Dəyərli ənənələrin bərpası
Azərbaycan Bəstəkrlar
İttifaqının yeni işıq üzü görən nəşrləri
barədə qeydlər
Hər
bir sahədə ənənələrin qorunması
keçmiş ilə bu günün qırılmaz
bağlayıcısı, eyni zamanda, inkişafa aparan zəfərli
yoldur. Buna bariz
nümunə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, YUNESKO-nun sülh
artisti, dünya şöhrətli bəstəkarımız
Firəngiz Əlizadənin təşəbbüsü əsasında,
uzun illər bundan öncə bəstəkarlar haqqında
kitabçaların dərc olunmasına yenidən
başlanılması aiddir.
Azərbaycan Bəstəkarlar İttifaqı
yarandığı vaxtdan bu günə kimi musiqi mədəniyyətinin
inkişafında çox əhəmiyyətli və zəruri
rol oynayır.
Bu musiqi ocağında hər il bir sıra
tədbirlər: plenumlar, baxışlar, müsabiqələr,
bəstəkarlar və musiqişünasların
yaradıcılıq gecələri və ya müəllif
konsertləri, musiqişünasların yeni kitablarının təqdimatı
keçirilir. Onu da qeyd etməliyik ki, bu tədbirlərdə
həm yaşlı, həm orta, həm də gənc nəsil
nümayəndələri, bəstəkar və
musiqişünaslar, ali və orta ixtisas musiqi müəssisələrinin
tələbələri, şagirdləri böyük sevinc və
fərəhlə iştirak edir, həmin tədbirləri rəğbətlə,
alqışlarla qarşılayırlar.
2019-cu ildə Bəstəkarlar İttifaqı tərəfindən
görülən işlər kifayət qədər
çoxdur. Bunlar içərisində musiqişünaslar tərəfindən
hazırlanaraq yeni çapdan çıxan kitabçaları
xüsusi qeyd etməyə dəyər. Məlumdur
ki, artıq neçə ildir, bu ənənə davam etdirilir.
Bu günə kimi çoxlu sayda bəstəkarın
yaradıcılığını işıqlandıran
işlər yazılmış və musiqi ictimaiyyətinə
təqdimatı keçirilmişdir. Ənənəyə
sadiq qalaraq bu dəfə də Firəngiz xanımın
tapşırığı ilə kitabçaların
yazılmasına start verildi. Musiqişünaslarımız
tərəfindən yazıya alınan kitabçalarda təkcə
bəstəkarların yaradıcılığı deyil, həmçinin,
musiqişünasların da yaradıcılığı
işıqlandırılır. Beləliklə,
çap olunan 19 kitabçadan 3-ü bəstəkarlara,
16-sı isə musiqişünaslara həsr olunub. Onu da
xüsusilə qeyd etməliyik ki, nəfis şəkildə
çap olunan kitabçaların hər biri 1 çap vərəqi
həcmində olmasına baxmayaraq, burada qəhrəmanın həyatının
və yaradıcılığının əsas istiqamətləri,
yazdığı əsərləri öz əksini tapıb.
Kitabçalarda haqqında söz açılan bəstəkarlardan
biri Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar
Hacı Xanməmmədovdur. Əsərin müəllifi
musiqişünas, əməkdar incəsənət xadimi, Bəstəkarlar
İttifaqının katibi, professor Zemfira Qafarova bəstəkarın
parlaq yaradıcılıq səhifələrini, onun "Bir dəqiqə",
"Bütün ərlər yaxşıdır"
operettalarını, vokal süitalarını, vokal-simfonik,
xalq çalğı alətləri orkestri üçün
yazılmış əsərlərini, mahnı və
romanslarını təhlilə cəlb edib. Kitabçalardan
biri bəstəkar, incəsənət xadimi, professor
Azər Dadaşova həsr olunub. Musiqişünas
Natalya Dadaşova tərəfindən qələmə
alınan bu tədqiqat işi bəstəkarın həyat-yaradıcılığının
bütün səhifələrini əhatə edir.
İyirmi ildən çox zamanda Türkiyənin İstanbul
şəhərində fəal bəstəkarlığı və
aranjimançı məharəti ilə şöhrət
tapan, Azərbaycan peşəkar musiqi məktəbinin nümayəndəsi
İlyas Mirzəyevin (müəllif Seyran Qafarov) də
yaradıcılığı tədqiqat işlərindən
birində öz əksini tapıb.
