Azərbaycanda
İslam - keçmişdən bu günə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin birinci müavini
Azərbaycanda bugünədək müxtəlif dinlər, inanclar yayılsa da, heç birinin ömrü İslam qədər uzun olmamışdır. Tarixə
nəzər salsaq, görərik ki, İslamdan öncə bu
torpaqlarda yayılmış Xristianlıq tarixi Azərbaycan
ərazilərinin yalnız şimal hissəsini, daha dəqiq
desək, Albaniya ərazisini əhatə etmişdir. Xristianlıqdan əvvəl meydana çıxan
Atəşpərəstlik isə Azərbaycanın
cənubunda - Atropatena ərazisində
yayılmışdır.
Bu baxımdan deyə bilərik ki, İslam
Azərbaycanda son 14 əsrdə aparıcı mövqeyini
qoruyub saxlayan ümumxalq dinidir. Ona
görə də, bu dinin Azərbaycanda yayılmasının
və ümumxalq dininə çevrilməsinin tarixini
bilmək, onu gələcək nəsillərə
ötürmək milli-mənəvi dəyərlərimizin
yaşadılması üçün olduqca
əhəmiyyətlidir.
Təəssüf ki, bəzən
İslamın xalqımıza qılınc gücü ilə
- zorla qəbul etdirildiyini iddia edənlər də olur. Halbuki bu cür cəfəng iddiaların nə elmi,
nə də tarixi əsası vardır. Çünki azərbaycanlılar nə zorla öz
dinini dəyişən xalq, nə də İslam bu
zorakılığa haqq qazandıran dindir. Digər tərəfdən, tarixi
mənbələrdəki faktlar da təsdiqləyir ki,
İslam dininin Azərbaycanda yayıldığı
dövrdə xalqın narazılığını əks
etdirən etirazlar və qiyamlar bu dinə qarşı yox,
ərəblərin işğalçılıq
siyasətinə qarşı yönəlmişdi. Həm də onu nəzərə almaq lazımdır
ki, əgər İslam qılınc gücünə qəbul
etdirilsəydi, onun Azərbaycanda ömrü bu qədər
uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Əksinə, tarix göstərir ki, İslam dininin
türk xalqları, o cümlədən, Azərbaycan xalqı
arasında yayılması böyük tarixi
əhəmiyyətə malik hadisə olub. Türk xalqları bu dini qəbul etməklə
həm daha əhatəli və zəngin sivilizasiyanın
əsasını qoyub, həm də bu sivilizasiyanın
formalaşmasında, inkişafında, zənginləşməsində
və qorunmasında mühüm rol oynayıblar.
Azərbaycanın İslam dini ilə
tanışlığı erkən İslam fütuhatları
dövrünə təsadüf edir. O, Hicaz
bölgəsində yayıldıqdan sonra Ərəbistan
yarımadası hüdudlarından kənara
çıxmağa başlamışdı. Çünki Məhəmməd peyğəmbərin
(s) vəfatından sonra xilafət ordusu geniş
ərazilər fəth edərək İslam dininin hər
yerdə yayılmasını müqəddəs vəzifə
kimi görürdü. Fəthlərin
ilkin dövründə yerli əhali ilə ərəblər
arasında münasibətlər əsasən
yürüşlər prosesində bağlanılmış
müqavilələrlə tənzimlənirdi. Ərəbistanda və başqa fəth edilən
yerlərdə olduğu kimi, Azərbaycanda da yalnız
bütpərəstlər təqib olunurdu. Digər əhaliyə isə əvvəlki etiqad
və adətlərinə əməl etməyə icazə
verilmişdi. "Kitab əhli",
yəni müqəddəs dini kitabları olan yəhudilər
və xristianlar, o cümlədən, ilk vaxtlar
atəşpərəstlər əvvəlki etiqadlarında
qalır, əvəzində can vergisi - cizyə verir, bununla da,
