Dərdlərimizin və zəfərimizin uğurlu bədii təqdimatı

 

 

Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmayan coşqunluğundan xəbər verdi və mən bunu ədəbiyyatımızın uğuru kimi qiymətləndirirəm.

 

Naibə xanım dövrün şeirə sığmayan əzablarını, ağrılarını, keşməkeşli tariximizin dünənini, bu gününü nəsrdə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanan ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən "Tənha köç", "Zərbə", "Gülün yarpıza dönsün" əsərlərini ictimaiyyətin qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının mənəvi borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsər dəyərli ədəbi nailiyyətdir.

 

Müəllifin, haqqında xüsusi danışacağım "Gülün yarpıza dönsün..." romanının qəhrəmanı ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qıvrılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxucu hiss edir ki, o, bir titrəyişə, təkana bənddir...

 

Muradxanın Könüllə ilk tanışlığı və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənələrimizin, sərhədbilməz sevginin əbədi olduğuna işarədir.

 

İran-İraq müharibəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılarkən Muradxan: "Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən", - deyir.

 

Muradxanın "ölüm" xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin gözəl nümunəsidir.

 

Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könülün öz andına sadiqliyi azərbaycanlı qızının etibarına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könülə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir... Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könülün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şaxələnməsinə və yeni hadisələrin inkişafına imkan yaradır. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könülün Dəmir kişinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərində ona rəmzi qəbir düzəltməsi kimi ağrılı epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır.

 

Dəmir kişinin və Kəbutərin ölümü ilə bağlı cinayətlərin açılması əsərin ən maraqlı və yaddaqalan epizodlarındandır. Hadisələrin inkişafı yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı yolla özü kimi arzuları da ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin - kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr "türk ovuna" çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkaba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüörtülü cinayətlərindən xəbər verir. Bir haşiyə çıxaraq qeyd edim ki, Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünki əsl yazıçılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır.

 

No description available.

 

Tunelin divarlarındakı müxtəlif şərti işarələr, seyflərdə saxlanan rəsmi sənədlər, əyri-üyrü xətlərlə yazılmış şifrəli məktublar, xüsusi xəritələr, daşnak partiyasına aid döş nişanları, emblemlər, erməni terrorçularının Sovet məkanından kənarda fəaliyyət göstərən şəxslərlə iş birliyi bir çox məqamları üzə çıxarır. Bundan başqa, divar boyu düzülmüş xüsusi şkaflardakı pereparatlar, təbabətdə müxtəlif təyinatlar üzrə işlədilən qablar, üstündə müxtəlif qan qruplarının adı yazılmış içi dolu şüşələr, cərrahiyyədə işlədilən tibbi ləvazimatların tapılması bir çox qaranlıqlara aydınlıq gətirir. Bu işlə məşğul olan cinayətkarların "yuxarı"dan tapşırıq alması və himayə edilməsinin şərhə ehtiyacı  yoxdur.

 

Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlanla ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyarət edən ana qisas almaq üçün planlar cızır   oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natellanı son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dönən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o, dərk edir ki, bu, haqsızlığa qarşı yönələn insanlığın faciəvi üsyanıdır. O, baş qaldıranda insan günahkarları bağışlamaq hissini unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin qucağında can verən erməni qızı Natellanın: "Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstümdə yarpızlar əkərsən... Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq", - deməsi bunun əyani sübutudur.

 

Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkrli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduqlarını əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır.

 

Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.

 

Əfqanıstan müharibəsi tam qurtarmamış Qarabağ münaqişəsinin başlaması əsərin qəhrəmanı Muradxanı uzaq ellərdən Qarabağa gətirir. Onun ən qızğın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülün sağ qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri xalqımızın birliyinin simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əllər yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir.

 

Müəllifin təsvir etdiyi hadisələr,  Azərbaycana və Azərbaycan türklərinə qarşı imperiyanın riyakar və işğalçı siyasəti, erməni faşizminin, qəddarlığının uğurlu təqdimatı ilə diqqət çəkir. Naibə xanımın qeyd etdiyim hər üç əsərinin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin təntənəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi, həyatımızda da öz yerini alacaq.

 

Bu əsərləri ilə qələbəmizə, Azərbaycanımızın birliyinə inamımızı gücləndirməyə çalışan Naibə Yusifə sonsuz təşəkkürlərimi bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək yolunda yeni uğurlar diləyirəm.

 

Nəcibə İLKİN

Şair-publisist, AYB və AJB-nin üzvü

 

525-ci qəzet.- 2021.- 11 fevral.- S.12.