Təbiətin parçası İnsandan danışırıq...

PƏRVİN

 

Bu günlərdə Türk yazıçısı İmdat Avşarın "Göyərçin sevdası" hekayələr kitabı çapdan çıxıb. Kitab Bakıda da çapa hazırlanır. Yazıçı Pərvin kitaba ön söz yazıb. Ön sözü oxuculara təqdim edirik.

 

Səhərin açılmağına çox az qalır...  Alaqaranlıqda otelin darısqal eyvanına çıxıb baxıram. Şəhərdən elə də uzaq deyiləm. Amma ucsuz-bucaqsız çölü bütün varlığımla  hiss edirəm. Çox çəkmir ki, Günəş təkliyimə son qoyur, gözlərimi yumub çölün qarışıq səslərini tənbəl-tənbəl dinləyirəm, bu, ilahi bir melodiyadı, göz qapaqlarımın ilıqlanması da qayğısızlığıma inandırır məni. Kükürd qoxusu isə bu azadlığın, rahatlığın ayrı bir simgəsidi. Hə, uşaqlıqda "Kibrit oyuncaq deyil" sözlərini oxuduğumuz qutuların içindəki balaca qara dənələrin möcüzəsini ancaq atəş yananda görürdük. Sən demə, can dərmanı imiş... Kükürdlü sularda min bir dərdin müalicəsi varmış. Tibbin əlacını tapa bilmədiyi xəstəliklər sadəcə çimməklə sağalırmış. Bəlkə dirilik suyu elə buna deyilir... Havası baldan şirin, suları da şəfalı olan bu yerlərdə belə müasir otelin tikilməsi təsadüfi deyil. Çağdaş dünya təbiətin hər bir şirin payından mənfəət götürür. Mənsə təptəzə və beş ulduzu göz çıxaran bu rahatlığı eynimə almadan ən ibtidai gözəllikləri düşünməyə, nəhayətsiz çölün azadlığını hiss etməyə çalışıram... Sanki zaman donub, cırcırama səsi, quş civiltisi, quzuların mələşməsi, yarpaq xışıltısı, sünbüllərin pıçıldaşması - hamısını eşidirəm... Torpağın canı isinməyib hələ, şeh-nəmin qoxusu da "eşidilir" azca... Amma daha çox həm saçlarıma, həm də üst-başıma hopmuş kükürd qoxusundan xoşbəxt oluram. Anadolunun ab-havasını hiss etmək üçün bundan gözəl fürsət ələ düşməz... Ona görə gözlərimə doldururam çöl mənzərələrin, içimə çəkirəm buraların havasın, suyunu da üfürərək dadıram, adamlarının üzündəki həzin bir təvazökarlıqdan, hətta utancaqlıqdan təsirlənirəm.

 

İstedadlı yazıçı, fikir və söz adamı, tərcüməçi İmdat Avşarın hekayələrin oxuduqca qayıtdım illər öncəyə... Hamısı bir-bir düşdü yadıma. Kırşəhərdə ilk Kitab Fuarı keçirilirdi. Dostlarla birgə mən də qatılmışdım bu Söz bayramına... Sehirli, sirli bir aləmə düşmüşdük... Bir yandan kitabın, ədəbiyyatın, söz-qələm adamlarının ətrafına toplaşan yerlilərlə ünsiyyət, məktəblilərin onlar üçün bu həyəcanlı görüşdə davranışları, o biri tərəfdən də Kırşəhərin, Nevşəhərin, Kapadokiyanın gözəlliklərinə heyranlıq. Bütün hisslər, təəssüratlar bir-birinə qarışmışdı. Və indi bu qeyri-adi istedadla yazılmış hekayələri oxuyanda o günləri və Kitab bayramını yada salmağım təsadüfi deyil. Məsələ burasındadır ki, elə həmin günlərdə mən də, dostlarım da yeni bir yazıçı kəşf etmişdik. Hər zaman təvazökarlığı ilə seçilən, yazdıqların heç vaxt xüsusi təqdim etməyən və daha çox çevirdiyi mətnlərdən danışan İmdat bəy oxucuları ilə görüşdə hekayələrinin real həyatdan götürülmüş qəhrəmanlarından söz açanda, doğma torpaqlarında yaşayan koloritli adamlar haqda qeyri-adi hadisələri danışanda  yarmarkada iştirak edən hər kəs - Türk dünyasının Ustad yazıçısı Anar, türk şairi Ataol Bəhramoğlu, Rəşad Məcid və mən gülməkdən uğunurduq. Anar müəllim İmdat bəyin, sanki XIX əsr Azərbaycanını təsvir etdiyini söyləyirdi, bunu sonralar yazdığı məqaləsində də xüsusi vurğuladı... İndi kitaba daxil olan, son vaxtlarda yazdığı hekayələrin oxuduqca başa düşürəm ki, müəllif hələ erkən yaşından (bəlkə, əslində, yaşından daha artıq müdrikliklə) yurdunun başına gələnləri - ağlamalı, gülməli hadisələri görüb, duyub və bəzən gülərək, bəzən hüznlə yazıb hiss etdiklərini... Və bu balaca hadisələr bir daha göstərir ki, dərdlərimiz də, xarakterimiz də, hətta bir ovuc torpaqda yaşadıqlarımız da eynidir, oxşardır. Bir də, məncə, İmdat Avşarın niyyəti elə güldürərək düşündürməkdi. Ya da sadə, sıradan, kiçik adamların vasitəsiylə yurdunu anlatmaqdı... Əslində, bəlkə də yadlara yox, elə sadəcə türk insanına! Təsadüfi deyil ki, Anar Ustad "İmdat Avşarla Türkiyəyə səyahət" qoyub yazısının adını və həmin məqaləsində xüsusi qeyd edir:

