"Yaxşı adamlardan
aldığım güc-qüvvədir məni yaşadan"
SÖZ BAYRAĞI
Fevralın
18-i ad günü olan Ustadım - Xalq şairi Nəriman Həsənzadənin
90 illiyi münasibətilə
Allah məsləhət
bildiyi
Dindən, imandan gəlirəm.
Kim hardan
gəlir, bilmirəm,
Mən Nərimandan
gəlirəm!
Ustadlı-şagirdli
sanki
Bizi bir ana doğubdu.
Şairlərin
söylədiyi
Sözü bir ana doğubdu.
Qardaşlıq
düşdüm ondakı
O ilahi təcəssümlə!
Hər
şerimi yazdım onun
Üzündəki
təbəssümlə!
O, nəyə
nail olmayıb,
Keçəndə özündən keçib.
Kürhardan
keçirsə keçsin,
Onun da
köksündən keçir!
Heç
vaxt dəyişik düşmədi,
Əliynən, Vəliynən gördüm.
O, hər
dəfə yeriyəndə,
Aveydağı,
Göyəzəni
Axır ki, yeriyən gördüm.
Nadanları
qandırmağa
Hər vaxt Haqq səsi bəs etdi.
Ocağımı
yandırmağa
Quru nəfəsi
bəs etdi!
Sevənlərin
ürəyində
Saza döndü, sözə döndü.
Təbriz
Təbrizdə deyildi,
Təzədən
Təbrizə döndü!
Dözmədi
nifrəti, kini,
Qəsd eylədi qəsdə, uçdu.
Qarabağı
alan zaman
Adı mərmilərin
üstə,
Uçdu,
düşmən üstə uçdu!
Əsgər
qanıyla torpağa
Axdı... axdı isti qanı.
Onun da qələmi
ancaq,
Bircə
söz söylədi, bircə:
"Azərbaycan İstiqlalı!"
Bütün
dünyada yellənən
Söz bayrağı var əlində.
Vətəndən
ötrü əbədi
Öz
bayrağı var əlində!
Yanında
dayanıb odur,
Nə vaxtdı Nuru Paşanın.
Vətənə,
yurda gərəkdir,
Şair
vüqarı Şairin,
Paşa
qüruru Paşanın!
Necə
öyünməyim, necə,
Yurda dair
ustadımla!
Fəxr
edirəm həm qəhrəman,
Həm də
şair ustadımla!
Ustadıma
minnətdaram,
Sinəmdə şair ürəyi.
Süfrəmi
bəzəyir hələ
"Nabat xalanın çörəyi!"
***
14.02.2021.
Nəriman
HƏSƏNZADƏ
ŞAİRİN
90 YAŞINA SÖZ ƏRMƏĞANI
Nərdivan
Bu
dünya nərdivandı,
Qalxanda
mehribandı,
Enəndə nə yamandı.
Görüşdük
pillələrdə,
Yolun yarısında biz.
O
qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu
arzularına
Qaldırdı
nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana...
Qalxa bilməzdim
daha,
Nə o güc, nə o taqət.
O da enə
bilməzdi.
Haqlı-haqsız
vermişdi
öz
hökmünü təbiət.
Gərək
ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl
gələydi,
Ya mən sonra dünyaya.
Elə
dayanırsan
Elə
dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək
saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni
dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi
özgələri yad ehtiramla,
Deyirlər
tanış ol... Nə qəribədir?!
Yuxuda
görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin
yuxundan çıxıb gəlmişəm,
Bu da bir
yuxudur, gəl tanış olaq.
Qoluna girərdim...
bu, yadındadır,
gedərdik... yolumuz, arzumuz şərik.
Qolum
qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.
Hayanda
oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi
gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?
Dözmür
Nəriman
Sən məni
bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər
özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən
də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin - mənsiz darıxıb.
Bu dəfə
bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb
evimizdə palın-paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının
ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!
Solub
pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdı
gün.
Sənin
bişirdiyin o mürəbbələr
İçilib qurtardı, hardasan özün?!
Bu
axşam qəribə bir hiss keçirdim,
Nə tez
ömür ötdü, yaş əlli oldu...
Sənin
ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
Şirin
söhbətindən olmayıb doyan,
Çağır
qonşuları doyunca gülək:
Mənsiz,
gördünüzmü, dözmür Nəriman,
Sənə qurban olum, sən görmədin tək.
***
Nəriman
Həsənzadə - 90
Müasir Azərbaycan poeziyasının görkəmli
simalarından olan Xalq şairi Nəriman Həsənzadənin
bu gün 90 illik yubileyidir. Bu münasibətlə sevimli
şairimizlə əlaqə saxlayıb, onu qəzetimizin
kollektivi adından təbrik edərək hal-əhval tutduq, beləliklə
də, yığcam bir yubiley söhbətimiz oldu:
- Təbrikiniz
üçün çox təşəkkür edirəm. Diqqətinizdən çox razıyam.
Özümü çox yaxşı hiss edirəm. Diqqət, hörmət, ehtiram görürəm.
Unutmurlar, zəng edirlər. Sağ olsunlar.
Oxucularım çoxdur. Onlara
minnətdaram.
- Son
söhbətimizdə pandemiyadan istifadə edib
yazdığınızı demişdiniz. Yenə
də yazırsınızmı?
- Şair də qələmini yerə qoyarmı? Bütün
şairlər, yazıçılar kimi, mən də
yazıram. Nazim Hikmət deyirdi ki, insan hər
yaşda gəncdir.
