müxtəlif sahələrdə
özünü sınasa da, sonda interyer dizayner peşəsinin
sirlərinə yiyələnməyi qərara alır. Qısa zamanda işinin peşəkarı kimi
tanınır, bu sahədə uğurlar qazanır. Lakin Akifin qəlbində ən böyük səs
"vətən məni çağırır" səsi
olur. Onun ən böyük arzusu və məqsədi
Azərbaycanın işğal olunmuş torpaqlarını geri
qaytarmaq olub. "Müharibə olsa,
mütləq gedəcəm. Vətən uğrunda
döyüşmək istəyirəm, şəhid olmaq mənim
üçün ən böyük şərəfdir", -
deyirdi Akif.
27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində
iştirak etmək üçün Akif Ağstafaya yola
düşür. 29 sentyabrda Səfərbərlik və hərbi
xidmətə çağırış idərəsinə
müraciət edir və könüllülər ordusuna
yazılır. İdarədə onun arxa cəbhədə
xidmət edəcəyini söyləyirlər. Lakin Akif bununla razılaşmayıb ön cəbhədə
döyüşmək istədiyini bildirir. Uzun sürən cəhdlərdən sonra Akifin istəyi
nəzərə alınıb, onu ön cəbhəyə
yazırlar. O, Qarabağ səngərlərində
düşmənlə üz-üzə vuruşmağa tələsirdi,
hətta bir həftəlik hərbi təlimi keçməyə
də razı olmadı, birbaşa döyüşə
yollanır. 40 nəfərlik batalyonla birgə Tərtərin
Suqovuşan kəndinə yola düşür. Orada Akif 3 gün qızğın döyüşlərdə
iştirak edir. 8 oktyabr onun son
döyüşü olur. O, mənfur düşmənin
səngiməyən atəşlərinə tuş gəlir və
şəhidlik zirvəsinə ucalır. Oktyabrın
13-də torpağa tapşırılır.
Cəbhədə döyüşərkən Akifin ən
böyük arzusu Şuşada bayraq sancmaq idi. Bunu görmək
ona nəsib olmasa da, Şuşanın qələbə
günü Akifin doğum gününə, 8 noyabra təsadüf
etdi. Bu, Tanrıdan Akifin ruhu
üçün ən böyük lütf idi.
***
No
description available.
Babayev Elvin Əkbər oğlu 28 fevral 2001-ci ildə Gəncədə
anadan olub.
Orta təhsilini Bakıda General K.Kərimov adına
məktəbdə alıb. Arzusu vətənə xidmət etmək
olan Elvin sənədlərini Dövlət Sərhəd
Akademiyasına versə də, qəbul ola
bilmir və hərbi xidmətə yollanır. Fikri
hərbi xidmətdən sonra akademiyaya qəbul olmaq idi. Onun dayısı Elxan Məmmədov da şəhid
idi. O, həm də idmançı olmaq istəyirdi. Bunu Vətənini daha yaxşı təmsil etmək
üçün istədiyini deyirdi.
Elvinin
manqa komandirinin danışdıqlarına görə, şəhid
olmazdan bir gün öncə Elvin əsgər yoldaşına
deyir: "Sən ailənin tək övladısan, ananın səndan
başqa kimsəsi yoxdur. Sən
sığınacaqdan çox çıxma, nə
lazımdırsa, mən eləyəcəyəm, mənim
qardaşım var. Nəsə olsa, qoy mənə olsun".
Müharibədən öncə telefon danışığında
anası "Elvin, özündən muğayət ol, sən mənim
nəfəsimsən, sənsiz qala bilmərəm" - deyir. Elvinsə ona
"mən canavar kimi oğlanam, ermənidən qorxacam?"
- deyə cavab verir. Müharibə
başlanandan 3-4 gün sonra qardaşıya telefon
danışığında "artıq evin kişisi sənsən,
evdəkilərdən muğayət ol" - deyir və
oktyabrın 2-si şəhidik zirvəsinə ucalır.
***
No
description available.