 

"İmdat Avşarın "Anamın saatları" kitabını birnəfəsə oxudum. Bu qiraəti İmdat Avşarla Türkiyəyə  səyahət də adlandırmaq olardı. Ədəbiyyat bir xalqı daha yaxından tanımaqçün ən etibarlı mənbədir. Türkiyəyə açılan bütün qapılar üzümüzə bağlı olan zamanlar qardaş ölkəylə daha çox şəhər mövzularında yazılmış əsərlər vasitəsiylə tanış olurduq. Rəşad Nuri Güntəkin, Ömər Seyfəddin, Xalidə Edib Adıvardan üzü bəri Nazım Hikmətə, Əziz Nesinə və son illərdə Orxan Pamuka qədər oxuduğum bütün kitablar bizi böyük şəhərlərə və ilk öncə əlbəttə, İstanbula aparırdı (Əlbəttə, "dağlar dastançısı" Yaşar Kamalı unutmuram).  

 

İmdatın hekayələr kitabı məni türk köylərində, Azərbaycan türkcəsiylə desək, kəndlərində, qəsəbələrində gəzdirdi. Mətnə daldıqca elə bil yazda yaşıl yamacların, gül-çiçəkli çəmənlərin qoxusunu  duyurdum".

 

Ustadın son dərəcə dəqiq fikirlərini davam etdirərək deyə bilərəm ki, mən də bu hekayələri hələ çapa hazırlayarkən oxuduqca yazıçının doğulduğu Kırşəhərin, Kamanın hər küncünü, hər bucağını gəzirdim, söz mənə o qədər gözəl bələdçilik edirdi, bu yerləri gözüyumulu da keçə bilərdim. Və bu əsərlərin türk köylərini, Anadolunu "gəzdirməsinin" bir ciddi səbəbi də yazıçının təbiəti insanla vəhdətdə göstərə bilməsidir. Bu əsərlərdə fəsil dəyişəndə xəzan olub gedəcək bir yaşıl yarpaqla qanadları dağların ucalığını su yoluna döndərən bir quş, torpağa bir quşcuğazın dimdiyindən düşmüş dən, ya da insan-hamısı eynidi. Və yazıçı qəribə şəkildə bunların hamısının cildinə girə, özünəməxsus yaza bilir... Həm də axıcı bir dillə, ilk cümləsindən oxucunun diqqətini çulğalayan və son nöqtəyədək buraxmayan bir ahənglə...

 

 

 

"Nəsrdən çox şeirə bənzəyən bu sətirlərdə təhkiyə edənin həssaslığı, Çingiz  Aytmatovsayağı elə İmdat Avşar da demək olar ki, bütün hekayələrində gördüyümüz insan həssaslığının istiliyini ötürür".

