Zəfərin salnaməsi

 

Sentyabrın 27-də Azərbaycanda yeni bir günün, yeni bir tarixin səhəri açıldı. Bu səhərdən barıt qoxusu gəlirdi, atəş səsləri eşidilirdi, müharibənin başlanması xəbəri sürətlə yayılırdı...

 

Günortaya doğru kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasından xalqa müraciəti yayıldı. Ali Baş Komandan işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiyini bildirdi. Düşmən təxribatlarına cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını xəbər verdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulduğunu, işğal altındakı bir neçə yaşayış məntəqəmizin işğalçılardan azad edildiyini müjdələdi...

 

Bu münasibətlə xalqımıza təbriklərini çatdırdı...

 

Bəli, 44 günlük Vətən müharibəsi artıq başlanmışdı...

 

İllərdir həsrətini çəkdiyimiz böyük günlər yetişmişdi. Təxminən 30 ilə yaxın dövr ərzində köksümüzdə ağır yara kimi qövr edən, ot basmış cığırları, viran qalmış uçuq divarları, dağı-dərəsi, çayı-bulağı, kolu-kosu gecələr yuxularımıza girən nisgilli yurdlarımıza yol görünürdü artıq...

 

Prezidentimizin müraciətindən sonra gözümüzü dörd açıb, diqqətimizi cəbhədən gələn xəbərlərə yönəltdik. Dövlət rəhbərimiz Vətən müharibəsinin ilk günü, hərbi əməliyyatların qızğın çağında xalqa nələri demək mümkün idisə, onları demişdi. Müdafiə Nazirliyinin açıqlamasından hansı kəndlərimizin azad edilməsindən, ordumuzun hansı istiqamətlərdə irəliləməsindən agah idik. Özümüz də fərqində idik ki, bundan artıq rəsmi açıqlama işimizə mane olar, prosesin uğurlu gedişinə xələl gətirər. Amma insan psixologiyası elədir ki, belə məqamlarda yenə də bildiyin rəsmi, qeyri-rəsmi məlumatlarla qane ola bilmirsən. Bəlkə əlavə də nələrsə öyrənmək ümidi ilə, gümanın gələn adamlara, mötəbər saydığın mənbələrə üz tutursan...

 

Prezidentimizin Vətən müharibəsinin ilk günündəki çıxışından sonra da ölkənin dörd bir yanında dostlar, sirdaşlar, həmdəmlər bir-birinə zəng edirdilər. Həm ordumuzun ilk qələbələrinin sevincini paylaşır, həm də baş verənlər haqqında bir-birinin rəyini, növbəti günlər haqqında gümanlarını bilmək istəyirdilər. Nə gizlədim, həmin gün özüm də xeyli yaxın adama zəng elədim. Öz telefonuma da ayrı-ayrı simsarlardan zənglər gəldi, söhbətləşdik...

 

Bir neçə şəxslə telefon söhbətimizdən sonra neçə illərimin əziz və dəyərli əqidə yoldaşı, təkcə siyasi həmfikirim yox, həm də ürək həmkarım olan qələm dostum Bəxtiyar Sadıqovu yığdım. Ordumuzun zəfər yürüşünə başlaması birinci Qarabağ müharibəsində hərbi reportyor kimi iştirak etmiş, qələmi ilə bu müharibənin sənədli salnaməsini yaratmış, müharibənin, hərbi əməliyyatların, cəbhə xəttini yarıb keçməyin nə demək olduğunu yaxşı bilən, ərazini də gözəl tanıyan jurnalist dostumu bərk həyəcanlandırmışdı. Ordumuzun əks-hücum əməliyyatı apardığı bölgələr, düşməndən təmizlənmiş strateji yerlər, mövcud döyüş şəraiti haqqında təsəvvürlərini bölüşdükcə həyəcanqarışıq qürurdan səsi titrəyirdi.

 

Həmin gün onunla xeyli fikir mübadiləsi apardıq. İkimizin də qənaətimiz bir idi: bu müharibə mütləq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun, ümumilikdə Azərbaycanın qələbəsi ilə tamamlanacaq. Cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan təqribən bir il qabaq beynəlxalq kürsüdən bütün dünyaya səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida!" kəlməsinin sonuna vəd etdiyi həmin o möhtəşəm nidanı bu döyüşlərlə qoyacaq. İlk saatlardan bütün xalqımız kimi bizim də qələbəyə böyük inamımız vardı. Hiss edirdik ki, Zəfər lap yaxındadır.

