Ədəbiyyat və cəsarət tərcümanı
ABBAS ZAMANOVUN
AMALI, ƏMƏLİ VƏ ƏSƏRLƏRİ
1960-cı ilin mart ayının axırı, yadıma gəlir,
Novruzdan sonrakı günlərdən biri idi.
Elmlər
Akademiyasının Kommunist (indiki İstiqlal) küçəsindəki
binasında Səməd Vurğunun anadan olmasının ildönümü
keçirilirdi.
O zaman mən
orta məktəbin 10-cu sinfində oxuyurdum və bir gənclik
həvəsi, marağı, hətta hərisliyi ilə
Bakıdakı ədəbi məclisləri izləyirdim.
Həmin mart günü Səməd Vurğunun o xatirə
gecəsində mən də Akademiyanın böyük iclas
zalında arxa sıralardan birində oturmuşdum.
Rəyasət
heyətində yazıçılarla bərabər, vəzifə
sahiblərinin də əyləşdiyi xatirə gecəsini
akademik Məmməd Arif açdı, sonra məruzə oxundu,
əvvəldən hazırlanmış bir neçə
çıxış oldu və gecənin sona yetəcəyi ərəfədə
Abbas Zamanov parterdən əlini qaldırdı.
Arif
müəllim təəccüblə:
-
Danışmaq istəyirsən? - soruşdu.
Abbas
müəllim ayağa qalxıb:
- Bəli!
- dedi və sözün verilməsini gözləmədən
qəti addımlarla gedib, səhnəyə qalxdı.
O vaxta qədər
mən Abbas Zamanovu çox görmüşdüm və bu
alçaqboylu, dolubədənli, ağır, sanballı
kişi səhnəyə qalxıb xitabət
kürsüsünün arxasına keçəndə də,
mənim heç vəchlə ağlıma gəlməzdi ki,
indicə eşidəcəyim çıxış Sovet Azərbaycanının
70 illik tarixində ən cəsarətli
çıxışlardan biri olacaq, illər, hətta onilliklər
bir-birini əvəz edəcək, o çıxış isə
yaddan çıxmayacaq.
"Qardaş olub Hayıstan - Azərbaycan!" kimi
süni mahnıların sədaları altındakı
yalançı (tarix bunu sübut etdi!) "xalqlar
dostluğu" şüarçılığı
mühitində Abbas Zamanovun o axşamkı
çıxışı sosialist Bakısının XX partiya
qurultayından bir neçə il keçdikdən sonra ətalət
içində mürgüləyən ictimai həyatında
günün günorta çağı çaxan qəfil
ildırım kimi bir şey oldu. Sonralar bu da məlum
oldu ki, o çıxış Azərbaycanın taleyində də
mühüm rol oynayıb.
Abbas
müəllim həmin odlu-alovlu çıxışında qədim
Azərbaycan diyarı Naxçıvanın başının
üstünə qara buludların
yığışdığından, erməni millətçilərinin
Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə
ciddi fəaliyyətə başlamalarından, Moskvada
onların havadarlarının olmasından danışdı və
rəyasət heyətində oturub özünü tamam
itirmiş (əlbəttə, sabah ondan izahat tələb
olunacaqdı!) bir vəzifəlinin (adı yadımdan
çıxıb):
-
Yoldaş Abbas Zamanov, biz bura Səməd Vurğunun xatirəsinə
toplaşmışıq! - sözlərinə
Abbas Zamanovun:
- Bəli,
yoldaş filankəs, biz bura Səməd Vurğunun xatirəsinə
toplaşmışıq və Səməd Vurğun da bu
gün sağ olsaydı, bax, bu xitabət kürsüsündən
deyərdi: " - Naxçıvan qədim Azərbaycan
torpağıdır! Qara niyyətlərinizdən əl
çəkin, daşnaklar! Naxçıvan
heç zaman ermənilərin olmayacaq!"
Və Abbas Zamanov xitabət kürsüsündən
düşüb, eləcə qəti addımlarla
addımlayaraq, parterdə öz yerində oturdu.
Elə bil ki, bütün zal hipnoz olmuşdu.
Və birdən o hipnoz keçdi, alqışın hərarəti
bütün zalı, hətta bütün o daş binanı
titrətdi.
İndi gözəl bir nostalji hissi ilə
xatırlayıram ki, mən də çoxları kimi ayağa
qalxıb, aşıb-daşan bir ehtirasla əl
çalırdım.
Mülayim
bir adam olan və başı daşdan-daşa dəymiş
(vaxtı ilə Mir Cəfər Bağırov onu "türk
şpionu" adlandırmışdı) rəhmətlik Arif
müəllim rəyasət heyətində ayaq üstə
dayanıb, zalın sakitləşməyini gözləyirdi,
zal isə sakitləşmək bilmirdi və nəhayət,
Arif müəllimin səsi eşidildi:
- Abbas Zamanov buradakı çıxışında hissə
qapıldı.
Mən inanıram ki, o, özü də bu
çıxışından peşman olacaq.
Bu zaman
Abbas müəllim yerindən qışqırdı:
- Çətin!..
Və bu bir kəlmə sözə görə yenidən
qopan alqış yenə aləmi lərzəyə saldı.
O gecə
həmin 10-cu sinif şagirdinin də ürəyini səbəbini
hələ dəqiq izah edə bilmədiyi bir qürur, fəxarət,
məğrurluq hissiyyatı bürümüşdü.
Və əlbəttə,
o zaman mənim ağlıma gəlməzdi ki, illər
keçəcək və aramızdakı otuz ildən
artıq bir yaş fərqinə baxmayaraq, Abbas müəllimlə
dost olacağıq.
2.
Bütün Azərbaycan o çıxışdan
danışırdı.
No
description available.
Mənim
yaxşı yadımdadır, həmin günlərdə bir
axşam Mehdi Hüseyn bizə gəlmişdi, atamın
otağında oturub həmişəki kimi söhbət edirdilər
və ədəbiyyat söhbətlərinə çox
maraqlı olduğum üçün (artıq hekayələrim
mətbuatda çap olunurdu), mən də fürsət
düşən kimi onların yanında oturub o söhbətlərə
qulaq asırdım.
Mehdi
Hüseyn dedi:
- Vəli
deyir ki, Abbasın çıxışı gedib
Xruşşova çatıb. Deyir Mikoyan
başda olmaqla, Moskvada doğrudan da, Naxçıvan məsələsini
qaldırıblarmış. Təklifləri
hələ xeyli qabaqlar Tevosyan hazırlayıbmış.
Abbasın çıxışından sonra, bu
məsələni gündəlikdən çıxarıblar.
Mehdi
Hüseyn, o zaman Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində
işləyən Vəli Axundovla dost idi və bu gizli söhbəti
də Mehdi Hüseynə o, danışmışdı.
Şuşadan
olan İvan Fyodoroviç Tevosyan isə Orcenikidzenin dostu,
Stalinin silahdaşlarından biri idi, uzun müddət
böyük vəzifələrdə, o cümlədən,
SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində
işləmişdi və o zaman, səhv etmirəmsə,
artıq vəfat etmişdi. Mən onun Bakıda
yaşayan bacısını tanıyırdım - bizim
tanınmış sənətçilərimizdən birinin
qaynanası idi.