Amanov
Əhməd Tahir oğlu 1994-cü il
sentyabrın 4-də Yevlaxın Salahlı kəndində
doğulub. Orta təhsilini B.Alıyev adına
orta məktəbdə alıb. Anası Almaz
xanım xərçəng xəstəliyindən əziyyət
çəkdiyi üçün Əhməd təhsilini davam
etdirə bilmir. 2009-cu ildə 9-cu sinifdən
çıxmaq məcburiyyətində qalır. Atasıyla işləyir ki, anasının dərmanlarını
ala bilsin. Lakin təəssüf ki,
anası 2011-ci ildə vəfat edir. 2012-ci il
oktyabrın 1-də Füzulinin Horadiz kəndində Kəşfiyyatçı
çavuş olaraq xidmət edib. 2014-cü ildə
qayıtdıqdan sonra bir müddət HMD (Hərbiləşdirilmiş
Mühafizə Dəstəsində) işləyir. 2017-ci ildə yenidən hərbi xidmətə
qayıdır, Gəncədə MAHHXHQ tankçı, baş
mexanik, sürücü olaraq xidmət edib, xidmətinin
davamını isə Mingəçevirdə edib. İki bacının tək qardaşı olan Əhməd
Tovuz döyüşlərinin də
iştirakçısı olub. Son dəfə
sentyabrın 27-də Talış-Suqovuşan istiqamətində
döyüşlərə qatılıb. Döyüş
yoldaşlarının dediyinə görə, idarə etdiyi 2
tankı düşmən tərəfindən vurulmasına
baxmayaraq, heç nədən qorxmadan irəli gedirmiş.
Döyüşlərin 2-ci günü -
sentyabrın 28-i idarə etdiyi növbəti tankdan sağ
çıxa bilməyən Əhməd yanaraq şəhidlik
zirvəsinə ucalıb. O, şəhadətindən 55
dəqiqə öncə ailəsiylə və dostuyla
danışıb. Dostuna vəziyyətin pis
olduğunu, çox güman qayıtmayacağını,
qayıda bilməzsə, ailəsini ona əmanət etdiyini
deyib. Ə.Amanov doğulduğu Salahlı
kəndində anasının yanında dəfn edilib. 2018-ci ildə ailə həyatı quran şəhidimizin
Vətənə əmanət 7 aylıq bir oğlu qalıb.
Ailəsi körpənin adını dəyişib
atası Əhmədin adını qoyub. Şəhadətindən
sonra Ə.Amanov "Suqovuşanın azad olunmasına görə"
medalı ilə təltif olunub.
***
No
description available.
Süleyman
Əlbağış oğlu Qarayev 1995-ci il
iyulun 3-də Sabirabadın Qalağayın kəndində
doğulub. 2001-2012-ci illərdə Sabirabad M.Ə.Sabir adına orta məktəbdə təhsil
alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin mühasibat uçotu və audit fakültəsinə
qəbul olub. 2016-cı ildə ali təhsilini
başa vurduqdan sonra hərbi xidmətə
çağırılıb. 2016-2017-ci illərdə
Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə
olub. 2017-2018-ci ildə Sabirabadda MKT
pambıq zavodunda, 2018-2020-ci illərdə "Azərsu"nun
Sabirabad bölgəsində mühasib işləyib. Rus və ingilis dillərini yaxşı bilirdi. Evli idi. 2 oğul övladı
var.
S.Qarayev
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsinə qoşulub. Oktyabrın 7-də
Ağdamın azadlığı uğrunda qəhrəmancasına
döyüşüb və şəhidlik zirvəsinə
ucalıb. Doğulduğu Qalağayın kəndində
dəfn olunub.
***
No
description available.
Həsənov Kənan Elşad oğlu 16 sentyabr 1997-ci
ildə Salyanın Qaraçala qəsəbəsində
doğulub. AZMİU mexanika mühəndisliyini bitirib. Subay olan şəhidimiz ailəsiylə birgə
Qaraçala qəsəbəsi Arxarası kəndində
yaşayıb. 2019-cu ildə həqiqi hərbi
xidmətə yollanıb. Vətən
müharibəsinin ilk günlərindən döyüşdə
iştirak edib. Tapqaraqoyunlu, Talış kənd,
Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə
düşmənə qarşı fəal şəkildə
vuruşub. 10 oktyabr 2020-ci ildə
Suqovuşan istiqamətində erməni postuna hücumu
zamanı qəhrəmancasına şəhid olub. Ondan bir neçə saat əvvəl isə
anasıyla telefon danışığında onun rahat
olması üçün "narahat olmayın, mən
yaxşıyam, təhlükəsiz yerdəyəm" - deyib
və döyüşdə olduğunu ailəsindən gizlədib.
