Nizami Gəncəvi obrazı və
yaradıcılığı Azərbaycan rəngkarlığında
Azərbaycanın mədəniyyət tarixində Nizami
yaradıcılığı və şəxsiyyəti,
heç şübhəsiz ki, müstəsna əhəmiyyətə
malikdir və ən önəmli yerlərdən birini tutur. Ümumiyyətlə,
Şərq dünyasında incəsənətin
inkişafında Nizami yaradıcılığı çox əhəmiyyətli
rol oynayıb.
Nizami yaradıcılığının humanist ənənələri
renessansın Şərqdə hələ Qərbdən əvvəl
formalaşmasına güclü təkan verib. Nizaminin "Xəmsə"si
uzun əsrlər Şərqdə mədəniyyətin
inkişafında yaddaqalan izlər buraxıb. Nizami süjetləri orta əsr Şərqin
ayrı-ayrı miniatür məktəbləri rəssamlarının
ilham qaynağına çevrilərək təsvir edilmiş
və məşhur əlyazmaların nadir inciləri kimi bu
gün də mütəxəssisləri belə valeh edir.
XX əsr Azərbaycan incəsənətində Nizami
şəxsiyyətinə və
yaradıcılığına diqqət artıb, İkinci
Dünya müharibəsinin başlanması ilə əlaqədar
1941-ci ildə keçirilməsi nəzərdə tutulan Nizami
Gəncəvinin 800 illik yubileyi 1947-ci ildə təntənə
ilə qeyd olunub. Həmin illərdə Bakıda Nizami adına Ədəbiyyat
Muzeyi açılmış, şairin obrazının işlənilməsi
ilə əlaqədar müsabiqə elan edilərək,
şairin portreti rəssamlar tərəfindən işlənilmiş,
eləcə də şairin doğulduğu Gəncə (1946)
və paytaxt Bakı (1949) şəhərlərində dahi
mütəfəkkir şairin əzəmətli abidələri
(heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanov)
ucaldılmışdı.
1939-cu ildə şairin bədii obrazının
yaradılması ilə bağlı rəssamlar arasında
müsabiqə elan edilir. Müsabiqədə Xalq rəssamı Qəzənfər
Xalıqovla yanaşı, Xalq rəssamları Kamil Xanlarov,
Tağı Tağıyev, Əməkdar incəsənət
xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov
və başqaları iştirak
etmişdirlər. Müsabiqəyə Azərbaycan
rəssamları ilə yanaşı, keçmiş SSRİ məkanının
mərkəz şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi
və başqa şəhərlərdən 30-a qədər
portret təqdim olunmuşdu.
Müsabiqənin birinci mərhələsində
iştirak etməyən Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir
şairin dərin bədii əhəmiyyətə malik,
dolğun portret cizgilərini yaratmağa müvəffəq
olmuşdu. Məşhur
şərqşünas və Nizami irsinin
araşdırıcısı Yevgeni Bertels bu portret haqqında
qeyd edirdi ki, "portret şairin tarixi obrazına uyğundur və
Nizami belə görünüşə malik ola
bilərdi". Akademiklər - şərqşünas Y.Bertles,
filosof Heydər
Hüseynov və ədəbiyyatşünas Həmid Araslı
öz elmi məsləhətləri ilə portretin ərsəyə
gəlməsində rəssama yaxından kömək
etmişdilər. 1940-cı ildə müsabiqənin
ikinci mərhələsində bu portret müsabiqəyə təqdim
edilmiş və birinciliyə layiq
görülmüşdü. Beləliklə,
şairin bundan sonra rəssamlar tərəfindən
yaradılacaq bütün obrazlarında rəssam Q.Xalıqovun
yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul
edildi. Sənətşünaslıq doktoru Nəsir Rzayev
haqlı olaraq yazırdı: "Nizami kimi dahi şairin surətini
yaratmaq, şairə xas səciyyəni vermək, XII əsrin
böyük mütəfəkkirini həqiqi şəkildə
təsvir etmək bizim rəssam və heykəltəraşlarımızdan
böyük sənətkarlıq tələb edir. Bundan başqa, Nizami surətini realistcəsinə təsvir
etmək üçün Nizami dövrünün mədəniyyəti,
geyimləri və sairə ilə yaxından tanış olmaq
lazım gəlir".