İlyas Əfəndiyev Abbas Zamanovun xətrini çox
istəyirdi və çox da həyəcanla, daxili bir
ağrı-acı ilə o çıxışdan sonra Abbas
müəllimin aqibəti ilə maraqlanırdı və
tez-tez telefonla ona zəng edib hal-əhval tuturdu.
Xeyli
sonralar, 60-cı illərin axırlarında mən aspirant
olduğum zamanlar Abbas müəllimlə aramızda səmimi
bir münasibət yarananda, deyirdi:
- O vaxt
yaxın dostlarımın, tanışlarımın çoxu
küçədə məni görəndə qaçıb
gizlənirdi. Ancaq İlyas tez-tez zəng eləyib
kefimi soruşurdu. Rastlaşanda da mənimlə
"demonstrativ" görüşürdü.
Bu "demonstrativ" sözünü Abbas müəllim
necə demişdisə, elə də yazıram.
Düzdür,
o çıxışdan sonra Abbas müəllim o zaman Azərbaycan
KP MK-nın Təbliğat və təşviqat şöbəsinin
müdiri vəzifəsində işləyən Şıxəli
Qurbanovun adına yazdığı "İzahat"da səhv
etdiyini, "dəxli olmayan bir yığıncaqda" bu
cür çıxışın yeri olmadığını
deməyə məcbur olmuşdu, daha yuxarı instansiyalara müraciət
etmişdi, ancaq bunlara, o cümlədən də, Vəli
Axundovun məsələni yumşaltmaq istəyinə
baxmayaraq, "burjua millətçisi" damğası ilə
onun başı çox bəlalar çəkdi, onu partiyadan
da, işdən də çıxartdılar, Nizami ad. Ədəbiyyat
İnstitutunda 83 manat maaşlı işə göndərdilər,
kitablarının, məqalələrinin çapı yasaq
olundu, bir sözlə, Sistemin güclü təqib mexanizmi
işə düşdü, Abbas müəllim
üçün böyük maddi çətinliklər
dövrü başladı, amma mənən ona heç cürə
təsir edə bilmədilər.
Abbas
müəllim özü mərd və dostluqda möhkəm adam idi. Bir faktı deyim: 1953-cü ildə
işdən götürülmüş Mir Cəfər
Bağırova hücum kampaniyası zamanı Cəfər Cəfərov
da "kosmopolit" kimi "ifşa" edilib, təqibə məruz
qalanda, o cümlədən, Yazıçılar
İttifaqından çıxarılanda, onun ən çox
qayğısına qalan adam Abbas Zamanov olub və bunu mən
bizim evdə İlyas Əfəndiyevlə söhbətləri
zamanı Cəfər müəllimin özündən
eşitmişəm.
Abbas
müəllim də təqibə məruz qalanda, bir sıra
dostları ona qahmar çıxmışdı, amma burası
da var ki, əksəriyyət ondan gen gəzirdi...
Təxminən
yeddi il beləcə davam etdi və Abbas
müəllim bu yeddi il boyunca öz hüquqlarının bərpası
uğrunda mübarizə aparmasaydı, Abbas Zamanov olmazdı.
O, Siyasi Büronun üzvü, SSRİ Partiya Nəzarəti
Komitəsinin sədri Nikolay Şvernikin qəbulunacan gedib
çıxdı və nəhayət, Abbas müəllimin əzmi,
iradəsi, zəhməti onu elə həmin Sovet cəmiyyətində
öz layiqli yerinə qaytardı.
3.
Mən hələ
1985-ci ildə Abbas müəllimin 75 illiyi münasibətilə
bir esse yazmışdım (Həyat eşqi, "Bakı"
qəzeti, 20 iyul 1985) və o yazını başlarkən istər-istəməz
Türkiyəyə ilk səfərimi
xatırlamışdım, həmin esseni elə o səfərin
təəssüratı ilə başlamışdım.
1979-cu
ilin yazında mən Əziz Nesinin dəvətilə ilk dəfə
İstanbula getdim (Əziz bəy o zaman İstanbul Yazarlar
Sentikatının başqanı idi) və o səfər
zamanı ədəbi məclislərdə, görüşlərdə,
yığıncaqlarda türk yazıçıları, alimləri,
sənət adamları məndən, əsasən iki nəfəri
xəbər alırdı və o iki nəfərə də
salam göndərirdi: unudulmaz maestro Niyaziyə və professor
Abbas Zamanova.
Maestro Niyazi neçə dəfə Türkiyəyə
getmişdi, orada konsertlər vermişdi, opera
quruluşlarına rəhbərlik etmişdi və nəinki o
zaman, bu günün özündə də türk musiqi xadimləri
türk simfonik musiqi ifaçılığının
inkişafında Niyazinin xidmətlərindən
ağızdolusu danışırlar.
Abbas
Zamanov isə o vaxtacan Türkiyədə olmamışdı,
amma onun Sovet zamanı Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin Türkiyədəki təbliği sahəsində
göstərdiyi fəaliyyət böyük və çox səmərəli
rol oynamışdı və bu barədə söz düşəndə
biz həmişə sidq-ürəkdən etiraf edirdik: Abbas
müəllim o işi görür, o zəhməti çəkir,
o əzab-əziyyətə qatlaşır ki, onu bizim heç
birimiz etmirik - Türkiyədəki elmi müəssisələrin,
alimlərin ünvanını tapır, onlarla əlaqə
yaradır, heç kimin köməyi olmadan o ünvanlara
cild-cild kitablar, jurnallar göndərir, qorxunc və beton sərhədlərin
üzərindən türk professorunu, türk tələbəsini
və oxucusunu Azərbaycanın ədəbi, mədəni və
elmi həyatına cəlb edə bilir.
Abbas
Zamanov "Sabir və müasirləri" monoqrafiyasında
böyük şairimizin "öz dövründə təqib
və təhqirlərə məruz qalmasından" bəhs
edərək yazırdı: "Lakin çox zaman bu məsələni
yanlış izah edirlər: guya xalq Sabiri başa düşməmiş,
millət Sabiri vərəmlədib
öldürmüşdür. Əlbəttə,
belə fikirdə olanlar kobud səhv edirlər. Onlar xalq ilə xalqın içərisində olan və
azlığı təşkil edən mürtəce,
istismarçı, tüfeyli təbəqələri ayırd
edə bilmirlər".
Olsun ki,
bu deyilənlər məlum həqiqətdir, amma indiki halda mənim
üçün ona görə əlamətdardır ki, Abbas
müəllimin xislətindəki ədəbiyyat, sənət
təəssübkeşliyinin əsasında da həmin xalq təəssübkeşliyi
dayanırdı: kiçik detaldır, amma Abbas müəllimin
xisləti barədə, onun cəsarəti, ötkəmliyi, məğrurluğu,
eyni zamanda, xeyirxahlığı, həssaslığı barədə,
elə bilirəm ki, az şey demir.