müsəlmanların himayəsi altına keçir,
canlarının və mallarının
təhlükəsizliyini təmin edirdilər. Azərbaycanda
(cənubunda) isə o dövrdə əsas din
atəşpərəstlik idi. Təbii ki,
atəşpərəstlər "kitab əhli" hesab
edilmirdilər. Lakin ilk
müqavilələrin şərtlərinə uyğun olaraq,
onlara da aman verilir və müəyyən
güzəştlər edilirdi. Albaniya
dövründə də bu torpaqlarda Xristianlıqla yanaşı,
bütpərəstlik mövcud idi. Ərəblərin
bütpərəstlərə qarşı sərt mövqe
tutması bəzən zor tətbiq edilməsi ilə
nəticələnirdi ki, bu da İslamın
bütpərəstliyə münasibətindən
qaynaqlanırdı. Görünür,
məhz bu məqamdan çıxış edərək
bəziləri İslamın Azərbaycanda zor gücü
ilə yayıldığını deyirlər. Ancaq təbii ki, bu fikirlə razılaşmaq olmaz. Tarixi mənbələrdə də göstərilir
ki, Azərbaycanda İslamın təşəkkül
tapması tədricən gedib. Belə ki, bu proses VII
əsrin ortalarından başlayıb X əsrin ikinci
yarısınadək davam edib. X əsrin
ortalarına qədər Şimali və Cənubi
Azərbaycanın xristian əhalisi ilə yanaşı,
ölkənin aran və dağ yerlərinin
atəşpərəst və bütpərəst əhalisi
də əvvəlki etiqadlarında qalmışdılar. Hətta,
XII əsrin 30-40-cı illərində Azərbaycanın bir
sıra şəhər və kəndlərini gəzmiş
əndəlüslü Əbu Həmid əl-Qərnati
Dərbənd yaxınlığındakı dağ
kəndlərində "İslamı qəbul etməmiş,
hətta cizyə də verməyən", dəfn
mərasimlərinə görə atəşpərəst
olduqları görünən adamlara rast gəlmişdi. Belə olan təqdirdə İslamın
Azərbaycanda məcburi şəkildə qəbul
etdirilməsindən necə danışmaq olar?
Ümumiyyətlə, İslamın
Azərbaycanda yayılması və
təşəkkülü bir neçə
mərhələyə bölünür. Birinci
mərhələ VII əsrin ortalarından VIII əsrin
əvvəllərinə qədər - İslam
fütuhatı dövrü - davam edir və 705-ci ildə Alban
dövlətinin süqutu, dolayısı ilə Alban
Kilsəsinin öz müstəqilliyini itirməsi ilə
başa çatır. Akademik Z.Bünyadov
yazır ki, bu mərhələnin sonunda İslam
Azərbaycanda hakim dinə çevrilmişdi və onu
qeyd-şərtsiz qəbul edənlər yüksək
mənsəb sahibləri idilər. Onu
qəbul edənlər arasında tacir və sənətkarlar
da çoxluq təşkil edirdilər, çünki
müsəlman olduqları təqdirdə onlara
müəyyən güzəştlər olunurdu.
İkinci mərhələ VIII əsrin
əvvəllərindən X əsrin əvvəllərinə
qədər olan dövrü əhatə edir. Bu dövrdə İslama mənsubluq şüuru
güclənmişdi, ancaq etnik köklərlə
bağlılıq qalırdı. Azərbaycanın
sərhəd məntəqələrində İslam
təsəvvüfü təşəkkül tapmağa
başlamışdı.
Üçüncü mərhələ
Büveyhilərin hakimiyyəti dövrünü (935-1055)
əhatə edir. Bu dövrdə
Azərbaycanda mötədil şiəlik yayılmağa
başlamış və Dərbəndə qədər gedib
çıxmışdı. Sünni
hənəfi və şiə imami məzhəbləri
aparıcı məzhəblərə çevrilmişdi. Eyni zamanda, sufilik getdikcə güclənməkdə
idi. Şirvandakı Pirsaat
çayı üzərindəki xanəgahın məhz
həmin dövrdə inşa olunması bunun
göstəricisidir.
