Dünya poeziyasının ulu şairi

 

 

Qardaş Özbəkistan Türk Dünyasının ən əhəmiyyətli ölkələrindən biridir. Təqribən yarım milyon kv.km-ə yaxın ərazi, bərəkətli torpaqlar və füsunkar təbiət, 40 milyonluq zəhmətkeş xalq, qədim tarix, zəngin mədəniyyət, misilsiz memarlıq, əsrarəngiz musiqi, hər şey, hər şey var bu gözəl ölkədə. O cümlədən, köklü ədəbiyyat. Onun da tacı olan Nizaməddin Mir Əlişir Nəvayi!

 

Dünya poeziyasının ən ulu şairlərindən biri olan Nizaməddin Əlişir Nəvayi bundan 580 il əvvəl, 1441-ci ilin 9 fevralında Teymur səltənətinin əsas mədəniyyət mərkəzlərindən biri olan Herat şəhərində doğulmuşdur. Babası Əbu Səid Çəng və atası Qiyasəddin Kiçginə Bahadır dövrün tanınmış adamlarından idi. Əlişir gələcəyin hökmdarı və şairi Sultan Hüseyn Bayqara ilə bir sinifdə oxumuş və onunla göyəldaş (süd qardaşı) olmuşdur. İraqda, Xorasanda və Səmərqənddə mükəmməl təhsil alan, ərəb və fars dillərini, o dövrün elmlərini yüksək səviyyədə mənimsəyən Nəvayi gənc yaşlarından dövlət qulluğuna girərək müxtəlif saraylarda xidmət etmiş, nəyahət, Heratda taxta çıxan Sultan Hüseyn Bayqaranın dəvəti ilə onun yanına gələrək əvvəlcə möhürdar, sonra vali, daha sonra vəzir olmuşdur. Arada dövlət qulluğundan istefa edərək bədii yaradıcılıqla məşğul olmuş, ancaq Sultan Hüseyn onu israrla yenidən saraya baş vəzir vəzifəsinə dəvət etmişdir. Baş vəzir bugünkü dillə baş nazir deməkdir.

 

Bizim üçün Nəvayinin ictimai-siyasi fəaliyyəti, əlbəttə, önəmlidir, ancaq onun bədii yaradıcılığı daha mühümdür. Əlişir hələ kiçik ikən ədəbiyyata dərin maraq duymuş, Şah Qasım Ənvarın şeirlərini əzbər bilmiş, Fəridəddin Əttarın "Məntiq üt-teyr" poemasını dərindən mütaliə etmiş, 15 yaşında özbək və tacik dillərində şeirlər yazmağa başlamışdır. O, özündən əvvəl yaranmış Şərq poetik irsini bütünlüklə mənimsəmişdir. Öz "Xəmsə"sinin ilk əsəri olan "Heyrət ül-əbrar" poemasını 1483-cü ildə qırx iki yaşında qələmə almışdır. Lakin ondan əvvəl iki divan, çoxlu qəzəl və qəsidə yazmış, ədəbi aləmdə və xalq içində istedadlı sənətkar kimi tanınmış, geniş şöhrət tapmışdır.

 

Şərq ədəbiyyatı tarixində "Xəmsə" yazan dörd böyük şairdən (Gəncəvi, Dəhləvi, Nəvayi   Cami) ilk üçü milliyyətcə türk olduğu halda, yalnız Nəvayi öz əsərlərini türkcə yazmışdı. Böyük şair və mütəfəkkir xəlvətə çəkil-miş və 1483-1485-ci illərdə "Heyrət ül-əbrar", "Fərhad və Şirin", "Leyli və Məcnun", "Səbayi-səyyar" və "Səddi-İskəndəri" poemalarından iba-rət olan "Xəmsə"sini yazmışdır. Bunlardan "Heyrət ül-əbrar" poeması fəlsəfi-didaktik, "Fərhad və Şirin" aşiqanə-lirik, "Leyli və Məcnun" poeması eşqi-təsəvvüfi, "Səbayi-səyyar" eşqi-sərgüzəşti, "Səddi-İskəndəri" isə qəhrəmanlıq səciyyəsi daşıyır.

 

Nizami Gəncəvi öz "Xəmsə"sini əxilik, Əmir Xosrov Dəhləvi isə çiştiyyə sufi ordeninin təsiri istiqamətində qələmə almışdır. Nəvayi də qayət təbii olaraq öz "Xəmsə"sini islami əsaslara uyğun olaraq nəqşibəndilik sufi təriqətinin təsiri altında yazmışdır. Bu təriqətin hər üçü öz dövrü üçün mütərəqqi əhəmiyyət daşımışdır. Onu da qeyd edək ki, Nəvayi bu təriqətə dostu Əbdürrəhman Caminin vasitəsilə daxil olmuşdur. Əlişir Nəvayi farsca yazan bu üç sənətkardan ilham aldığını, lakin öz əsə-rini türkcə yazdığını söyləyir...

