Yalquzaq olmalısan
Azadlıq
-
Haralısan? - sualı məni həmişə
çaşdırıb. Özümü konkret
olaraq bir məkana aid edə bilməmişəm. Bəlkə də, buna səbəb uşaq vaxtı
nənəmin, anamın uzun illər yanımda İrəvandan,
Çobankərədən danışması olub.
Doğulduğum məkandan daha çox Qərb
torpaqlarımıza can atmışam. Ora ilk dəfə gedəndə
beş yaşım vardı. İrəvanın havasında, suyunda, aurasında
ruhuma uyğun olan elə bir şey hiss eləmişəm ki,
bunu öz şəhərimizdə duymamışdım.
Hər dəfə o şəhərə yolum düşəndə:
"Görən, babalarımdan hansı bu küçədən
keçib? Evləri harada olub? Harda dükanları olub? Buraları tərk edən
sonuncu adam kim olub bizim tayfadan?" - deyə düşünərdim. Yad, bizə
aqressiv münasibət bəsləyən milləti bu şəhərə
uyğunlaşdıra, yaraşdıra bilmir, onlar mənə yamaq
kimi görünürdülər. Dilcan dərəsini
keçib Göyçə sahili ilə gedəndə ürəyim
quş ürəyi kimi çırpınardı.
Əsrlər boyu burada yaşayan babalarımın qanında
özünə yer edən gen yaddaşı tanış
məkanda mənim də qanımda oyanaraq ruhumda bir təlatüm
əmələ gətirirdi:
- Sən
buralısan! Bu torpaqlar sənin olub bir zamanlar! Elə indi də
sənindir! Qayıtmalısan! Qayıt və özünün
olanı götür! Hiss edirsənmi ki, buranın
görüntüləri, mikroflorası, havası, suyu, maqnit
sahəsi sənə necə tanış gəlir,
uyğun gəlir. Özünü necə möhtəşəm
hiss edirsən! Bura Vətəndir!
Bu duyğu lap sonralar sırf irəvanlılardan ibarət
mərasim məclisinə gedəndə daha da möhkəmləndi,
iliklərimə işlədi.
Tanımadığım o adamların
danışığında, hərəkətlərində,
bir-biri ilə hal-əhval tutmasında, üzlərinin
antropoloji qurluşunda, gözlərinin ifadəsində o qədər
ruha yaxınlıq, doğmalıq, ürəyimə yatan,
tanış və məhrəm bir doğmalıq, uyğunluq
vardı ki, onlardan mənə top halında elə
güclü bir enerji axıb gəldi ki, məclis bitənəcən
bu möcüzəni hiss etdim və inandım ki, mən iliyiməcən
irəvanlıyam. Amma bu o demək deyildi ki, başqa bölgələrimiz
mənim üçün yaddır. Vətənimin
hər qarışı canımdan əzizdir və bu, birmənalı
şəkildə həmişə belə olub. İnsan yaradılışdan necədirsə, eləcə
qalır. Altıncı sinfi bitirən vaxtı - iyunda boğaz
ağrısından on gün xəstəxanada müalicə
olundum. Müalicəm bitən günü zəng
vurub evə demədim, çantamı yığıb
azadlığa çıxdım. Avtobusla
gəldim. Universitetin yerləşdiyi təpəlikdən
məhləyə, uzaqlara - Ağrı dağına sarı,
Duzdağdan o yana damar kimi uzanıb gedən, bir ucu İrəvana
calanan yolun sağındakı təpələrin mavi,
qırmızımtıl, boz, göy, sarı laylı
görünüşünün möhtəşəmliyinə,
cənub tərəfdə Araza dəyənə qədər
uzanan çöllüyə, Arazadan o tərəfə - bizim
cənub dağlarına, qarşımda hər
naxışına bələd olduğum xalı kimi
açılan doğma məskənimizə baxdım, ürəyim
əsdi, əyilib torpağı öpdüm. On
günün ayrılığı məni torpağa səcdəyə
endirdi. Həm də göz uzaqlara və bu
qədər gözəlliklərə baxanda ürəyin nəğməsi,
ruhun etiqadı başlanır.
