Çinli heykəltəraş: "Nizami Gəncəvi ili"ndə təltif olunmağım böyük şərəfdir"

 

 

"Dahi Nizami Gəncəvinin büstünü hazırlayan heykəltaraş kimi məhz "Nizami Gəncəvi ili"ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunmaqdan böyük şərəf duyuram".

 

Bu sözləri Azərbaycanın dahi şair mütəfəkkiri Nizami Gəncəvinin Pekin şəhərindəki Çaoyan parkında qoyulmuş büstünün müəllifi, Çinin tanınmış heykəltaraş-rəssamı, Pekindəki Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib. O, Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması barədə xəbəri eşidəndə xeyli sevindiyini söyləyib: "Bu mükafata layiq görülməyim mənim üçün qürurvericidir. Təəssüf edirəm ki, indiyədək Prezident İlham Əliyevlə görüşmək imkanım olmayıb. Ümid edirəm ki, vaxtsa Azərbaycana səfər edəndə, bu cür yüksək ordenə layiq görüldüyüm üçün Prezident Əliyevə şəxsən təşəkkür edəcəyəm. Mən hətta Çin kalliqrafiya sənəti janrında Azərbaycan Prezidentinin rəsmini çəkmişəm. Əgər Azərbaycana səfər edə bilsəm, ölkənizi daha yaxından tanımaq, ən əsası isə dahi Nizaminin şəhəri olan Gəncəni görmək istərdim.

 

Çinli sənətkar müxtəlif xalqların dahilərinin büstlərini hazırlamaqla məşhurdur. Heykəltaraş 2012-ci ildə dahi Nizami Gəncəvinin tuncdan büstünü hazırlayıb. O, Nizami Gəncəvinin büstünü təxminən 8 aya hazırladığını, dahi şairin daxili aləmini dəqiq təqdim etmək üçün dahi şairin əsərlərini mütaliə etdiyini bildirib: "Azərbaycan böyük tarixi zəngin mədəni irsi olan bir diyardır. Nizami Gəncəvi isə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahidir. Onun poeziyası mənəvi kamilliyi, insanpərvərliyi ilə fərqlənir. Çaoyan parkında yerləşən Cintay İncəsənət Mərkəzinin ərazisində dünyanın müxtəlif xalqlarının tanınmış şəxslərinin büstü var. Onların içərisində Nizami dövrünə görə ən uzaq keçmişdə yaşamış şəxsiyyətdir. Dolayısı ilə, onu heç kim görməyib bu gün qəbul etdiyimiz şəkil rəssam təxəyyülünün məhsuludur. Əsərlərini ona görə mütaliə etmək qərarına gəldim, çünki bu, mənə dahi Nizaminin obrazını yaratmaqda ən yaxşı bələdçi olacaqdı. Burada abidələri olan digər görkəmli şəxsiyyətlərlə müqayisədə Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar təkcə öz xalqına ünvanlanmayıb. Nizami Gəncəvi öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Başqa sözlə, Nizami əsərlərindəki ideyalar ilə sərhədləri aşıb. Məhz elə ona görədir ki, Şərq poeziyasının görkəmli nümayəndəsi olan Nizamini bütün dünyada tanıyırlar, oxuyurlar, onun irsini araşdırırlar. Nizami Gəncəvi gözəl şair olmaqla yanaşı, dərin elmi biliklərə malik olub. Elə əsərləri vasitəsilə elmi biliklərini insanlara çatdırmağa çalışıb. Onun əsərlərini oxumaqla maariflənmək mümkündür. Bu parkı ziyarət edənlər dünya ədəbi irsində Nizami Gəncəvi kimi bir dahinin olması barədə məlumat əldə edə bilərlər. Bu işdə mənim əməyim olduğu üçün çox qürurluyam".

 

 

525-ci qəzet.- 2021.- 9 fevral.- S.9.