 

İmdat Avşar hekayələrin incələyən türk alimi İbrahim Şahinin nümunə gətirdiyim bu fikirlərini kitaba daxil edilən əsərlərin ən başlıca üstünlüyü saymaq  olar. Məhz sözün enerjisi, kəlmələrin çatdırdığı ab-hava insanı öz zamanından, reallığından alır və yazıçının təsvir etdiyi məkanlara, qəhrəmanların dünyasına aparır. Məsələn, "Durna çırağı" hekayəsində dağ kəndinə dərs deməyə gələn müəllimin təhlükəli yollardan keçərkən yaşadıqları, düşüncələrini həyəcansız oxumaq olmur. Bir tərəfdən təbiətə təmənnasız xidmət edən dağ kəndliləri, digər yandan da ucqarlarda qalan və əslində, məktəb yaşı ötmüş insanlara oxuma-yazma öyrətməyə gələn müəllim... Müəllim üçün bu yolsuzluqda uçurumdan aşağı yuvarlanıb ölmək o qədər real və qorxuludur ki. Yerli adam olan Heydər isə bulaqların ölü dirildən suyundan danışır. Yaşlı bir adam durnalar üçün çıraq yandırır ki, köç edəndə dağlara çırpılmasınlar, kəndin camaatı buna şübhə ilə baxsa da, təbiət öz cavabını verir...

 

"- Hə, qurban olum. Sevdiyinə qovuşmayanlar, sevib də ala bilməyənlər, sevda atəşinə düşənlər gəlib burda qurban kəsər, dua edərlər. Durna Babadan hümmət dilərlər...

 

- Buraya necə gəlirlər?

 

- Sevda adama dağları aşırdır, qurbanın olum..."

 

Hekayədən gətirdiyim bu dialoq əslində kitaba daxil olan digər əsərlərin   əsas ideyasını təşkil edir. Sevgiylə edilənlərin qarşısında heç kəs duruş gətirə bilməz, eşq maneə tanımaz və əslində, bütün təhlükələri gözə alıb ucqar kəndə dərs deməyə gələn müəllimi də, yazmağa kağızı belə olmayan şagirdləri də idarə edən eşqdir:

 

"Yaşı az olan uşaqlar hər dediyimi etsə də, hardasa gəlinlik çağına çatmış  qızlarla artıq bığları tərləmiş yeniyetmələr utanırdılar, gözümə belə baxa bilmirdilər. Qələmləri, dəftərləri də yoxdu. Mən taxtaya yazırdım hərfləri, onlar da barmaqlarıyla sinifin torpaq döşəməsinə..."

 

Hə, sinfin torpaq döşəməsində barmaqla yazıb nələrsə öyrənmək İmdat Avşar hekayələri üçün simvolik məqamdı. Onun təsvir etdiyi kənddə insanların dünyaya gəlişi belə təqvimlə ölçülmürsə, saatı öyrənmək, ya da yazıb-oxumaq o qədər də vacib deyilsə, savadlanmaq istəyən uşaqların işi çətin olur. Bu mənada "Kafa kağıdı" hekayəsini min bir məqamdan yozmaq mümkündür... Burda həm müharibənin acı fəsadı, həm böyüklərin kiçiklərə bir az soyuq, bir az qəribə münasibəti, həm də təhsil almaq istəyən yeni nəslin, deməli, işıqlı görünən, gələcəyə aid ümidlər verən Yepyeni qəhrəmanın təsviri var... Qəribədir ki, "Kafa kağıdı" hekayəsi hansısa çox uzaq ellərin, qədim zamanların ab-havasını çatdırır oxucuya. Amma müəllifin yaşını və təsvir etdiyi vaxtı incələyəndə görürsən ki, bu hadisələrin üstündən təxminən əlli il keçib. Elə isə niyə sadə bir türk kəndi, çağdaş dünyanın imkanları ilə bir quş (təyyarə!) qanadında yetişə biləcəyimiz obalar belə uzaq gəlir adama... Həm də nağıllar qədər uzaq, amma eyni zamanda doğma! Sanki elə indicə bu ucsuz-bucaqsız çölün hansısa ucqarından, Allahın da unutduğu bir yuvadan nağıl qəhrəmanları çıxacaq. Biri qorxudanda, o biri ovudacaq, biri xox gələndə, digəri müdafiə edəcək adamı... Bir nağıl saflığı ilə yazılmış hekayənin dərininə getdikcə qırx qapı açılır üzünə... Hər qapı arxasında bir məna, ideya gizlənib. "Gizlənib" - deyirəm, amma bilmirəm yazıçının niyyəti gizlənməkdi, öz uşaqlıq ağrısını, acısını, kompleksini mübhəm saxlamaqdı, ya açmaq, oxucu ilə bölüşmək?!