Hərbçilər, xüsusi
tapşırığı olan məsul işçilər
kimi, hər yerdə yaşamağa uyğunlaşmağı
bacardım. Laçında da. Oraların vəhşi,
bakirə təbiəti, doyulmaz, heyranedici mənzərələri
zehnimdə, yaddaşımda, ruhumda elə dərin köklər
salıbmış ki, bu uzun illəri o yerlərin bir
qarışını da unuda bilmədim, ürəyim göynəyə-göynəyə
elə hey xatırladım. Laçına
gedənəcən Ermənistanı, Gürcüstanı
çox gəzmişdim. Abxaziyada
olmuşdum. Babam evi Batumda olduğu
üçün İrəvandan keçən yolumuz Qara dənizin
burnuna dirənirdi. Ancaq o yerlərin
çoxunun təbiəti kosmetik əməliyyat etdirmiş
gözəllər kimi idi, yəni antropogen müdaxilə
çox idi, süni idi. Laçındakı,
Şuşadakı kimi möhtəşəm, insan
ayağı dəyməyən, naməhrəm gözü
baxmayan, hər addımda yeni səhnələr açan rəngarəng
gözəlliklər deyildi. Bəzən: "Sən
Laçından deyilsən. Oraları bu qədər
sevməyin nə ilə bağlıdır?" - deyə soruşan adamların məhdudluğuna
təəccüblənirəm. Sonra da
düşünürəm ki, bu sual vətənin nə
olduğunu sözün əsl mənasında bilməyən
düşüncələrdən doğar.
Söz vermişdim ki, Laçında gördüyüm
maraqlı hadisələrdən danışacağam.
İldırımın
düşməyini çox adam
görüb. Nazik ip kimi işıqlı bir zolağın
göydən-buludlardan qopub elektrik dirəklərinin
başına, ağaclara sancıldığının dəfələrlə
şahidi olmuşdum. Kürəvi
ildırımı isə Qışlaqda - kənddə
gördüm. Bazar günü bir
yaşlı oğlumla evdə tək idim. Burada
buludların yerlə süründüyü vaxtlar çox
olurdu. Həmin gün isə zəhmli görkəmli,
qaşqabağını tökən qapqara buludlar
ağırlaşmış, yerlə sürünərək
içindəki enerjini sanki torpaqla brləşdirmişdi. Birdən bizdən ensiz küçə ilə
ayrılan məktəbin üstünə kiminsə
şaqqıltı ilə daş atdığını
eşitdim. Təəccübləndim.
Qapıdan çıxıb məktəbə tərəf
getmək istəyəndə ətrafıma tappıltı ilə
yumurta boyda dolu dənələri düşməyə
başladı. Özümü güclə evə
çatdırdım. İlahi, bir dəqiqə keçməmiş
ətrafda bir gurultu qopdu ki, qulaq tutulurdu. Kirəmid az qala deşiləcəkdi. Çox
adamın pəncərələri sındı. Kəndin heyvanları ora-bura qaçıb
canlarını qurtarmaq istəyir, yer tapmırdılar. Bəziləri tərk edilmiş,
yarıuçmuş evlərin dəhlizinin altında daldalana
bildilər. Həmin gün buzovların bir
neçəsi dolunun zərbindən öldü. Bir neçə dəqiqə
sonra yükünü boşaldan buludlar seyrəldi, yerdə-yurdda
qalanlar ətəyini yığıb yamacla Kirsin başına
süründü. Hava
aydınlaşdı, daha hündürdə olan
yarılmış buludların arasından günəş
göründü. Elə bil bayaqkı
yarımqaranlıq, təlatümlü dünya deyildi. Hələ
də arabir yağış atır, küçədən,
cığırlardan axan selin-suyun səsi davam edirdi. Pəncərəni açdım. Ozonla dolu hava içəri doldu. Oğlumu
qucağıma alıb kəndə baxmağa başladım.
