Ədilə Namazova: həkim kimi həkim, ana kimi ana...

 

SEVİL ƏLİŞQIZI: "MƏNİ QUCAQLAYIB DEDİ Kİ, BU QIZI VERİN MƏNƏ, ONU ÖVLADLIĞA GÖTÜRMƏK İSTƏYİRƏM"

 

 

Ötən ilin dekabrında təkcə Azərbaycan səhiyyəsi yox, bütövlükdə cəmiyyətimiz ağır bir itki ilə üzləşdi - Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, akademik Ədilə Namazova dünyasını dəyişdi.

 

Neçə-neçə uşağın həyatını xilas edən, hər kəs tərəfindən sevilən Ədilə Namazovanı hər birimiz tanınmış pediatr, alim kimi tanıyırıq. Bu söhbətimizdə isə onu bir ana kimi tanıyacağıq.

 

Beləliklə, müsahibimiz Ədilə Namazovanın qızı Sevil Əlişqızıdır.

 

***

 

- Sevil xanım, bidiyimiz kimi, Ədilə Namazova sizi övladlığa götürmüşdü. Onda sizin neçə yaşınız var idi?

 

- O zamanlar mənim 13 yaşım var idi. Rəhmətlik əmimlə Ədilə xanımgil ailəvi dost idilər. Bir dəfə Ədilə xanım əmimgilə qonaq gəlmişdi. Orada məni qucaqlayıb dedi ki, bu qızı verin mənə, onu övladlığa götürmək istəyirəm. Əmim dedi ki, qoy valideynləri ilə danışaq. Sonra anamla atamı çağırıb söhbəti izah etdilər. Onlar da dedilər ki, əgər Ədilə xanım istəyirsə, etirazımız yoxdur. Anamla atam Ədilə xalanın xətrindən keçmədilər. Beləcə 13 yaşımdan 17 yaşıma qədər məni o böyütdü. Mən heç yadlıq, ögeylik hiss etmədim. Mən onu çox sevirdim. Yoxluğu mənə çox pis təsir edir. 17 yaşımda sənədlərimi Tibb Universiteti üçün hazırlamışdı. Həmin vaxtlarda həm Hindistana getməyimiz üçün bilet almışdı. Mənə dedi ki, get 3-4 gün ailənlə görüş, sağollaş, gedək Hindistana. Mən dediyi kimi rayona getdim. Orada həyat yoldaşım məni görüb elə gecə ilə götürüb qaçdı. Qaçırandan iki gün sonra birbaşa Xarkova apardı. Ədilə xanım xəbər tutandan sonra məni qaytarmaq üçün çox əlləşdi, ancaq alınmadı. Daha sonra Bakıya gələndə Ədilə xanım ilə görüşməyə getdim. O görüş ikimiz üçün çox kədərli oldu. O ağladı, mən ağladım. isə... (gözləri doldu), mən Xarkovda olanda həmişə zəng vururdu. Hər zaman mənimlə əlaqədə idi. Hər zəng edəndə deyirdi ki, korluq çəksən, mənə de, qayıt gəl. İndi isə yoxdur. Onun yoxluğu mənə çox əzab verir. Hər axşam onun səs yazılarına qulaq asıram (ağlayır). Onun yoxluğu nəinki mənə, bütün nəslimizə pis təsir etdi. Heç kimin üzü gülmür. Allah ona qəni-qəni rəhmət eləsin. O, elə bir insan idi ki, bizi süfrədə oturtmamış özü oturmazdı. O qədər gözəl insan idi ki, hamıya kömək edir, əl tuturdu.  Hətta Xarkovda olanda da məni orada tibb bacısı olaraq oxutdurmaq istəyirdi. Ancaq indiki işim tibbə yaxın olduğu üçün, hər zaman deyirdi ki, rahatam.

 

- Sizdən başqa da övladlığa götürdüyü uşağı var idi?

 

- Məndən sonra iki qız götürdü. Səhv etmirəmsə, ikisi Kəlbəcərdən idi. Mən ona deyəndə ki, tək qalmısan, dedi yox, iki qız götürmüşəm. Onların da təhsilinə diqqətlə yanaşmış, oxutdurmuşdu. Heç kimi boş buraxmamışdı, hamımızın əlinə sənət vermişdi. Ümumiyyətlə, o, tez-tez Kəlbəcərə, İstisuya, Ağdama, Şuşaya gedirdi, bizi özü ilə aparardı. Bir neçə dəfə məni Moskvaya da aparmışdı. Hər yeri gəzdirirdi bizə. Hara getsə, onu çox böyük hörmətlə, sevgi ilə qarşılayırdılar. O qədər diqqətcil idi ki, çalışırdı heç kim ondan inciməsin.  Yeməyimizə, geyinməyimizə doğma anadan da çox diqqətlə yanaşırdı.

