"Yaxşı musiqi də, musiqiçi də dəbdən düşmür
SAZ İFAÇISI
ELVİN RƏSULOV: "VİRTUAL MƏKANLARA BİR O
QƏDƏR BEL BAĞLAMAQ OLMAZ"
Bu
gün, istəsək də-istəməsək də, sosial
şəbəkələr həyatımızın
ayrılmaz bir parçasına çevrilib. Bu tendensiyadan
istifadə edib özünə iş quranlar, öz potensiallarını nümayiş
etdirib məşhur olanlar kifayət qədərdir. Ancaq sosial şəbəkələrə
qarşı neytral yanaşan gənclər də az
deyil. Onlar buradan bir növ portfel kimi istifadə edir, daha geniş
auditoriyada tanınmaq arzusunda olmurlar. Onlardan biri də budəfəki
həmsöhbətimiz - gənc
saz ifaçısı
Elvin Rəsulovdur.
- Elvin bəy, sosial şəbəkələrin sizin
üçün hansı faydaları
var?
- Sosial şəbəkələr
kiçik bir efirdir, burada həm orta, həm də cavan nəslin nümayəndələri fəaliyyətimizlə
tanış ola bilir.
- Gənclərin sosial mediadan istifadə tərzi və buradakı paylaşımlar
sizi nə dərəcə qane edir?
- Gənclərin çoxu sosial mediadan yetəri qədər bəhrələnə bilmir.
Ancaq düzgün istifadə etsələr, müəyyən
qədər faydalarını
görə bilərlər.
Hərdən səviyyəsiz hərəkətlər
edib video çəkərək
paylaşan "fenomen"lərin
videoları qarşıma
çıxır. Həmin
dəqiqə onları
blok edirəm.
Blok siyahımda təxminən
2000-3000 adam var. Belə adamların sayının çox olması bir az da utandırıcı məqamdır.
- İzləyicilər ifalarınıza necə fikirlər bildirirlər?
- İzləyicilərimin çoxu musiqiçilərdir. Çünki ifalarımı musiqiçi
olmayan şəxslər
anlaya bilmir. Musiqiçilər isə bu ifalara müsbət fikir bildirirlər.
- Mütəmadi olaraq paylaşım etsəniz, izləyici sayınız daha çox ola bilər.
Nə üçün videolar hazırlayıb paylaşmaqla
davamlı şəkildə
məşğul olmursunuz?
- Məşhur olmaq həvəsində deyiləm.
Məni tanıyan müəyyən
bir toplum var. Hər kəs tərəfindən tanınmaq
məni cəlb eləmir. Yutub platformasında videolar
paylaşıb fəaliyyət
göstərmək olar,
ancaq İnstaqram vasitəsilə məşhur
olmaq istəmərəm.
Bu platformalar müvəqqətidir,
bir müddət sonra dəbdən düşəndə insanlar
burada məşhurlaşanların
çoxunu tanımayacaqlar.
- Musiqi sahəsinə sizi ailəniz yönəldib, yoxsa öz seçiminiz olub?
- Uşaqlıqda qarmon ifaçılığına marağım
var idi. Ənvər Sadıqovun qarmonda ifa etdiyi "Vals" məndə bu alətə həvəs yaratmışdı.
Ancaq nənəmin də təkidi ilə tar sənəti üzrə təhsil aldım. Ailəmin isə mənimlə
bağlı arzuları
tamam başqa idi. Onlar dövlət qulluğunda
çalışmağımı məsləhət görürdülər.
Buna baxmayaraq, təhsilini aldığım
tar sənəti məni
özünə cəlb
etmişdi. Buna görə
də, məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi
kollecində, ardından
isə Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili aldım. Bu illərdə
dəyərli müəllimlərim
Elçin Həşimov,
Möhnət Müslümov
və Elçin Nağıyevdən dərs
almışam. Onların sənətindən
bəhrələnmişəm. Daha sonra Türkiyədə
İstanbul Universiteti Dövlət
Konservatoriyasında təhsilimi
davam etdirdim.
- Daha çox lirik mahnılar ifa edib paylaşırsınız.
Həmin
videoların şərh
bölməsinə yazdığınız
ifadələrin keçmişə
dayanan xüsusi bir səbəbi varmı?
- Əslində, bunun
keçmişdəki heç
bir hadisə ilə bağlılığı
yoxdur. Elə ifadələri sadəcə
diqqət çəkmək
üçün işlədirəm.
Lirik mahnıları ifa etməyimin səbəbi də ruhuma daha yaxın olmasıdır. Oynaq mahnılar
mənim üçün
bayağıdır, lirik
mahnıları isə
ifa etmək daha çətin və məsuliyyətlidir.
Lirika bir növ öz
hisslərini, fikrini ifadə etməkdir.
- Azərbaycan incəsənətinin
bugünkü vəziyyətini
necə görürsünüz?
- Təəssüf ki, bu gün sənətdən
anlayışı olmayan
bir çox adamlar özünü sənətkar adlandırır.
Sosial mediada bir-iki günlük məşhur
olan bloqerlər isə efirlərdə aparıcı olur. Bütün bunlara baxmayaraq, incəsənət öz mövqeyini qoruyub saxlayır. Yenə də istedadlı
musiqiçilər var
və bu şəxslərin sayəsində
retro musiqilər heç
vaxt yaddan çıxmayacaq. Yaxşı musiqi
də, musiqiçi də dəbdən düşmür. İllər keçdikcə
itib-batmaq məsələsi
sənətdən xəbəri
olmayanlara aiddir.
- Bir neçə dəfə televiziyalara da dəvət olunmusunuz. Necə oldu ki, sizdən
xəbər tutdular?
- Televiziyalara dəvət edilməyimin əsas səbəbkarı Əməkdar
artist Teymur Əmrah olub. Teymur Əmrahın sənəti
qədər şəxsiyyətinə
də hörmət edirəm. Hələ incəsənət sahəsində ondan öyrənəcəyimiz çox
məqamlar var.
- Ud alətində
də ifa edə bilirsiniz. Sazla bu alət
arasında hansı fərqlər var?
- Udu sazdan
fərqləndirən əsas
cəhəti tellərinin
az və qısa olması və səslənməsidir.
Buna görə də, udda ifa
etmək hisslərə
əsaslanır.
- Sazda ifa
edən və bu sahəyə yönələn gənclər
o qədər də çox deyil. İncəsənətlə məşğul
olmaq istəyən gənclərə nələri
tövsiyə edərdiniz?
- Əgər bu sənətlə məşğul olmağı
həqiqətən istəyirsinizsə,
ardınca gedin. Bir anlıq məşhur olmağın
həvəsinə qapılmayın.
Sosial şəbəkələr
bu gün var, sabah yoxdur.
Özümüzü köklü
şəkildə inkişaf
etdirməliyik. Virtual məkanlara bir o qədər bel bağlamaq olmaz.
- Bəzən insan məcburən yalan danışmalı olur. Buna çox vaxt
"ağ yalan"
da deyirlər. Sizdə belə
bir hal olubmu?
- Yalan danışmaq mənim üçün ölümdən daha betərdir. Uşaqlıq illərindən bu yana heç
vaxt yalan danışmamışam. Bəzən bu
məsələ ilə
bağlı başıma
hadisələr gəlsə
də, yalana uymamışam.
- İncəsənətlə bağlı gələcək
planlarınız barədə
nə deyə bilərsiniz?
- Gələcəkdə milli
sazı dünya səviyyəsində tanıtmağı
hədəfləyirəm.
Günel ABBAS
525-ci qəzet.- 2021.-
17 fevral.-S.22.