Elə bu an gözümün tuşunda, qarşıdakı dərənin
üstündə müxtəlif rəngləri
qığılcım saçan, gur işıqlı iri bir şar əmələ gəldi. Bir neçə
saniyə kos kimi fırlanan kürə bir
anda böyük şüşə balon kimi partladı. Bərk qorxdum. Az keçməmiş
camaatın əlində vedrə Tahirin evinə sarı
qaçdığını gördüm. Solda - bizdən bir
neçə ev o tərəfdə
yaşayan Tahirin çovustanına ildırım
düşmüş, ot alışmışdı. Yığışıb söndürdülər.
Həmin ilin yazında tətili öz kəndimizə
getdik. Nə müddətdi ki, qara yaz
yağışsız keçir, dağa məxsus iqlimdən əsər-əlamət
yox idi. Tezdən oyanıb həyətə
çıxdım. Hələ hava
işıqlaşmamışdı. Amma bu
qaranlıqda nəsə mənə qorxulu görünən
vahiməli bir ovqat vardı. Dənizdə
tufanqabağı şələkət də belə olur.
Bir az keçmiş başlandı. Nəhəng hava kütləsi hər tərəfimizi
bürüyüb meşədən gətirdiyi quru xəzəl
və toz-torpağı ətrafımıza
yağdırdı. Heç vaxt elə
külək görməmişdim. Getdikcə
tufanın şiddəti güclənir, toz dumanı və xəzəllərin
qarışdığı havanın qatılığı
artır, vıyıltıdan qulaq tutulurdu.
Çıqqıltı ilə pəncərələrə
çırpılan kiçik daş qırıqları, qum səs-küyü lap artırırdı. Hər tərəf qaranlığa qərq
olmuşdu. Axşamacan
beləcə əsdi. Arada gurultu ilə əsən
külək səsinə qurd kimi ulayan itlərin səsi də
qarışırdı. Heyvanlar tövlədə,
toyuqlar hində qaldı. Gedib baxmaq
mümkün olmadı. Bütün
günü davam edən külək səhərəyaxın
kəsdi. Səhəri gün axşam
televizorda Laçının Zabux kəndində küləyin
bir neçə evi dağıtdığı, hətta kərpicləri
sökdüyü barədə xəbərlərə
baxdıq.
Dağların ən qorxulu təbiət hadisələrindən
biri də seldir. Yaz yağışları zamanı Səfərli
çayının suyu çoxalar, sahili basardı. Mən məktəbdə olanda dörd yaşlı
oğluma qonşular baxardı. Qonşu Təvəkkül
dayının Səadət adlı altıncı sinidə
oxuyan çox gözəl qızı vardı. Oğlumu əzizlər, yeməyini yedirər,
gözündən irağa qoymazdı. Uşaq
isə çox vaxt onlarda duruş gətirməz,
yaşıdlarına qoşulub kəndi gəzərdi. Çayın suyunun çoxalan vaxtı oğlum
dostu ilə dərəyə enir və ayağı
sürüşüb çaya düşür. Onun axdığını görən Sevindik
adlı altı yaşlı dostu qaçıb ensiz taxta
körpünün üstünə çıxır. Su qalxdığından körpünün altına
dəyirmiş. O, əlini uzadıb uşağı
dartıb çıxarır. Suyu süzülə-süzülə
evə gələn uşağı qucaqlayıb ürəyim
boşalınca ağladım. "Erkək eşşək
yanınca xotux gəzdirməz" - fikrini kim
uydurub, bilmirəm. İnsan özünü niyə ulaqla müqayisə
etsin axı?
... Xumartanın bəri üzündə adlayıb
keçdiyimiz dərədən axan kiçik irmaq da gur
yağış yağanda bütün dərəni
basardı. Mənbəyini yuxarı obalardan götürən
çay daşanda qabağına keçəni süpürləyib
gətirər, bir az aşağıda
daralmış dərənin ağzına qalaqlayardı. Yaz idi. Dərəyə enən
cığırın ağzında dayanıb
aşağıdan gələn səsə qulaq asdıq.