Ədəbiyyatı
tədqiq edən hər bir qələm sahibi, aydın məsələdir
ki, ədəbiyyatın təəssübkeşidir (hər
halda, belə olmalıdır!), ədəbiyyatın təəssübü
isə xalq təəssübünün fövqündə
deyil, çünki həmin ədəbiyyat mücərrəd
bir varlığın yox, xalqın özünüifadəsi,
xalqın mənəvi sərvətidir.
Belə
olmalıdır, ancaq burasını da yaxşı bilirik ki, həmişə
belə olmur və buna görə də Abbas Zamanov kimi ədiblərimizin
Sovet ideologiyasının heç vəchlə bəyənmədiyi
və təqdir etmədiyi, millətçilik ilə
qarışıq saldığı, bir sıra hallarda isə
cəzalandırdığı xalq təəssübkeşliyi,
xalqın milli-mənəvi sərvətinin təbliği naminə
gənclik ehtirası ilə fəaliyyət göstərməsi,
elə bilirəm ki, bu gün də gənclərimiz
üçün bir örnəkdir.
4.
1980-ci illərin ortaları idi, ədəbiyyatşünaslar,
tənqidçilər seçilmiş məqalələrini
toplayıb nəşr etdirirdi və bir gün Abbas müəllimdən
soruşdum ki, niyə məqalələrini kitab kimi nəşr
etdirmir?
Abbas
müəllim həmişəki kimi, iti nəzərlərlə
və diqqətlə mənə baxıb:
-
Yaxşı. - dedi.- Məqalələri
toplayaram, ancaq bir şərtlə ki, kitabın redaktoru sən
olacaqsan.
Abbas müəllim məqalələrini seçib
topladı və redaktor kimi birlikdə nəşrə
hazırladıq. Kitabın da adı "Seçilmiş məqalələr"
idi, ancaq bir gecə Abbas müəllim mənə zəng elədi
və:
- Bilirsən,
- dedi.- İstəyirəm o kitabın
üstündə Sabirin adı olsun.
Beləliklə,
"Sabir bu gün" kitabı mənim ön sözümlə
nəşr olundu (Bakı, Gənclik, 1985) və o nəşr
prosesində belə bir hadisə də oldu: xəbər gəldi
ki, Qlavlitin (bədnam Sovet senzurasının) iki ciddi etirazı
var.
Birinci
etiraz o idi ki, Abbas müəllim Cəfər Cabbarlının
"1905-ci il" pyesindən bəhs edərək, yazır
ki, "erməni qızı Sona və azərbaycanlı
Baxşı, azərbaycanlı İmamverdi və erməni
Allahverdi səhnənin xitabət kürsüsündən
tamaşaçıları inandırırlar ki", xalqlar arasında
ədavət salan "fitneyi-iblisi-məlundur". Yəqin ki,
Cabbarlının pyesindəki məşhur "atan
kazaklardır" atmacasına görə (Rusiyanın azərbaycanlı-erməni
münasibətlərini daha da kəsginləşdirməsinə
işarə vurulduğu üçün) Qlavlit belə hesab
edirdi (əslində də doğru fikirləşirdi!) ki, həmin
"iblisi-məlun" deyəndə müəllif Rusiyanı
nəzərdə tutur.
İkinci
etiraz da o idi ki, Abbas müəllim İlyas Əfəndiyevin
"Xurşud Banu Natəvan" pyesinin tamaşasından bəhs
edən məqaləsini Natəvanın səhnə
önünə gəlib, söylədiyi bu sözlərlə
başlayır: "Əgər bu dünyada xoşbəxtlik
deyilən bir həqiqət varsa, o da yalnız insanın öz
vətəninə, öz mənliyinə, öz ləyaqətinə
sahib olmasındadır. Mən azadlığın qüdrətinə
inanıram! İnsanın gözəl hisslərinin,
gözəl fikirlərinin pərvazı üçün,
insan ləyaqətinin yüksəlişi üçün həqiqi
vicdan azadlığı lazımdır!"
Qlavlit belə hesab edirdi ki (əslində, bunu da doğru
fikirləşirdi!), bu sözlər açıq-aşkar
"qızım, sənə deyirəm, gəlinim, sən
eşit" məsələsidir.
İlyas
Əfəndiyev bu pyesi 1980-ci ildə yazmışdı və
bu, o dövr idi ki, Sovet İttifaqında güclü dissident hərəkatı,
vicdan azadlığı uğrunda mübarizə
başlamışdı və İlyas Əfəndiyevin
nüfuzu səyəsində "Natəvan" Akademik Dram
Teatrında tamaşaya qoyuldu, 1981-ci il sentyabrın 11-də
premyerası böyük uğurla baş tutdu. Bir
müddətdən sonra o zaman Respublikaya rəhbərlik edən
unudulmaz Heydər Əliyev gəlib əsərə baxdı və
həmişəki kimi yaradıcı kollektivlə
görüşüb, tamaşanı çox yüksək
qiymətləndirdi.
Qlavlitdə
İdris adlı (heyif ki, famili yadımda deyil) mərifətli
və xeyirxah bir nəfər işləyirdi, onunla
görüşdüm, bütün bunları ona
danışdım, uzun sözün qısası, xeyli
"çək-çevir"dən sonra o:
-
Heç olmasa, "həqiqi" sözünü ordan
çıxardaq. - dedi və axırda: - Nə
deyiləcək, mənə deyiləcək, bəlkə ondan
artığı da olacaq. Olsun! - dedi və kitabı çap
üçün imzaladı.
Orasını
da deyim ki, "Xurşidbanu Natəvan" pyesi
yazıldığı vaxtdan beş il
sonra, elə həmin 85-ci ildə ilk dəfə çap olundu
("Azərbaycan" jurnalı, 1985, ¹11).
"Sabir
bu gün" kitabında Füzulidən tutmuş Mirzə Fətəliyə,
Mirzə Cəlilə, Sabirə, Hadiyə, Ömər Faiqə,
Səhhətə, Firidun bəy Köçərliyə, Rəşid
bəy Əfəndiyevə, Eynəli bəy Sultanova, Qurbanəli
Şərifzadəyə qədər klassik ədəbiyyatımıza
bəslənilən aşkar bir ehtiram və qayğı, əslində,
Abbas müəllimin öz xalqına bəslədiyi ehtiram və
qayğının ifadəsi idi.
