Vətən naminə fədakarlığın
silinməyən izləri.
NAXÇIVANA DAİR
TARİXİ SƏNƏDLƏRİN TƏDQİQİNDƏ
CAHANGİR BƏY
QAYIBOVUN DA
DƏYƏRLİ XİDMƏTLƏRİ VAR
Kəngərli
arxivinin sənədləri əsasında 1936-cı ildə nəşr
edilmiş "Perednəə Aziə v dokumentax (seriə paməti
Ö.N.Marra). Kn.1. Naxiçevanskie rukopisnıe dokumentı XVII-XIX vv,
Tiflis, 1936" kitabında sənədləri tərcümə
edənlərdən biri də Cahangir Qayıbovdur.
K.N.Smirnovun
şəxsi arxivindəki sənədlərdə Cahangir bəyin
adına tez-tez rast gəldiyimiz
üçün onun kimliyi bizi çox maraqlandırdı. Axtarışlar bu vətənpərvər
eloğlumuzun tərcümeyi-halından bəzi səhifələri
üzə çıxardı. Çünki
o da ömrünün ən yetkin çağlarını
Naxçıvan və İrəvan xanlıqlarının sənədlərinin
araşdırılmasına, tərcümə edilməsinə
sərf edib. Qeyd edək ki, hərbi tədqiqatçı
Ş.Nəzirlinin yazdığı kitabda ("Arxivlərin
sirri açılır", Bakı, 1999) Qafqaz müftisi
Hüseyn əfəndi Qayıbov haqqında ətraflı məlumat
vardır. Müəllif burada onun oğlu
Cahangir bəyin fotoşəklini də verib. Cahangir bəyin
həyat yoldaşı general Əmir Mirzə Qacarın
qızı olduğundan akademik Ç.Qacar
("Kadjarı" kitabı, Bakı, 2002) onunla bağlı daha ətraflı
məlumat verib. Amma Cahangir bəy Qayıbovun Azərbaycan
tarixinin parlaq səhifələrindən olan Naxçıvan və
İrəvan xanlıqlarının olduqca mühüm sənədləri
ilə apardığı tarixi axtarışlar
açılmamış səhifə kimi qalmaqdadır.
Ona görə də müxtəlif illərdə
Gürcüstanda - Dövlət Tarix Muzeyində, Milli Arxivdə,
Elmlər Akademiyasının Elmi Arxivində, Əlyazmalar
İnstitutunda (indiki Milli Manuskriptlər Mərkəzində) və
Milli Təhlükəsizlik Nazirliyinin Arxivində
axtarışlar aparmışıq. Biz bu
yazımızda poliqlot, iqtisadçı Cahangir bəy
Qayıbovun bir mükəmməl ərəbşünas,
farsşünas kimi tariximizlə bağlı
araşdırmalarından, farscadan və ərəbcədən
ruscaya tərcümələrindən söhbət açmaq
istəyirik.
Cahangir bəy Mirzə Hüseyn oğlu Qayıbov 1882-ci
ildə Tiflisdə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndinin
ailəsində doğulmuşdu. Onun atası otuz üç il müfti vəzifəsində işləməklə
bərabər, dövrünün olduqca savadlı, maarifpərvər
ziyalılarından olmuşdu. Yazıçı
M.F.Axundovun və Firudin bəy Köçərlinin ən
yaxın dostu olan Mirzə Hüseyn Əfəndi haqqında o
vaxtlar Tiflisdə nəşr edilən rus dilli qəzetlərdə
bolluca yazı materialları vardır. O, öz
övladlarını da həyata çox yaxşı
hazırlamışdı.
Müftinin
sevimli oğlu Cahangir bəy ərəb, fars
və rus dillərini mükəmməl bilirdi. Onun harada təhsil
alması haqqında sənədi tapa bilməsək də,
"Səda" qəzetinin 1911-ci il 13
fevral nömrəsində maraqlı bir fakt vardır:
"...Bir
sənə bundan müqəddəm əcnəbi dram dəstələrinin
təsdiq olunmuş qanunnamələrini cəm edib özləri
üçün bir qanunnamə yazıb Mirzə Cəlil Məmmədquluzadə
və Cahangir cənablarının məsləhətləri
ilə təzə yazılmış "Tiflis dram cəmiyyəti"
qanunnaməsini hökumətə təqdim edib təsdiq
olunmasını rica edirlər. Yanvarın otuzunda dram cəmiyyətini
idarə etmək üçün səkkiz nəfərdən
ibarət: ...Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov,
Yusif bəy Tahirov, Mir Rövşən bəy Əfəndizadə
və Əlimirzə bəy Nərimanov və digərləri
seçildilər".
