Nümunə sayılası insan
On səkkizinci
yüzilliyin məşhur fransız filosofu, ensiklopedik zəka
və böyük təfəkkür sahibi, aforizmə bənzər
deyimləri ilə insan ruhunu həyəcanlandıran Helvetsi
yazırdı: "Tərifə layiq olan insanları tərifləmək olduqca çətindir".
Əlisa müəllim haqqında düşüncələrə
dalarkən yadıma düşən ilk fikir nədənsə
elə bu oldu.
Bu fikrə etiraz etmək, onun həqiqiliyini
şübhə altına almaq olduqca çətindir.
Doğrudan da, tərifəlayiq insanların mənəvi
dünyası o dərəcədə zəngin,
çoxşaxəli və mürəkkəb olur ki, ən
gözəl bəlağət, ən zəngin nitq, ən
qüdrətli məntiq belə həmin insanların
bütün cəhət və xüsusiyyətlərini, daxili
və xarici keyfiyyətlərini təfərrüatı ilə
açıqlamaqda, onların tamamlanmış
obrazlarını yaratmaqda aciz qalır. Buna
görə də, mən haqqında söz
açacağım insanı tərifləməkdən vaz
keçib, onun barəsində söyləyəcəyim ürək
sözlərimə heç bir rəng vurmadan oxucu diqqətinə
çatdırmağa çalışacağam.
Etiraf edim ki, mən ümumiyyətlə, xatirə
yazmağı xoşlamıram, ancaq bəzi hallarda istisnalara da
yol verirəm.
Bu, yalnız o hallarda olur ki, haqqında xatirə
yazdığım insan ruhuma son dərəcə yaxın olur,
qəlbimdə ona hörmət və məhəbbət
yaşadıram. Məni insanın fərdi
həyatından daha çox ictimai həyatı
maraqlandırır. Buna görə də, mənim fikir və
düşüncələrimin predmetini maraq dairəmə
daxil olan insan həyatının təmtəraqlı məqamları
deyil, onu yetişdirib ərsəyə
çatdırmış cəmiyyət üçün nə
dərəcədə əhəmiyyətli olması, insan və
insanlıq naminə hansı funksiyaları yerinə yetirməsi,
hansı mənəviyyatın, şərəf və ləyaqətin
sahibi olması maraqlandırır. Bu baxımdan
fəlsəfə elmləri doktoru, professor Əlisa Əhmədov
ən çox diqqətçəkən adamlardandır.
Mən də bu yazımda onun haqqında
danışmaq istəyirəm. Əvvəla,
Əlisa müəllimin həyat yoluna qısaca da olsa nəzər
yetirək.
Professor
Əlisa Əhmədov Ağsu rayonunda, Çiyni kəndində
doğulmuş, 1963-cü ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini uğurla başa
vurduqdan sonra yenidən doğulduğu doğma yerlərə
qayıdaraq orada orta məktəbdə müəllim və tədris
işləri üzrə direktor müavini işləmişdir.
Lakin elmi işə olan hədsiz marağı onu yenidən
Bakıya qayıtmağa sövq etmiş, geniş
düşüncə tərzi, həyatı dərindən dərk
etmək marağı onda ixtisasını dəyişib
filosof olmaq həvəsi oyatmışdır. Qəlbində
müdriklik elmi olan fəlsəfəyə yaratdığı
maraq onu Azərbaycan Respublikası EA Fəlsəfə və
Hüquq İnstitutuna çəkib gətirmiş və o, həmin
institutun əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı başa vurduqdan sonra 1975-ci ilədək
həmin institutda kiçik elmi işçi vəzifəsində
işləmiş, 1972-ci ildə üzərində işlədiyi
namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə
elmləri namizədi alimlik dərəcəsi
almışdır. 1975-1981-ci illərdə "Azərbaycan
kommunisti"
jurnalı redaksiyasında "Fəlsəfə" şöbəsinin
müdiri vəzifəsində işləmişdir. Müəllimlik fəaliyyətinə
üstünlük verən Əlisa Əhmədov 1981-ci ildə
iş yerini dəyişərək Azərbaycan Memarlıq və
İnşaat Universitetinin İctimai fənlər kafedrasına
keçmiş və bütün sonrakı həyatını
bu universitetin kollektivi ilə bağlamışdır. O, bu
universitetdə baş müəllim, dosent və nəhayət,
professor vəzifələrini tutmuşdur.
