Ağoğlan ziyarəti
Fevralın 6-da Azərbaycanın Alban-udi xristian
icmasının nümayəndələri Laçın rayonu ərazisində
yerləşən qədim alban məbədi Ağoğlan
monastırını ziyarət ediblər. Səfər
Müdafiə Nazirliyi tərəfindən təşkil edilib.
Tədbirə Alban-udi xristian icması ilə
yanaşı, Vətən müharibəsində iştirak
etmiş udi gəncləri də qatılıb.
180 ildən
sonra ilk dəfə
Alban-udi
xristian icmasının sədr müavini Danakari Rafik Araminin
sözlərinə görə, 180 ildən sonra ilk dəfə
Ağoğlan məbədini ziyarət ediblər: "Bu kilsəni
bizim ulu babalarımız ziyarət ediblər. Biz
illər sonra həm icma nümayəndələri, həm də
Vətən müharibəsində iştirak edən əsgərlərlə
bura gəlib ziyarət etdik, dualar oxuduq, mumlar yandırdıq.
Allaha şükürlər etdik ki, müharibə
bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid
olanlar üçün dualar oxuduq, yaralıların şəfa
tapmasını arzuladıq".
Azərbaycandakı
bütün məscidlər, kilsələr və sinaqoqlar
xalqın irsidir
İcmanın sədr müavini Azərbaycanın
multikultural ölkə olmasını bu gün dünyaya bir
daha sübut etdiklərini vurğulayıb.
O qeyd edib
ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr
və sinaqoqlar Azərbaycan xalqının irsidir:
"Ağoğlan
məbədində ermənilərin işğal müddətində
etdikləri dəyişiklərə də toxunan sədr
müavini monastırın mehrabının təhrif edildiyini
diqqətə çatdırıb: "Alban məbədlərində
mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən
hündürlüyündə olur. Burda
hündürlüyün artıq olduğunu gördük.
Bundan başqa, xaçdaşları dəyişiblər.
Divarlara erməni xaçları çəkiblər.
Lakin binanın özünün konstruksiyası
göstərir ki, bura alban məbədidir".
Monastır
kompleksi daha qədim politeist məbədinin yerində inşa
edilib
Ağoğlan monastırı (və ya "Sisərnəvəng")
Ağoğlan çayının sahilində, Laçın
şəhərinə yaxın ərazidə, Kosalar kəndində
yerləşən, V-VI əsrlərə aid bazilikadır. Əfsanəyə
görə, monastır kompleksi daha qədim politeist məbədinin
yerində inşa edilib. Xristian inancına
görə isə monastırda Müqəddəs Georginin
relikviyası saxlanılıb. Monastırın
Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı
- Ağoğlan monastırı - abidə
yaxınlığından keçən kiçik dağ
çayının adı ilə əlaqəlidir. 1613-cü ildə monastırı əhatə edən
qala divarları möhkəmləndirilib və tağlı əsas
giriş qapısı inşa edilib. Bu haqda
məlumatın əks olunduğu kitabə 1989-1992-ci illər
arasında Laçın rayonunun Azərbaycanın nəzarətində
olduğu müddətdə yoxa çıxıb. Əsas kilsə binası və zəng qülləsi
1779-cu ildə təmir edilib. Bu haqda məlumat
verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa
çıxıb.
Laçın
rayonu 28 il işğal altında
qaldığı müddətdə isə ermənilər bu
monastırı da özününküləşdirməyə
çalışıblar. Monastırın
divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus
olduğunu əks etdirən daş kitabələr yerləşdirilib.
Halbuki kilsənin yerləşdiyi diyar tarix boyu
Oğuz və Qıpçaq türklərinin ana yurdu olub.
Monastırın tikilmə tarixi də ermənilərin
bu iddialarını alt-üst edir. Ermənilər
ərazini tərk edəndə isə yenə monastırda
quraşdırılan şamdanları və bəzi tarixi
materialları yox ediblər.
Ermənilər
Ağoğlan məbədini özününküləşdirməyə
çalışıblar
İcmanın sədri qeyd edib ki, Ağoğlan məbədi
kifayət qədər böyük ölçülərə
malikdir. Plan baxımından üç nefli olan
düzbucaqlı bazilikadan ibarətdir. İbadət
zalının bütün nefləri silindrik formalı
tağlarla örtülmüşdür. İnteryer
baxımından bazilika möhkəm yerli daş olan bazaltdan inşa
edilib. Tikilinin fasadının yan tərəfində
zala yeganə giriş oyuğu var. Fasadın hamar səthləri
yuxarı hissədə isə bir-birindən uzaq məsafədə
yerləşmiş ensiz pəncərə oyuqları ilə kəsilir
və zalın daxili məkanına bu oyuqlardan işıq
düşür. Ağoğlan məbədinin
daxili divarları yonulub iri, qara daşlarla üzlənib.
Vaxtilə divarlarda, mala üzərində tematik
çoxrəngli rəsmlər çəkilib.
Onların çox hissəsi zamanla silinsə də, şimal
divarında indiyədək qismən freska rəsmli fraqmentlər
qalmaqdadır:
"Zalın interyerinin yuxarı hissələrində
daş üzərində dekorativ oymalar tətbiq edilib. 1992-ci ildə
erməni qəsbkarları ərazini işğal etdikdən
sonra Ağoğlan məbədini özününküləşdirməyə
başlayıb, hətta adını dəyişib
"Sisernavank" qoyublar. Onlar məbədi
təmir etmək adı altında abidənin divarları
üzərində bir neçə daş yazıları, həmçinin,
xeyli sayda alban dövrünə aid ornament və rəmzləri
tamamilə silib, formalarını dəyişdiriblər.