Çayın səsinin həmişəki kimi
olmadığı aydınca eşidilirdi. Ehtiyatla
aşağı endik. Dərənin daralmış yerinə
qalaqlanmış ağac budaqları, müxtəlif
qırıntılar və selin gətirdiyi, şişib
arxası üstə qalan inəkləri gördük. Əmələ gələn kiçik gölü
keçmək mümkün deyildi. Ən
pisi bu idi ki, əgər gölün ağzı
açılsa, aşağı kəndlərdə
yaşayanlar üçün təhlükə yarana bilərdi.
80-ci illərdə Kəlbəcərdə
Zülfüqarlı hadisəsini xatırlayanlar var, yəqin. Geri qayıdıb yolu
İrçandan saldıq və təhlükə barədə
kənddə xəbərdarlıq etdik.
Dağın şıltaqlıqları bitməz ki. Doxsan birinci il,
iyun ayının sonları idi. Axşamdan
yağış çisələyir, hava da soyumuşdu.
Tezdən yuxudan oyananda güclü sulu
qarın yağdığını gördük. Həmin gün dağlara həm soyuq, həm də
qar düşdü. Yaylaqlara qalxan sürülərin
çoxu tələf oldu, hələ də aran yollarında gəlib
dağa çatmayanlar ölümdən qurtardılar. Yuxarı meşələrdə
yarpaqlamış ağacların qarın
ağırlığına dözməyərək
budaqlarının sındığını deyirdilər.
Eynilə bu cür - meşədə sınan
budaqların səsini səksən birinci ilin oktyabr ayında da
eşitmişdim. Yarpaqlar tam tökülmədiyindən
qar budaqlara qalaqlanırdı.
Hər il fevralın sonlarında meşədə
çılpaq ağacların arasından sapsarı
çiçək açmış zoğal ağacları
görünərdi. "Zoğal şeytanı
aldadan ağacdır", - deyirdilər. Hamıdan
tez çiçək açır, bütün meyvələrdən
də gec yetişir. Sonra isə alça
ağacları çiçəkləyərdi. Danışırdılar ki, artıq lobyanı əkməyin
vaxtıdır. Gərək alça
çiçəklərinin ləçəkləri yeni əkilmiş
lobya ləkinin içinə tökülsün. Uzun illər təsərrüfatla məşğul
olanlar hansı bitkinin nə vaxt əkiləcəyini
yaxşı bilirdilər. Bir dəfə alça çiçəkləməmiş cücərmiş lobya
toxumlarını götürüb bostana endim. Üç
lək düzəldib lobya əkdim və
düşündüm ki, bunlar o birilərdən tez yetişər,
ilkin yazda təzə lobya yeyərik. Ancaq alça
çiçəkləyəndə əkdiklərim gəlib
bunları ötdü, bol məhsul verdi, o
üç lək lobya isə qındalıb yerində
qaldı, məhsul da vermədi. Bu, mənə dərs
oldu.
Ən böyük dərsi adama həyat verir. Mənə hərdən
elə gəlirdi ki, yeni öyrəndiyim, müşahidə
etdiyim, gördüyüm hər şeyi nə vaxtsa həyatda
görmüşəm və təkrar yaşayıram. Bəzən
düşünürdüm ki, bəlkə də,
"Lövhi-məhfuzda" məni səhifələrimlə
tanış ediblər dünyaya gəlməzdən.
Bu düşüncələr arasında azad
ruhum dinclik bilmir, o çətin yaşam tərzi olan yerlərdə
hərdən özünə əylənmək
üçün nəsə tapırdı. Ən böyük mənəvi gücü kitablardan
alırdım. Mütaliə həyatım
idi. Qışlaqda olduğumuz neçə
illər ərzində bütün kitabxananı oxuyub bitirdim -
elmi-texniki kitablara qədər hamısını. Hər ay yeni kitab bağlamaları gəlirdi.
