Aktyor Şahmar Məmmədov
"Müharibədə
yaşadıqlarım hələ də yuxu kimi gəlir
Müsahibimiz "Yuxu kimi" serialından
"Elnur" kimi tanıdığımız, aktyor, Vətən
müharibəsi iştirakçısı Şahmar Məmmədovdur. Onunla həm
yaradıcılığından, serialdan, həm də
müharibədən danışdıq.
-
Uşaqlıqdan zərgər olmaq istəmişəm. Həvəsim də, əl qabiliyyətim də
vardı. Ancaq bir dəfə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində işləyən uzaq qohumumuz Gəncəyə
qonaq gəlmişdi. Təsadüfən
rastlaşdıq, o, məni bu sahəyə həvəsləndirdi.
Uşaqlıqdan filmləri sevərdim, izləyərdim.
Ən sevdiyim aktyor Həsən Məmmədov
olub. Amma bu sahəyə gələcəyimi
düşünməmişdim. Beləcə,
hazırlaşdım, lazım olan balı
yığdım, qabiliyyət imtahanından keçdim və
gəldim İncəsənət Universitetinə. Oxuduqca bu sahəni sevməyə, sənətin mahiyyətini
dərk etməyə başladım, dəyərini bildim.
Bunda da müəllimlərimin əməyi
çox olub.
- İlk işiniz hansıdır?
- Tələbəlikdə
kurs işlərimiz olurdu. Müəllim icazə
vermirdi aktyorluq fakültəsindən aktyor gətirməyə,
deyirdi özünüz yazıb, özünüz qurub,
özünüz də oynayacaqsız. Özümdən
yuxarı kursların diplom tamaşalarında oynamışam.
Tələbə vaxtı Akdemik Dram Teatrında
studiyada da iştirak edirdim. Gümrah müəllimin
qurduğu "Nadir şah" tamaşasında kütləvi
döyüş səhnələrində oynamışam.
Ondan başqa, Yeni il tamaşalarımız
olurdu. Sonra diplom işimi özüm qurub,
özüm də oynamışam. Hərbi xidmətdən
sonra teatrlarda yer olmadığı üçün bir az Bakıda qaldım, sonra Gəncəyə
gedib teatrda işə düzəldim. Orda bir-iki
tamaşada oynadım. Müəyyən səbəblərdən
teatrdan uzaqlaşmalı oldum. Sonra dəyərli aktyorumuz
İlham Hüseynov məni Rövşən İsaxla tanış elədi, Bakıda sınaq çəkilişlərinə
qatıldım və təsdiq olunub "Yuxu kimi"
serialında çəkilməyə başladım. Hazırda da serialda işləyirəm.
No
description available.
- "Yuxu kimi" serialında Elnur obrazını
canlandırırsız. Kimdir Elnur? Özünüzü o rolda necə hiss
edirsiz?
- O rolda
özümü yaxşı hiss edirəm. Əgər
belə olmasaydı, yəqin ki, alınmazdı. Elnur saf, təmiz oğlandır, dostuna çox
inanır. Baxmayaraq ki, dostu onu aldadır,
ondan istifadə edir. Bütün bunlarla həyatda da az qarşılaşmamışıq. Mənimçün Elnur həyatda təmiz
yaşamaq deməkdir. Canında dəli-doluluq
da var. Müəyyən məqamlar olur ki, dözmür, səsi
yüksək çıxır. Serialda da
Cövdətlə münasibətində bir-iki dəfə
bunun şahidi olmuşuq. Bu da təbiidir.
Həyatda elə insanlar var ki, kobuddur, tünd xarakteri
var. Amma müəyyən situasiyalarda gözəl keyfiyyətləri
üzə çıxır. Və ya əksinə,
Elnur kimi safdı, məsumdu, amma bəzi məqamlarda daxilindəki
görünməyən tərəflər də üzə
çıxır. Bizim özümüzdə
də olur bu hallar. İndi isə serial
yazılır. Gələcəkdə
Elnuru nələr gözləyir mən də bilmirəm.