K.Həsənov şəhadətindən sonra
"Laçının azad olunmasına görə"
medalıyla təltif olunub.
***
No
description available.
Həsənov Həsən Səfər oğlu 3 iyun
1996-cı ildə Sabirabadın Quruzma kəndində
doğulub. Onun hələ uşaq yaşlarından hərb sənətinə
çox marağı olub. 2003-2014-cü illərdə
Quruzma kənd Z.Əliyev adına tam orta məktəbdə
təhsil alıb. 2015-ci ildə hərbi xidmətə
yollanıb. 2016-cı ildə Aprel
döyüşlərində də iştirak edib və
böyük şücaət göstərib. Xidmətini başa vurub qayıtdıqdan sonra 2018-ci
ildə ailə həyatı qurub. Zəhmətkeş
ailənin övladı olan Həsən özü də
inşaatda işləyirdi.
2020-ci ilin yayında Tovuz hadisələrindən sonra
ön cəbhəyə getmək üçün
könüllü qeydiyyatdan keçir. Sentyabrda Vətən
müharibəsinin ilk günündən döyüşlərə
qatılır. Kəşfiyyatçı əsgər
Həsənov Füzuli, Cəbrayıl, Hadrut, və
Suqovuşanın azadlığı uğrunda cəsarətlə
vuruşur. Oktyabrın 21-də
Laçın ətrafındakı döyüşlərdə
hələ dünyaya gəməyən körpəsini
görmədən qəhrəmancasına şəhadətə
yüksəlir.
***
Azadlı Eltac Sədrəddin oğlu 22 mart 1992-ci ildə
Beyləqanın Dünyamalılar kəndində doğulub. 2
bacının tək qardaşı idi. 1999-2010-cu
illərdə Dünyamalılar kənd 1 saylı məktəbdə
təhsil alıb. Məktəbi bitirdikdən
sonra hərbi xidmətə çağırılıb və
Gəncə şəhəri N saylı hərbi hissəsinin
4-cü özüyeriyen Artilleriya Divizionunun 10-cu
Bateriyasının 1-ci Özüyeriyen Artilleriya
Tağımında xidmət edib. 2012-ci ildə
tərxis olunub. 2018-ci il aprelin 29-u ailə
həyatı qurub. 2019-cu il 21 yanvarda Fateh
adlı oğlu dünyaya gəlib.
Eltac
2020-ci il sentyabr 21-də Səfərbərlik
çağırışı ilə ordu sıralarına
qoşulub. Vətən mübaribəsi
zamanı Füzuli-Qubadlı, Xocavənd istiqamətlərində
gedən döyüşlərdə fəal iştirak edib.
Oktyabrın 3-də Füzuli-Qubadlı istiqamətində
gedən döyüşlərdə şəhadətə
yüksəlib. Oktyabrın 31-də
Dünyamalılar kəndində dəfn olunub. Şəhadətindən sonra "Xocavəndin
alınması uğrunda" və "Füzulinin
alınması uğrunda" medallarıyla təltif olunub.
***
No
description available.
Səlimov Cəmil Oqtay oğlu 15 yanvar 1991-ci ildə
Bakıda anadan olub. 1997-ci ildə 121 saylı məktəbdə
ilkin təhsilə başlayıb, sonra təhsilini 117 saylı
orta məktəbə davam etdirib. 2008-ci ildə
Hərbi Tibb məktəbinə daxil olub. Feldşer
ixtisası üzrə təhsil alıb. Hərbi
Tibb məktəbini bitirən dövrdən cəbhə
bölgələrində gizir, feldşer kimi fəaliyyət
göstərib. 2016-cı il Aprel
döyüşlərində də iştirak edib. Vətən
müharibəsi başlanan gündən qaynar nöqtələrdə
xidmətdə olan Cəmil 2020-ci il 29
sentyabrda Ağdərə istiqamətində döyüşlərdə
başından güllə yarası alaraq şəhidlik məqamına
yüksəlib.