 

"İmdat Avşarın duyumu və üslubunu izah edən şey, iki dil arasında yer almasıdır. Bunu  sadəcə öyrənməklə etmək mümkün deyil. Bu duruş və duyumda Avşarın kökü Mevlana və Yunus Əmrəyə çıxan genetik bir mirasın varisi olduğu aşkardır. Bu mirasda bütün həqiqəti bizə neydən dinlədən Mevlananın, sarıçiçəkdən cəddini soruşan Yunusun, Anavarza qalası ilə dərdləşən Dadaloğlunun, ulu bir ağacdan düşən yarpaqda ağacın iniltisini onunla eyni anda duyan Aşıq Veysəlin, yaylada əzəlini arayan məchul bəstəkarın... siluetləri vardır".

 

Professor, doktor Ziya Avşarın qeyd etdiyi bu dəqiq fikirlər elə "Kafa kağıdı" da açmağa, anlamağa yardımçı olur. Məhz ənənəyə söykənərək, min illik ədəbiyyat ab-havasından, ruhundan bəhrələnərək yazılanlar həm də modern, müasir bir problem kimi qavranır.  Müəllif köhnə qaydalara uşağın diliylə üsyan da edir. Axı bəzən "Uşaq-uşaq danışma" - deyilir... Ya da "özünü uşaq kimi aparma", "uşaq kimi düşünmə" - iradları tutulur bir azacıq cığallıq edən böyüklərə... İmdat Avşar isə deyir ki, uşağın düşüncəsi elə bakirə təbiətin özü qədər safdı, dünyanın ən ali qanunlarından da ədalətlidi, bir də günahsız balacalar savadsız, səhlənkar, məsuliyyətsiz böyüklərin təqsirlərinin altını çəkirlər... Obrazlı desək, heç də uşaq dəcəlliklərinə bənzəməyən Böyük oyunlarının zərbəsi balacalara dəyir... Hə, bu, taxtadan düzəltdiyin oyuncaq tapança ilə dava-dava oynamaq deyil, müharibədi. Və bütün günahlar da bu müharibədədi... Kişiləri, balaca daxma evlərin arxa-dayağı olan ataları, babaları əlimizdən alan savaşlarda. Türkün qəhrəmanlıq tarixi, igidlik dastanı keçir adamın gözünün önündən: 93 müharibəsi, Balkanlar müharibəsi, Dünya müharibəsi... Ərzurum, Selanik, Sarıqamış, Yəmən, Çanaqqala, Sakarya...

 

İmdat Avşar - "bir nənə, bir ana, dörd oğlan, üç qız" - olan evləri təsvir etdikcə başa düşürsən ki, bu azadlıq dastanının zil-zülmət səhifələri də az deyilmiş və bu qaranlıqlar içində sadəcə atasını, babasını yox, həm də kimliyini itirən balalar varmış... Oxucu düşünə bilər ki, "Kafa kağıdı" - hekayəsində faciəvi nə isə baş verib... Qətiyyən! Sadəcə, artıq ibtidai sinfi bitirməyin bir addımlığında olan qəhrəman anlayıb ki, şəxsiyyətini təsdiq edən sənəd yoxdur... Axı buna nə ehtiyac?! Bir salxım üzümün də hansı tənəyə, bir quzunun da hansı sürüyə, hətta kösöy olmuş təzəyin hansı ocağa aid olduğunu hər kəsin su-əzbər bildiyi bulaq suyu kimi dumduru mühitdə, ovuc boyda kənddə kağız-kuğuza nə gərək?! Mənə görə hekayənin qeyri-adiliyi də elə budur. İmdat bəy təsvir etdiyi təbiəti, mühiti elə göstərir ki, burda bir kəndlinin kəlməsi, ya da qonşunun elə sözlə şəhadəti ən daşdan keçən sənəddən də üstündü... Amma çağdaş dünyanın öz qanunları var və sənin kimliyini təsdiq edən sənədin yoxdursa, müstəqil həyata qədəm qoya, özünü inkişaf etdirə, mühitdə yerini tuta bilməzsən... Beləliklə, o qayğısız uşaqlığın ən qayğılı anını təsvir edən müəllif uşaq üçün atanın, qadın üçün ərin, daha doğrusu, ailəni yönləndirən güclü bir Kişinin varlığının vacibliyini göstərir. Və burda şəxsiyyət vəsiqəsi də, lak ayaqqabı da sadəcə, simvoldu... Bir yanın boşdusa, kimliyin də sual altındadı, ayağın da yalındı...

