"Bu həyat
hekayələri bizə
həm də qələbəmizin əhəmiyyətini
göstərəcək"
AYAZ MİRZƏYEV:
"BU VİDEOLAR, XÜSUSƏN, XARİCİ
AUDİTORİYALAR ÜÇÜN BİR
TƏBLİĞATDIR Kİ, BAXIN, MÜHARİBƏ
BİZİM İNSANLARIMIZA NECƏ BÖYÜK ZİYAN VURUB,
ONLARIN TALEYİNİ NECƏ MƏHV EDİB
İkinci Qarabağ müharibəsi
insanları həmrəyliyə
səslədi və hər kəs öz peşəsinə uyğun hansısa addımları atmağa cəhd göstərdi.
Təbii
ki, bu proses müharibədən sonra
da davam etməlidir. Xüsusilə, təbliğatın aparılması mütləqdir.
Birinci ona görə ki, dünya ictimaiyyəti bu görüntülərlə, müharibənin,
erməni vəhşiliyinin
təfərrüfatları ilə tanış
olmalıdır. Digər tərəfdən
də, Azərbaycan gəncliyi keçmişi
unutmamalı, milli ruhda böyüməlidir.
Bu baxımdan medianın
üzərinə böyük
iş düşür.
Bu yaxınlarda Azərbaycan
Jurnalistlər Şəbəkəsinin
yeni layihəsi ictimaiyyətə təqdim
olundu. Maraqla qarşılanan video bir məcburi köçkünün həyat
hekayəsindən bəhs
edir.
Bu barədə Azərbaycan
Jurnalistlər Şəbəkəsinin
sədri, jurnalist Ayaz Mirzəyevlə həmsöhbət olduq.
***
- Ayaz bəy, məlumdur ki, bu layihə bir neçə şəxsin təşəbbüsü
əsasında ərsəyə
gəlib. Necə oldu ki, bu qərara gəldiniz? Yəni Qarabağla bağlı
bu həyat hekayələrinin hazırlanması
hansı zərurətdən
doğdu?
- Bu təşəbbüs ondan
irəli gəldi ki, 44 günlük davam edən Vətən müharibəsi
dövründə hər
kəs öz məsuliyyəti çərçivəsində
bu qələbənin
əldə olunmasına
bir pay qatmağa çalışdı. Çörəkçidən tutmuş, pinəçiyə,
qəssaba, jurnalistə
qədər hər kəs ordunun əldə edəcəyi qələbəyə hansısa
formada öz yardımını göstərməyə
can atdı və o sırada mən də var idim.
Mən, hardasa, 20 günə yaxın, müharibə getdiyi dövrdə Füzuli, Cəbrayıl, Beyləqan ərazilərində,
elə sırf jurnalistika fəaliyyəti
ilə əlaqədar
cəbhə bölgəsində
idim. Ümumiyyətlə, biz dostumla - Zəka
Quliyevlə bir yerdə bu qərara
gəldik. Zəka Quliyev
Azərbaycan Jurnalistlər
Şəbəkəsi İctimai
Birliyinin sədr müavinidir, aktiv koordinatorlarından biridir.
O, özü əslən
Zəngilandandır və
mənə belə bir hekayənin olduğunu dedi. Mən o an düşündüm
ki, mütləq bu
hekayəni çəkmələyik.
Çünki bu həyat hekayələri bizə həm də müharibədə əldə
etdiyimiz qələbənin
əhəmiyyətini, miqyasını
göstərəcək. Baxmayaraq ki, kiçik, altı dəqiqəlik bir videodur, amma
bir qadının timsalında biz sayı yüz minlərlə olan məcburi köçkün və qaçqınların sanki
xatirələrini təzələmiş
olacağıq. Eyni zamanda,
bu videolar xüsusən xarici auditoriyalar üçün
bir məlumatdır, təbliğatdır ki, baxın, müharibə bizim insanlarımıza necə ziyan vurub, onların taleyini necə bərbad vəziyyətə
salıb. Bizim insanlarımız görün
neçə illər
bu ağır yüklə, bu acı tale ilə yaşayıblar, hansı ki, bu günü
gözləyərək, arzulayaraq.