XX əsr müxtəlif sahələrdə öz
inkişafı ilə yadda qaldığı kimi
musiqişünaslıq elmi də bir sıra alimlər,
onların yaratdığı tədqiqatlar ilə inkişaf
edib. Əlbəttə, bu yolda əvəzsiz xidmət
göstərən çoxlu sayda
musiqişünaslarımız yetişib və sanballı
yaradıcılıq töhfələri ilə silinməz səhifələr
yazıblar. Onların tədqiqatları,
elmin inkişafına sirayət edən yeni inkişaf aspektləri
bu gün də musiqişünaslığın çiçəklənməsinə
əsas təkan verən qüvvədir. Məhz
bu araşdırmalar və tədqiqatlar nəticəsində
dahi Üzeyir Hacıbəyli tərəfindən əsası
qoyulan professional musiqişünaslıq elmimiz yeni inkişaf səviyyəsinə
qədər ucalıb.
Bu işdə əvəzsiz xidmət göstərən
alimlərimiz içərisində Məmmədsaleh
İsmayılovun adını xüsusilə qeyd etməliyik. Bu görkəmli
sənətkar sözün əsl mənasında
Ü.Hacıbəyli ənənələrini inkişaf etdirərək
həmin ənənələrin layiqli
davamçısıdır. Onun milli musiqi mədəniyyətinə
bəxş etdiyi "Azərbaycan xalq musiqisinin
janrları", "Azərbaycan xalq musiqisinin məqam və
muğam nəzəriyyəsinə dair elmi metodiki oçerklər"
monoqrafiyaları bu günə kimi demək olar ki, bütün
musiqişünasların stolüstü kitabıdır. Məmmədsaleh İsmayılov haqqında
kitabçanı çox hörmətli musiqişünas-alim
Səadət Seyidova yazıb. Yeri gəlmişkən
onu da qeyd edək ki, əsərlərdən biri də məhz
Səadət xanım haqqında (müəllif Dilbər Məmmədova)
yazılıb. Çox təəssüflər olsun ki, qəfil
ölüm Səadət xanımın da yaradıcılıq
işlərini yarımçıq qoydu.
Kitabçalar içərisində biz görkəmli
musiqişünas, pedaqoq, alim İzabella Vladimirovna Abezqauzun da
adını xüsusi qeyd etməliyik. Bu
musiqişünasın yaradıcılığı öz ictimai-mədəni
fəaliyyəti, novatorluğu ilə musiqi mədəniyyətində
özünəməxsus yer tutaraq bir sıra töhfələri
ilə musiqi xəzinəsini zənginləşdirib. Onun
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət
Hacıyevin yaradıcılığına həsr olunmuş
kitabları eləcə də çoxlu sayda məqalələri
buna parlaq nümunədir. İzabella Abezqauz haqqında
tanınmış musiqişünas, əməkdar incəsənət
xadimi, professor Aida Tağızadə
yazıb. Kitabçalar içərisində biz
Aida xanım haqqında yazılan işi də göstərə
bilərik (müəllif Zümrüd Dadaşzadə).
Aida xanım çağdaş dövrün musiqi mədəniyyətini
işıqlandıran əsərlər ilə yanaşı,
"XX əsr Azərbaycan musiqisi"ni, Cövdət
Hacıyevin, Rauf Hacıyevin, Soltan Hacıbəyovun və
başqalarının yaradıcılığını əks
etdirən monoqrafiyaların, musiqi nəzəriyyəsi aspektində
çoxlu sayda məqalələrin müəllifidir.
Tədqiqat
işindən biri də Azərbaycanın musiqi mədəniyyətini,
Cövdət Hacıyevin, Qara Qarayevin, Tofiq Quliyevin
yaradıcılığını, eləcə də Qliyerin əsərlərində
orientalizmin və sair mövzuların
araşdırılmasına həsr olunmuş monoqrafiyaların
müəllifi XX əsr musiqişünaslığında
xüsusi yeri olan alim Nailə Mehdiyevaya (müəllif Cəmilə
Həsənova) həsr olunub.
Müəllimlik ilə elmi tədqiqat sahələrini
bir-biri ilə üzvi surətdə həmahəngləşdirən
Solmaz Qasımovanın (müəllif Zemfira Abdullayeva) da
yaradıcılığı tədqiqat obyektinə
çevrilib.