Əsərdə
şərq qiyafəsində məğrur duruşlu, iri
cüssəli və dərin fikirli şair oturmuş halda,
qıçını qıçının üzərinə
aşıraraq, dizləri üzərində kitab, sağ əlində
qələm, sol əli kitaba söykəli vəziyyətdə
təsvir edilib. Başı çalmalı,
işıqlı çöhrəsi və dərin mənalı
nəzərləri ətrafa yönəlmiş şairin
düşüncəyə dalmış obrazı sanki
tamaşaçıya şairin zəngin yaradıcılıq
dünyasını sezdirir. Əsərin
arxa fonunda təsvir edilmiş açıq səmanın təsviri
ilə şairin çöhrəsi arasında qırılmaz
vəhdət, qüvvətli harmoniya var. Şairi
düşündürən və
yaradıcılığında dönə-dönə tərənnüm
etdiyi mənəvi saflıq, bəşəri duyğular və
azadlıq ideyaları sanki sonsuz səma şəklində
tabloda əks olunaraq, obrazın tamamlanması qismində
özünün uğurlu həllini tapmışdır.
Əsərin kolorit həlli də öz mükəmməlliyi
ilə diqqəti cəlb edir. Rəssam tərəfindən
mavi, qəhvəyi, göy rəng çalarları
ustalıqla əlaqələndirilib və işıq-kölgə
həlli bacarıqla tapılıb. Bu
portreti heç şübhəsiz, Nizami humanizmini özündə
təcəssüm etdirən şairin parlaq obrazı kimi qəbul
etmək olar. Q.Xalıqov "Kommunist" qəzetinin 11
fevral 1940-cı il tarixli nömrəsində
dərc olunmuş məqaləsində ilk növbədə
Nizaminin əsərlərinə müraciət etdiyini, onu
romantik şair və mütəfəkkir kimi fırçaya
aldığını qeyd edirdi.
XX əsrdə bir çox məşhur Azərbaycan rəssamları
öz yaradıcılıqlarında dönə-dönə
dahi Nizami şəxsiyyətinə və
yaradıcılığına müraciət etmişlər. Təsviri sənətin
bütün sahələrində və janrlarında rəssamlar
yeni baxışda və ruhda Nizami obrazı və
yaradıcılığının süjetləri əsasında
diqqəti cəlb edən, dərin bədii, fəlsəfi və
estetik məziyyətə malik əsərlər yaratmışlar.
No
description available.
Azərbaycan
rəssamlarının Nizami yaradıcılığına və
şəxsiyyətinə həsr olunmuş rəngkarlıq əsərlərinə
Mikayıl Abdullayevin "Vəsiyyət", "Məcnun
atası ilə", "Nizami Gəncəvi", "Yeddi
gözəl" əsəri üzrə "Şərq
gözəli", "Məqrib gözəli", "Rus
gözəli", "Hind gözəli", "Rum gözəli",
"Çin gözəli", "Fars gözəli",
Toğrul Nərimanbəyovun "Nizami dünyası",
Böyükağa Mirzəzadənin "Xaqani və Nizami
Göygölün sahilində", "Fərhad Şirinin
görüşünə gəlir" ("Xosrov və
Şirin" əsəri üzrə), Oqtay Sadıqzadənin
"Nizami və dünya mədəniyyəti"
seriyasına aid "Nizami və Azərbaycan ədəbiyyatı",
"Nizaminin sələfləri", "Qədim yunan
filosofları", "Nizaminin xələfləri",
"Nizami və Qərb ədəbiyyatı", Asəf Cəfərovun
"Nizami", Davud Kazımovun "Məcnun Kəbədə"
("Leyli və Məcnun əsəri üzrə"), Baba
Əliyevin "Nizami sənətkarlar arasında",
"Nizami və xalq", Lətif Feyzullayevn "Nizami
Qızıl Arslanın yanında", Güllü
Mustafayevanın "Nizami qoca aşığı dinləyir",
"Leyli və Məcnun mədrəsədə"
("Leyli və Məcnun əsəri üzrə"), Reyhan
Topçubaşovanın "Qoca, zalım şahın
hüzurunda" ("Sirlər Xəzinəsi" üzrə)
əsərləri gözəl nümunələrdir. Bu
sırada Sadıq Şərifzadənin "Nizami iş
başında", "Şirvanşahlar elçisi Nizaminin
yanında", "Şirin Xosrovun şəklinə baxarkən"
("Xosrov və Şirin" əsəri üzrə),
"İskəndər yaralanmış Daranın