Baxın,
məqsəd bu idi, biz qarşımıza
qoyduq və ümid edirəm ki, məqsədimizə çatdıq.
- Bilirik ki, bu
iş müəyyən
xərclər bahasına
başa gəlir. Sizə dəstək olan hansısa bir qurum, təşkilat varmı?
- Bu layihəni icra edərkən biz heç bir kənar şəxsdən, fonddan, təşkilatdan pul istəməmişik və
heç müraciət
də eləməmişik.
Çünki bu, bizim özümüzün təşəbbüsümüzdür,
Azərbaycan Jurnalistlər
Şəbəkəsi olaraq
cəmiyyət qarşısında
sosial məsuliyyətdən
irəli gələn bir borcumuzdur. Hansı ki, biz mütləq bu prosesdə hansısa bir bacarığımızı ortaya
qoymalıyıq ki, bu ümummilli məsələdə bir payımız olsun. Biz heç bir
kəsdən bu videonun hazırlanması üçün maliyyə
istəməmişik. Əlbəttə ki, xərclər
var, amma şəxsən mən bu layihəyə başlayanda o xərclər
haqqında heç düşünməmişəm. Tək mən yox, eyni
zamanda, komanda da.
Əsas odur ki, layihə
uğurlu alınsın.
- Bu günlərdə ilk işiniz
ictimaiyyətə təqdim
olundu və olduqca maraqla, həssaslıqla qarşılandı.
Yəqin
ki, silsilə olaraq davam etdirmək
fikriniz var. İlk videodan
sonra hansısa əskikliklərin şahidi
oldunuzmu? Nə yeniliklər
gözlənilir?
- Bilirsiz, valideyn öz övladının eyiblərini, bəlkə də, bilir, amma heç vaxt o eyibləri açıqlamaq, demək
istəmir. İndi əlbəttə
ki, hər bir videoda olduğu
kimi, bizim bu videoda da hansısa
məqamlar ola bilər ki, biz yaradıcı komanda olaraq təqdimatdan sonra öz aramızda
danışanda "belə
olsaydı, daha yaxşı olardı",
"gərək bunu
da çəkərdik", "gərək bu prizmadan kadr tutardıq" kimi fikirlərimiz olub. Amma sizi əmin edirəm ki, təqdimatdan əvvəl dəfələrlə videonu
izləmişik, ən
optimal variantı yekdilliklə
təsdiq etmişik.
Sözsüz ki, yeniliklər
gözlənilir. Biz bu videonun davamı
olaraq başqa həyat hekayələrini
çəkməyə çalışacağıq.
Hazırda həmin hekayələrin
araşdırılması prosesi
gedir, baxırıq, seçirik, inşallah, tezliklə hansısa bir ssenari üzərində
dayanacağıq ki, məhz həmin ssenariyə uyğun çəkilişlərə başlayaq.
- İlk qəhrəmanınız Sürəyya
ana sizin vasitənizlə öz doğma Ağalı kəndinə qayıdanda,
illər sonra həmin yerləri görəndə, sözsüz
ki, çəkilişdə
yer almayan, bizim görmədiyimiz məqamlar da olub. Hansı maraqlı hadisələr baş verdi?
- Əlbəttə ki,
Sürəyya ana 28 ildir, məcburi şəkildə öz doğma yurdundan uzaqda olub. Onların əraziləri
işğal edilib, neçə-neçə yaxın
qohumları, tanışları
şəhid olublar.
Əlbəttə ki, müharibənin
ağrı-acısı Sürəyya
ananın üzündən
oxunurdu. Məsələn, bəzi məqamlar olurdu ki, biz, yəni çəkiliş
qrupu, kədərlənirdik,
hətta elə olurdu ki, gözümüzdən
yaş gəlirdi.