Gözləyək, görək.
- Həm
də serialda rejissor assisentisiniz, deyəsən?
- Bəli,
ixtisasca teatr rejissoruyam. Serialda bir dəfə
Rövşən müəllimlə söhbətimiz əsnasında,
sağ olsun, təklif etdi ki, bəlkə həm də belə
çalışasan? Mən də dəyərləndirdim.
Döyüşdən əvvəl iki ay idi ki,
artıq həm də rejissor assisenti kimi
çalışırdım. İndi də
gedəcəm çəkilişlərə qatılmağa.
- Tarixi
filmdə hələlik oynamasanız da, həyatda Azərbaycanın
tarixinə keçən böyük, parlaq bir hadisənin - Vətən
müharibəsinin iştirakçısı oldunuz.
-
Çağırış gələndə Tovuzda çəkilişdə
idim. Gecə idi, qardaşım zəng elədi
ki, komissarlıqdan zəng ediblər, səni sabaha
çağırırlar. Dedim gəlirəm.
Prodüsserimiz dedi ki, gecədir, komendant saatı var, qal, səhər
gedərsən. Razılaşmadım, dedim, nə olur olsun getməliyəm,
həm vaxtında çatım, həm də evdəkiləri
görüm. Sağ olsunlar, çəkiliş
maşınıyla məni Gəncəyə gətirdilər.
Hara getdiyimi, niyə getdiyimi bilirdim, amma bunu evdəkilərə
sezdirmədim.
No
description available.
Hərbi xidmətdə sanitar atıcı olmuşam. Amma bu dəfə
yəqin ki, adamların çoxluğuna, qarışıq
duruma görə, bəzən ixtisasla qruplaşdırmaq
olmadı. Ona görə də, məni təminat
bölüyünə baş aşpaz verdilər. Orda da dedim ki, aşpazlıqla əlaqəm yoxdur. Amma vəzifə idi, verilmişdi. Manqada yemək bişirməyi bacaran yoldaşlar var
idi. Yemək bişirməmişəm, amma əlimdən
gələn hər şeyi eləmişəm, yararlı ola biləcəyim hər işi
görmüşəm. Əsas odur ki,
hamılıqla biz bunu bacardıq. Bilirəm
ki, döyüş təkcə ön cəbhədə
getmirdi, arxa cəbhə də bu amal uğrunda bir olmuşdu.
Bizə ərzaq, yardım göndərənlər
də olurdu. Bilirəm ki, informasiya
müharibəsində də insanlarımız düşməni
yerində oturdurdu. Həkimlərimiz
böyük fədakarlıq nümayiş etdirdilər. Xüsusən, hərbi həkimlər. Onlardan
da şəhidlərimiz az olmadı. Tərxis olunanda yoldaşlarla maşında bir-birimizə
baxırdıq, yenə də inanmırdıq ki, həqiqətən
də biz sağ qalmışıq, doğrudan da
qayıdırıq. Qələbədə
bizim də kiçik bir payımız varsa, xoşbəxtik.
İnsanların bizə olan sevgisini, dəstəyini
gördükcə isə bu qürurumuz daha da artır. Bu, ömür boyu xatırlayacağımız,
danışacağımız qürurlu xatirəmizə
çevrildi.
- Bu 44
gündə hansı təhlükələrlə üzləşdiniz,
nə vaxtsa "bu, sondur" dediyiniz oldumu?
- Bir
neçə dəfə elə situasiya yaşadıq. Məsələn, bir dəfə maşınla təpənin
başına çıxırdıq. Qəfildən
maşın xarab oldu və arxa-arxaya getməyə
başladı. İçəridə beş
nəfər idik. Hamı bir anlıq
gözünü yumdu ki, bu, sondur. O maşın
çevrilsəydi, bizi heç tapmaq da mümkün
olmayacaqdı. Bəxtimizdən arxada qoşqu
vardı, o saxladı.