 

Adım kimi əminəm ki, həmin gün bir-biri ilə müharibə həyəcanını bölüşən, zəfər müjdəli ilk xəbərlərin sevincini paylaşan minlərlə insan sağollaşanda böyük Qələbə ümidi, intizarı, şuxluğu ilə bir-birinə nələrsə boyun olublar: kimi qurban kəsmək, kimi qonaqlıq, kimi xoş bir hədiyyə, kimi azad olunmuş torpaqlarımıza birlikdə səfər...

 

Bəxtiyar müəllimlə biz də elə-belə sağollaşmadıq. Xudahafizləşəndə bir-birimizə Qələbə ilə bağlı bir söz verdik. Daha doğrusu, əvvəlcə təşəbbüs ondan gəldi:

 

- "Hüseynbala müəllim, müharibə Qələbəmizlə başa çatan kimi sizdən mütləq bir hekayə" - dərhal dəqiqləşdirdi - "yox, hekayə də yox, sanballı bir povest gözləyirəm. Müharibə qurtaran kimi povesti hazır edib, göndərin, qəzetimizdə hissə-hissə çap edəcəyik. Bu, sizin mənə borcunuz olsun" - dedi.

 

Beləliklə, dəyərli dostum Vətən müharibəsi ilə bağlı bir povesti yaxşı mənada boynuma qoydu. Təklifi məmnuniyyətlə boynuma götürdüm. Amma şərtlə:

 

- Bəxtiyar müəllim, Allah ağzınızdan eşitsin, tezliklə qalib gələk, belə bir povest yazmaq boynumun borcudur. Amma unutmayın, bu gündən sizin də mənə bir borcunuz var. Mən də sizdən bu müharibənin sənədli-tarixi salnaməsini gözləyəcəyəm. Bu da sizin mənə və dövlətimizə, xalqımıza borcunuz olsun...

 

Telefonda böyük məmnunluğu duyduğum cavabı eşitdim:

 

- İnşallah. Qələbə qazandığımız gün, hesab edin ki, artıq borcumu yerinə yetirmişəm.

 

Beləliklə, sağollaşdıq...

 

***

 

O gündən Ordumuz qələbə ilə irəliləyir, hər gün cəbhədən yeni yaşayış məntəqələrimizin, strateji ərazilərimizin düşməndən təmizlənməsi barədə xoş xəbərlər gəlirdi. Bəxtiyar Sadıqovun təklifindən sonra düşüncələrimdə bir deyil, iki povestin süjeti doğulmuşdu. Karantinlə bağlı zamanımın çoxunu evdə keçirdiyimdən və əlavə işlər mane olmadığından bədii yaradıcılıq üçün, demək olar ki, ideala yaxın mühit vardı. Bu işə elə qapılmışdım ki, saatlarla yazı masamın arxasından qalxmırdım. Povestin birincisini qısa müddətdə yazıb bitirdim. Adını da belə qoydum: "Çirkli əsgər çəkmələri".

 

Mətni özüm bir neçə dəfə oxuyub lazımi düzəlişləri edəndən, kəm-kəsirlərini nizama salandan sonra dərhal redaktə üçün Bəxtiyar Sadıqova göndərdim.

 

Bir neçə gündən sonra gördüm zəng edir:

 

- Hüseynbala müəllim, povesti birnəfəsə oxudum, qələminizə sağlıq, gözəl mətndir, çox bəyəndim, qəzetimizin yaxın nömrələrində verəcəyik.

 

Həqiqətən, povest qəzetin dörd nömrəsində dərc olundu. Oxucu zənglərindən hiss etdim ki, məqsədə çatmışam, povest maraq doğurub.

 

Vətən müharibəsinin ilk günü Bəxtiyar müəllimlə telefon söhbəti zamanı paylaşdığımız işıqlı ümidlər də özünü doğrultdu. Ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə başa çatdırdı. Şirin röya sandığımız çox anlar gerçək oldu. Açığını deyim ki, indinin özündə də Şuşadan, Laçından, Ağdamdan, Kəlbəcərdən, Qubadlıdan, Zəngilandan, Cəbrayıldan, Füzulidən, Hadrutdan, Xocavənddən görüntülər yayılanda elə bilirəm şirin bir yuxunun içindəyəm...

 

Bunların qısa müddətdə reallığa çevrilməsinə inana bilmirəm. Amma bunlar həqiqətdir artıq...