Abbas
müəllim bir tədqiqatçı alim kimi klassik Azərbaycan
ədəbiyyatını, xüsusən Cəlil Məmmədquluzadə
və Mirzə Ələkbər Sabirin adı ilə
bağlı olan "Molla Nəsrəddin" və mollanəsrəddinçilər
dövrünü araşdırırdı, öyrənir və
öyrədirdi, mətnşünas bir alim kimi xalqın mənəvi
sərvətini yenidən xalqın özünə təqdim
edirdi, Cəlil Məmmədquluzadə ilə Sabirdən
başqa, M.P.Vaqifin, N.Nərimanovun, S.S.Axundovun,
Ə.Haqverdiyevin, S.M.Qənizadənin, Hambalın, S.Hüseynin
də, başqalarının da əsərlərinin nəşrində
yaxından iştirak edir, böyük Mirzə Cəlilin həyat
yoldaşı Həmidə xanımın çox qiymətli
xatirələrini, müasirlərinin Sabir haqqındakı
xatirə və məqalələrini nəşrə
hazırlayır, tənqidçi və teatrşünas kimi
müasir ədəbiyyatımızın və teatr sənətimizin
problemlərindən, yaradıcılıq nailiyyətlərindən,
çatışmazlıqlarından yazır, eyni zamanda, həmin
gənclik ehtirası ilə ədəbiyyatımızı, sənətimizi
təbliğ edir, Q.Zakirin, S.Ə.Şirvaninin, Cəlil Məmmədquluzadənin
kitablarını rusdilli oxuculara təqdim edir, klassik ədəbiyyatımızın
nümunələrini ərəb əlifbası ilə nəşr
etdirir (Abbas müəllim deyirdi: " - Cənubda da oxuya
bilsinlər!"), yalnız Türkiyədə yox, Yaxın
Şərq ölkələrindən tutmuş İspaniya, o
zamankı AFR, Fransa, İngiltərə də daxil olmaqla
ABŞ-adək dünyanın bir çox ölkələrində
yaşayan şərqşünas (konkret olaraq,
türkşünas, daha konkret isə azərbaycanşünas)
alimlərlə, nüfuzlu qələm sahiblərilə
yaradıcılıq əlaqəsi saxlayır, yuxarıda
yazdığım kimi, Azərbaycanla bağlı hər
hansı məlumatı əldə etmək üçün
müxtəlif ünvanlara məktub yazmaqdan, rabitə
şöbəsinə gedib-gəlməkdən yorulmur, yeni
çıxan bədii kitablarımızdan, eləcə də
tariximizlə, dilimizlə bağlı nəşr olunan
kitablardan ibarət bağlamaları xarici ölkələrə
göndərirdi...
Unudulmaz akademik Həmid Araslı Abbas müəllimin
"Sabir gülür" kitabının redaktoru idi və həmin
kitabın kiçik müqəddiməsində yazırdı
ki, "Abbas Zamanovun elmi maraq dairəsi son dərəcə
genişdir".
Abbas
müəllim vətəndaşlığının da, Həmid
müəllimin sözləri ilə desəm, maraq dairəsi
son dərəcə geniş idi və bu maraq çox effektli bəhrəsini
verirdi, bunun da əsasında onun az qala
cismani surətdə daima hiss olunan vətəndaşlıq
borcu dayanırdı. Məhz belə bir Abbas Zamanov vətəndaşlığı
sayəsində hələ Sovet dövründə (!)
qarşısında "Abbas Zamanov bağış
kitablığı" yazılmış kitabxana Ərzurum
universitetində fəaliyyətə başlamışdı və
aradan əlli ildən artıq bir vaxt keçib, Sovet
İttifaqı dağılıb, o kitabxana isə bu gün də
fəaliyyət göstərir. Üç
otaqlı o kitabxanadakı bütün kitabları Abbas Zamanov
öz şəxsi hesabına alıb, şəxsi hesabına
da Türkiyəyə göndərmişdi.
Bunu da deyim ki, Təbrizdəki "Tərbiyə
kitabxanası"nda Abbas müəllimin göndərdiyi mindən
artıq kitab saxlanılır və istifadə olunur.
Və bütün bu işlərin hamısını
Abbas müəllim, təkrar edirəm, Sovet İttifaqında,
hakim ideologiyanın milli təəssübkeşliyi millətçilik
hesab etdiyi bir mühitdə görmüşdü.
Eyni zamanda, Abbas müəllim Azərbaycanla bağlı
bir çox kitabları, mətbu materialları, sənədləri
xarici ölkələrdən Azərbaycana gətirə və
gətirdə bilmişdi. "Əli və Nino"
romanını mən ilk dəfə Abbas müəllimdən
hələ 80-ci illərin əvvəllərində alıb
oxumuşdum, sonralar da, əgər səhv etmirəmsə, ilk
dəfəydi ki, bu roman və onun müəllifi barədə
yazmışdım ("Ədəbi proses: Olum, ya
ölüm?", "Ədəbiyyat qəzeti", 4, 11, 18
oktyabr 1991), yaxud da indiyəcən kitabxanamda duran A.Vahap
Yurtseverin 1952-ci ildə Ankarada nəşr olunmuş
"Azerbaycan Edebiyyatında Vedadi ve Vakıfın
yaradıcılığı", Mirza Bala Mehmetzadenin 1991-ci
ildə Ankarada nəşr olunmuş "Milli Azerbaycan
hareketi" kitablarını, Abay Dağlının 1968-ci ildə
İstanbulda nəşr olunmuş "Füzuli" pyesini də
mənə Abbas müəllim
bağışlamışdı.
70-ci illərdə,
Kommunist partiyasının və KQB-nin qılıncının
dalı da, qabağı da kəsdiyi bir vaxtda, Abbas müəllim
turist kimi Parisə gedəndə, orada yaşayan böyük
bir azərbaycanlı rəssamı tapmışdı, onunla əlaqə
yaratmışdı, onun bir neçə əsərinin
orijinalını Fransadan Azərbaycana gətirmiş və
Nizami adına Ədəbiyyat muzeyinə hədiyyə
etmişdi.
Bu fakt, bəlkə,
bir o qədər də heyrətamiz olmazdı, əgər həmin
rəssam hakim Sovet ideologiyasının "burjua ideoloqu"
kimi düşmən elan etdiyi Əli bəy Hüseynzadənin
doğmaca oğlu Səlim Turan olmasaydı!
1988-ci
ilin bir payız gecəsi mən də Parisdə Səlim
Turanın kiçik emalatxanasında oturub az
qala səhərə kimi söhbətləşərkən,
bu istedadlı rəssamın və yüksək mədəniyyətli
bir insanın Abbas müəllimə necə hörmət və
məhəbbət bəslədiyini onun öz dilindən
eşitdim.
" -
Abbas bəyin sayəsində Azərbaycanı yenidən
tanıdım". Bu - rəhmətlik Səlim Turanın o
zaman mənə dediyi sözlər idi.
Bu
cümlələri yazıram və 70-80-ci illərdə Abbas
müəllimgilin mənzilində - o zamankı Cənubi Sovet
meydanı, 5 nömrəli binada - Abbas müəllimin
qayğıkeş və mehriban xanımı Asya xalanın
çayını içə-içə Abbas müəllimin
Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan
Xoyski, Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy
Hacıbəyov, Nəsib bəy Yusifbəyov kimi milli siyasi
xadimlərimiz haqqındakı söhbətləri yadıma
düşür. Abbas müəllim bu adamlar
haqqında elə təfərrüatla və elə bir səmimiyyət
və həvəslə danışırdı ki, elə bil,
onları görmüşdü, nəinki
görmüşdü, hətta elə bil, onlarla uzun illərin
dostu olmuşdu.
Və
Abbas müəllim həqiqətən onlarla dost idi - əqidə,
məslək, əməl dostu. Burasını da xüsusi qeyd
etmək istəyirəm ki, Həsən bəy Zərdabinin
itib-batmış məzarının tapılıb, 1-ci Fəxri
Xiyabanda yenidən dəfn olunmasında Abbas müəllimin
böyük zəhməti və xidməti var idi.