Bir dəfə Laçında idik, orda elektrik
stansiyası var. Düşmən körpüləri
partlatmışdı ki, biz ləngiyək. Buna baxmayaraq,
çayı keçirdik. O arada maşın yatdı. Düşmən də xüsusən maşınlar
keçəndə atmağa başlayırdı. Maşındakı uşaqlardan bəziləri o tərəfə
keçdi, biz 4-5 nəfər qaldıq bu tərəfdə.
Elə həmin an başladılar
üstümüzə minomyot mərmiləri
yağdırmağa. Orda təxminən 3 saatdan
çox atəş altında qaldıq. Bir anlıq
fikirləşdim, hətta yoldaşlara da dedim
ki, burdan çıxa bilməyəcəyik. Ancaq
salamat qurtula bildik. Dəfələrlə
qaranlıqda yol gedərkən minaya düşmək təhlükəsiylə
üzləşmişəm. Ümumiyyətlə,
orda təhlükəsiz yer yoxdur ki, deyəsən, burda
dayanacam, düşmən məni vurmayacaq (gülür).
Bir dəfə evlə danışmaq
üçün təpənin başına
çıxdım. Bir kəlmə danışıb,
"yaxşıyam" dedim və düşdüm. Mən düşəndən sonra həmin
dayandığım yeri vurdular. Bizdə
kimlik yox idi, giliz vermişdilər ki, ad-soyadımızı
yazıb cibimizdə gəzdirək. Onu alanda da adam qəribə hisslər keçirirdi. Yenə də deyirəm, ordan sağ
qayıtmağımız möcüzədir.
- Torpaqlar
azad olunduqca hansı hisslər keçirirdiniz?
- Bizim
briqadaya əvvəl deyilmişdi ki, azad olunan torpaqların
müdafiəsində olacaqsınız. Amma iş elə gətirdi
ki, biz də döyüşlərə qatıldıq, bəzi
yerlərə ilk girənlərdən olduq. Yeri
gələndə, ailəmizə özümüz xəbər
edirdik haranı azad etdiyimizi. Cəbrayıla,
Qubadlıya ilk girənlərdən olduq. Laçının
kəndlərinə girmişdik. Oralara
getdikcə, azad etdikcə, qəribə hisslər
yaşayırdıq. Orada
doğulmamısan, yaşamamısan, görməmisən, amma
sənə o qədər doğmadır ki. Çünki gözünü açandan o
torpağın həsrətiylə böyümüsən, o
ağrını bütün dövrlərdə hiss eləmisən,
o işğalları yad etmisən. İndi
isə azadlığında iştirak edirsən. Həqiqətən də çox gözəl yerlərdir.
Təbiəti, mənzərəsi çox
möhtəşəmdir. Orda ilk dəfə
əzan verildiyini eşitdik. Çox
gözəl hisslər idi.
No
description available.
- Bəs
aktyor olduğunuzu bilən, tanıyan olurdumu?
- Hərbi
komissarlığa gələndə, təbii ki, pandemiyaya
görə maskada idim. Növbəmi gözləyəndə
görürdüm ki, insanlar maskadan da tanıyırlar. Yaxınlaşıb soruşanlar olurdu. Qəribədir ki, sənət adamlarını orda
görəndə fərqli reaksiya verirdilər. Deyirdilər, siz nə əcəb gəlmisiz? Deyirdim, nə əcəb nədir? Mən Aprel döyüşlərində də
olmuşam, indi də çağırıblar gedirəm.
Mən də bu vətənin övladıyam,
qorumaq borcumdur. Döyüşdə də hərbi
formada adam bir az dəyişir, həm də
bir müddət xəstə oldum, arıqladım, görkəmim
dəyişmişdi. Amma orda da tanıyanlar oldu.