Mənim Əlisa müəllimlə ilk
tanışlığım 1978-ci ildə, o, "Azərbaycan
kommunisti" jurnalında çalışarkən baş
vermişdir. Yaxşı yadımdadır, "Dialektika və
müasir elmi idrak" mövzusunda bir məqalə
yazmışdım. O zaman hələ filosoflar arasında
bu mövzuda məqalə yazmaq dəb halını
almamışdı. Respublikada fəaliyyət
göstərən filosofların çox böyük əksəriyyəti
öz elmi araşdırmalarını etika, estetika, tarixi
materializm, qismən də fəlsəfə tarixi məsələlərinə
həsr edir, daha mürəkkəb səciyyə daşıyan
təbiətşünaslığın fəlsəfi problemləri,
dialektik təfəkkür, elmi idrakın metodoloji məsələlərinin
tədqiqinə girişmirdilər. Mən fizika və fəlsəfə
ixtisasları üzrə mütəxəssis olduğumdan elmi təfəkkürün
dialektikasının
və təbiətşünaslığın fəlsəfi
problemlərinin qovşağında yazılmış məqaləmi
o dövrdə prioritet jurnallardan sayılan "Azərbaycan
kommunisti" jurnalında çap etdirməyi qərara
aldım. Həcmcə böyük olan məqaləmi
götürüb jurnalın redaksiyasına getdim.
Bunu da deyim ki, adı çəkilən jurnalda məqalə
çap etdirmək o qədər də asan deyildi.
Jurnalda gedən məqalələr Mərkəzi Komitənin
nəzarəti altında olub, ideoloji şöbənin icazəsi
ilə çap olunurdu.Mənə lazım olan otağın
qapısını açıb içəri girdikdə stol
arxasında cavan, sifətindən nur yağan bir adamın
oturduğunu gördüm, Əlisa müəllim olduğunu
soruşduqda " bəli" cavabını eşidib ona
yaxınlaşdım. Düzü, onu birinci dəfə
görürdüm. Respublikada ,
xüsusilə Bakıda fəaliyyət göstərən
filosofların əksəriyyətini yaxşı
tanıyırdım . Halbuki Əlisa müəllimi
birinci dəfə görürdüm.Özüm Bakı
Dövlət Universitetində Müdafiə
Şurasının elmi katibi olduğum halda onu
tanımamağıma təəccüb qalmışdım.
Tanış olduq, məni
tanıdığını söylədi və məlum oldu
ki, namizədlik dissertasiyasını Bakı Dövlət
Universitetində deyil, Azərbaycan Elmlər Akademiyasının
Fəlsəfə və Hüquq İnstitutunda müdafiə
etmişdir. Məqaləmi təqdim edəndə onun
adına diqqətlə baxıb: "Maraqlı, aktual ,həm
də mürəkkəb mövzudur" - dedi. Dediklərinə: "Siz təbiətşünas
filosof olduğunuz üçün bu qəbildən olan
mövzular sizin ruhunuza daha yaxın olmalıdır" sözlərini
də əlavə etməyi unutmadı. Məqaləm
tezliklə jurnalda çap olundu və mən Əlisa Əhmədovun
timsalında özümün yeni həmkarımı və
dostumu tapdım.
Əlisa müəllim 2000-ci ildə mürəkkəb
bir fəlsəfi problem üzrə doktorluq dissertasiyası
müdafiə edərək fəlsəfə elmləri doktoru
alimlik dərəcəsinə layiq görüldü. Tezliklə professor
attestatını da aldı.Bizim həyat yollarımız yenidən
kəsişdi: bu dəfə Bakı Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərən və fəlsəfə
elmləri doktoru alimlik dərəcəsi verən Dissertasiya
Şurasında.Yüksək insani keyfiyyətlərini və
elmi məhsuldarlığını nəzərə alıb,
onun Dissertasiya Şurasının üzvlüyünə namizədliyini
irəli sürdüm və Şuranın sədri, mərhum
akademik Fuad Qasımzadə də mənim fikrimlə
razılaşdı. Beləliklə, professor Əlisa Əhmədov
2001- 2003 və 2006-2008-ci illərdə
Dissertasiya Şurasında onun üzvü kimi fəaliyyət
göstərdi. Qeyd edim ki, alimin əsl siması
özünü Dissertasiya Şurasında etdiyi
çıxışlarda , yazdığı monoqrafiya və məqalələrin
sanbalında və tələbə audito-riyasında
oxuduğu mühazirələrdə göstərir.Əlisa
müəllimin hər üç istiqamətdə fəaliyyəti
təqdirəlayiq olmuşdur.O, zahirən sakit, mülayim
adamdır, ətrafındakı insanlarla xoş münasibət
qurmağı və bu münasibəti sabit saxlamağı bacarır. Onun Dissertasiya Şurasındakı
çıxışları həmişə
özünün aydınlığı, problemə nüfuz
edə bilməsi, konkretliyi ilə fərqlənir.
Rəsmi
opponent kimi çıxış etdiyi hallarda obyektivliyi
, problemə düzgün yanaşa bilməsi ilə diqqəti
cəlb edir.Dissertasiya işi haqqında özünün arzu və
istəklərini , tənqidi mülahizələrini
prinsipiallıqla söyləməyi məharətlə
bacarır.