 

Azərbaycan Prezidenti Ordumuzun gücü ilə xəyallarımızı reallığa çevirdi, arzularımızı çin çıxardı. Tarixi qələbəmizlə ürəyimizi böyütdü. İllərlə gəzdirdiyimiz işğal ləkəsini alnımızdan sildi...

 

İndi "Suqovuşan" adlı ikinci povestim üzərində işi tamamlamaq üzrəyəm. Tezliklə bu əsər də oxucuların görüşünə gələcək. Beləliklə, dostumun boynuma qoyduğu borcu bacardığım qədər yerinə yetirdim. Hər dəfə onunla danışanda deyirdim ki, bu mənim yazdıqlarım, bəs siz nə vaxt borcunuzu qaytarırsınız. O da hər dəfə deyirdi, darıxmayın, tezliklə...

 

Budur, Bəxtiyar Sadıqov da borcunu ödədi, kitabı artıq qarşımdadır.

 

"Xilaskar İlham Əliyev" kitabı...

 

***

 

Bəxtiyar Sadıqov 52 ildən çoxdur ki, Azərbaycan jurnalistikasındadır. 52 rəqəmi bir insanın ömrünə aid ediləndə, ola bilər ki, o qədər böyük görünməsin.

 

Amma bir sənətin 52 illik sənətkarı olmaq...

 

İnsanın düz yarım əsrdən də çox sərasər jurnalistika ilə, sözlə nəfəs alması öz peşəsinin kamil ustadına çevrilməsi deməkdir. Maraqlısı budur ki, yazılarının daimi oxucusu kimi Bəxtiyar müəllimin 52 illik təcrübənin qazandırdığı indiki ustadlıq məqamında da yenə hər yazıdan yazıya, məqalədən-məqaləyə əsl gənclik şövqü ilə necə təkamül etdiyini, zamanın ruhuna uyğun yeniləndiyini, qələmini ovxardan düşməyə qoymadığını görürəm. İnsanın öz sənətinə hörməti, məşğul olduğu işə sevgisi də elə budur. Yazı texnikan, sənət bacarıqların, təcrübi vərdişlərin nə qədər təkmil olsa da, təkcə buna güvənib özünü zaman-zaman inkişaf etdirməsən, hansısa nöqtədə tükənə bilərsən.

 

Bu günlərdə 70 illik yubileyini qeyd etdiyimiz (pandemiya səbəbindən əslində, qeyd etmədiyimiz) Bəxtiyar Sadıqovun qələmini həmişə öz kəsərində saxlayan da sənəti qarşısındakı böyük məsuliyyət hissidir...

 

O, Azərbaycanın püxtə redaktorlarından, naşirlərindəndir. Uzun illərdir, ölkəmizin aparıcı nəşrlərindən birinə, yeganə rəsmi dövlət qəzetimiz olan "Azərbaycan" qəzetinə rəhbərlik edir. Azərbaycanın media aləmində bu qəzetin sanbalı, hörməti, ona olan oxucu rəğbəti göz önündədir. Qəzetin belə bir mövqe qazanmasında redaksiya kollektivinin, o cümlədən, baş redaktor kimi Bəxtiyar Sadıqovun böyük əməyi var.

 

Onunla bağlı həmişə izlədiyim və qəlbən təqdir etdiyim bir məqam da budur ki, Bəxtiyar müəllim, öz peşəsində heç vaxt məmurlaşmayıb. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və "Azərbaycan" qəzetinin baş redaktoru kimi hər iki vəzifədə üzərinə düşən vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirir. Eyni zamanda, 52 illik yol yoldaşı olan - yazı sənətindən də bir an olsun uzaq düşmür.

 

Milli Məclis müzakirələrindən, başqa ictimai-siyasi məzmunlu tədbirlərdən, seçicilərlə görüşlərdən, gündəlik redaksiya qayğılarından, masasının üzərindən keçən qalaq-qalaq redaktə materiallarından artıq qalan hər dəqiqə onun üçün düşüncələrini, təəssüratlarını, vətəndaş mövqeyini sanballı yazılara çevirməkdən ötrü bir fürsətdir...

 

Heç bir baş redaktorun tez-tez yazı yazmaq kimi bir öhdəliyi yoxdur, onun vəzifəsi ümumi planlaşdırma və yaradıcı prosesə cari nəzarəti həyata keçirməkdir. Bəxtiyar Sadıqov isə bütün bu işləri yüksək səviyyədə yerinə yetirməklə yanaşı, həm də qəzetdə tez-tez müxtəlif janrlarda yazılarla çıxış edir.

