Şəhidlik xilaskarlıq zirvəsindəki Mehdimiz  

 

 

Mehdi Zaman oğlu Fərzullazadə haqqında nəsə yazmaq düşündüyümdən çətin oldu mənimçün. Təkcə ona görə yox ki, Mehdi anadan olduğu 27 iyul 1995-ci ildən gözümün önündə böyümüş bacım oğludur. Əlbəttə, bu da öz təsirini göstərirdi. Amma ən çox ona görə ki, beynimin bir yarımkürəsi deyirdi, axı sən yox, əksinə, gərək o,  sənin haqqında belə xatirə yazaydı... Digər yarımkürə isə məni yazmağa sövq edirdi... Niyə?.. Yazının sonunda məlum olacaq...

 

***

 

...Uşaqlıq illəri hələ gözümün önündən getmir. Körpəlik yaşlarından heyrət doğuracaq bir xüsusiyyəti vardı. Demək olar heç ağlamırdı. Bu vaxta qədər onun qədər sakit uşaq rastıma çıxmayıb. Məsəl var, uşaqlar yıxıla-yıxıla böyüyərlər. Mehdi az yıxılmırdı, amma di gəl ki, heç vaxt onu hönkürtü ilə ağlayan görmədim.

 

Orta təhsilini yalnız Bülbülə qəsəbəsinin deyil, o zamanlar bütün Bakı şəhərinin ən güclü məktəblərindən biri sayılan 208 saylı tam orta məktəbdə, 2002-2012-ci illərdə almışdı. Məktəb illərində idman yarışlarında, əsasən futbolda qazandığı uğurlara görə aldığı xeyli sayda fəxri fərmanları var.

 

Hərbi xidmətini 2013-2015-ci illərdə Şəmkir korpusunda keçirmişdi. Murov yüksəkliyini qoruyan igidlərimizdən biri idi. "Döyüş ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə" komandanlıq tərəfindən fəxri fərmanla təltif edilmişdi. Əgərlikdən qayıdıb mülki həyatın sərbəstliyini düz-əməlli dadmadan, o dəqiqə özünə axtarmağa başladı. Avtoservisdə usta köməkçisi kimi işə düzəldi. Tezliklə işinin sirlərinə yiyələndi. Sevinirdim ki, yalnız qara işlə, pul qazanmaqla məşğul olmurdu, həm işini çox sevirdi, daxilində güclü yaradıcılıq eşqi, yenilik etmək şövqü vardı. Bəlkə elə bu şövq onu başqa bir ustanın yanına getməyə həvəsləndirdi. Bir müddət keçəndən sonra anasından - bacım Elviradan eşitdim ki, ikinci işinin sirlərinə çox qısa vaxtda yiyələnib. Hətta ustası deyirmiş, Mehdi təkbaşına öz kiçik biznesini qura bilər... qurmağa hazırlaşırdı da...

 

2020-ci ilin iyulunda Tovuzda düşmən təxribatı nəticəsində bir neçə əsgər zabitimizin, xüsusilə general-mayor Polad Həşimovun şəhadət xəbəri hamımıza çox pis təsir etmişdi, əlbəttə. Mehdi isə əməlli-başlı özünə yer tapmırdı. Könüllü olaraq ordu sıralarına yazılmışdı. Sentyabrın 21-də Suraxanı hərbi komissarlığı tərəfindən döyüş təlimlərinə çağırılmış, Vətən müharibəsinin başladığı ilk gündən hücum əməliyyatlarına qatılmışdı. Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində döyüş yolu keçmiş, 41 gün ərzində mənfur düşməni "iti qovan kimi" torpaqlarımızdan qovan cəsur döyüşçülərimizdən biri olmuşdu. Bu müddət ərzində ara-sıra baş tutan telefon danışıqlarında həmişəki kimi çox danışmırdı, yalnız bunu hər dəfə deyirdi ki, "irəli gedirik, düşməni əzirik". Anasına isə heç onu da demirdi: "Hər şey yaxşıdı, ana, mən döyüşmürəm, postda durmuşam".

 

Sonralar, bölük komandiri leytenant İlkin Rzaquliyev bizə danışırdı ki, necə rəşadətlə, düşmən gülləsindən zərrə qədər qorxmadan vuruşurmuş bizim Mehdi...

