15 yaşlı ali təhsil ocağı
Azərbaycan Turizm və
Menecment Universiteti 15 illik yubileyini qeyd edir
Azərbaycan
Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 13 fevral 2006-cı il qərarı
ilə yaradılmış Azərbaycan Turizm İnstitutunun əsasında
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-ci il tarixli sərəncamı
ilə qurulmuş ali dövlət təhsil müəssisəsidir.
ATMU-nun əsas məqsədi qeyri-neft sektorunun inkişaf
etdirilməsini əsas tutaraq ölkəmizin turizm sektoru və
digər xidmət sahələri üçün beynəlxalq
standartlara uyğun yüksək ixtisaslı, peşəkar
kadrlar hazırlamaqdır. Hazırda ATMU-da 3 fakültə, 10
kafedra fəaliyyət göstərir,
bakalavriat pilləsi üzrə 1735, magistratura pilləsi
üzrə 271 nəfər, doktorantura pilləsi üzrə 72
nəfər təhsil alır. Tədris prosesini 200 nəfərdən çox
professor-müəllim heyəti həyata keçirir.
ATMU fəaliyyətə başladığı ilk
günlərdən etibarən özünün inkişafı
üçün əsas fəaliyyət istiqamətlərini və
inkişaf prioritetlərini formalaşdırıb. Universitet xarici əlaqələrinin
genişlənməsinə, ali təhsildə
beynəlmiləlliyə xüsusi diqqət verir. ATMU-da yaranmış ilk inzibati bölmələrdən
biri Beynəlxalq əlaqələr şöbəsi olub. Keçən dövr ərzində
ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin
Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin
Milli Elm və Tədqiqaq Konsorsiumu, Xəzəryanı Ölkələrin
Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz
Hövzəsi Ölkələri Universitetləri
Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin
Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər
İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil təşkilatlarına
üzv olaraq öz fəaliyyətini daha da gücləndirib.
ATMU Azərbaycan təhsil tarixində ilk dəfə
olaraq uğurla ikili diplom proqramını həyata
keçirir.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə
imzalanmış akademik müqavilənin şərtlərinə
əsasən tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt
menecmenti proqramı" üzrə ingilis dilində təhsil
alırlar. Azərbaycan-Avstriya Turizm Proqramı üzrə bu
günədək 239 nəfər tələbə məzun
olaraq hər iki ali təhsil müəssisəsinin diplomunu
alıb.
Universitetimiz Xəzər Universiteti və Gəncə
Dövlət Universiteti ilə birgə qoşulduğu Avropa
İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq
Pəncərə Proqramının (EU Erasmus Mundus External
Cooperation Window) qalibi olub. Üç mərhələdə həyata
keçirilmiş proqram çərçivəsində
ATMU-nun tələbə və əməkdaşları
Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya,
Fransa, Bolqarıstanın ali təhsil müəssisələrində
müxtəlif müddətlərdə tədris,
ixtisasartırma və təcrübə mübadiləsi layihələrində
iştirak ediblər. Qeyd olunan proqram çərçivəsində
ümumilikdə müxtəlif sayda tələbə, müəllim
və inzibati
heyət işçiləri fərqli Avropa universitetlərinə
təhsil və ya tədqiqat üçün göndərilib.
ATMU-nun beynəlxalq əlaqələrində önəmli
yerlərdən birini beynəlxalq tələbə
proqramlarında fəal iştirak tutur. ATMU Avropa
Birliyinin Erasmus+ proqramı çərçivəsində
Avropada fəaliyyət göstərən müxtəlif
universitetlər ilə əlaqələr quraraq, xeyli sayda tərəfdaş
qazanıb, eləcə də məhz bu əməkdaşlıqlar
çərçivəsində öz tədris planını
daha da inkişaf etdirə bilmək imkanı əldə edib.