 

Hərdən düşünürəm ki, belə qələm sahibləri yazmadan dura bilməzlər. Çünki belələri üçün yazmaq məcburiyyət yox, mənəvi rahatlıqdır, özünü ifadə ehtiyacının sövq etdiyi həvəsdir. Sənətində Bəxtiyar Sadıqov səviyyəsinə gəlib çatmış jurnalistlərdən ötrü hər yazının sehri elə möhtəşəm hissdir ki, onun zövqünü yalnız bunu yaşamağı bacaran yaradıcı insanlar duya bilər.

 

Onun oxuculara təqdim etdiyi yeni kitabı da Bəxtiyar Sadıqovun söz bağının lətif bir meyvəsidir...

 

***

 

Dörd fəsildən ibarət kitabın əsas mövzusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbədir. Burada qazanılmış qələbənin tarixi-siyasi əhəmiyyəti dərin analitik təfəkkürlə şərh edilir. Münaqişənin hərbi-siyasi yolla həllinin, Azərbaycanın haqq davasının nəticəsinin təhlili aparılır. Eyni zamanda, xalqımızın bu qələbə gətirib çatdırmış böyük tarixi yola nəzər salınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi ordu quruculuğu işinin, diplomatik uğurlarının, ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlərin mahiyyəti açılır. Dövlətimizi zəfərə çatdırmış bu yolun siyasi, sosial-iqtisadi, diplomatik yönləri işıqlandırılır. İşğalçıya ölümcül zərbə vurmuş "Dəmir yumruq" əməliyyatının gedişi və nəticələri öz əksini tapır.

 

Bir sözlə, kitab 44 günlük Vətən müharibəsinin salnaməsidir. Cənab İlham Əliyevin bizi böyük Zəfərə yetirmiş inkişaf siyasətinin yığcam tarixi-sənədli oçerkidir.

 

Kitabı oxuduqca məsələlərə yanaşma tərzinə, qoyulan mövzuların işlənmə səviyyəsinə, fikirləri yazılı ifadə məharətinə görə əsl korifey qələmini hiss edə bilirsən. Bəxtiyar Sadıqov bu keyfiyyətlərinə görə, həqiqətən milli mətbuatımızın korifeylərindəndir.

 

Söz düşəndə bunu tez-tez deyirəm, heç kim də gərək məndən inciməsin. Azərbaycanda jurnalist sənətinin əsl peşəkarları artıq nəsli kəsilməkdə olan zümrəyə çevrilib...

 

Söhbət son illər milli mediamızda geniş vüsət almış "kopi-past" jurnalistikasından, ya da başqalarının Feysbuk statuslarından xəbər, məqalə düzəltməkdən getmir. Bununla məşğul olmaq üçün heç bir təcrübəyə, təhsilə gərək yoxdur. Hətta orta məktəbi tamam-kamal başa vurmamış bir yeniyetmə də sayta mətn yerləşdirməkdən ötrü bir-iki texniki proseduru öyrənib, özünü jurnalist adlandıra bilər. Necə ki, yüzlərlə beləsi yoxlamadan, dəqiqləşdirmədən, araşdırmadan, mahiyyətinə varmadan, ictimai əhəmiyyətini dəyərləndirmədən, bunlar bir kənara - hətta ofroqrafik və üslubi səhvlərini belə düzəltməkdən ötrü özlərinə əziyyət vermədən informasiya mühitində dövriyyəyə buraxdıqları "kopi-past" mətnləri ilə ölkəmizdə yeni bir sənət növünü "çiçəkləndirirlər".

 

Amma vallah-billah, bu, jurnalistika deyil. Bunun adı olsa-olsa, media mühitini kirləndirməkdir. Və əgər bu problemə hansısa formada əncam çəkilməsə, yaxın onilliklərdə Azərbaycanda əsl jurnalistika ənənələrindən əsər-əlamət qalmayacaq.

 

Hələlik isə Bəxtiyar Sadıqov kimi qələm sahiblərimiz Həsən bəy Zərdabidən üzübəri gələn təxminən 150 illik bu ənənələrin sonuncu mogikanlarıdırlar...

 

Mətbu imzanın dəyəri, məsuliyyəti, imza mədəniyyəti belələrinin qələmində yaşayır. Ona görə Bəxtiyar Sadıqov imzası olan istənilən mətni oxumağa başlayan kimi bilirsən ki, burada səviyyə də var, yaradıcılıq qüdrəti də var, məntiq də var, jurnalist təfəkkürü də var, ən əsası isə vətənpərvərlik var.             