 

"Kəndə çatanda gecə qaranlıq donunun ətəyini kəndimizin yollarına sərmişdi...

 

Qışın ortasında, qar yağanda gəldi atam...

 

Bir il gec getdim orta məktəbə...

 

Qədim zamanlardı..."

 

Yazıçı bütün əsər boyu sanki bir ürək döyüntüsü kimi təkrarlayır - Qədim zamanlar - olduğunu. Amma əslində, bunun özü də o ağrını, balaca və seçilmək istəyən bir uşağın yaşına uyğun olmayan əzablarını özündən uzaqlaşdırmaq, nağıl kimi, uydurma kimi qəbul etmək cəhdidir... Bu mənada İmdat Avşar hekayələrində uşaqlıq əzabları, balacaların dünyası, onların kiçik problemlərində görünən və onlarla birgə böyüyəcək düşüncələri qırmızı xətlə keçir. "Söylənməmiş sözlər", "Göyərçin sevdası" hekayələrində bu saflıq tamam ayrı bir mərtəbədə, ucalıqda, həm də dünyaya meydan oxuyurmuşcasına təsvir olunur...

 

"Payızda quşlara bənzəyir uşaqlar. Dərs bitincə, qatarlanıb hayla-küylə uçan durna olurlar və məktəbdən evə, evdən məktəbə köç edirlər. Onlar, bu ikindi vaxtı-namaz zamanı köçə başlayınca, uşaqlığımın səsləri uçuşur qulaqlarımda. Sevincli uşaq səslərindən qanad taxıram  özümə..."

 

İmdat Avşar bu pak uşaq dünyasını elə təsvir edir ki, suallar içində çaş-baş qalıram. İnsan nə zaman, harda kirlənir bəs? Axı balacaların hamısı mələk kimi gəlir dünyaya və elə bu hekayələrin də qəhrəmanları öz kövrək, bapbalaca dünyalarındakı həyəcanla oxucunu bir azacıq ayıltmaq, oyatmaq istəyirlər. Axı "Göyərçin sevdalısı" Əfəndinin tərtəmiz səmasını kirləndirən varsa, axırı yaxşı olmayacaq. Çünki Yuxarıdan baxan var və Tanrı Əfəndini oğru elan edib incidənləri mütləq cəzalandıracaq. Yazıçının isə ustalığı ondadır ki, bu qutsal  dünyanın adamını, Əfəndini sadəcə alır qədirbilməzlərin, yalançıların, paxılların, bədbəxtlərin əlindən - onu quşa çevirir... Bəli, əgər içiniz də, qəlbiniz də bu qədər kirlidirsə, demək ki, məsumluğa, saflığa yer yoxdur aranızda...

 

"İmdat Avşar istedadlı, oxucuya qarşı isti, səmimi və yaxşı ünsiyyət qura bilən bir yazıçıdır. Onun yazdıqlarını oxuyanda həzz alıram. O, zaman-zaman oxucularını, doğulduğu yerlərlə, boya-başa çatdığı, təhsil aldığı çevrələrlə, birlikdə çalışdığı, sevdiyi, duyğularını hiss etdiyi insanlarla tanış edir. Həm də çox sadə və rahat bir ortamda: Kənd məktəbində, sıradan bir anadolu kafesində, əyri-üyrü bir küçədə,  köhnə bir dükanda... bu məkanlar elə yerlərdir ki, orada quramaçılıq, saxtalıq, dəbdəbə yoxdur. Onun hekayələrini oxuyarkən, əslində,  oxumursunuz, bir kafenin küncündə oturub qoltuğa dirsəklənərək çayınızı içib siqaretinizi çəkərkən, ürəyini boşaldan bir yazarın göstərdiyi səhnələri izləyirsiniz, qulaqlarınızı şəkləyib söylədiklərini dinləyirsiniz. Mən onun hekayələrinin içinə enirəm və orada bir rahatlıq tapıram".