Səlcuqilər dövrü (XI əsrin
ortaları - XIII əsrin ortaları) ilə bağlı olan
dördüncü mərhələdə sünnilik
bölgədə güclənmiş, şiəliyin
mövqeləri zəifləmiş, şafei məzhəbi
aparıcı məzhəbə çevrilmişdi.
Beşinci mərhələ monqol yürüşləri
dövrünü (XIII əsrin birinci yarısı - XV
əsrin ikinci yarısı) əhatə edir. Bu dövrdə hürufilik güclənməyə
başlamışdı. Onun banisi
Fəzlullah Nəimi, həmçinin, Əbülhəsən
Əliyyül-Əla və şair Nəsimi hürufiliyin
ən nüfuzlu nümayəndələri idilər. Sufi xəlvətiyyə təriqətinin ikinci piri
Seyyid Yəhya Şirvani Bakuvi də həmin dövrün
çox məşhur adamlarındandı.
Altıncı mərhələ
Səfəvilərin (1501-1786) və XVI əsrdən
etibarən Osmanlıların (1281-1924) hakimiyyəti
dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir
və başlarına 12 şiə imamının
şərəfinə 12 qırmızı zolağı olan
əmmamə bağlayırdılar. Buna
görə də onlar "qızılbaşlar"
adlandırılırdılar. Çaldıran
döyüşündən sonra Azərbaycanda sünni
hənəfi məzhəbinin ardıcılları artmağa
başladı.
Azərbaycanda islamlaşmanın növbəti
mərhələsi ölkənin Rusiya imperiyası
tərəfindən işğalından sonrakı
dövrü əhatə edir. Bu
mərhələdə əsas diqqət çəkən
məqam hökumətin müsəlman din xadimlərini
özünə tabe etmək məqsədilə
Xristianlıqdakı Kilsə strukturu tipli İslam dini qurumu
yaratmaq siyasəti yürütməsidir. Bu
istiqamətdə aparılan işlər 1872-ci il aprelin 5-də Dövlət
şurasının təqdimatı ilə rus Çarı
tərəfindən "Zaqafqaziya şiə və sünni
məhəmmədi ruhanilər idarəsi haqqında
Əsasnamə"nin təsdiq edilməsi ilə
nəticələndi. Beləliklə,
Cənubi Qafqazda 2 müsəlman inzibati qurumu - müftinin
başçılığı ilə Sünni Ruhani
İdarəsi (Müftilik) və şeyxülislamın
sədrliyi altında Şiə Ruhani İdarəsi
(Şeyxülislamlıq) yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu
dövrdə də (1918-1920-ci illər) Cənubi Qafqaz
müsəlmanlarının dini işləri bu iki idarə
tərəfindən idarə olunurdu. 1920-ci
ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
şeyxülislamlıq təsisatı ləğv edildi,
müsəlman din xadimləri təqiblərə məruz
qoyuldu, məscidlərin əksəriyyəti qapadıldı. Ancaq
1943-cü ildə faşizmə qarşı
mübarizədə dinin imkanlarından istifadə etmək
istəyən SSRİ Zaqafqaziya müsəlmanlarının
dini qurumunun yaradılmasına qərar verdi.
Zaqafqaziya müsəlmanlarının I qurultayı
1944-cü il mayın 25-28-də
Bakıda keçirildi və həmin il Zaqafqaziya
Müsəlmanları Ruhani İdarəsi vahid
mərkəzə çevrildi.