O, hələ
müharibədən əvvəl Opera və Balet
Teatrının, eləcə də Filarmoniyanın direktoru təyin
edilmişdi və o zaman Mir Cəfər Bağırov onu qəbul
etmişdi. Uzun illər keçsə də,
Abbas müəllim o görüş və söhbət barədə
də dəqiq təfərrüatı ilə
danışırdı və çox maraqlı, dəqiq də
müşahidələri vardı.
Abbas Zamanov hələ 1967-ci ildə yazdığı
bir məqaləsini "Əməl dostları"
adlandırmışdı (məqalə mollanəsrəddinçilərdən
bəhs edirdi).
Onun 1979-cu ildə nəşr olunmuş məqalələr
toplusu da elə bu cür adlanırdı. Abbas müəllim
həmin məqalədə Cəlil Məmmədquluzadənin
həmişəki səmimiyyət və təvazökarlıqla
yazdığı bu sözləri epiqraf seçmişdi:
"Darülmüəllimi qurtaran zaman Naxçıvanda
özümdən artıq huşyar dostlarıma rast gəldim".
XIX əsrin
ikinci yarısından etibarən XX əsrin əvvəllərinəcən
Azərbaycan ədəbi-ictimai həyatındakı belə
bir "huşyar dostluq" get-gedə böyüdü, mənəvi-məfkurəvi
dostluğa - əməl dostluğuna çevrildi, o
dostluğun coğrafi ərazisi bütün Azərbaycanı əhatə
etdi, əməl dostluğu yaşından, xasiyyətindən,
istedadından asılı olmayaraq bir çox qələm
sahibini, ziyalıları birləşdirdi və indi mən bu
qeydləri yazarkən həmin böyük əməl
dostluğunu ona görə bir daha nəzərə
çatdırıram ki, elə bil, "əməl
dostları"ndan yazan və ömrünü bu dostluğun həm
siyasi-ictimai, həm də bədii-estetik ifadəsinin tədqiqinə
həsr etmiş Abbas Zamanov özü də o dostluq estafetini
böyük sələflərindən alıb XX əsrin
sonralarına gətirmişdi, elə bil, o, özü də əsrin
əvvəlindəki həmin əməl dostlarından biri
idi.
Abbas müəllim zəmanəsinin vulqar sosiologizmindən
uzaq olmağa çalışan bir tədqiqatçı və
özünün mənəvi dünyası ilə
dövrü konyunkturasından uzaq bir insan idi. Yəqin elə
buna görə də, onun monoqrafiyaları, məqalələri
xarici ölkələrdə - Türkiyədə, İranda,
Avstriyada, Almaniyada - nəşr edilir, çap olunurdu.
"Sabir və müasirləri" adlı monoqrafiyası
1979-cu ildə Təbrizdə fars dilində
nəşr olunmuşdu və burası da, yəqin, oxucular
üçün maraqlı olar ki, həmin əsəri fars
dilinə Səməd Behrənginin qardaşı Əsəd
Behrəngi çevirmişdi.
Abbas
müəllim filologiyan elmləri doktoru, Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) professoru, əməkdar elm xadimi, Elmlər
Akademiyasının müxbir üzvü, o zaman mühüm
informasiya imkanlarına malik "Xəbərlər" Mətbuat
Agentliyi Azərbaycan şurasının sədri, xarici ölkələrdəki
bir sıra nüfuzlu qurumların, o cümlədən, Türk
Dil Qurumunun üzvü idi, Səlcuq Universitetinin fəxri
doktoru seçilmişdi.
Əlbəttə,
bu adlar, vəzifələr hörmətli idi, Abbas müəllim
onları istedadı və zəhməti ilə
qazanmışdı və elə buna görə də mənim
üçün Abbas müəllimin şəxsiyyəti ilə
"zəhmətkeş" sözü arasında çox
üzvi bir bağlılıq var. Abbas müəllim zəhmətkeş
idi, ədəbiyyatımızın, mədəniyyətimizin
təşəbbüskar, yorulmaq bilməyən fəhləsi
(və fədaisi!) idi.
Bunu da
qeyd edim ki, 2003-cü ildə Abbas Zamanovun yeni
"Seçilmiş əsərlər" kitabı da mənim
ön sözümlə nəşr edildi (tərtib edəni və
sözardının müəllifi İsa Həbibbəyli idi;
Bakı, "Çinar-Çap") və bu əsərlər
artıq müstəqil Azərbaycanın - başqa bir
epoxanın oxucularına təqdim olunurdu.
5.
Mən aspirant vaxtlarımda "Azərbaycan bədii nəsri
ədəbi tənqiddə" mövzusunda namizədlik
dissertasiyasının müdafiəsinə hazırlaşarkən,
Abbas müəllimlə də görüşürdüm,
30-40-50-ci illər ədəbi prosesinin fəal
iştirakçısı kimi onunla məsləhətləşirdim. Nizami adına
Ədəbiyyat İnstitutunda əvvəlcə kiçik,
sonra baş elmi işçi işlədiyim vaxtlar isə -
70-ci illərin əvvəllərindən etibarən Abbas
müəllimlə ünsiyyətimizdə xüsusi bir hərarət
yarandı.
1969-cu ildə
ildə namizədlik dissertasiyasını yazıb bitirdim,
1970-ci ilin fevral ayında müdafiə etdim və o müdafiə
mərasimində elmi rəhbərim Mir Cəlal müəllim,
rəsmi opponentlərim professor, o zaman Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, rəhmətlik Mirzəağa Quluzadə
və bizim böyük teatr xadimimiz, eyni zamanda, sənətşünaslıq
doktoru, professor Mehdi Məmmədovla birlikdə, Abbas müəllim
də (Müdafiə Şurasının üzvü idi)
çox aktiv iştirak etdi, çıxış etdi,
xüsusi rəy yazdı və təklif etdi ki, bu dissertasiyaya
görə namizədlik yox, birdən-birə doktorluq dərəcəsi
verilsin (bu, yəqin ki, başqa bir yazının mövzusudur).
Elə bu
pandemiya günlərində arxivimdəki
kağız-kuğuza baxanda Abbas müəllimin həmin namizədlik
dissertasiyası haqqında 50 il (!) bundan əvvəl
yazdığı o rəyin əlyazmasını
gördüm. Yalançı təvazökarlığa
qapılmadan o əlyazmanın son cümlələrini
olduğu kimi xatırlatmaq istəyirəm, çünki
söhbət, təkrar edirəm, qeyri-təvazökarlıqdan
yox, görkəmli və nüfuzlu professorun cavan bir
aspirantın işinə diqqətindən gedir.
Abbas
müəllim yazır: "Elçinin simasında Azəri ədəbiyyatşünaslarının
və tənqidçilərinin sırasına elmi-nəzəri
cəhətdən hazırlıqlı, çalışqan
bir qələm sahibi daxil olmuşdur. Bu, əlbəttə,
hamını, o cümlədən, məni də sevindirir.
Elçinin namizədlik dissertasiyasına mən
müasir filologiya elmimizi zənginləşdirən bir əsər
kimi baxıram".