 

Azərbaycan yazıçısı Əjdər Olun bu sözlərini ümumiləşdirərək deyə bilərəm ki, İmdat bəy yaradıcılığa gec gəlsə də, bədii əsərlər yazmağa 40 yaşından sonra başlasa da, hekayədən-hekayəyə peşəkarlığını artıran və oxucunun yerini (Əjdər Ol təbiri) rahatladan yazıçıdır. Əgər yaradıcılığının əvvəlində anası, ya da elə uşaqlıqdan müşahidə etdiyi Abdallar, qonşular, qohumlar onun qəhrəmanlarına çevrilə bilirdisə, indi o, bir nərgizin, bir tarın da yerinə qoya bilir özünü. Bədii priyom işlədərək cansız əşyanı da, ömrü qısa olan çiçəyi də dinləndirə bilir. Çünki yer üzündə hər şeyin, hər kəsin bir "hekayəsi" mütləq var, sadəcə bunu görmək, duymaq, yazmaq istedada və peşəkarlığa bağlıdır. "Xocalıda qalan tar"ı oxuduqca bir tarın hekayəsinin nə qədər ağrılı-acılı olduğunu görürük... Əslində, sadəcə Xocalı adının özü min bir dəhşətlə bağlı assosiasiya yaradır. Türk oxucusu bəşəriyyətin ən amansız soyqırımlarından birinin tarixini yaxşı bilir. Elə müəllif üçün də qardaş xalqın, əslində, bütün türk dünyasının bəlası - Qarabağ acısı yeni mövzu deyil. Bir zamanlar Azərbaycanın "beş addımlığında" işləyən İmdat bəy Qarabağ qaçqınlarını da görüb, onların hekayəsini də dinləyib, haqlarında əsər də yazıb. İntəhası bu hekayədə - "Xocalıda qalan tar"da açıq-açıqcasına xüsusi dəhşətlə olaylar təsvir edilmədən, sadəcə tarın duyğularını qələmə almaqla əsl həqiqəti çatdırır yazıçı:

 

"Qorxu dolu uşaq çığırtıları və balasını itirən anaların fəryadları dəli rüzgara qarışaraq səmaya yüksəlir, sonra bütün səslər donur və qan içində yerə  düşür... Şəhərin üzərində elə bir güllə yağmuru var ki, çığırtılar, fəryadlar, Allaha uzanan əllər, Haqqa yönələn dualar belə havadaykən vurulur..."

 

Bütün bunlar tarın eşitdikləridir. Yazıçının böyük bir faciəni səslərlə təsvir etməsi gerçək bir proza detalı, xarakter ustalığıdır. Axı məhz səsi ilə var olan bir musiqi aləti ayrı necə qavraya bilərdi o hadisələri?! Bir də adını belə çəkmədiyi düşmənin, varvarın, faşistin xarakteri bircə priyomla o qədər dəqiq çatdırılıb ki... Boş evə girən bədnam qonşu məhz tarı məhv edir, ondan çıxır hayfını. 44 günlük zəfər savaşımızda gördüklərimiz, azad olunmuş torpaqlarımızdakı darmadağın mənzərə, məhv edilmiş mədəniyyət abidələri Xocalıda qalan tarın dediklərinin nə qədər bütöv - tam olmasını təsdiqləyir. Şükürlər olsun ki, türk qardaşlarımızın böyük mənəvi dayağı və əbədi birliyimizlə, ordumuzun gücü və xalqın iradəsi ilə  Qarabağımız azad edildi və Mədəniyyətin beşiyi, paytaxtı olan yerlərimizin zəfər dastanı indən sonra yazılmalıdır... Türkiyənin dörd bir yanında millət vəkili Qənirə xanım Paşayevayla birlikdə yayımladığı "Qarabağ hekayələri" antologiyası ilə həqiqətlərimizi yeni nəsillərə çatdıran yazıçının bu dəfə də böyük bir zəfər, azadlıq layihəsinin yönləndiricisi olacağına heç bir şübhə yoxdur.