Məbədin guya xristianlığın qriqoryan
məzhəbinə məxsusluğunu göstərən 26
yazı lövhəsini abidənin divarlarının müxtəlif
yerlərinə bərkidiblər. Saxtakarlıqlarında
daha da irəli gedən ermənilər kompleksin ümumi
giriş qapısının önündə İrəvandan gətirilmiş
xaçdaşlar basdırıb, binanın fasadını
söküb kirəmid və dəmirlə əvəzləyiblər.
2007-ci ildə İrəvan şəhərində Ermənistan
hökumətinin tapşırığı ilə erməni
yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan
kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə
Azərbaycan mədəniyyətinə və tarixinə
qarşı soyqırım siyasəti
yürütdürdüklərini bir daha əyani şəkildə
göstərdilər".
"İllər
sonra doğulduğum torpağı, vətəni görmək
sözlə izahı çətin olan möhtəşəm
hissdir"
Ağoğlan
monastırını ziyarətlə bağlı təəssüratlarını
bölüşən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədr müavini Gündüz
İsmayılov deyib ki, 28 il, 9 aydan sonra doğulduğu torpağı,
vətəni görmək sözlə izahı çətin
olan möhtəşəm hissdir:
"Mən Laçından məcburi köçkün
düşəndə 10 yaşım var idi. İndi
oğlumun 10 yaşı var. Xeyli vaxt keçib. Həyatımda çox şeylər dəyişib.
Hətta içimdəki vətən, torpaq dərdi,
həsrəti də yaşlanıb, ağırlaşıb, təzadlı
ağrıya çevrilib. Artıq buna son
qoyuldu. Açığı, son illər vətənimi
bir də görəcəyimə inamım
azalmışdı. Laçını bir
daha görəcəyimə inamım qalmamışdı.
Amma elə bil möcüzə baş verdi.
44 gün içərisində çox şey dəyişdi.
Ən əsası odur ki, biz millət olaraq birləşə,
döyüşə, qalib gələ və
qisasımızı ala bildik. Məğlub
sindromunu qırdıq. Bu, tək torpaq, vətən
müharibəsi deyildi. Mənəvi,
psixoloji savaş idi. Bu savaşdakı qələbəmiz
çox şeyi dəyişdi.
Hələ çox şeyi də dəyişəcək".
G.İsmayılovun
sözlərinə görə, Horadizdən Laçın
rayonundakı Ağoğlan məbədinə gedərkən
yol boyu gördükləri onu çox məyus edib:
"Yol boyu gördüyüm mənzərə çox
ürək ağrıdıcı mənzərə idi. Şəhərlər,
kəndlər erməni vandalları tərəfindən
dağıdılıb, xarabaya çevrilib. Həyat izləri itib. Bu mənzərə
məni çox məyus etdi. Ancaq
düşünəndə ki, dağıdılmış
torpaqlar yenidən canlanacaq, bu torpaqlara bir daha düşmən
ayağı dəyməyəcək, bax o zaman məyusluq
keçir. Laçın şəhəri
və doğulduğum Zabux kəndi koridorda yerləşdiyi
üçün sülhməramlıların nəzarətindədir.
Ona görə də kəndimizi yalnız yol
üstü görə bildim. 10 yaşımdan
çıxdığım yurdumu 21 il
sonra yenidən gördüm. Vətənin hər
qarıcı, torpağı, daşı, yollar, dağlar, dərələr
insana necə doğma gəlir. Üzərindən
bu qədər illərin keçməsinə baxmayaraq".
Erməni
vandalizminin qurbanı-Ağoğlan məbədi
Azərbaycan Alban-udi xristian dini icmasının sədri
Robert Mobili qeyd edib ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən
biri də Ağoğlan monastırıdır. Bu monastır Ağoğlan
çayının sahilində, Laçın şəhərinə
yaxın ərazidə yerləşir və V-VI əsrlərə
aiddir. Abidə müxtəlif vaxtlarda
uçqun və dağıntılara məruz
qaldığından IX əsrdə yenidən inşa edilərək
forma etibarilə monastır üslubuna
uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən
bünövrələri olduğu kimi saxlanılıb,
divarları yenilənib:
"Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən
işğal olunduqdan sonra burada Azərbaycan türklərinin
minilliklər ərzində yaratdığı tarixi və mədəni
abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan
edilib. Azərbaycanın qədim türk boylarına, həmçinin,
Alban dövlətinə aid abidələr
dağıdılıb. Alban kilsələri
ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə
çevrilib. Ağoğlan monastırı
da belə saxtakarlığa uğradı. Ermənilər
monastırı özününküləşdirmək
üçün onun memarlıq quruluşu və interyerinə
qeyri-qanuni olaraq dəyişiklik ediblər".
R.Mobilinin dediyinə görə, Azərbaycanda,
xüsusilə Qarabağda tarixi alban məbədlərinin
böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə
yanaşı, arxiv materialları və sənədlər
saxtalaşdırılıb. Alban irsinin, o cümlədən,
yaşı yüz illərlə, hətta min illərlə
ölçülən Alban məbədlərinin
qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın
dövlət siyasətinə çevrilib. Bunun nəticəsidir
ki, indiki Ermənistan ərazisində və Azərbaycanın
işğaldan azad edilən torpaqlarında heç bir alban məbədi
saxlanılmayıb:
"Ermənistan ya
Alban məbədlərinin arxitekturasını dəyişdirərək
qriqoryanlaşdırıb, ya da arxitekturasını dəyişdirə
bilmədiyi məbədləri dağıdıb".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.-10
fevral.- S.10.