"Ordubad
folklor mühitinin
regional xüsusiyyətləri" haqqında qeydlər
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent, şair-publisist
Bu günlərdə Naxçıvanda
"Əcəmi" Nəşriyyat
Poliqrafiya Birliyində
nəşr olunan
"Ordubad folklor mühitin regional xüsusiyyətləri"
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq
şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın
uzun illər apardığı elmi tədqiqatların yekun hesabatı kimi də qiymətləndirilə
bilər.
Əsər haqqında danışmazdan
əvvəl müəllif
barəsində bir neçə söz deməyi özümə borc bilirəm. Aytən Cəfərova
alim ailəsində böyüyüb. Onun
atası filologiya elmləri doktoru, professor Cəfər Cəfərov məşhur
türkoloq alim kimi türkologiya elminin bir çox
qaranlıq tərəflərinə
işıq tutub. Məhz atasının elmə olan marağı, tədqiqatçılıq ehtirası
Aytən xanıma da sirayət edib. Bunun nəticəsində də
Bakı Dövlət Universitetinin filologiya fakültəsindən məzun
olduqdan sonra da təhsil pillələrində
biliyini yetəri qədər artırıb.
Dil-ədəbiyyat sevgisi onu xalq yaddaşına enməyə, şifahi xalq ədəbiyyatına üz tutmağa həvəsləndirib. Beləliklə də, Aytən Cəfərova AMEA Folklor İnstitutuna üz tutub. Burada 10 ildən çox fəaliyyət göstərdiyi
dövrdə doktoranturaya
daxil olaraq elmi rəhbəri, millət vəkili, filologiya elmləri doktoru Əziz Ələkbərlinin tövsiyəsi
ilə "Ordubad folklor mühiti" mövzusunda araşdırmalara
başlayıb. 2016-cı ildə
elmi işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə
doktoru elmi adına layiq
görülüb. Hazırda
elmlər doktorluğu
hazırlığı üzrə
elmi iş üzərində işləyən
Aytən xanım fəlsəfə doktorluğu
dissertasiyasının üzərində
bir daha ciddi şəkildə işləyərək elmi
auditoriyaya və geniş oxucu kütləsinə təqdim
edib.
Kitabın elmi redaktoru və ön söz müəllifi Əziz Ələkbərli,
rəyçiləri isə
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev, professor Məhərrəm
Qasımlı, dosentlər
Rza Xəlilov və Elxan Məmmədovdur.
Ulu öndər
Heydər Əliyevin
"Ordubad Azərbaycanın
incisidir" sitatı
ilə başlayan monoqrafiyanı müəllif
özünün elm yoluna
işıq tutan atasının əziz xatirəsinə ithaf edib. Kitaba ön söz yazmış Əziz Ələkbərlinin
seçdiyi sərlövhə
də monoqrafiyanın
dəyəri haqqında
həqiqi mənada əsl fikir formalaşdırır: "Ordubad
folklor mühitinə dair mükəmməl elmi-tədqiqat işi".
Doğrudan da, Aytən
Cəfərovanın araşdırmalarının
nəticəsi kimi ortaya qoyduğu sanballı elmi-tədqiqat işində biz Ordubad regionunun tarixi, etnoqrafiyası, coğrafi özəllikləri ilə
yanaşı, onun təsərrüfat və
məişət həyatı
haqqında da dolğun
informasiya əldə edə bilirik.
Giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından
ibarət olan monoqrafiyanın əvvəlində
müəllif tədqiqatının
mahiyyətinin əsaslandıraraq
yazır ki, "folklor milli sərvət,
milli özünəməxsusluq
kimi müəyyən
bir mühitdə formalaşır. Azərbaycanın ayrı-ayrı bölgələrində
folklor nümunələrinin
rəngarəng forma və
məzmunda təzahür
etməsi etnik mədəniyyətin fərqliliyində
deyil, tam əksinə,
bu mədəniyyətin
daşıyıcısı olan etnosun milli-mənəvi
bütövlüyündən xəbər verir".