Bu proqram çərçivəsində ATMU tələbələri
İspaniya Krallığının Valyadolid və Jirona
Universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi
Elmlər Universitetində, Rumıniya Respublikasının
İoan Cusa Alexander Universitetində, Bolqarıstan
Respublikasının D.A.Tsenov adına İqtisadiyyat
Akademiyasında, Türkiyə Respublikasının Orta Doğu
Texniki və Eskişəhir Anadolu Universitetlərində
müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi
kimi iştirakçı olublar. Tələbə
mübadiləsi ilə yanaşı olaraq müəllim
mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram
çərçivəsində universitetin
qarşısına qoyduğu əsas istiqamətlərdən
biri olub.
Beynəlxalq tələbə mübadiləsi
proqramları çərçivəsində ATMU-nun önəm
verdiyi istiqamətlərdən biri də qardaş Türkiyə
Respublikası hökuməti tərəfindən
formalaşdırılan Mövlanə Mübadilə
proqramıdır. ATMU son illər ərzində bu proqrama qoşularaq bir
sıra önəmli ali təhsil müəssisələri
ilə tərəfdaşlıq müqavilələri
imzalayıb və bunun nəticəsində son 4 ildə 25 nəfərdən
çox ATMU tələbəsi beynəlxalq təhsil
proqramının imkanlarından yararlana bilib. Proqram
çərçivəsində fərqli ixtisaslar üzrə
tərəfdaş universitetlərin professor-müəllim heyəti
ATMU-da müxtəlif vaxtlarda fərqli ixtisaslar üzrə tədris
aparıblar.
ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə
yaxşı əməkdaşlıq əlaqələri
formalaşdırıb. Məhz hər iki universitet arasında mövcud olan əməkdaşlıq
əsasında tələbələrimiz Almaniyada təşkil
olunan yay dil kurslarında iştirak edə, eləcə də
tələbə mobilliyi çərçivəsində Yade Universitetində bir
semesterlik təhsil ala bilirlər. Son 7 il ərzində
30 nəfərə yaxın ATMU tələbəsi tərəfdaş
universitetdə təhsil alıb.
Universitetdə təhsilin beynəlxalq standartlara
uyğunluğunu təmin etmək məqsədilə xarici
mütəxəssislərin tədris prosesinə cəlb edilməsi
istiqamətində addımlar atılır. Erasmus-Mundus Xarici Əməkdaşlıq
Proqramı xətti ilə Portuqaliyadan iki, ABŞ hökumətinin
təqaüd proqramları ilə iki, Almaniyanın Robert
Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) və Almaniyanın CİM təşkilatları
ilə əməkdaşlıq nəticəsində Almaniyadan
hər il bir nəfər müəllim
Universitetdə tədris prosesinə cəlb olunub.
ATMU həmçinin,
İslam Əməkdaşlıq Təşkilatı,
Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə
Beynəlxalq Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi
beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər
üzrə əməkdaşlıq əlaqələri qurub.
Universitet Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) dəstəyilə həyata keçirilən
"Elektron təhsildə Cənubi Qafqazda İnstitusional
Quruculuq və insan resurslarının inkişafı" layihəsinin
iştirakçılarından biri olub və distant təhsil
üzrə müəllimlərin bacarıqlarını
inkişaf etdirməyə səy göstərib.
2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının
"qoşulmuş üzvü" (Affiliate member), bir müddət
sonra isə Bilik Şəbəkəsinin üzvü
seçilib. Ümumdünya Turizm Təşkilatına
üzvlük ATMU-nun dünya turizm sənayesinə
çıxışı üçün daha geniş
imkanlar açıb, eləcə də tələbələrimizə
daha böyük arenalardan ölkəmizi və universitetimizi təmsil
etmək şansı qazandırıb.