- Nəriman
müəllim, biz sizi hər zaman enerjili
görmüşük. Bu qədər
böyük yaşam eşqini hardan alırsınız?
-
Yaşam eşqimi əhatəmdən, ətrafımdakılardan
alıram. Bu yaşımacan o qədər
müsibətlər görmüşəm ki. Görünür, "yaşamaq mübarizədir"
sözünü deyənlər haqlıdırlar.
-
Çox mübarizələr aparmısınız?
- Bəli,
qələm dostlarım bilir ki, mənim başım çox
qovğalar görüb, çox müqavimətlərlə
qarşılaşmışam. Yəqin ki, elə
həyat eşqim də o müqavimətlərdən gəlir.
Mənim qabağıma hər zaman yaxşı
insanlar çıxıb. İlkin məsələ
budur. O yaxşı insanlardan almışam enerjimi. Moskvada oxuyan illərdə Namiz Hikmət
çıxdı qarşıma. O gəldi, Bakıda mənə
ev aldı. İlk dəfə
evim onda oldu. Sonra qabağıma Mir Cəlal
Paşayev çıxdı. O, öz oğlu Arif müəllimin
evini mənə verdi. 1964-cü ildən bu
yana hələ də o evdə
yaşayıram. Mir Cəlal müəllim mənə
sözün əsl mənasında atalıq elədi. Sonra qabağıma akademik Həsən Əliyev
çıxdı. Mənim məhkəməm
qurulanda o, köməyimə çatdı. Daha sonra Ulu öndər Heydər Əliyevdən diqqət
və qayğı gördüm. Xalq
şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli kimi əvəzsiz
insanlar çıxdı qarşıma. Əsgərlikdə
olanda anamın ölüm xəbərini eşidib
qaçmışdım, hərbi tribunala vermişdilər.
Məni hərbi tribunaldan onlar xilas etdilər.
İndi də qarşıma akademik Arif
Paşayev kimi bir şəxsiyyət çıxıb.
O, məni Aviasiya Akademiyasına apardı, 23 ildir, orda dərs
deyirəm. Hazırda Azərbaycan
Yazıçılar Birliyinin Ağsaqqallar Şurasındayam.
Qələm dostlarımdan çox razıyam.
Xüsusən, son zamanlarda sıx ünsiyyətim
olan Rəşad Məcid kimi xeyirxah, yaradıcı insanın
adını mütləq qeyd etməliyəm. O, hər
zaman yaradıcılığıma diqqətlə, hörmətlə
yanaşıb, hətta poemalarımı belə qəzetində
çap etdirib. Yəni yaxşı adamların əhatəsində
olmaqdır, onlardan aldığım güc-qüvvədir,
enerjidir məni yaşadan. Mən də hər
zaman onlara sədaqətlə yaşadım.
-
Dönüb arxaya baxanda elədiyiniz və ya eləmədiyiniz
hansısa işlərin peşmanlıqlarıyla
qarşılaşırsınızmı?
- Məndə
peşmanlıq yoxdur, qızım. Ömrüm
boyu çalışmışam ki, xeyirxah olum. Vəzifələrdə
də işləmişəm, amma heç vaxt
peşmanlığını yaşayacağım iş
görməmişəm. Adam xeyirxah olanda
peşman olmur. Elədiyim
yaxşılıqlar, mənə olunan yaxşılıqlar hər
zaman məni yaşadıb. Ona görə
də sonradan peşman olacağım addım atmamışam.
-
Yubileyinizi necə keçirəcəksiniz?
- Allah
qoysa, istəyirəm yubileyimi yayda keçirim. İndi
pandemiyadır, insanları bir araya toplamaq olmur.
Dövlətimizin bu haqda qayda-qanunları var. Biz də gərək
riayət edək. Neynək, sonra keçirərəm ad
günümü.
Mən sadə yaşamağın nə olduğunu
görmüşəm, elə o cür də sadə
yaşayıram. Mən atamı bir yaşımda
itirmişəm.
Anamla ikimiz qalırdıq. Məni o saxlayıb,
böyüdüb. Sonra məni kiminsə
yerinə əsgər göndərdilər, onda da anam rəhmətə
getdi. Onda qaçdım əsgərlikdən
və məni hərbi tribunala verdilər. Nigar
xanım məni Gəncədən tanıyırdı. Təsadüfən bildilər başıma gələnləri.
General Adilov vardı, Rəsul Rzayla birlikdə məndən
ötrü onun yanına xahişə getdilər. Yoxsa doqquz illiyə həbs olunmalı idim. Başım çox çəkib. Qabağıma çıxan yaxşı insanlar
yaşatdılar məni. Ən çox
onlara minnətdaram.
- Bəs ədəbiyyat,
qələm?
- Mən
həmişə demişəm ki, şair olmaq fəlakətdir,
əzab-əziyyətdir. Heç vaxt istəmərəm
ki, oğlum, qızım şair olsun. Yaxşı
əsər yaradanda da, zəif əsər yazanda da səni
incidirlər. Məhz buna görə
çox müqavimətlər gördüm. Bir yaşında atamı, iyirmi üç
yaşında anamı itirdim və qaldım tək. Gəncədə Pedaqoji İnstitutu bitirmişdim.
Ondan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda oxudum. Qayıdandan sonra iş tapa bilmirdim. Adam tək olanda, kimsəsi olmayanda istedadın olsa
da, çətinlik çəkirsən. Sağ
olsunlar yaxşı insanlar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-18 fevral.- S.10.