O zaman
Abbas müəllimlə şəxsi münasibətlərimiz
hələ yaranmamışdı və müdafiədən
sonra mən rəyinə və təklifinə görə ona
təşəkkürümü bildirəndə, mənim
qoltuğumdakı 370 səhifəlik dissertasiyanı göstərərək:
- Mən
sənə görə yox, bax, bu işə görə o təklifi
verdim. - dedi.
Bəlkə
də, başqa bir nəfərin dilində bu sözlər təmtəraqlı,
ya süni səslənə bilərdi, bəli,
başqasının, amma Abbas müəllimin yox,
çünki Abbas müəllim sözü şax üzə
deyən az adamlardan, az ziyalılardan biri
idi.
Abbas
müəllim ilə mənim aramda, yuxarıda
yazdığım kimi, otuz ildən artıq bir yaş fərqi
var idi, amma bu gün mən daxili bir qürur hissi keçirirəm
ki, biz dost idik.
Bizim münasibətimiz barədə təsəvvür
yaratmaq üçün, Abbas müəllimin mənə
bağışladığı kitablarındakı bir
neçə avtoqrafı olduğu kimi, bu yazıya
köçürürəm.
"Əziz Elçinə ən xoş diləklərlə. Abbas Zamanov. 12. 10. 1977". (Həmidə Məmmədquluzadə.
Mirzə Cəlil haqqında xatirələrim,
Bakı, Azərnəşr, 1967. Mətni nəşrə
hazırlaya, müqəddimə və şərhlərin
müəllifi Abbas Zamanov.)
"Doroqomu
Elçinu - v znak bolşoy drujbı. Abbas Zamanov, 12.10.77."
(Qamida Mamedkulizade. Moi vospominaniya o Djalile
Mamedkulizade. Baku, Elm, 1970. Podqotovka teksta,
predislovie i kommentarii Abbasa Zamanova.)
"Əziz Elçin dostumun ömür-gün
yoldaşı Nüşabə xanıma ən xoş diləklərlə. Abbas Zamanov. (Həmidə Məmmədquluzadə.
Mirzə Cəlil haqqında xatirələrim,
Bakı, Gənclik, 1981. Ruscadan tərcümə
edən, müqəddimə və şərhlərin müəllifi
Abbas Zamanov.)
Bu yerdə
bir haşiyə çıxmaq istəyirəm ki, Abbas müəllim
Həmidə xanımın xatirələrini rus dilindən tərcümə
etdi, müqəddimə və geniş şərhlərini
yazdı, ancaq yalnız böyük ixtisarlarla nəşrinə
nail oldu və onun böyük arzusu idi ki, Həmidə
xanımın xatirələri tam şəkildə,
yazıldığı kimi nəşr olunsun və daxilən
optimist (yenilməz!) bir adam olduğu üçün, ona xas
olan bir əminliklə (hətta amirəliklə!):
-
Haçansa olacaq! - deyirdi.
Əgər
doğrudan da, o biri dünya varsa və Abbas müəllim o
dünyadan bizə baxırsa, ruhu şad olacaq, çünki Həmidə
xanımın xatirələri nəhayət ki, müstəqil
Azərbaycanda tam şəkildə nəşr olundu. (Həmidə xanım Cavanşir. Xatirələrim, İkinci nəşr, rus dilindən
çevirən və hazırlayan Mehriban Vəzir, redaktoru və
şərhlərin müəllifi Ədalət Tahirzadə,
Bakı, Apostroff, 2012.)
"Nüşabə xanıma və Elçin bəyə
ən xoş diləklərlə. Abbas Zamanov. 29.IX.82.
(Sabir xatirələrdə, Bakı, Gənclik,
1982. Toplayıb nəşrə
hazırlayanı, ön söz müəllifi və redaktoru
Abbas Zamanov.)
"Ailəliklə xətrini çox istədiyimiz
Nüşabə xanıma və bu kitabın redaktoru, müqəddimə
müəllifi Elçin bəyə - hörmət, dostluq,
minnətdarlıq rəmzi olaraq. Abbas Zamanov, 10.I.86." (Abbas Zamanov. Sabir bu gün, Bakı, Gənclik, 1986.)
"Aysunun atası, dostum, qardaşım, xeypxahım
Elçinə ən xoş diləklərimlə. Abbas Zamanov, 25. XII. 86." (Mollanəsrəddinçi
şairlər, Bakı, Yazıçı, 1986. Tərtib edənləri Abbas zamanov və Kamran
Əliyev, redaktoru və ön söz müəllifi Abbas
Zamanov.)
Hal-əhval
tutmaq üçün hərdən axşamlar ona zəng
edirdim:
- Necəsiniz,
Abbas müəllim!
Bu
sualın cavabı həmişə eyni olurdu:
- Şikayətim yoxdur.
Onun o
cavabı mənim üçün rəmzi səslənirdi -
uzun (və şərəfli!) bir həyat yolunda keşməkeşlər,
çətinliklər, təqiblər çox olsa da, şəxsi
həyatında kədərli problemlər yaransa da (xüsusən
kiçik oğlu, çox ümidlər verən istedadlı
şahmatçı Firuzun səhhəti ilə bağlı),
öz səhhəti bəzən sözünə baxmasa da,
Abbas müəllimin heç kimdən və heç nədən
şikayəti yox idi, çünki Abbas müəllim həyatı
sevirdi, həyat isə onun üçün - ilk növbədə
ədəbiyyat demək idi, xalqın mənəvi sərvətinin
keşiyində dayanmaq və xalqa xidmət etmək, bu xidmətlə
də xalqı müdafiə etmək demək idi.
Abbas müəllimin həyat eşqi - ədəbiyyat
eşqi, xalq məhəbbəti idi.
Bir də
ki, yaratmaq şövqü, fəaliyyət ehtirası...
Olsun ki, oxucu mənim bu sözlərimdə bir patetika
hiss etsin, ancaq nə etmək olar, Abbas müəllim
haqqında dediyim bu sözlər mənim xatirələrimin və
düşüncələrimin ifadəsidir.
6.
Abbas
müəllim nə qədər nikbin, dözümlü, əyilməz
bir adam idisə, bir o qədər də
kövrək, ürəyinazik idi.
Abbas
müəllim: "Şikayətim yoxdur!" - deyirdi,
heç bir sıxıntısını büruzə vermirdi,
amma xüsusən 80-cı illərdə mən onun içində
aşkar bir kədər, bir nostalgiya hiss edirdim.
Hərdən,
axşam telefonla zəng edirdi:
-
Yaxşı konyakım var. Dur, gəl bizə.
Və kiçik qədəhlərdə o
"yaxşı konyak"dan içə-içə, Asya
xalanın xüsusi bir səliqə-sahmanla mizin üstünə
düzdüyü gözəl nemətlərdən dada-dada
Abbas müəllimlə söhbət edirdik.