 

Elə bu məqamda yazmaq üçün lazım olan əsas keyfiyyəti xüsusi qeyd etmək istərdim. Bəli, zəhmətkeşlik. İllər boyu səfərlərimizdə, İmdat bəyin rəhbərlik etdiyi, düzənlədiyi bütün görüşlər, tədbirlər, layihələr, tərcümə proseslərində müşahidə etdiyim odur ki, ədəbiyyata gec gələn yazıçının ən böyük uğuru sadəcə istedadı yox, həm də zəhmətdən qorxmaması, məqsədinə doğru yolda sözün həqiqi mənasında gecə-gündüz çalışmasıdır. Gecənin ortasında çox rahatlıqla Azərbaycan türkcəsindən bir ifadəni seçib - bu nə deməkdi? - deyə sual verə bilər. Bu o deməkdi ki, uzun gecə boyu işləyəcək, hansısa məqamda işi düyünə düşübsə, istənilən bir online olan dostundan cavab alıb yoluna davam edəcək...

 

Şair, yazıçı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid İmdat bəyin məhz bu cür insani keyfiyyətlərini dəyərləndirərək yazır:

 

"İmdat Avşarın ədəbi yaradıcılığı, hekayələri onun istedadlı bir yazıçı  olduğundan xəbər verir. Onun Bakıda yayımlanan "Anamın saatları" adlı hekayələr toplusu, böyük bir maraqla qarşılandı. İmdat Avşarın bir insan kimi də, bir dost kimi də münasibətinə, həssasiyyətinə böyük qiymət verirəm. Zəhmətkeş dostumun durmadan çalışması, gördüyü işlərə şövqlə yanaşması öz bəhrəsini verir. Onun bundan sonra da həm Türk Dünyası Ədəbiyyatından edəcəyi  tərcümələrlə, həm də öz əsərləriylə ədəbiyyat dünyamızda önəmli işlər görəcəyinə  inanıram".

 

Məncə, İmdat bəyin həm yazıçı, həm dostları ilə münasibətində dürüst və etibarlı bir insan olaraq sevilməsinin, tərcüməçi kimi uğurunun təməli eynidir. Yaşananların və yazılanların; gündəlik həyatın və ədəbi görüşlərin, tədbir təşkilinin və hansısa bir konfransda qonaq qismində çıxış etməyin - hamısının bir-birinə qarışması, birinin digərinin ardı olmasıdır. Rəşad müəllim dediyi kimi şövqlə, həvəslə, ruhla icra edilməsidir. Elə buna görə də hekayələr sanki gözümüzün önündə baş verirmiş kimi oxunur... Yazıçı özü  bunu müsahibələrindən birində çox səmimi izah edir: "Modern və postmodern ədəbi qurğular səmimiyyətsiz, qurama, bəsit gəlir mənə; bu tip mətnlər içindəki qurama, plastik tiplər isə ikrah hissi oyadır... Hələ gerçəkliyin çıxdaş edildiyi postmodern qurğulardan heç xoşlanmıram. Bu tip qurğular sadəcə mətni, gerçəkliyi deyil, ədəbiyyatı da yağmalıyır, deformasiyaya uğradır. Ona görə də gerçəklikdən uzaqlaşmamağa üstünlük verirəm...

 

..."Tövbə edənlər" adlı hekayəmdə, qəhrəmanları "alkoqol mübtəlası" olmaqdan xilas etmədiyim üçün, oxucuya yaxşı insan modeli sırımadığım, tövbə  etmə davranışını küçümsədiyim yönündə tənqid olundum. Bu tənqidlərə hörmətlə yanaşıram, amma mən o qəhrəmanlara hekayənin sonunda dəstəmaz aldırıb  namaz qıldırmaq, insanlara nəsihət vermək üçün yazmadım. Bəziləri kimi  nəşriyyat sifarişiylə hekayə yaza bilmərəm, oxucuya öyüd vermərəm... Əgər gerçəkliyin üzünü riya pərdəsi örtərsə, qələmim nəfəs almaz".