Nadir bəy də Cahangir bəyin qardaşıdır. Deməli, 1911-ci ildə
Cahangir bəyin 19 yaşı olsa da, o, Mirzə Cəlil kimi
ustad bir yazıçının hörmətlə
yanaşdığı cavanlardan idi.
Qeyd edək ki, Azərbaycan tamaşaları ilk dəfə
göstərilən əzəmətli bina indi də Tiflisin
Rustaveli prospektindədir. Hər gün arxivlərə və Əlyazmalar
İnstitutuna gedərkən bu binanın önündə
dayanır, vətənpərvər insanları yada salır,
sanki axtarışlar üçün mənəvi güc
toplayırdım...
1912-ci ildə Zaqafqaziya müftisinin oğlu Cahangir bəy
İranda Tehran şəhərindəki borc-hesab bankında
işləyirdi. Yəqin ki, elə həmin vaxtlardan K.N.Smirnov
onu tanıyırmış. Cahangir bəy
1912-ci ildə məşhur general Əmir Kazım Mirzə
Qacarın Tehranda işləyən qızı Ziba xanımla
ailə qurur. Yeri gəlmişkən, Kəngərli
sənədlərinin tədqiqində həyat yoldaşına
yaxından kömək edən Ziba xanım 20 iyun 1889-cu ildə
Tiflisdə doğulmuşdu. 1908-ci ildə
Peterburqdakı Vətənpərvərlər İnstitutunu
bitirmiş və İran şahının sarayına vəliəhdin
tərbiyəçisi kimi işə dəvət edilmişdi.
O, Tehrana anası Gövhər xanım və kiçik
qardaşı Darab Mirzə ilə birlikdə getmişdi. Onlar məşhur Gülüstan sarayı ərazisindəki
binada yaşayırdılar. Gənc ailənin
Fatma adlı qızları Tehranda anadan olur. Buna görə də, Cahangir bəyin ailəsi Tiflisə
qayıtmağı qərara alır. 1914-cü
ildə Tiflisdə İzzət xanım adlı qızları
doğulandan sonra Bakıya köçürlər. Ziba xanım Bakıda nəşriyyatların birində
işləyir və ictimai işlərdə yaxından
iştirak edirdi.
1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti tərəfindən Cahangir bəy İstanbula
işləməyə göndərilir. O, burada Azərbaycan
hökumətinin maliyyə müşaviri vəzifəsini icra
edir. Cahangir bəy ailəsini də özü
ilə Türkiyəyə aparır. Qızları
İstanbuldakı fransız kollecində təhsil alırlar.
1925-ci ildə Cahangir bəyin ailəsi Tiflisə
qayıdır.
Onun həyat
yoldaşı Ziba xanım Tibb texnikumunu bitirir.
Cahangir bəy ailəsini dolandırmaq üçün
Tiflisdə müxtəlif işlərdə
çalışmalı olur. Qafqazşünaslıq
İnstitutunun işləri içərisində 15 nömrəli
bir əmrə rast gəldik. Əmr 17 aprel
1934-cü ildə imzalanıb. Əmrdə
deyilir ki, aşağıdakı adları çəkilənlər
15 apreldən Yaxın Şərqi (Türkiyə və
İranı) öyrənən sektorun ştatlı elmi
işçiləri hesab edilsinlər. Onlardan
doqquzuncusu Cahangir bəy Qayıbovdur. Hətta,
aylıq məvacibinin 300 rubl olması da göstərilib.