Abbas
müəllim Mirzə Cəlildən, Sabirdən, Hadidən,
Əli bəy Hüseynzadədən, Əhməd bəy
Ağayevdən, İsmayıl bəy Qasprinskidən, Üzeyir
bəydən, Nəriman Nərimanovdan, Ceyhun bəydən, Həmidə
xanımdan, Məmməd Tağı Sidqidən, Sultan Məcid
Qənizadədən, Əzim Əzimzadədən, Səməd
Mənsurdan, Müznibdən, Caviddən, Müşfiqdən,
Cavaddan, Nəzmidən, Çəmənzəminlidən, Seyid
Hüseyndən, başqa əhli-qələmlərdən, eləcə
də Atatürkdən, Məhəmməd Əmindən, Xan
Xoyskidən, Əlimərdan bəydən, hətta Fətəli
bəy Düdənginskidən (bir daha təkrar edirəm, Sovet
vaxtı!), başqalarından danışırdı və o
anlarda mənə elə gəlirdi ki, Abbas müəllimin
ürəyini çoxunu ömründə heç görmədiyi,
bilavasitə ünsiyyətdə olmadığı o
insanların xiffəti bürüyüb.
Mənə
elə gəlirdi ki, Abbas müəllim onlar üçün
darıxır...
Ancaq onu da deyim ki, Abbas müəllimdə yaxşı
bir yumor hissi də var idi.
1960-cı
illərdən başlayaraq 70-80-ci illərdə Bakıda
gözəl bir ənənə yaranmışdı:
ziyalılar (həm də nəinki yalnız ziyalılar)
axşam vaxtı dənizkənarı bulvarda gəzməyə
çıxırdı və buradakı "gəzmək"
sözünü "söhbət"lə əvəz etsək,
daha doğru olar - söhbətləşməyə
çıxırdılar. Biz də axşamlar
tez-tez dostlarla zəngləşib, bulvara
çıxırdıq və 70-ci illərin axırları
idi, bir gün mən də Anarla zəngləşib,
"söhbətə" çıxdıq. Bulvarda gəzişə-gəzişə
yazıdan-pozudan, İrandan-Turandan söhbət edə-edə
fikirləşdik ki, İbad dayıya dəymək, yerinə
düşər.
O zamanlar
Bakının meri, rəhmətlik Əliş Ləmbəranski
bulvarın aşağı başında (Azneft tərəfdə)
gözəl kanallar çəkdirib, üstlərindən də
kiçik körpülər saldırmışdı və
camaat ora "Venesiya" deyirdi. Həmin
"Venesiya"da modern bir çayxana var idi. Gecə saat
10-dan, 11-dən sonra çayxana bağlanırdı və o
çayxananın gecə gözətçisi İbad dayı
- sısqa cüssəli, qarabuğdayı, həmişə də
üzütüklü, işini bilən çevik bir kişi
idi, filtirsiz "Avrora" siqareti də damağından əskik
olmurdu - qollu-budaqlı söyüd ağacının
altına iki-üç masa daşıyıb, tavada
qızartdığı toyuq içalatı və bir
şüşə araq ilə səhərin gözü
açılanacan xüsusi müştərilərinə
cani-dildən qulluq edirdi. Biz də (Araz Dadaşzadə, Yusif Səmədoğlu,
Anar, Əkrəm Əylisli, hərdən Rəhman Bədəlov,
Toğrul Nərimanbəyov, kinorejissor Arif Babayev...) İbad
dayının həmin xüsusi müştərilərindən
idik və uzun sözün qısası, o gözəl yaz
günü Anarla mən həvəslə İbad dayıya
doğru gedəndə, birdən Abbas müəllimlə
rastlaşdıq. Xoş-beşdən sonra Abbas müəllim:
- "Bahar"da İtaliya filmi gedir. Sizi kinoya qonaq edirəm, -
dedi və bizim bir az duruxduğumuzu hiss
etdi. - Ancaq görürəm, tələsirsiz. Yəqin
yaradıcılıq işidi. Yaxşı, sizi yolunuzdan
eləmirəm, xudahafiz!
Və biz Abbas müəllimdən ayrılıb, İbad
dayının qulluğuna müntəzir olduq və o
söyüd ağacının altına çəkilib,
xudmani məclisimizlə məşğul olmağa
başladıq.
Təxminən
yarım saatdan-qırx dəqiqədən sonra birdən Abbas
müəllimin səsi eşidildi:
-
Çayxana bağlıdı?
İbad
dayı:
- Bəli.
- dedi.
Qabaq tərəfdə
mən oturmuşdum və məşhur riyaziyyatçı,
professor Qoşqar Əhmədovla birlikdə körpüdən
pilləkanla aşağı enən Abbas müəllim
görməsin deyə, özümü söyüdün
budaqlarına tərəf sıxdım, ancaq Abbas müəllim,
elə bil, nəsə hiss edib, aşağı boylanaraq, bizi də,
xudmani süfrəmizi də gördü:
-
Yaxşı yaradıcılıqla məşğul olursunuz. -
dedi. - Bir daha xudahafiz! - Və geri çönüb, dolu bədəninə
baxmayaraq, iti addımlarla pilləkanları qalxdı.
Belə məlum olurdu ki, Abbas müəllim bizdən
sonra Qoşqar Əhmədovla rastlaşıb və kino fikrindən
vaz keçib, birlikdə çay içməyə gəliblər.
Doğrusu,
ürəyimdə nəsə bir xal qaldı və səhərisi
gün Yazıçılar İttifaqından Abbas müəllimə
zəng elədim, üzrxahlıqla nəsə bir-iki söz
deyib, onu axşam "Bahar"da həmin kinoya baxmağa dəvət
etdim.
"Bahar"
bulvarın yuxarı tərəfində
üstüaçıq yay kinoteatrı idi, iki seansı olurdu:
axşam 9-da, sonra da 11-də və mən də Abbas müəllimdən
soruşdum ki, hansı seansı istəyir?
- Doqquz seansına.
- dedi. - On bir üçün qurtarsın ki, siz də
yaradıcılıqla məşğul olasınız!
Beləliklə,
axşam mənim dostum və Abbas müəllimin də xətrini
çox istəyən, SSRİ-də ən cavan
riyaziyyatçı professorlardan biri Arif Babayevlə birlikdə
Abbas müəllimi götürüb, "Bahar"da,
yaxşı xatırlayıram, "General della Rovere" filminə
baxdıq. Rosselininin filmi idi, baş rolda da
Vitorio de Sika çəkilmişdi və çox zaman filmlərin
adları yadımda qalmır, ancaq o filmin adı indiyədək
yadımdadır.
7.
Hərdən
zarafatla Asya xalaya deyirdim:
- Abbas
müəllim deyir ki, daha kitab almayacağam. Bundan
sonra pulları büllur qablara verəcəyəm.
Asya xala:
-
Keçdi daha! - deyirdi.
- Bizim büllur
yığmağımızın vaxtı keçdi...
Əvvəlcə Asya xala vəfat etdi, bir müddət
sonra Abbas müəllim.
Abbas
müəllimlə bağlı
kağız-kuğuzlarımın arasında belə bir qeyd də
var:
"15 mart 1993.
Günorta "Odlar yurdu"nun ("Vətən" Cəmiyyətinin
qəzeti idi) büdcet məsələsinə görə Ali
Sovetə getdim və elə oradan da Şamilə (söhbət
rəhmətlik ədəbiyyatşünas Şamil Qurbanovdan
gedir) zəng etdim və əvvəlcə vədələşdiyimiz
kimi, onunla görüşüb, Abbas müəllimgilə
getdik.
Ağır yataq xəstəsidir. Huşu
özündə deyildi.
