Axmaqlıqdan qaçış
Bir atalar misalı
var: "Əhməq
(axmaq) adamdan qaç".
Bu sözə, əslində
sözün bu şəkildə deyilişinə
böyük rus maarifçi-pedaqoqu Aleksey Osinoviç
Çernyayevskinin xalqımızdan
eşidib Qori seminariyasında oxuyan azərbaycanlı balaları
üçün hazırladığı
"Vətən dili"
kitabında rast gəlmişəm.
Bununla da, o, axmaq
adamın (axmaqlığın)
ən böyük bəlalardan biri olduğu barədə bəri başdan öz şagirdlərini (gələcək müəllimləri)
xəbərdar etmək
istəmişdi.
***
Keçmişlərdə hind müdriklərinin
insanlara
etdiyi tövsiyələrdən
biri beləydi: "Əgər müdriksənsə,
dövlətinin, hökmdarın,
uşağın, qocanın,
arvadın, axmağın
və müəlliminin
əleyhinə getmə!"
Göründüyü kimi, axmaqla da ehtiyatlı olmaq vacib bilinmişdi.
Niyə də bilinməyəydi ki?!
"Böyük adamlar
çox zaman avara, səfeh, lazımsız adamların
əlilə ölür,
öldürülürlər" (V.Şekspir).
***
"Axmaqları təhqir
etməyin!" - Puşkin belə deyirdi.
Lakin öz dediyinə özü əməl edə
bilmədi, bir axmağın əlində
öldürüldü.
***
"Kəs səsini,
axmağın biri axmaq! Sənin nə ixtiyarın
var ki, mənim
adaxlımın adını
çəkirsən?!"
Bu qəzəbli cümlələr
kino həvəskarlarına
yaxşı tanışdır. "O olmasın,
bu olsun" filmində hasardan Rüstəm bəyin həyətinə boylanan Məşədi İbadın
Sərvərə "hərbə-zorba"
gəldiyi epizoddandır.
Gənc qızla evlənmək istəyən qoca tacir öz axmaqlığının
qurbanına çevrilmişdi.
Divara dırmaşıb Sərvəri
"asıb-kəsəndə" biabırçı halda yıxılıb gülünc
olmuşdu.
Yəqin
ki, Nəcib Fazil Qısakürək də
axmaqlardan bu gülünc vəziyyətlərinə
görə ehtiyat edir, onlardan hər əməl gözləməyin mümkün
olduğunu bildiyi üçün deyirdi:
Bir şey bəkləməyin,
qaçın axmaqdan,
Qorxun əziz fikri yerə atmaqdan!
Məşhur alim Albert Eynşteynə
görə, bəlkə
də, hər şeyin bir sonu vardı, ikisindən başqa: "İki sonsuz şey var: kainat
və axmaqlıq!"
İmam Qəzalinin oğluna
verdiyi məsləhətlərdən
biri bu olub
ki, "Əgər kiminsə qəlb xəstəliyinin səbəbi
axmaqlıqdırsa, bunu
sağaltmaq mümkün
olmaz".
***
Oljas Süleymanov axmaqların xislətini belə xarakterizə etmişdir:
Onlara xoş gəlir istedadsızlıq,
Axmaqlar həmişə şər
yanındadır!
Xaqani də axmaqlardan qaçmağı,
onlardan uzaqda durmağı tövsiyə
edirdi.
"Günəşə xitab" şeirində hətta günəşdən
incidiyini söyləyir,
yazırdı ki,
"Neçin yar olursan axmaqlara sən?!"
Günəşin axmaqlara öz işığını salmamasını
istəyirdi!
***
Axmaqla gərək
onun özünə xas şəkildə hərəkət edəsən.
Höte bir dəfə şəhərkənarı meşədə,
şeirinə pis rəy yazdığı cavan şairlə qarşılaşır.
O, Hötenin yolunu kəsir və "Mən axmaqlara yol vermirəm" dedikdə, müdrik şair şlyapasını
çıxarır, yoldan
çəkilir və
baş əyərək
deyir:
"Mən isə
axmaqlara yol verirəm".
***
Adamları, xüsusilə də
axmaqları "dişinə
vurduqca" deyirsən,
ay aman, dünyada
nə qədər axmaq varmış...
Axmağın öz axmaqlığını
başa düşəcəyini
düşünməyin özü
də, sən demə, bir axmaqlıqmış!