Bəzənsə görürdüm ki, Sürəyya ana müəyyən məqamlarda heç ağlamır, sadəcə
dayanıb baxır.
Mən ona yaxınlaşıb sual verəndə ki, bəs Sürəyya
ana, bu görüntü
mənə və digərlərinə təsir
etdi, sənsə sadəcə dayanıb baxırsan. O mənə
dedi ki, "Bala, mən 1988-ci ildə həyat yoldaşımı itirdim,
beş il
sonra isə doğma Zəngilandan beş uşaqla bir yerdə məcburi çıxmalı
oldum. Mən bu illər ərzində o qədər
göz yaşı axıtmışam ki, daha gözümdə yaş quruyub". Mən öz sualıma cavabımı aldım və o qadının nə qədər mərd, möhkəm, qürurlu olduğunu başa düşdüm.
O, beş uşağından ötrü
bu illər ərzində yalnız özünü fəda eləyib. O beş
uşaq böyüsün,
işləsin, özlərinin
ailəsi olsun. Təsəvvür eləyin, o qadın
hansı əziyyətlərdən
keçib və onun o qabar əllərini
görəndə mən
başa düşdüm
ki, bu qadın
həm ata olub, həm ana olub. Mən o qadının qarşısında, həqiqətən,
baş əyirəm.
- Yəqin ki,
siz də işğaldan azad olunmuş torpaqlara qədəm qoyanda müxtəlif hisslər keçirmisiniz. Bu səyahət sizə hansı təəssüratı
bağışladı?
- İşğaldan azad olunmuş torpaqlara ilk dəfə oktyabrın
16-ı ayaq basmışdım.
Bilirsiz ki, həmin tarixdə Azərbaycanın ilk işğaldan azad olunan şəhərlərindən
biri Cəbrayıl şəhəri idi. Biz həmin tarixdə jurnalist qrupu ilə bərabər iki dəfə Cəbrayıla
çəkiliş üçün
getdik. Mən birinci dəfə yerli, ikinci dəfə
xarici jurnalistlərlə
getdim. Ora ilə ilk tanışlığımı
sözlə ifadə edə bilmirdim. Qarabağ işğal olunanda mən uşaq idim, oraları görməmişdim.
Amma yaxın dostlarımın, Qarabağdan
olan ictimai xadimlərin söhbətlərində
həmin torpaqların
nə dərəcədə
gözəl olduğunu
eşitmişdim. Dağıntılar
var idi, daş üstdə daş qalmamışdı.
Amma təbiətin gözəlliyini məhv edə bilməmişdilər.
Əlbəttə ki, yenidən həmin ərazilər yaşıllaşdırılacaq,
gözəlləşəcək. Yenidən o ərazilərə
həyat qayıdacaq, biz o əraziləri bir daha canlandıracağıq.
Bizim insanlarımız
zəhmətkeşdir, çalışqandır.
Allah qoysa, o ərazilər bir daha işğal müddətində olduğu
vəziyyətdə olmayacaq.
Düzdür, dostum Zəka Quliyev Zəngilan haqqında mənə danışmışdı,
amma mən belə təsəvvür
eləməmişdim. Zəngilana
gedəndən sonra başa düşdüm ki, buranı heç bilməmişəm.
Çox gözəl yerlərdir - təbiəti,
çaylar,
torpağı, bir
tərəfdə Araz
çayı, ətrafda
başı qarlı dağlar silsiləsi. Evlər dağılmış
vəziyyətdə olsa
da, mən onları tam yaxşı vəziyyətdə
təsəvvür edirdim
və düşüncəmə
gətirirdim ki, orada insanlar var, uşaqlar var, onlar oynayırlar,
qaçırlar, həyat
qaynayır. Onda başa düşdüm ki, hara gəlmişəm.
İnşallah ki, insanlarımız qayıdacaq
və yenidən ora cənnətə çevriləcək.
Nadir RZALI
525-ci qəzet.- 17 fevral.- S.10.