Mədəniyyət naziri kanal rəhbərlərilə
görüşdü
Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə
ölkəmizdə fəaliyyət göstərən televiziya
kanalları rəhbərlərinin görüşü
keçirildi.
Teleqraf.com-un məlumatına görə,
görüşdə Rövşən
Məmmədov ("Azərbaycan
Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin
Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər
TV), Azər Xəlilov
(Azad Azərbaycan
TV), Vüqar Xəlilov
(CBC TV), Radik İsmayılov
(ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edirdi.
Əvvəlcə görüş iştirakçıları
Milli İncəsənət
Muzeyinin “Azərbaycan incəsənəti minilliklər
boyu” adlı daimi sərgisi ilə tanış oldular. Ekspozisiyada Azərbaycanın qədim
maddi və mənəvi mədəniyyətini
özündə əks
etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən
tətbiqi və təsviri sənət nümunələri sərgilənir.
Sərgidə nümayiş olunan
miniatür əsərlərə
baxış zamanı
nazir Anar Kərimov dövlət başçısının sərəncamı
ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini, eyni zamanda ötən ilin 16 dekabrında Türkiyə, Azərbaycan,
İran və Özbəkistanın birgə
hazırladığı “Miniatür
sənəti” mədəni elementinin
UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bunları
nəzərə alaraq
miniatür sənətinə
diqqət artırılmalı,
televiziyalarımız da
bu sənətlə məşğul olan insanları cəmiyyətə
tanıtmalıdır.
Sərgiyə baxışdan sonra görüş dəyirmi
masa formatında fikir mübadiləsi ilə davam etdi. Anar Kərimov
ilk olaraq 14 fevral tarixində qeyd olunan Milli
televiziyanın yaranması
günü münasibətilə
televiziya rəhbərlərini
təbrik etdi. Bildirdi ki, cəmiyyətin
inkişafında, milli
həmrəyliyin gücləndirilməsində
televiziyaların böyük
rolu var: “Rəqəmsal platformaların
daha çox vüsət aldığı
bir vaxtda, statistika göstərir ki, ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu
gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil
dövlətçiliyimizin təbliğində mühüm
rol oyanır. Bunun ən bariz
nümunəsini biz 44
günlük Vətən
müharibəsi zamanı
televiziyalarımızın fəaliyyətində görə
bildik”.
Daha sonra Anar Kərimov Mədəniyyət
Nazirliyi sistemində həyata keçirilən
islahatlardan söz açdı. Nazir həmçinin dövlət
başçısının tapşırığına uyğun
olaraq mədəniyyət
sahəsində həyata
keçirilən islahatların
və yeniliklərin ictimaiyyətə təqdim
edilməsi prosesinə
televiziyaların da dəstək göstərməsinin
əhəmiyyətini qeyd
etdi.
Görüşdə mədəniyyətin bütün sahələrinin
işıqlandırılmasının diqqətdə saxlanılması,
o cümlədən Qarabağın
mədəni irsinin təbliği (Mədəniyyət
Nazirliyinin “Mədəniyyəti
Qarabağa qaytarırıq”
layihəsi) məsələləri
müzakirə edildi.
Anar Kərimov
mədəniyyət sahəsinin
təbliği ilə bağlı görüş
iştirakçılarının təkliflərini dinlədi.
Müzakirə zamanı
televiziyaların film nümayişi siyasətinə
yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də nazirliklə televiziyalar arasında birgə fəaliyyət planının
hazırlanması ilə
bağlı fikirlər
səsləndirdi.
Diskussiyalarda vətənpərvərlik mövzusunda
verilişlərin hazırlanması,
mədəniyyətin müxtəlif
sahələrində insan
resurslarının inkişafı,
cizgi filmlərinin istehsalı və yayımı müzakirə
edildi. Kino sahəsindəki yeniliklər
və bu sahədə görüləcək
işlər, eləcə
də televiziyaların
“Azərbaycanfilm” kinostudiyası
ilə əməkdaşlıq
məsələləri də
görüşün müzakirə
obyektlərindən oldu.
Görüşdə kino, teatr, sirk
sənəti, digər
sahələr üzrə
kadrların hazırlanması
kimi məsələlərə
diqqət çəkildi.
Nazir yaxın zamanlarda film.az platformasının
yaradılacağını diqqətə çatdırdı.
Qeyd etdi ki, bu platforma
həm xarici, həm də yerli kanal və
şirkətlərin Azərbaycanda
film və pavilyon çəkilişlərindən
asanlıqla istifadəsinə
şərait yaradacaq.
Görüş zamanı
həmçinin “Nizami
ili” ilə bağlı tədbirlər
planı, Zəfər
muzeyinin yaradılması
və digər məsələlərlə bağlı
da fikir mübadiləsi aparıldı.
Televiziya rəhbərləri
müəyyən məqamlarla
bağlı fikirlərini
bölüşdülər. Vurğulandı ki, “Mədəniyyət” kanalı
Mədəniyyət Nazirliyi
ilə əməkdaşlıq
edir və bundan sonra da
nazirliyin platforması
kimi birgə layihələri davam etdirəcək. Nazirlik tərəfindən yaradılacaq
Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulması
da müsbət qarşılanan fikirlər
sırasında oldu.
Həmçinin regional mədəniyyət
idarələri ilə
sıx əməkdaşlıq,
ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər
arasında populyarlaşdırılması
və inkişafı,
teatrlarda milli satirik ruhlu tamaşaların
müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti
qeyd olundu.
Görüş iştirakçıları Əqli
Mülkiyyət Agentliyi
tərəfindən musiqi
əsərlərinin lisenziyalaşdırılmasının
əhəmiyyətini vurğuladılar.
Qeyd olunan
məsələlərə münasibət bildirən
nazir yaxın zamanlarda verilən təkliflər üzrə
işçi qrupunun yaradılacağını və
bu istiqamətdə artıq müəyyən
addımların atıldığını
dedi. Bildirdi ki, səsləndirilən bütün təkliflər
nəzərdən keçiriləcək.
Təkliflərin həyata
keçirilməsi həm
nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə
verəcək.
Sonda nazir
Anar Kərimov səmimi və faydalı fikir mübadiləsinə görə
televiziya rəhbərlərinə
təşəkkür etdi.
525-ci qəzet.- 2021.-
18 fevral.- S.9.