ATMU-nun ali təhsilin bakalavriat və magistratura
səviyyələrində həyata keçirdiyi "Turizm və
otelçilik" ixtisası üzrə təhsil
proqramları Ümumdünya Turizm Təşkilatının
(ÜTT) nüfuzlu "UNWTO.TedQual" keyfiyyət
sertifikatına layiq görülüb. Cənubi
Qafqaz regionunun ali təhsil müəssisələri
arasında ilk dəfə olaraq ATMU-nun "UNWTO.TedQual"
sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda
turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin
artırılması istiqamətində mühüm nailiyyətlərdən
biridir. Sözügedən nailiyyət Azərbaycan
Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin
İnkişaf Proqramı ilə birgə həyata keçirilən
"Azərbaycan Turizm və Menecment Universitetinin potensialının
artırılması" adlı layihə çərçivəsində
əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin
məqsədi müvafiq ixtisas üzrə kadr
hazırlığında təlim və tədrisin keyfiyyətinin
beynəlxalq standartlara uyğunlaşdırılmasından
ibarətdir. Layihənin hədəfi təhsil müəssisəsinin
institusional potensialının gücləndirilməsi yolu ilə
Azərbaycan hökumətinin turizm sahəsində
qarşıya qoyduğu yüksək ixtisaslı kadr
hazırlığı işinə daha səmərəli
töhfə verməkdir.
ATMU son iki il ərzində əldə etdiyi
önəmli uğurlardan biri də turizm və qonaqpərvərlik
sahəsində mütəxəssislərin hazırlanması
fəaliyyətinə görə İSO 9001:2015 - Keyfiyyət
İdarəetmə Sistemi uyğunluq sertifikatının əldə
edilməsidir. Hazırda dünyada 30-a yaxın ali təhsil
müəssisəsi adıkeçən sertifikata malikdir.
ATMU tələbələr üçün 14
həftəlik xaricdə istehsalat təcrübə semestri də
təşkil edir. Azərbaycanda fəaliyyət
göstərən müxtəlif xarici ölkə səfirliklərinin
və beynəlxalq turizm təşkilatlarının dəstəyi
ilə ATMU tələbələri Türkiyə
Respublikasında, Bolqarıstan Respublikasında, İsrail
Dövlətində, Çin Xalq Respublikasında və s.
ölkələrdə istehsalat təcrübəsi
keçə bilmək imkanlarından yararlanırlar.
ATMU ikili diplom layihələrinin daha da gücləndirilməsini
beynəlxalq əlaqələr baxımından növbəti
illər üçün əsas prioritetlərdən biri
olaraq müəyyən edib. Hazırda turizm ixtisası istiqamətində
ikili diplom layihələrinin həyata keçirilməsi
üçün Fransanın Anjers Universiteti, Almaniyanın Yade
Tətbiqi Elmlər Universiteti, Türkiyənin Eskişehir
Osmangazi və Akdeniz Universitetləri ilə müzakirələrə
başlanılıb. Növbəti tədris ilindən etibarən
sosial iş ixtisası üzrə Türkiyənin Sakarya
Universiteti və qida mühəndisliyi ixtisası üzrə
isə Ankara Universiteti ilə ikili diplom istiqamətində
müzakirələrin başlanılacağı gözlənirlir.
Yaşadığmız dövrdə
sürətlə inkişaf edən, qloballaşan
dünyanın turizm və təhsil sahələri üzrə
baş verən dəyişiklərə tez bir zamanda
uyğunlaşa bilmək, eləcə də istər turizm, istərsə
də təhsil sahəsində ölkəmizdə aparılan
uğurlu siyasəti əsas götürərək bu
gün ATMU öz fəaliyyətində beynəlmilləşməyə
çox böyük önəm verir. Bunun bariz
nümunəsi olaraq turizm, təhsil sahəsində mövcud
olan beynəlxalq təşkilatlar, müxtəlif ixtisaslar
üzrə tədris aparan fərqli dünya universitetləri
ilə əlaqələrin qurulmasına, qurulmuş əlaqələrin
daha da gücləndirilməsinə, bütün bunların
timsalında ölkəmizin turizm və təhsil sahəsində
daha da güclənməsi yolunda aparılan siyasətə,
davamlı inkişafa istiqamətlənən cəhdlərə
dəstək verməyə çalışır.
Orxan MUSA
ATMU-nun Beynəlxalq
əlaqələr şöbəsinin müdiri
525-ci qəzet.- 2021.- 11 fevral.- S.10.