 

Gerçək sənət resepti elə budur... Oxucunu tərbiyə etmək, ona ağıl öyrətmək yox, reallığı göstərmək və özünün nəticə çıxarması üçün vəziyyət yaratmaq. Misal üçün, "Yetim Abdal" hekayəsində çörəyi toylardan çıxan musiqiçinin aclığı, pulsuzluğu, kimsəsizliyi təsvir olunur. Toylar sezonunda ayaqları yer görməyən birinin indi soyuq aylarda zəngin süfrələrdən, diqqət mərkəzindən kənarda qalması hər cəhətdən üzücüdür. İndi təsadüfən qız qaçırmış bir gənc toy çalmaq, qarın doydurmaq, bir az da mey içib dünyadan qopmaq fürsəti yaradıb. Yazıçı Abdalın ovqatını, sevincini hər incəliyi ilə çatdırır, amma birdən dava düşür, toy pozulur və canını götürüb qaçan zavallı sadəcə bir rakı şüşəsini qazanır... İndi içki var, amma yemək yoxdu. Və Yetim Abdal böyründə-başında cücələri cikkildəşən toyuğu kəsmək qərarı verir. Bax bu məqamda düşünürəm, əgər Abdalın cücələrə yazığı gəlib toyuğu kəsməsə, olacaq sentimentalizm, əgər kəssə qəhrəmanın kövrək qəlbinə  şübhəm yaranacaq... Yazıçı realist nəsr ənənəsinə sadiq olaraq, həmçinin, oxucunu güldürmək niyyəti ilə Abdalın dilindən cücələrə müraciətlə bu sözləri verir:

 

"Qüsura baxmayın mən də yetim böyüdüm..."

 

Oxucuda sual qalmalıdı, həm də yazıçı inandırmalıdı onu... Daha öncə dediyim güldürərək düşündürmək elə budur. Eyni zamanda, müəllif bu qəribə, gülməli insanları həm özü başa düşür, həm də bizləri onları anlamağa çağırır. Kitabdakı bəlkə ən faciəvi, ən gülməli və düşündürücü adam-qəhrəman "Bitməyən roman"ın müəllifi Nurulla Abidir. Pencəyindən davranışına kimi hər cəhətdən ütülü, düppədüz bu adam illərdir ki, roman yazır... Oturub işlədiyi kafedə, min bir zəhmətə qatlaşaraq hər dəfə üzünü köçürdüyü "əsərinə" hər kəsin müdaxilə etdiyi, lağa qoyduğu, bir az bezdiyi, daha çox da sadəcə məzələndiyi məkanda hər şey film kimidir. Elə ilk cümlədən aydındır ki, Nurulla Abi qrafomandı və əsərini heç vaxt yazıb bitirə bilməyəcək... Onda bəs niyə yazır? Yazıçı bunun üçün elə bir səbəb qoyub ki...

 

"Arvaddan qaçmağa yer axtaran Nurulla Abi bələdiyyənin pulsuz xətt kursları, ebru kursları, keçə ve palaz boyama kurslarına getdi bir müddət... Bunlar, onun içindəki sənət eşqini təmin etmədi ki...  daha sonra bələdiyyə xoruna yazıldı. Orada da aradığı nəğməni tapa bilməyəndə, bu dəfə də gedib bələdiyyənin ney kursuna yazıldı..."

 

Hər kəsin ələ saldığı, əslində, elə haqlı olaraq doladığı bu adam bir yarpağın ağacdan düşməsini illərdir yazıb başa gətirə, sevgililərin qovuşmasını təsvir edə bilmirsə, gülməkdən, məzələnməkdən savayı yol da qalmır. Amma bircə bu - "arvaddan qaçmağa yer axtarmaq" məqamı hər şeyi demirmi? Axı Vaqif Səmədoğlu demiş - stadionda kiminsə başına butulka atmayan, bir kimsəyə pislik etməyən, sadəcə öz təkliyini, bəlkə də lazımsızlığını necəsə ovudan adam, yazmaqla təsəlli tapan adam təkcə gülməli deyil, həm də... Nə etməli ki, sənət hər zaman, bütün vaxtlarda qaçmaq, gizlənmək, daldalanmaq üçün ən təhlükəsiz yerdir. Həm də ən qayğısız...

 

Elə mən də bu hekayələrin sayəsində qayğısızlığın nə olduğunu bir daha anladım; sadəcə özün olmaq, təbiətin bir parçası kimi yaşaya bilmək! Ona görə daha heç nə demirəm... Sizləri bu ziyansız insanlarla, saf təbiət və ilahi duyğularla baş-başa buraxıram...

 

PƏRVİN

 

525-ci qəzet.- 2021.- 17 fevral.- S.18.19.