 

- Bəs Ədilə xanımın həyat yoldaşı sizə qarşı necə idi?

 

- Allah ona rəhmət eləsin. O da Ədilə xanım kimi çox yaxşı insan idi. Mən onların ağzından heç vaxt adımı eşitməmişdim, həmişə "qızım" deyirdilər. Zəng edəndə , qapıdan girəndə , çıxanda da ancaq "qızım" deyirdilər.

 

 

 

- Ədilə Namazovanın öz doğma övladı niyə yox idi?

 

- Doğma uşağı ola bilərdi, sadəcə vaxtı yox idi. Bütün ömrünü elmə həsr etmişdi. Ona görə , işlərindən vaxt ayıra bilmirdi. Sizə onun bu sahəni seçməsi ilə bağlı maraqlı bir hadisə danışım. Özü deyirdi ki, 7-ci sinifdə oxuyanda yaxın rəfiqəsi ürək xəstəliyindən ölüb. Rəfiqəsinin ölümü onu o qədər sarsıdıb ki, ondan sonra uşaq həkimi olmağa qərar verib. Özünə söz verib ki, uşaq həkimi olub onların ürəyini müalicə edib ölməyə qoymayacaq. Elə oldu. Neçə illərlə işlədi, amma bir dəfə əməliyyatı uğursuz olmadı. Burada 50-60-a yaxın uşağın müalicəsinə yardım etmişdi. Hətta lazım olanda onları Moskvada əməliyyat etdirib gətirirdi. O, bütün bunlar haqqında danışanda çox kədərlənirdi, ağlayırdı. Kədərlənəndə deyirdim ki, qurban olum, ay ana, niyə belə ağlayırsınız, görün siz qədər uşağı ölümdən xilas etmisiniz. İşini o qədər sevgi ilə görürdü ki, çox vaxt analiz götürmədən, baxan kimi xəstənin dərdinin olduğunu bilirdi. Mənim əmim oğlunu da o, müalicə etmişdi. Hətta ailəsinə demişdi ki, onu evləndirməyin. Əgər evlənsə, tez öləcək. Ancaq oğlanın ailəsi sözünə baxmadı, evləndirdi. Ədilə xanımın dediyi kimi oldu. Əmimoğlu 30 yaşında canını tapşırdı. Adilə xala o qədər pis oldu. O, sanki vergili idi. Əlindən bir stəkan su içən xəstə şəfa tapırdı.

 

- Heç müalicə etdiyi uşaqlardan böyüyüb onu tapan var idi?

 

- Bəli, tapan da, gələn var idi. Həmişə bayramlarda, ad günlərində gəlirdilər, zəng edirdilər. Onun 85 illiyində, təxminən, 40 nəfərə yaxın müalicə etdiyi uşaq gəlmişdi.

 

- Hər kəs onu tanınmış həkim kimi tanıyır, bəs ana kimi Ədilə Namazova necə insan idi?

 

- Deyərdim ki, ana kimi , övlad kimi ikincisi yoxdur. Mən bu dünyada ikinci elə bir insan görmürəm, tapa bilmirəm. O qədər qayğıkeş insan idi ki, mən öz anamdan görmədiyim qayğını ondan görmüşdüm. Yenə deyirəm, 13 yaşımdan 17 yaşıma kimi onun yanında böyüdüm. Bir dəfə olsun adımı çəkmədi. Elə ancaq "qızım, can qızım" deyirdi.

 

- Onunla olan maraqlı, unudulmaz bir xatirənizi bölüşə bilərsiniz?

 

- Mənim üçün onun hər anı dəyərli unudulmazdır.  Mən onun heç zaman unuda bilmərəm.

 

- Onun yanında böyüdüyünüz üçün hər halda həyatını da bilirdiniz. İşdə hansı maneələrlə rastlaşırdı?

 

- Ən çox çətinlik çəkdiyi şey ətrafındakılar idi. Həmişə eşidirdim ki, onlara işlərində məsuliyyətli olmağı tapşırırdı. O, bir tarix idi.

 

- Adilə Namazova dünyasını dəyişməmişdən öncə son görüşünüz necə olmuşdu?

 

- Rəhmətə getməmişdən bir ay əvvəl yanına getmişdim. Dedim ki, özümü çox pis hiss edirəm. Mənə müalicə yazdı. Hələ onun müalicəsini edirəm (ağlayır). Ona dedim ki, Allah sizə uzun ömür, cansağlığı versin. Gözləri doldu, dedi çox sağ ol, qızım. O gündən sonra pandemiyaya görə görüşə bilmədik. Amma hər axşam telefonla danışırdıq. Səs yazıları hələ telefonumda qalıb, hər gün qulaq asıram.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 17 fevral.- S.15.