3 dekabr 1935-ci ilə aid 244 nömrəli əmrdə
isə onun müqavilə əsasında əməkdaş
olduğu yazılıb. Həmin əmrdə deyilir ki,
elmi işçi K.N.Smirnov və müqavilə əsasında
işləyən əməkdaş Cahangir bəy Qayıbov 3
dekabrdan 25 dekabra kimi İrəvan şəhərinə elmi
iş üçün ezam olunurlar. Onlar İrəvan
xanlarının məktublar külliyatını tapıb,
ruscaya tərcümə edib nəşr etdirəcəkdilər.
Həmin məktubların tərcümə variantı
çapa hazır vəziyyətdə Smirnovun arxivində
qalıb. Yeri gəlmişkən, həmin əsəri
çapa hazırlayırıq. Elə həmin
əmrin ikinci bəndində Cahangir bəyin institutun
ştatlı elmi işçisi qeyd olunduğunu yazırlar.
Hətta, 16 dekabrdan aylığı da göstərilib: 300
rubl (ayda). Gürcüstan Milli Arxivində onun həbs
olunma və güllələnmə sənədlərini
tapdıq. 1938-ci ildə K.N.Smirnovu və
Cahangir bəyi həbs edib gizlincə məhv ediblər -
güllələyiblər. Uzun illər həyat
yoldaşları onları axtarıblar. K.N.Smirnovun
həyat yoldaşının bu haqda kədərli xatirələri
var. Hər ikisinin ailəsinə güllələnmə xəbərini
vermirlər.
Cahangir bəyin həbsindən sonra Ziba xanım məcbur
olur ki, Bakıya köçsün. Onun qızları burada ali təhsil alırlar.
Ziba xanım isə ömrünün sonunadək, yəni
1964-cü ilə qədər Bakıdakı 1 nömrəli
göz xəstəxanasında işləyib.
Burada bir məsələni deməmək
insafsızlıq olardı. Ziba xanımın
atası Əmir Kazım Bəhmən Mirzə Qacarın
oğlu idi. Çar ordusunun məşhur
generalı idi və 1918-20-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin ordu quruculuğunda yaxından iştirak
etmişdi.
1920-ci ildə Gəncənin hərbi komendantı olan
general ÇK-nın rəisi Tuxarelinin göstərişi ilə
qəddarcasına qətl edilmişdi. Onun 6 övladı: Manica xanım,
Darab Mirzə, Leyla xanım, Ziba xanım, Davud Mirzə, Aliyə
xanım yaşamaq üçün çox əziyyət
çəkdilər.
Axı, onlar da xoşbəxt, asudə yaşamaq istəyirdilər. Amma belə
olmadı. Manica xanım və Darab Mirzə
xarici ölkələrdə, qürbət ellərdə
yaşamalı oldular. Leyla xanım
özünə fransız adı götürüb Fransada vətən
həsrətilə yaşadı. Aliyə
xanımı isə həbsxanada öldürdülər.
Təkcə Zibaxanım ağılagəlməz
təqiblərin məngənəsində vətəndə
yaşaya bildi. Çox sevdiyi Cahangir bəy
də K.N.Smirnov kimi yoxa çıxdı.
Generalın həyat yoldaşı Gövhər xanım
Mirzə Cəlilin çox ehtiram bəslədiyi ziyalı
xanımlardan olub. Həmidə xanım məşhur xatirələrində
(o illər çox qorxulu olsa da) onun adını çəkib...
Gövhər xanımın 6 övladı ilə birgə
şəkli var. Ana şad-xürrəmdir. Bəlkə də
məsum uşaqları nələr gözlədiyindən xəbərsizdir?!
O, 1927-ci ildə vəfat edəndə təqiblər olsa da, ərindən
savayı, hələ ki, ailələrindən kimsəni
öldürməmişdilər.
Tale Cahangir bəyi və Ziba xanımı da doğma
Naxçıvanımızın tarixini araşdırmaq
işinə çəkib gətirdi. Cahangir bəy
böyük məhəbbətlə olub-qalan günlərini
bu müqəddəs işə sərf etdi. Qədim, müstəqil Azərbaycanın ayrılmaz
bir hissəsi olan Naxçıvanda bu vətənpərvər
insanları bu gün də dərin hörmətlə yad edirlər.
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə
çap olunub
525-ci qəzet.-2021.-18
fevral.- S.11.