Dağıstan şairi Rəsul Həmzətova görə
isə hər aulda mütləq bir axmaq olur. "Yaxşı ki, biri olur. Vay o günə ki, axmaq çox
ola. Axmaqsız aul da bir aul deyil, elə
bil ki, nəsə
çatışmır. Axmaqlar bir-birini
gözəl tanıyır,
hətta bir-birinə tez-tez qonaq da gedirlər. Bu adət
üzrə, günlərin
birində Xunzax aulundan olan axmağın yanına Qortagöl aulundan bir axmaq gəlmişdi.
- Salam əleykum, axmaq!
- Əleykum salam,
axmaq!
Sonra özlərini
iki qonaq kimi apardılar. Sobanın yanında
oturub yeyib, içdilər. Qortagöldən gələn axmaq üçüncü günü
getməyə hazırlaşırdı.
Ev yiyəsi olan axmaq onu ədəb-ərkanla
hədiyyə ilə yola salırdı. Aulun kənarında vidalaşırdılar.
Bütün qonaqpərvərlik adətləri
gözlənilmişdi. Elə ki, qonaq artıq qonaqlıqdan
çıxdı, onunla
istədiyin kimi danışa bilərsən.
Çünki daha sənin
qonağın deyil.
Buna görə də, Xunzaxlı axmaq atılıb yapışdı qortagöllü
axmağın yaxasından
və başladı əzişdirməyə.
Qonaq axmaq soruşdu:
- Məni niyə döyürsən?
Yerli axmaq dedi:
- Mənə qonaq gəlmə! Bilmirsənmi ki, bu aula bircə axmaq bəsdir?!" ("Mənim Dağıstanım"
kitabından, səh.135-136.)
Çox
güman ki, bir axmağın verdiyi bu cavabdan
sonra belə də demək olar: "Bir aulda
yüz aqil azdır, bir axmaqsa çoxdur".
***
Vasili Şukşinin maraqlı bir hekayəsi var: "Dan üzü yağan yağış".
Həmin
hekayədə axmağın
xarakteri belə açılır. Qolçomaq olmuş
Kiril adlı birisi, axır ki, bir gün
sürgündən geri
qayıdır. Eşidir ki,
onu sürgünə göndərən Yefim adlı köhnə çekist xəstəxanada
ağır, ölümcül
vəziyyətdə yatır.
Guya onu yoluxmaq üçün
yanına gedir. Onların arasındakı dialoq çox qəribə bir sonluqla yekunlaşır.
Yefim soruşur:
"- Səni maraqlandıran
nədir?
- İstəyirəm biləm,
həyatda sən nəyə nail olmusan? Məsələn, mən istədim ki, varlı olum, bəs sən?
- Axmaqların sayı az olsun!
Bax, buna nail olmuşam...
- Tfu! - Kirka tənbəki kisəsini çıxartdı, - mən
nə soruşuram, bu nə cavab
verir".
Kirkanın bu sözlərindən belə məlum olur ki, faciə
ölümcül xəstə
olmaq deyilmiş.
Faciə
axmaqlıqmış, axmaq
olaraq qalmaqmış...
Bir də ki, Yefimə doğrudanmı elə gəlirdi, axmaqların sayını azaltmaq mümkündür?!
***
Axmaq adamlardan
qaçmayıb da neynəyəsən?
İlandan, çayandan, itdən, qurddan qaçmaq bəlkə o qədər
də çətin deyilmiş.
Çətini axmaqdan (axmaqlıqdan) qaçmaqmış.
***
İsa peyğəmbər öz qəti qənaətini insanlarla belə bölüşürdü: "Mən həqiqətən
ölüləri dirildirəm,
səfehləri (axmaqları)
isə müalicə edə bilmirəm".
... Bir gün İsa peyğəmbər
qaçırdı.
Soruşdular ki, ya peyğəmbər, hamı
sənin yanına qaçır, bəs sən hara qaçırsan
belə?!
Dedi: - Siz də qaçın!
Arxadan axmaq gəlir. Ona görə qaçıram!
Aman
Allah!
Min illərdi ki,
İnsan (İsa) qaçır. Çünki
arxasından axmaqdı
gələn!
Görəsən, İnsan nə vaxt dönüb arxasına baxanda, axır ki, arxasından
axmaq yox, İnsan gəldiyini görəcək?!
Barat Vüsaldan
525-ci qazet.- 2021.- 13 fevral.- S.23.