Görünür, çox ağrıyırdı və
ağrıya-ağrıya da tez-tez xırıltıyla nəfəs
alırdı.
Mən
yavaşdan onu çağıranda bir neçə an, elə
bil ki, o əzab-əziyyətdən yaxa qurtarıb, nəfəsini
saxladı və zənlə mənə baxdı və mən
bütün içimlə hiss etdim ki, Abbas müəllim məni
tanıdı, gözləri ilə mənə:
"Elçin..." - dedi.
Hər halda mənə belə gəldi və onun
gözləri ilə dediyi o bir kəlmədə çox
söz var idi.
Sonra yenə heç nəyə reaksiya verməyərək,
eləcə ağrıya-ağrıya və eləcə də
əzabla nəfəs almağa başladı.
Bu ağır və çətin zamanda Abbas müəllimi
də belə bir vəziyyətdə görmək, mənə
son dərəcə pis təsir edib, gözümün
qabağından getmir.
Yəqin ki, bu, Abbas müəllimlə son
görüşümdür.
Təki bir möcüzə baş verəydi.
Ancaq möcüzələr ancaq nağıllarda baş
verir, nağıllarda olur".
Həmin
93-cü il aprelin 1-də Abbas müəllim
vəfat etdi.
(Ardı 23-cü səh.)
Abbas
müəllimi dəfn etdikdən sonra, qəbiristanlıqdan
atamgilə getdim və o gecə İlyas Əfəndiyevin kədərlə
dediyi sözlər də həmişəlik yadımda
qalıb:
- Abbasla
birlikdə çox şey getdi...
Abbas müəllim bu dünyada öz missiyasını
alın açıqlığı ilə yerinə yetirib
getdi, insanlıq borcunu, vətəndaş borcunu, maarifçi
borcunu ödədi, getdi.
Abbas
müəllim XX əsrin əvvəllərindən xalqına
xidmət edən böyük Azərbaycan ziyalıları nəslindən
aldığı əxlaq, əqidə, cəsarət estafetini
ən qorxulu-qadalı illərdə belə, əlindən
salmayan bir qələm sahibi, bir ağsaqqal dost idi, etibarlı
idi, təpərli idi, ona güvənirdik.
Bu
sözləri yaza-yaza bir deyim yadıma düşdü: "Sənə
güvəndiyim dağlar, sənə də qar
yağarmış!", amma Abbas müəllim
ucalığına heç vaxt qar yağmadı.
Abbas müəllim bizim ziyalı keçmişimizlə
bu günümüz arasında canlı bir körpü idi və
nə yaxşı ki, o, bütün ömrü boyu ürəyində
gəlişini gözlədiyi - mənim buna qətiyyən
şübhəm yoxdur - Azərbaycan müstəqilliyini
gördü, getdi.
Mən
harda işləmişəmsə, ən çox xahişlə
mənə iki nəfər müraciət edib: rəhmətlik
Əli Vəliyev ilə Abbas müəllim və bu xahişlərin
heç biri onların öz problemləri ilə, özlərinin
hansısa bir işi ilə bağlı olmayıb
Telefon zəng
çalardı, Abbas müəllimin təkrarsız səsi
eşidilərdi: "Elçin, Əziz Şərifin xatirələrini
nəşr etmək lazımdır... Plana salsaz
yaxşı olar. Filan aspirant yaxşı məqalə
yazıb, jurnalda çapını gecikdirirlər... Filan ədəbiyyatşünas
ailəsi ilə yataqxanada qalır, İmranla da danış,
görün nə edirsiz... (Rəhmətlik
İmran Qasımov Yazıçılar İttifaqının
birinci katibi və belə işlərdə də əlindən
gələni edirdi.) Ərzurum universitetinə təzə
kitablar göndərmək lazımdır... Qulam Məmmədlinin
salnaməsinin çapı ləngiyir, bəlkə Nazimlə
danışasan?.. (Rəhmətlik
Nazim İbrahimov o zaman Mətbuat Komitəsinin sədri
idi.)" Və bu tipli başqa xahişlər.
Beləcə
Abbas müəllim çox narahat adam idi və
yalnız cavanların yox, ağsaqqaların da ağsaqqalı
idi.
Abbas
müəllim vəfat edərkən mən
yazmışdım:
"İllər
keçəcək... Abbas müəllimi
tanıyan sonuncu insan yaşayana qədər Abbas müəllim
də bu dünyada yaşayacaq. Sonrakı
illər də Abbas müəllim unudulmayacaq. Nə qədər
ki, Mirzə Cəlil yaşayacaq, o qədər də Azərbaycan
elminin, ədəbiyyat tarixinin səhifələrində Abbas
müəllimin adı çəkiləcək, onun o
böyük qələm sahibləri haqqındakı tədqiqatları
xatırlanacaq.
İllər
keçəcək və gənc bir tədqiqatçı Həmidə
xanımın xatirələrini oxuyanda, Sabirin müasirləri
ilə tanış olanda, "Molla Nəsrəddin"çiləri
öyrənəndə, bütün bunları üzə
çıxaranlardan biri olan Abbas müəllimin də əməyinə
qiymət verəcək, amma min təəssüf ki, o gənc
alim Abbas müəllimin səsini eşitməmiş, canlı
simasını görməmiş, onunla yola
çıxmamış, onunla məsləhətləşməmiş
olacaq..." ("Bu fani dünyadan bir
köç eylərəm...", "Ədəbiyyat qəzeti",
9 aprel 1993).
Abbas müəllim bu gün də tez-tez
xatırlanır, onun kitabları bu gün də nəşr
edilir və xatirələr, bu nəşrlər onun
ömrünün XXI əsrdəki davamıdır.
Mən
1993-cü ildə Nazirlər Kabinetində işə
başlayarkən, vizaladığım ilk sənədlərdən
biri xatirəsini həmişə əziz tutduğum Məmməd
Cəfər müəllimlə, o biri də Abbas müəllimlə
bağlı oldu (Nazirlər Kabinetinin "Abbas Fəttah
oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi
haqqında" 598 nömrəli qərarı).
8.
1988-cı
ilin dekabrında, Yeni il ərəfəsində
Abbas müəllim mənim kiçik qızım Aysuya həmişəki
duzlu yumorla qələmə aldığı belə bir təbrik
məktubu göndərib:
"Aysu xanımın, onun valideynlərinin və
bacılarının Yeni ili mübarək! İnanıram ki, təzə
ildə Aysu xeyli böyüyəcək və evdəkilərə
nisbətən az əzab-əziyyət verəcəkdir.
Hələlik Allah sizə səbir versin. Aysunu çox istəyən babası Abbas Zamanov.
25.XII.88"
O vaxtdan
otuz iki il keçib.
O zaman
Aysunun üç yaşı var idi. Bu gün isə
Aysunun qızı Mələkin doqquz yaşı var.
Və Abbas Zamanov bu gün də Aysunun (və
aysuların!) mənəvi babası olaraq qalır,
çünki bu mənəvi səlahiyyəti və
iqtidarı Abbas müəllimə onun amalı, əməlləri
və əsərləri qazandırıb.
Elçin
525-ci qazet.- 2021.- 13 fevral.- S.14,15.