 

Şairin "Xəmsə"sinin ümumi həcmi barədə təsəvvür yaratmaq üçün bunları göstərmək olar: "Heyrət ül-əbrar" 3.988 beyt, "Fərhad və Şirin" 5.679 beyt, "Leyli və Məcnun" 3.622 beyt, "Səbayi-səyyar" 5.009 beyt, "Səddi-İskəndəri" isə 7.215 beytdən ibarətdir. Beləliklə, Nəvayi "Xəmsə"sinin ümumi həcmi 25.513 beyt təşkil edir ki, bu, Firdovsinin "Şah-namə" əsərinin təqribən yarısı deməkdir.

 

Nəvayi dördü türkcə, biri farsca beş divan müəllifidir. Şərq ədəbiyyatında dörd divan yazıb tərtib etmək "Xəmsə" yazmaq qədər vacibdir. Buna çardivan (çahar, dörd divan) deyilir. Şairin uşaqlıq və yeniyetməlik çağında yazdığı "Qəraib üs-siğər" ("Uşaqlıq çağının qəribəlikləri") adlı divanında 650 qəzəl (4.975 beyt), 1 müstəzad (7 beyt), 3 müxəmməs (57 beyt), 1 müsəddəs (27 beyt), 1 məsnəvi (148 beyt), 1 tərcibənd (100 beyt), 50 qitə (138 beyt) və 133 rübai (266 beyt) vardır. Bu divanda müxtəlif janrlarda 840 şeir və ya 5.718 beyt toplanmışdır.

 

No description available.

 

Gənc yaşlarında qələmə aldı-ğı "Nəvadir üş-şəbab" ("Gənclik çağının nadirəlikləri") adını daşıyan divana 650 qəzəl (4.998 beyt), 1 müstəzad (7 beyt), 3 müxəmməs (52 beyt), 1 müsəddəs (27 beyt), 1 tərcibənd (103 beyt), 1 tərkibənd (56 beyt), 50 qitə (126 beyt), 52 (54 beyt) müəmma daxildir. Bu divandakı şeirlərin ümumu sayı 759, beytlərin sayı 5.423-dür.

 

"Bədayi ül-vəsət" ("Orta yaş çağının gözəllikləri") adlı üçüncü divan 650 qəzəl (5.001 beyt), 1 müstəzad (7 beyt), 2 mü-xəmməs (30 beyt), 2 müsəddəs (42 beyt), 1 tərcibənd (56 beyt), 1 qəsidə (91 beyt), 60 qitə (127 beyt), 10 loğaz (40 beyt) və 13 tuyuğdan (26 beyt) ibarətdir. Şairin 35-45 yaşları arasında yazdığı bu divana cəmi 740 şeir (5.420 beyt) daxildir.

 

Əlişir Nəvayinin son divanı "Fəvaid ül-kibər" ("Qocalıq çağının faydalı öyüdləri") adlanır. Burada şairin 650 qəzəli (5.029 beyt), 1 müstəzadı (7 beyt), 2 müxəmməsi (37 beyt), 1 müsəddəsi (21 beyt), 1 müsəm-məni (28 beyt), 1 tərcibəndi (110 beyt), 1 saqinaməsi (458 beyt), 50 qitəsi (112 beyt), 86 müfrədi (86 beyt) vardır. Bunlar onun həyatının son dövrlərində qələmə aldığı əsərlərdir. Bu divan üzrə şeirlərin cəmi 793, beytlərin sayı 5.888-dir. Beləliklə, şa-irin türkcə divanları üzrə 2.600 qəzəli (20.003 beyt), 4 müstəzadı (28 beyt), 10 müxəmməsi (177 beyt), 5 müsəddəsi (117 beyt), 1 müsəmməni (28 beyt), 4 tərcibəndi (369 beyt), 1 tərkibəndi (56 beyt), 1 məsnəvisi (148 beyt), 1 saqinaməsi (458 beyt), 210 qitəsi (503 beyt), 133 rübaisi (266 beyt), 52 müəmması (54 beyt), 10 loğazı (40 beyt), 13 tuyuğu (26 beyt), 86 müfrədi (86 beyt), 1 qəsidəsi (91 beyt) və 210 qitəsi (503 beyt) vardır.