***
No
description available.
Kamran
Qurbanəli oğlu Kazımov 1990-cı il
dekabrın 7-də Rusiyanın Voloqda vilayətinin Vaşhi
rayonunda doğulub. 1992-ci il iyul ayından
ailəsi ilə birgə Azərbaycanda yaşamağa
başlayıb. Atası Qurbanəli Kazımov
1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının (DQ) sıralarında müxtəlif
vəzifələrdə xidmət edib. Kamran
Kazımov 1997-2008-ci illərdə Xətai rayonu 63 nömrəli
tam orta məktəbində təhsil alıb.
2010-cu ildə müddətli həqiqi hərbi xidmətə
çağırılıb və 2011-ci ilə qədər
DQ sıralarında xidmətdə olub. Hərbi xidmətini
başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə
başlayıb. İdmanla da məşğul
olan Kamran Karate üzrə ən yüksək dərəcə
olan Qara kəmərə sahib idi.
2012-2014-cü illərdə DQ-nın Ali Hərbi Məktəbində
təhsil alıb və ona "leytenant" hərbi rütbəsi
verilib. 2014-cü ildən DQ sıralarında müxtəlif
vəzifələrdə xidmət edib. 2018-ci il iyuldan DQ "N" saylı hərbi hissəsinin
Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində
xidmət edib. 2020-ci ilin avqust-sentyabr aylarında
Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə
olub.
Baş leytenant K.Kazımov Vətən müharibəsi
zamanı Ağdərə istiqamətində bir sıra
strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin,
Cəbrayıl uğrunda döyüşlərdə
savaşıb və oktyabrın 5-də bu döyüşlərdə
şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Şəhadətindən
sonra K.Kazımov Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq sərəncamlarına əsasən
"Qarabağ" ordeni və "Cəbrayılın azad
olunmasına görə" medalı ilə təltif edilib.
Ailəli və 2 övlad atası olan şəhidimizin
3-cü övladı yaxın aylarda doğulacaq.
***
No
description available.
Əslən Laçının Səfiyan kəndindən
olan Yunis Zaur oğlu Əliyev 19 yanvar 2000-ci ildə Bakıda
doğulub. Öncə Bülbülə qəsəbəsindəki
232, sonra 327 saylı tam orta məktəblərdə təhsil
alıb. Uşaqlıqdan hərbə və
idmana olan həvəsi onu öz yaşıdlarından fərqləndirib.
Yunis Vətən üçün canından
keçən qəhrəmanları özünə nümunə
götürürdü. Təhsilini
bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlıqdan
çağırışla 2020-ci ilin yanvarında hərbi
xidmətə gedib, orda öz istəyilə Pulemyot
Kalaşnikov (PK) markalı silahın təlimini keçib.
Sentyabrın 27-də Vətən müharibəsi
başladıqda ön cəbhədə düşmənlə
üz-üzə vuruşmağa başlayıb. O,
oktyabrın 3-ü Suqovuşanın işğaldan azad
olunmasında böyük şücaət göstərib,
yaralı əsgərlərə yardım etməsi ilə
seçilib. Baş atıcı kimi düşmənin
neçə-neçə texnikasını və canlı
qüvvəsini məhv edib. Sonuncu dəfə
ailəsi ilə şəhid olmamışdan bir neçə
gün öncə danışıb, hər şeyin yaxşı
olduğunu söyləyib. Oktyabrın 5-i
gecə Ağdərədə gedən döyüşlərdə,
Batambara meşəsində döyüş
tapşırığını yerinə yetirərkən qəhrəmancasına
şəhid olub. Döyüş yoldaşları deyir
ki, Yunis öz PK-sı ilə düşmənin kabusu idi, o, atəşə
başlayanda meşə işıqlanırdı: "Yunis
döyüş zamanı yaralı əsgər
yoldaşına yardım edərkən ayağından yaralansa
da, özündə güc taparaq yenidən silahı ilə
düşmənə qarşı döyüşməkdə
davam etdi. O, boğaz nahiyəsindən güllə yarası
alaraq şəhidlik zirvəsinə ucaldı". Şəhidimiz Bülbülə qəsəbəsinin
Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra "Azərbaycan
bayrağı" medalı ilə təltif olunub.