Bir alim kimi onun adı respublikanın elmi ictimaiyyətinə
yaxşı tanışdır. "Gözəlliyin keşiyində",
"Mənəviyyat, gözəllik, tərbiyə", "Estetiklik və etikliyin
qarşılıqlı münasibəti" ,
"Kulturologiya" ,"İdrak haqqında", "Nizami Gəncəvinin
hikmət dünyası" adlı monoqrafiya və
kitabları , müxtəlif toplularda və jurnallarda dərc
edilmiş 100-ə yaxın elmi məqaləsi onun alim qələminin
gözəl məhsullarıdır. Əlisa müəllimin
bir neçə məqaləsi Türkiyə
Respublikasının sanballı elmi jurnallarında dərc edilmişdir.Azərbaycan
Jurnalistlər
Birliyinin üzvü olan professor Əlisa Əhmədov
70-ə yaxın qəzet məqaləsinin müəllifidir. Azərbaycan Memarlıq və İnşaat
Universitetində 40 illik fəaliyyəti onun müəllimlik
isteda-dından, zəngin və hərtərəfli biliyini tələbələrə
məharətlə çatdıra bilmək qabiliyyətindən
xəbər verir. Tələbələr onu ürəkdən
sevir və həmişə hörmətini saxlayırlar.
Mən imkandan istifadə edib, onun daha
böyük və vacib bir keyfiyyətindən - insanlıq
keyfiyyətindən danışmaq istərdim. O,
mülayim, sadə, sakit, ünsiyyət qurmağı bacaran,
yersiz mübahisə etməyən, hər bir insana məhəbbətlə
yanaşan, yaxşını yamandan fərqləndirə bilən,
ona kömək üçün müraciət edən hər kəsə qanun və ədalət
prinsipləri daxilində kömək əlini uzadan bir
insandır. Mən hər dəfə Əlisa
müəllim haqqında düşünəndə Zərdüşt
peyğəmbərin tarixin mülkiyyətinə
çevrilmiş bir cümləsi
yadıma düşür: "İnsanın fikri də, nitqi
də, əməli də xeyirxah olmalıdır". İlahi
Əlisa müəllimi sanki Zərdüşt
peyğəmbərin sözlərini təsdiqləmək
üçün yaratmışdır. Onun fikri də, sözləri
də, əməlləri də insanda xeyirxahlığın nə
olduğunu görməyə imkan verir. Heç bir metaforaya yol
vermədən demək istəyirəm ki, Əlisa müəllimin
insanlığı cəmiyyətə nümunə ola biləcək
bir keyfiyyətdir. Professor Əlisa Əhmədov kimi ali insanlar
cəmiyyətimizdə yaşayan sadə adamlar yox, millətin
unikal sərvətləridir. Mənəvi dəyərlərin deqradasiyaya uğradığı
hazırkı zamanda biz Əlisa müəllim kimi insanları
yüksək tutmağı, onlara hörmət və sevgi ilə
yanaşmağı bacarmalıyıq.
Əlisa müəllimin insanlığa
nümunə ola biləcək mənəvi dəyərləri
çoxdur. Təsadüfi deyil ki, cəmiyyətimiz
və elmi ictimaiyyət onu yüksək qiymətləndirir.
Əlisa müəllim 2006-cı ildə Beynəlxalq Dinlərarası
və Dünya Sülh Federasiyasının təsis etdiyi
"Sülhməramlı səfir" diplomuna, 2012-cı ildə
Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçiləri Həmkarlar İttifaqı
Rəyasət Heyətinin qərarı ilə
"Qızıl qələm" media mükafatı laureatı adına, 2013-cü ildə
"Avropa Nəşr Mətbu Evi"nin təsis etdiyi "Ən yaxşı vətənpərvər
tədqiqatçı alim" qızıl medalına,
2016-cı ildə "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş nişanına layiq
görülmüşdür.
Ə.Əhmədov respublikamızda fəlsəfə
ixtisası üzrə elmi kadrların hazırlanmasında səmərəli fəaliyyət
göstərmiş, bir neçə doktorantın və
dissertantın elmi rəhbəri olmuşdur.
Əlisa
müəllimin həyat devizi belədir: yarat-yaşa. Bu insan yarada-yarada yaşayır, yaşaya-yaşaya
yaradır. Onun yaşadığı
ömür şərəfli ömürdür, çünki
bu ömür elmə və təhsilə, mənəvi mədəniyyətimizin,
ictimai şüurumuzun inkişafına həsr olunmuşdur.
Mən fəlsəfə
elmləri doktoru, professor Əlisa Əhmədov haqqında
mülahizələrimi tamamlayaraq bu böyük insana,
tanınmış alimə, fədakar filosofa, elimizi,
torpağımızı ürəkdən sevən böyük vətəndaşımıza
möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində
daha böyük uğurlar arzulayıram.
Əziz MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 12 fevral.- S.13.