1991-ci ildə Azərbaycanın
müstəqilliyi bərpa edildikdən sonra digər
sahələrdə olduğu kimi, din sahəsində də
unudulmuş ənənələr sürətli bərpa
olunmağa başladı. Sovet
dövründə İslamdan tədricən uzaqlaşırdırılan
xalqımız müstəqilliyin bərpasından sonra
sürətlə özünün milli-mənəvi
dəyərlərinin tərkib hissəsi olan dininə
qayıtmağa başladı. O başqa
məsələdir ki, ilk illərdə bu istiqamətdə
ifratçılığa yol verilmişdi. Əsas olan o idi ki,
Sovet imperiyasının "din əleyhinə təbliğat
maşını"nın 70 illik
fəaliyyəti istənilən nəticəni vermədi
və Azərbaycan xalqı İslama daxili
bağlılığını bu çətin,
məşəqqətli sınaqlarda qorumağı
bacardı. Xüsusilə, Ulu öndər
Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə
ikinci dəfə hakimiyyətə gələn kimi ölkə
daxilində dindarların problemləri ilə maraqlandı,
dövlət və din münasibətlərinin
tənzimlənməsində, multikulturalizm və tolerantlıq
dəyərlərinin bərqərar edilməsində çox
işlər gördü, xarici siyasətdə isə İslam
amilinə xüsusi diqqət yetirdi. Ümummilli
lider İslam dininin mahiyyəti, onun mütərəqqi,
qüdrətli bir din olduğu və Azərbaycan
xalqının həyatında mühüm rol
oynadığını həmişə
vurğulamışdır. Ulu öndər
Təzəpir məscidində dindarlarla
görüşlərinin birində İslamın
tərəqqipərvər və dünyəvi
əhəmiyyətindən danışaraq deyirdi: "Bizim
dinimiz mütərəqqi dindir. Əsrlər
boyu İslam dini özünün mütərəqqi
olduğunu və eyni zamanda, İslam dininə itaət edən
adamların hamısının özünün nə
qədər tərəqqipərvər və nə
qədər dünyəvi əhəmiyyətli olduğunu
sübut edir, müsəlmanlara daimi xoşbəxtlik
bəxş edir. Bizim dinimiz
müsəlmanları həyatlarında rast gəldiyi
çətinliklərdən xilas etməyə,
düşmənlərə qarşı mübarizədə
qalib gəlməyə və özlərini, öz
ölkələrini, öz dinini, öz məmləkətini
qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini
indiyə qədər olan tarixində dünyaya nümayiş
etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da
gücləndirəcək və bütün İslam
dininə itaət edən adamların hamısını
xoşbəxtliyə, səadətə gətirib
çıxaracaqdır".
Ulu öndər Heydər Əliyevin
zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən Prezident İlham
Əliyev hakimiyyətə gəldiyi gündən
milli-mənəvi dəyərlərimizin qorunmasına və
inkişafına çox böyük diqqət və
qayğı göstərir. Ölkəmizdə
dini və milli tolerantlığın tarixən mövcud
olduğunu və bu tolerantlığın indiyə kimi qorunub
saxlanılmasında xalqımızın genetik kodunun və bu
kodu formalaşdıran elementlərdən olan İslam dininin
misilsiz rol oynadığını vurğulayan
dövlətimizin başçısı
dəfələrlə vurğulayıb ki, İslam
dəyərləri milli-mənəvi dəyərlərimizin
ayrılmaz hissəsidir: "Biz öz dinimizə bağlıyıq,
dünyada İslam mədəniyyətini təbliğ
edirik. Dünyada çoxsaylı konfranslar,
sərgilər, təqdimatlar keçirilir, Azərbaycan
həqiqətləri, İslam mədəniyyətinin
həqiqətləri dünya ictimaiyyətinə təqdim
edilir. Biz İslamı olduğu kimi,
sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik
və bu fəaliyyəti bundan sonra da davam
etdirəcəyik".
Azərbaycanda İslam
dəyərlərinin qorunması və təbliğindən
danışarkən ölkəmizin Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyevin gördüyü işləri xüsusi
vurğulamaq lazımdır. Fondun
dəstəyi ilə bugünədək çox sayda İslam
abidəsi təmir və bərpa olunub, yenidən qurulub və
dindarların istifadəsinə verilib.
Tam əminliklə deyə bilərik ki,
İslam təkcə Şərq ilə Qərbin deyil, həm
də bütün dinlərin qovşağı sayılan
Azərbaycanda bu gün ən parlaq dövrünü
yaşayır. Əgər SSRİ dövründə
respublikamızda cəmi 17 məscid fəaliyyət
göstərirdisə, hazırda bu say 2200-ə çatıb.
Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir
məscidi, İçərişəhər Cümə və
Həzrət Məhəmməd məscidləri,
Əjdərbəy məscidi, Heydər məscidi,
Şamaxı Cümə məscidi, Gəncə
"İmamzadə" kompleksi və onlarla digər dini
abidə və məscid dövlət tərəfindən
əsaslı şəkildə təmir və bərpa
edilərək dindarların istifadəsinə verilib. Ölkə
ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın
ən qədim məscidi - 743-cü ildə əsası
qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət
məscid-ziyarətgah kompleksi, Gəncə
"İmamzadə" kompleksi və digər
çoxsaylı abidələr Azərbaycanın İslam
dini-mədəni dəyərlər sisteminə
əhəmiyyətli töhfələrindəndir. İslam aləmi ilə münasibətlərin
qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici
siyasətinin prioritet istiqamətlərindəndir. İlk
diplomatik missiyalarının məhz müsəlman
ölkələrində fəaliyyətə başlaması,
İslam Əməkdaşlıq Təşkilatı və ICESCO kimi müsəlman
dünyasını birləşdirən qurumların fəal
üzvünə çevrilməsi ölkəmizin İslam
dünyasındakı əhəmiyyətli çəkiyə
sahib olduğunun ən bariz nümunəsidir.
Qeyd edildiyi kimi, ölkəmiz şiə
və sünnilərin tarix boyu birgə yaşadığı
nadir ölkələrdən biridir. Burada
bu məzhəblərin ardıcılları bir-biri ilə
sıx şəkildə qaynayıb qarışıb, ictimai
həyatımızın istisnasız, bütün
sahələrində birlik və bərabərlik
nümayiş etdirirlər. Çünki
Azərbaycan cəmiyyətinin düşüncəsinə
görə, sünni ilə şiə arasında rəy müxtəlifliyindən
başqa fərq yoxdur, hər ikisi bir Allaha ibadət edir,
üzlərini bir qibləyə tutur, bir Kitaba inanır. Şiə və sünnilərin dini
təsisatlarının ayrı-ayrılıqda deyil,
mərkəzləşmiş dini qurum olaraq Qafqaz
Müsəlmanları İdarəsinin çətiri altında
birləşmələri, əl-ələ verib birgə
fəaliyyət göstərmələri buna gözəl
nümunədir. Bu baxımdan tam
yəqinliklə demək olar ki, respublikamızda sosial
sahədə məzhəb baxımından problem yoxdur. Lakin bir faktı da unutmamalıyıq ki, tarixən
mehriban və səmimi münasibətdə yaşayan Azərbaycan
müsəlmanlarının formalaşdırdığı bu
ab-hava müəyyən dairələri narahat etməkdə,
onların məkrli planlarının həyata
keçməsinə mane olmaqdadır. Sovetlər
birliyinin süqutu ilə ölkəmizdə
fəaliyyətə başlamış bir sıra xarici
dairələrin emissarları var gücləri ilə burada
məzhəblərarası münasibətləri
gərginləşdirmək, şiələrlə
sünniləri bir-birinə qarşı qoymaq
istiqamətində iş aparmaqdadırlar. Vaxtilə
bu yöndə qarşıdurmaya yol açan müxtəlif
kitab və broşürlər ölkəmizdə böyük
tirajlarla Azərbaycan dilində hazırlanıb çap
etdirilir və əhali arasında yayılırdı.
Hətta iş o yerə gəlib çatmışdı ki,
qızışdırıcı məqalələr
kütləvi informasiya vasitələrində, qəzet
səhifələrində də yer alırdı. Doğrudur, dövlətimizin bu istiqamətdəki
səyləri artıq öz bəhrəsini verməkdədir.
Ancaq bu, bizi qətiyyən
arxayınlaşdıra bilməz. Həm
dinimizə, həm də milli birliyimizə qarşı
yönəldilmiş bütün bu kimi hallar
sünnili-şiəli bütün sağlam
düşüncəli Azərbaycan dindarlarının daim
diqqət mərkəzində olmalıdır.
Aran Səyyad
525–ci.-2021.- 18
fevral.- S.6.