Ayın sonuna artıq hamısını oxuyurdum
. Qışlaqda məktəbin voleybol
meydançası vardı. Yuxarı sinif
şagirdləri və kəndin cavanları burada voleybol
oynamağı sevirdilər. Mən də
vaxtım olduqca onlara qoşulur, ilk gəncliyimi yadıma
salırdım. Orta məktəbdə məktəbin
voleybol komandasının üzvü idim. Öz
kəndimizdə isə idman meydançası məktəbdən
aralı olduğu üçün belə imkan ələ
düşmürdü. 90-cı ildə kənd məktəbinin bir tərəfində
rus əsgərləri məskən saldılar. Guya
bizi ermənilərdən qoruyurdular. O qədər əsgərin
hamısı növbə ilə hər gün bir evin
qonağı olurdu. Əsgərləri yedirtməyi camaatın boynuna
qoymuşdular. İlk dəfə bizə gələndə
hay-küylə içəri girən rus, belarus,
ukraynalı əsgərlərin süfrəni, qabları
görəndə necə təəccübləndiyini, susub
özlərini yığışdırdıqlarını hələ
də xatırlayıram. Onlar məktəbin həyətində
stolüstü tennis quraşdırmış, vaxt olduqca
oynayırdılar. Bir il sonra ölkəni
tərk edəndə stolüstü tennisi aparmadılar, məktəbə
hədiyyə etdilər. Çox sevindim. Dərslərim boş olanda, böyük tənəffüsdə
tennis taxtasını əlimə alır, yorulunca
oynayırdım. O dağların başında
stolüstü tennis oynamaq Antarktidada təzə gilas yemək kimi bir
şey idi. Adam Allahın ona verdiyi xarakterin əlində
aciz qalır. Ruhla bacarmaq olmur. Balaca vaxtı yayda anam bizi hər gün yuyundurar,
arxa otaq sərin olduğu üçün orada yer salıb
yatmağa məcbur edərdi. Mələfəni
başıma çəkib özümü yatmış kimi
göstərər, anam otağı tərk edən kimi biz tərəfdə
pəncərəyə vurulan şəbəkəli dəmirin
dar gözlərindən ilan kimi sivişib çıxar, evin
arxasından küçəyə qaçardım.
Bir-iki saat
uşaqlarla oynayadan sonra yenə həmin yerdən
otağa girər, bu dəfə, həqiqətən yuxuya gedərdim.
Böyüyəndən sonra dar dəmir çərçivəyə
baxıb məəttəl qalardam ki, oradan necə
çıxa bilirdim.
Həyatın
müxtəlif dönəmlərində səni iç
dünyana, ruhuna uyğun olmayan bir mühitə göndərən
Tanrının məqsədini sonralar anlayırsan. Mütilik, hər əzaba, əziyyətə boyun əymək
insan xarakterinin zəifliyidir və zalımın zülmünü
artırır. Ancaq bu mütilik zəiflikdən
yox, çarəsizlikdəndirsə, o zaman ruhun əsl fəlakəti
başlanır. Harda olursan ol, hətta ən müdrik
yaşda da, yenə də həyatın indiyəcən bilmədiyin,
tanış olmadığın bir
üzü ilə qarşılaşır, öyrənirsən.
Bu öyrənmə son nəfəsəcən
gedir. Laçında gördüklərimdən nələri
öyrəndim, həyatın zəhər qatılmış şərbətini necə
içdim, Tanrı bilir. Mən də bilirdim,
Tanrı gözəldir, yaratdıqları gözəldir.
Aydın səma, çiçəkli çəmənlik,
ötüşən quşlar, çiçəklərin
arası ilə at çapmaq gözəldir. Azad nəfəs almaq, təmiz, çirkaba
bulaşmayan ruh gözəldir. Və bütün bu
gözəlliklər arasında Özünü tapmaq gözəldir.
Səhərəcən meşədən səsləri gələn,
öz kədərli nəğmələrini - duetlərini
oxuyan İsa-Musa quşlarının nəğməsi də kədərli
və gözəl idi:
- İsa, tapdın?
- Musa,
yox...
- Musa,
tapdın?
- İsa, yox!..
HƏCƏR
525-ci qəzet.- 2021.- 6 fevrasl.- S.10.