Yaradıcılığının əsas hissəsini
Üzeyir Hacıbəylinin əsərlərinin tədqiqinə
həsr edən musiqişünaslardan biri də Elmira
Abbasovadır (müəllif Nigar Əliyeva). Onun
"Üzeyir Hacıbəyov", "Üzeyir Hacıbəyovun
operası "Leyli və Məcnun", "Üzeyir
Hacıbəyovun "Koroğlu" operası"
monoqrafiyaları ilə yanaşı, "Səid Rüstəmov",
"Qurban Primov" və digər əsərləri musiqi mədəniyyətimizin
parlaq səhifələrini təşkil edir.
Milli musiqişünaslıq elminin inkişafında əvəzsiz
xidmət göstərən Ramiz Zöhrabovun və Elxan
Babayevin də yaradıcılığı diqqət mərkəzində
olub. Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq
doktoru Ramiz Zöhrabovun (müəllif Leyla Zöhrabova)
yaradıcılığı əsasən
muğamşünaslıq elminin inkişafına onun müxtəlif
növlərinin tədqiqinə həsr olunub. Lakin bununla yanaşı, biz onun həm bəstəkarlarımız
haqqında, həm də musiqi həyatında baş verən
hadisələri işıqlandıran yazıları ilə
tanışıq. Sənətşünaslıq doktoru,
professor Elxan Babayevin (müəllif Aynur Elxanqızı) Azərbaycan
muğamlarının intonasiya və ritmintonasiya problemlərinə
həsr olunmuş kitabları bu gün də öz
aktuallığını qoruyaraq, Azərbaycan
muğamını tədqiq edən bir çox
musiqişünasların elmi əsərlərində istifadə
olunur.
Pedaqoji fəaliyyəti, eləcə də nəzəri
musiqişünaslığı inkişaf etdirən zəngin
yaradıcılıq səhifələrini
işıqlandırmış alimlər içərisində
Gövhər Hüseynova (müəllif Elnarə Dadaşova) və
Şəhla Mahmudova (müəllif İradə Köçərli)
xüsusi yer tutur.
Nəşr olunan nümunələr içərisində
biz bu gün öz parlaq yaradıcılığı ilə
musiqişünaslığımızın zəngin səhifələrini
davam etdirən alimlərə həsr olunmuş əsərləri
göstərməliyik. Bunlar içərisində musiqişünas Tamilla
Hüseynovanın (müəllif Sevda Hüseynova), Tahirə
Yaqubovanın (müəllif Fəttah Xalıqzadə), Tariyel Məmmədovun
(müəllif İnna Pazıçeva), Həcər
Babayevanın (müəllif Səadət Təhmirazqızı),
Ülviyyə İmanovanın (müəllif Kəmalə
Ələsgərli) adları qeyd olunmalıdır.
2020-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqının nəşr etdirdiyi işlərdən
biri də "Tofiq Bakıxanovun baletləri" adlı
kitabıdır. Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Günay Məmmədovanın tərtibatçılığına
əsaslanan kitabda görkəmli bəstəkar, Xalq artisti
T.Bakıxanovun balet yaradıcılığını əhatə
edən məqalələr, baletlər haqqında tədqiqatçıların
yazısı, görkəmli şəxsiyyətlərin onun
haqqında dedikləri yüksək fikirlər, baletlərinə
aid fotoşəkillər öz əksini tapır.
Gördüyümüz
kimi, haqqında söz açdığımız bəstəkar
və musiqişünasların
yaradıcılığını əhatə edən kitablar
bu musiqi xadimlərinin həm həyat səhifələrinin əsas
tarixlərini, həm də yaradıcılığı boyu
yazdığı əsərləri, əldə etdiyi nailiyyətləri
təqdim etməklə yanaşı, onların yazılı
şəkildə uzun illər saxlanılmasına, gələcək
nəslə ötürülməsi, eləcə də digər
musiqişünaslar tərəfindən tədqiq olunması
üçün əsas mənbə, əyani vəsait və
stolüstü əsərlərdir. Bu uğurlu işin ərsəyə
gəlməsinə görə ilk növbədə müəllifləri
təbrik edir, Firəngiz xanım Əlizadə başda
olmaqla, Azərbaycan Bəstəkarlar İttifaqının
bütün işçi heyətinə, kitabların redaktoru
Zemfira Qafarovaya təşəkkürümüzü bildirərək,
yeni uğurlar diləyirik.
Leyla ZÖHRABOVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 10 fevral.- S.18.