 

Fars dilində Fani təxəllüsü ilə yazdığı divanda 468 qəzəl, 1 müsəddəs, 36 qitə, 67 rübai, 16 tarix, 341 müəmma, 84 müfrəd və 6 loğaz yer alır. Bu da türkcə və farsca divanlarda janrlar üzrə cəmdə 3.068 qəzəl, 4 müstəzad, 10 müxəmməs, 6 müsəddəs, 4 tərcibənd, 246 qitə, 497 müəmma, 170 müfrəd, 16 loğaz, 13 tuyuğ, 16 tarix, bir neçə tərkibənd, qəsidə və s. deməkdir.

 

Özbəkistanda Əlişir Nəvayi irsinə sonsuz məhəbbət var. Bu azman sənətkarın adının önünə daim "həzrət" epiteti artırılır. Onun əsərləri hər il yüksək tirajla nəfis şəkildə nəşr edilir. Şairin külliyyatının 10 və 20 cildliyi çap olunmuşdur. Nəvayinin xarici ölkələrdəki əlyazmalarının surəti çıxarılır, haqqında yazılmış elmi əsərlər toplanır. Şairin yaradıcılığının geniş oxucu kütləsinə daha yaxşı tanıdılması üçün 4 cilddə Nəvayi əsərləri dilinin izahlı lüğəti buraxılmışdır. Onun haqqındakı bütün bilgilər şairin adını daşıyan ensiklopediyada toplanmışdır. Burada Nəvayi ilə bağlı ən kiçik informasiya, ən ufaq detal da öz əksini tapır. Bütün bu işlərə vüsət vermək üçün Nəvayi şəhərində şairin adını daşıyan xüsusi Nəvayi fondu qurulmuş və fəaliyyətə başlamışdır.

 

Hər il fevralın 9-da Daşkənddə və Nəvayi vilayətinin mərkəzi Nəvayi şəhərində şairin növbəti doğum ildönümünə (bunun yuvarlaq rəqəm olması vacib deyil) həsr edilən beynəlxalq forum keçirilir. Mən artıq bir neçə dəfə belə tədbirlərdə iştirak etmişəm. Nəvayi şəhər xalq deputatları məclisinin 2018-ci il 5 fevral tarixli qərarı ilə mən "Nəvayi şəhərinin fəxri vətəndaşı" adına layiq görülmüşəm. Təbii ki, bunun bir səbəbi var idi. Mən bundan bir müddət əvvəl Bakıda "XX əsr özbək şeiri antologiyası"nı (2009, 96 s.), Sultan Hüseyn Bayqaranın "Divan"ını (2011, 248 s.), Zəhirəddin Məhəmməd Baburun "Seçilmiş əsərləri"ni (2011, 328 s.) və "Baburnamə"sini (2011, 432s.+32 s. rəngli miniatür) tərcümə və nəşr etmişdim. Buna görə şairin vətəni Əndicanda yerləşən Beynəlxalq Babur Fondu məni 2011-ci ildə Babur adına mükafata layiq görmüşdü. Nəvayi şəhərinin rəhbərləri bunu bilirdilər və məni öz şəhərlərinin fəxri vətəndaşı seçməklə boynuma böyük və məsuliyyətli bir yük qoymuş oldular. Mən də bu missiyanı yerinə yetirməkdən və Nəvayi "Xəmsə"sini tərcümə etməkdən böyük şərəf duyduğumu bəyan edirəm.

 

Bakıya döndükdən sonra mən işə başladım, xəmsəni ("Heyrət ül-əbrar", "Fərhad və Şirin", "Leyli və Məcnun", "Səbayi-səyyar" və "Səddi-İskəndəri" poemalarını) çevirdim. Hazırda həmin kitablar nəşriyyatda çap prosesindədir. Ötən il isə Nəvayinin "Məhbub ül-qülub" əsərinin tərcüməsini bitirdim. 2020-ci ildə Bakıda mənim "Əlişir Nəvayi və onun "Xəmsə"si" və "Özbək ədəbiyyatı tədqiqatları" adlı iki kitabım çapdan çıxdı. Həmin kitablar artıq özbək dilinə tərcümə olunmuşdur, bu il Nəvayinin yubileyi çərçivəsində Daşkənddə nəşr ediləcəkdir. Bunu qədim və zəngin mədəniyyət qurmuş nəcib özbək milləti və türklük qarşısında, eləcə də Mir Nizaməddin Əlişir Nəvayinin ruhu qarşısında kiçik bir xidmət hesab edirəm.

 

Ramiz ƏSKƏR

Professor, BDU-nun Türkologiya kafedrasının müdiri, Özbəkistanın Nəvayi şəhərinin fəxri vətəndaşı

 

 525-ci qəzet.- 9 fevral.- S.10.