Yenə eyni reaksiyanı verirdilər.
-
Ordakı dostluqlar necədir?
- Orda əvvəldən
tanıdığım uşaqlar da vardı, sonradan tanış olduqlarım da. Döyüş
yoldaşı odur ki, başına bir iş gəlsə,
dadına o, çatacaq, səni o, xilas edəcək. Orda Arif adlı oğlan vardı. Həmişə onunla yanbayan yatardıq. Bir gecə
dedim ki, Arif, ürəyimə damıb ki, sabah
mənə nəsə olacaq. Mən uşaq
vaxtı yıxılmışam deyə öz qanımdan
qorxuram. Başqası yaralansa,
özümü itirmirəm, amma özümdə qorxuram.
Ona dedim ki, mənə nəsə olsa, özünü itirmə.
Ordakı dostluqlar başqadır. İndi də əlaqə saxladığım dostlar
var.
- Dövlət
tərəfindən 3 medalla təltif olunmusunuz. Bu, necə
bir hissdir?
- Çox sevinirəm, qürurluyam ki, Ali
Baş Komandan cənab İlham Əliyevin Sərəncamı
ilə Cəbrayılın, Qubadlının və
Laçının azad olunmasına görə medallarla təltif
edilmişəm. Əlbəttə, oraya medal üçün
getməmişdik, borcumuzu yerinə yetirirdik. Amma dövlət
tərəfindən qiymətləndirilmək böyük
sevinc və qürurdur. Allah şəhidlərimizə rəhmət
eləsin, yaralılarımıza şəfa versin. Azərbaycanımızın
müstəqilliyi və ərazi bütövüyü əbədi
olsun.
- Adaptasiya dövrü necə keçir?
- Tam öyrəşə bilməmişəm,
açığı. Cəbhədə gördüklərim,
müharibədə yaşadıqlarım hələ də
yuxu kimi gəlir (gülürük). Amma nisbətən sakitləşmişəm.
Dostlar, tanışlar görüşmək istəyirlər.
Hamısı da görüşəndə ora haqda
danışmağımı istəyirlər, suallar verirlər.
İnsan da hər dəfə danışdıqca sanki
onları təzədən yaşayır. Bacardığım
qədər bir az o auradan uzaqlaşmaq istəyirəm. Onsuz da
unutmaq mümkün deyil, təbii ki.
- Şübhəsiz, Vətən müharibəsi
gələcəkdə filmdə, teatrda əsərlərə
mövzu olacaq. Belə işlər olsa, rol almaq istəyərsiniz?
- Böyük məmnuniyyətlə istəyərəm.
Özümün də fikrim var ki, başım bir az sakitləşəndən
sonra bir ssenari yazım. Orda yaşadıqlarımızdan,
gördüklərimizdən. Onu da deyim ki bəzi sənət
dostlarım var ki, danışacaqlarım onlar
üçün maraqlıdır. Hiss edirəm ki, nələrsə
yazmaq üçün suallar verirlər, öyrənməyə
çalışırlar. İnşallah bu cür sənət
əsərləri çox olsun. Mütləq olmalıdır,
yazılmalı, çəkilməlidir. Bizim I Qarabağ
savaşıyla bağlı kinolarımız var. Bu müharibə
haqqında isə daha çox çəkilməlidir.
Çünki bu, qələbəmizin tarixidir. Biz qələbə
çalmış ölkənin qalib ordusuyuq. Eyni zamanda, bu
müharibədə də düşmənin mənfur xislətini
gördük, Gəncədə, Bərdədə törətdiyi
terrorların şahidi olduq. Bunlar da əsərlərə
mövzu olmalıdır. Bu tarix mədəniyyətimizdə,
incəsənətimizdə öz əksini ən yaxşı
şəkildə tapmalıdır. Mənə də dəvət
olarsa, canla-başla iştirak edərəm.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 6 fevral.- S.14.