 

Bütün bunlar "Xilaskar İlham Əliyev" kitabında da dərhal nəzərə çarpır...

 

***

 

Bir yazını qələmə almaqdan ötrü gərək həm deyiləsi sözün ola, həm də bu sözü demək haqqın...

 

Bəxtiyar Sadıqovun başqa yaradıcılıq nümunələri kimi, yeni kitabını da uğurlu edən budur ki, o, Qarabağ mövzusunda yazmaq, danışmaq haqqı olan qələm sahiblərimizdəndir.

 

Bu mövzu onun taleyidir, can yanğısıdır...

 

Müəllif bu mövzuya, ömrünün illərini sərf edib, Qarabağ mövzusu onun ruhuna hopub, yazdıqları ilə o, özü də Qarabağ məsələsinin canlı yaddaşına çevrilib.

 

Bəxtiyar Sadıqovun uzun illər ərzində Qarabağ mövzusundan yazması təkcə qarabağlı olmasına, beşinci çağırışdır ki, Ağdam rayonundan Milli Məclisə deputat seçilməsinə görə deyil. Qeydlərimin əvvəlində də xatırlatdığım kimi, o, Birinci Qarabağ savaşının veteranıdır. Yazıları, kitabları ilə Birinci Qarabağ savaşının sənədli salnaməsini yaradanlardandır. Azərbaycanın o illərdə üzləşdiyi faciələr, yol verilən yanlışlar, başımıza gələnlər, itkilərimiz Bəxtiyar Sadıqovu həmişə ağrıdıb. Bu ağrılarını o dövrün həqiqətlərinə işıq salan yazıları ilə ovutmağa çalışıb.

 

İndiyə qədər nəşr etdirdiyi "Qeyrət və xəyanət", "İnsan və zaman", "Həqiqət və yalan", "Ömrün söz yadigarı" kitablarının da əsas mövzusu Qarabağ münaqişəsidir, vətənpərvərlik mövzusudur. Qarabağ ağrı-acısını, yanğısını, Birinci Qarabağ müharibəsinin məyusluğunu, işğal dərdini, eyni zamanda, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə gəlişindən sonra yaranan böyük ümidi onun yazılarının hər sətrindən, kəlməsindən duymaq mümkündür.

 

O yazılarında Bəxtiyar Sadıqovun kağıza köçürdüyü hıçqırtılarını, illərlə ürəyinə dammış göz yaşlarını, eyni zamanda, gələcəyə qırılmayan ümidini həmişə bir oxucu kimi hiss etmişəm...

 

"Xilaskar İlham Əliyev" kitabının ovqatı isə bambaşqadır...

 

Burada Qələbənin, torpaqlarımızın azadlığının, həyatımızdakı yeni bir başlanğıcın sorağı gəlir. Zəfərimizin köks dolusu qürur hissi Bəxtiyar Sadıqov qələmində dil açıb danışır.

 

Kitabın ən maraqlı cəhətlərindən biri də burada bizi zəfərə gətirib çatdırmış böyük yolun ayrı-ayrı dönəmlərinə dair yüzdən çox şəklin verilməsidir. Bu şəkillər bütün nəsillərin qürur duyacağı möhtəşəm tarixin vizual mənzərəsini yaradır. Kitabı Qələbəmizin sözlü, rəsmli hekayəsinə, dolğun yaddaşına çevirir...

 

Bəxtiyar Sadıqov da belə bir kitabı ərsəyə gətirməklə öz borcunu yerinə yetirdi. Necə ki, mən də Vətən müharibəsinə həsr etdiyim iki povestimlə ona verdiyim sözü tutdum...

 

Amma bu cür kitablar yazmaq təkcə bir-iki nəfərin öhdəliyi deyil. Hər birimizin borcumuzdur...

 

Bu, keçmişi unutmamaq, onu gələcək nəsillər üçün sənədləşdirmək borcudur...

 

Xalqın ən böyük qələbələrinin müəllifi olan böyük şəxsiyyətlərimizin haqqını yaşatmaq borcudur...

 

Qarabağımıza sahib çıxmaq borcudur...

 

Borcumuzu heç zaman unutmamalıyıq!..

 

Hüseynbala MİRƏLƏMOV

 

525-ci qəzet.- 2021.- 11 fevral.- S.8.9.