yanında" ("İskəndərnamə" əsəri
üzrə), Rüstəm Mustafayevin "Nizami Gəncəvi",
Yusif Hüeynovun "Nizami Gəncəvi" ("Sirlər Xəzinəsi"
üzrə), Toğrul Sadıqzadənin "Nizami",
Əyyub Məmmədovun "Nizami qədim Gəncə şəhərinin
fonunda", Elçin Aslanovun "Nizami Gəncəvi Şərq
poeziya ulduzları arasında", İsmayıl Məmmədovun
"Nizami Gəncəvi" (1981-84, "Nizami və yeddi
filosof" (1991), "Nuşirəvan və bayquşların
sohbəti" ("Sirlər Xəzinəsi" üzrə,
2014-15), "Şirin Xosrovun
şəkili ilə" ("Xosrov və Şirin" üzrə,
2014-15), "Zəncirlənmiş Məcnunun Leylinin
sarayına gətirilməsi" ("Leyli və Məcnun"
üzrə, 2014-15), "Fitnə və öküz",
("Yeddi gözəl" üzrə, 2014-15), "İskəndərin
yeddi alimlə söhbəti", ("İskəndərnamə"
üzrə, 2014-15), S.Şərifzadə və B.Mirzəzadənin
birgə müəllifliyi ilə "Nizami Qızıl
Arslanın yanında" və başqa əsərlərin də
xüsusi yeri var.
Yuxarıda
adları sadalanan hər bir əsər uğurla işlənilib,
yüksək bədii estetik məziyyət kəsb edir, Nizami
dühası və Nizami ideallarını özündə
dolğunluğu ilə ehtiva edir, Nizami dövrü, Nizami
mühiti, Nizami dünyagörüşü sezilir və s. bu
kimi əsərin həqiqi bədii mahiyyətini təşkil
edən qənaətlər irəli sürmək doğru
olmazdı.
No
description available.
Nizami
yaradıcılığına müraciət etmiş rəssamdan
ilk növbədə özünün professional rəssamlıq
təxəyyülünü və xüsusiyyətlərini
Nizami dühası ilə çuğlaşdırmaq tələb
edilrdi ki, sonda ideya tamlığı ilə seçilən və
Nizami fəlsəfəsini və Nizami estetikasını
açan və özündə tərənnüm edən
tablonun ərsəyə gəlişi zəminini yaratsın. Fikrimizcə, Nizami irsinə dərindən bələd
olmadan, yubiley ərəfəsində, qısa zaman kəsiyində
və tələskənliklə dahi Nizaminin bədii təxəyyülünə
müncər kamil təsviri sənət tablosunun
yaradılması rəssamdan gərgin yaradıcılıq əzmi
tələb edirdi. Və bu mövzuya
müraciət etmiş bütün rəssamları və
yaradılmış bütün rəngkarlıq əsərlərini
birmənalı şəkildə dəyərləndirmək və
eyni sırada tutmaq ədalətsiz yanaşma olardı. Lakin Nizaminin ölməz süjetlərinin əsrlərlə
davam edən ənənəvi miniatür üslubu kontekstindən
çıxardaraq, yeni baxışda və yeni
yaradıcılıq təqdimatında tərənnüm etmək
təşəbbüsü təqdirəlayiq addım idi.
Eyni zamanda, bu işin məsuliyyəti yaradıcı şəxslər
- rəssam, heykəltəraş və başqaları
qarşısıda ikiqat çətin iş olub.
Q.Xalıqovun yaradıcılıq işi olan "Nizami Gəncəvinin
portreti" əsəri, əgər nizamişünas alimlərin
elmi məsləhətləri nəzərə alınmasa, bu dərəcədə
tarixiliyi və bədii dolğunluğu ilə diqqəti cəlb
edən əsər yaranmazdı. Rəngkarlıq əsərində
Nizami mövzusunu, süjetlərini təsvir edərkən
şairin dövrünə xas mədəniyyəti dərindən
mənimsəməklə, əsərlərin kolorit həllinin
dolğunluğunu, kompozisiya mükəmməlliyini diqqətdə
saxlamaqla, məkan həllində və obrazların geyimində
tarixiliyi inandırıcı şəkildə əks etdirməklə
daha da uğurlu əsərlər yaratmaq mümkündür.
Əsəd
QULİYEV
Sənətşünas,
AMEA-nın dissertantı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü
525-ci qazet.- 2021.- 6
fevral.-S.13.