***
No
description available.
Məmmədağa
Balakişi oğlu Səfərov 1997-ci il
10 mayda Bakıda anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə
oxuyub. O, 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir
Universitetində ali təhsil alıb. Anası deyir ki, Türkiyədə oxuduğu
müddətdə telefonla danışarkən mənimçün
"Ana, mən şəhid oldum" mahnısını
oxuyardı. Kim bilir, həmin anda onun ürəyindən
nələr keçirdi?! Təhsilin son
pilləsində Məmmədağa ailəsinə təhsilini
dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən
sonra davam edəcəyini deyir. Valideynləri
də razılaşırlar.
2019-cu il oktyabrın 8-də hərbi xidmətə -
Qusara yollanır. Sonra Ağcabədidə xidmət
edir. Vətən müharibəsində Cəbrayıl,
Füzulinin alınmasında iştirak edir. Oktyabrın 21-də Füzuli istiqamətində gedən
döyüşlərdə əsgərimiz düşmən
gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə
yüksəlir.
Qeyd edək ki, şəhidimizin adı Türkiyədə
oxuduğu universitetdə əbədiləşdirilib.
***
No
description available.
Anar Nazim oğlu Məmmədzadə 3 avqust 1999-cu ildə
Zərdabda sadə, zəhmətkeş ailədə
doğulub. 2006-2017-ci illərdə Zərdab şəhər 1
saylı məktəb liseydə oxuyub. Məktəbi
bitirdiyi ildə Azərbaycan Dövlət Texniki Universitetinə
qəbul olunub. 2019-cu ildə təhsilini
müvəqqəti dayandıraraq öz istəyiylə 2020-ci
ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb.
Vətən müharibəsinin ilk günündən
döyüşlərə qatılıb və Füzuli, Cəbrayıl
uğrunda gedən döyüşlərdə şücaətlə
iştirak edib.
Həmlə Taborunda Baş Əsgər kimi hərbi
xidmət keçən A.Məmmədzadə Tabor Komandirindən
sonra 500 metrlik məsafədə 1-ci atıcı olub. Döyüşlərdə iştirak edərkən
komandirin "Bu, müharibədir, bəlkə də burdan
qayıtmayacağıq" - sözünə, Anar
cavabında "bilirəm, mən Vətən
üçün gedirəm" -demişdi.
Oktyabrın 4-də ailəsi ilə telefonla
danışarkən qardaşına "4-5 erməni itini
öldürmüşəm, artırım?" -deyərək
gülüb. Bu vaxtdan etibarən, Anardan
heç bir məlumat almaq mümkün olmayıb. Onun sonuncu döyüşü olan 6-8 oktyabrda
Füzuli yaxınlığında gedən hücum əməliyyatında
da Anar hamıdan öndə hücuma keçərək
düşmənə sarsıdıcı zərbə vurub.
Həmin hücum əməliyyatında 30 nəfərə
yaxın şəxsi heyət, o cümlədən, A.Məmmədzadə
şəhid olub və onları döyüş meydanından
çıxarmaq mümkün olmayıb. Həmin
istiqamətdə düşmənin böyük qüvvələri
cəmləşdiyi üçün hücum istiqaməti dəyişdirilərək
Cəbrayıl və Hadrutda davam etdirilib, həmin əraziləri
isə 20-21 oktyabrda düşmən işğalından azad
etmək mümkün olub. Şəhidlərimizin
nəşi yalnız onda götürülüb və DNT
analizindən sonra 19 noyabrda Zərdabın Gəlmə qəsəbəsinin
Şəhidlər Xiyabanında torpağa
tapşırılıb.
Qeyd: Bu qəhrəmanlarımızın hər
biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına
əsasən, "Vətən uğrunda" medalı ilə
təltif olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 4 fevtal.- S.14,15.