 

Ən yaxın cəbhə yoldaşı Firudin Seyidovun dediyinə görə, Mehdi döyüş zamanı qədər ağır vəziyyətdə olursa olsun, yaxınlıqdakı yoldaşının köməyinə çatmağa həmişə hazır idi. Beləcə neçə-neçə döyüş yoldaşına ilk tibbi yardım göstərək ölümdən xilas etmişdi. Döyüş başlayan kimi isə dərhal düşmən üstünə şığıyırdı, elə bil həmişəki sakit oğlan deyildi. Füzulinin Qacar, Yuxarı Əbdürrəhmanlı, Veysəlli, Qaraxanbəyli kəndlərinin, həmin bölgədə yerləşən bir neçə strateji yüksəkliyin azad edilməsi əməliyyatlarında, eyni zamanda, yaralı silahdaşlarının xilas edilməsində böyük xidməti olmuş, xüsusi igidliklər göstərmişdi. Nəhayət... Noyabrın 7-də Xocavənddəki 612-ci yüksəkliyin azad edilməsi uğrunda döyüşdə minomyot mərmisinin qəlpəsil yara alıb şəhadətə yetmişdi...

 

Əziz, unudulmaz Mehdimizin şücaəti, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Mehdi Fərzullazadə "Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medallarıilə təltif olundu.

 

***

 

İndi isə lap əvvəldəki "niyə?" sualına cavab vermək vaxtı yetişdi. Onun adını nənəsi - bütün müqəddəs islam ziyarətgahlarını ziyarət etmiş rəhmətlik Zərxanım bibim vermişdi. Biz azərbaycanlı müsəlmanların tam əksəriyyəti üçün Mehdi Sahibəz zamanın kim olduğunu geniş izah etməyə ehtiyac yoxdur - o, sonuncu imam, axirət günündən öncə zühur edib, bizi bütün əziyyətlərdən qurtaracaq müqəddəs xilaskardır. Hacı, kərbəlayi olan nənəsi məhz ona işarə edərək, Zamanın oğluna, yəni öz nəvəsinə Mehdi adını vermişdi. Nəticədə şəhidimizin adı Mehdi Zaman oğlu olmuşdu. Görəsən, nənə bilirdimi ki, bu adla ilk gündən nəvəsinin gələcək həyatını müəyyənləşdirirdi?! Axı sonrakı bütün təqvalı -  namazlı, oruclu həyatı boyunca Mehdinin əsas işi, həyatının başlıca məqsədi ətrafında ona ehtiyacı olanlara əlindən gələn köməyi göstərmək olmuşdu. Qohum-əqrəbada, qonşuluqda keçirilən bütün irili-xırdalı məclislər onsuz keçmirdi. Dinməz-söyləməz hər yerə qaçırdı, hər işin qulpundan tuturdu bir dəfə olsun yoruldum demirdi. Kiməsə kömək etmək üçün ona ağız açmaq lazım deyildi, əlindən gələn bir idisə, özü gedirdi... Buna görə , orduya könüllü yazıldığını biləndə, şəxsən mən, dayısı olaraq, qətiyyən təəccüblənmədim...Vətənin ağır günündə ona ağız açmasını gözləmədən köməyinə qoşdu, düşmənlə əzizlərinin, qohum-əqrabasının, bütün xalqının arasında Mehdi özünü sipər etdi - yəni bizim xilaskarlarımızdan oldu!

 

İnsanın içində belə bir xilaskar döyüşçü haqqında yazı yazmaq ehtiyacından təbii ola bilər?! Məhz bu daxili ehtiyac hissi idi qədər çətin olsa da, məni yazmağa sövq edən...

 

Sonda həyatımın kiçik bir epizodunu buraya həkk etmək istəyirəm. Əvvəllər o qədər əhəmiyyət vermədiyim, amma son günlər məni rahat buraxmayan epizod... Bir dəfə Mehdini götürüb, Bülbülə qəbiristanlığına, valideynlərimizin qəbirlərini səliqə-sahmana salmağa getmişdim. Rəhmətlik atamın, onun babasının qəbrini tikan-qanqaldan təmizləyə-təmizləyə ağızucu dedim ki, bir vaxt gəlib mənim qəbrimi beləcə təmizləyərsən... Bunu deyəndən sonra baxışlarımız qarşılaşdı. Mehdinin reaksiyasını o vaxt anlaya bilmədim. Həmişəki kimi yenə susmuş, yalnız qəribə bir təbəssüm qonmuşdu üzünə...

 

Belə bir fikir var ki, şəhidlər çox öncədən duyub-bilirlər öz talelərini... Əcaba, Mehdi o zaman öz qismətində şəhadət olduğunu bildiyinə görəmi mənim sözlərimə gülümsəmişdi?!

 

Etibar KƏRİMLİ

Yazıçı, publisist,

AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin böyük elmi redaktoru

 

525-ci qəzet.- 10 fevral.- S.20.