Azərbaycan folklorunun ayrı-ayrı
bölgələrdən toplanması,
sistemləşdirilməsi, nəşri və tədqiqi böyük əhəmiyyət kəsb
etməklə yanaşı,
milli sərvətimizin
zənginliyinin də bir sübutudur. Bu zənginliyi yaradan
müxtəlif mühitlərin
varlığıdır və
onun öyrənilməsi
bir sıra problemlərin, o cümlədən,
tarixi-coğrafi, tayfa-məşğuliyyət,
təsir - əks-təsir
və sair tədqiqinə də kömək edəcəkdir.
Göstərilən bu amillər
Ordubad folklorunun da janr təsnifatının aparılmasında, nəşrində
və tədqiqində
təzahür edir.
O baxımdan, şifahi
ədəbiyyatımızda öz zənginliyi, müxtəlifliyi və özünəməxsusluğu ilə seçilən Ordubad folklor mühitinin öyrənilməsi
də son dərəcə
vacibdir". Məhz bu əhəmiyyəti və vacibliyi nəzərə alan Aytən Cəfərova Ordubad bölgəsinin hər bir yaşayış
məntəqəsində, şəhər,
qəsəbə və
kəndlərində folklor
ekspedisiyalarında olmuş,
dəfələrlə əksəriyyəti
yaşlılar olmaqla bir çox Ordubad sakinləri ilə söhbətlər
etmiş, bölgənin
folklor layının ən toxunulmamış qatlarına qədər enərək həm toplayıcılıq funksiyasını
yerinə yetirmiş, həm də tədqiqatçılıq bacarığını
ortaya qoymuşdur.
Hələ nəşr olunmazdan əvvəl həm bir həmkar kimi, həm də aidiyyəti şöbənin müdiri
kimi monoqrafiyanı diqqətlə oxumuşdum. Kitab halında
bir daha oxuduğumu etiraf etməliyəm. Müəllif
"Ordubad folklor mühitinin tarixi-regional özünəməxsusluğu"
adlandırdığı birinci
fəsildə həm
"Bölgənin tarixi-etnoqrafik
və coğrafi özəlliyi"nə, həm
də "Təsərrüfat
və məişət
həyatı regional özünəməxsusluğun
əsas qaynağı
kimi" əhəmiyyətinə
diqqət çəkib.
İkinci Fəsil "Arxaik folklor janrları" adlanır. Təpədən-dırnağa folklorçu olan
Aytən Cəfərova
bu fəsildə də iki yarımbaşlıqda
araşdırmalarını ümumiləşdirib. İstər "Mifoloji inanclar və obrazlarla bağlı əski təsəvvürlər", istərsə
də "Ordubad folklor mühitində arxaik folklor janrlarının xüsusiyyətləri"
yarımbaşlıqları altında bölgə folklorunun ilkin janr xarakteristikası dərindən təhlil edilərək elmi nəticələrə gəlinmişdir.
"Mərasim folkloru: mövsüm və mərasim ritualları"
adlı üçüncü
fəsildə biz adından
da göründüyü kimi,
mərasim mahiyyətli
folklor mühitinin araşdırılması problemi
ilə tanış
oluruq. Üç yarımbaşlıqda təqdim
olunan bu hissədə "Mövsüm
mərasimləri: mifoloji
kökləri və arealdaxili özəlliyi",
"Məişət mərasimlərinin
regional özünəməxsusluğu"
və "Dini mərasim, bayram və rituallar" araşdırılmışdır. Burada Ordubad bölgəsinin həm şəhər, həm də ayrı-ayrı kəndlərində qarşılaşdığımız
və Azərbaycanın
digər regionlarında
olmayan "Yeddiləvin",
"Xan bəzəmə",
"Çardaq" mərasimləri
ilə, həmçinin,
"Çillə", "Susəpən", "Orucun
on beşi", "İmbili-Mərcan"
kimi mərasimlərin
keçirilmə vaxtı
və şəkli ilə əhatəli şəkildə tanış
ola bilirik.
Monoqrafiyanın dördüncü fəsli
birbaşa folklor janrları ilə bağlıdır. "Epik və lirik folklor
örnəkləri" adlanan
fəsildə "Epik
növün janr rəngarəngliyi", "Lirik
növün janrları",
"Aşıq yaradıcılığı"
tədqiqata cəlb olunub. Burada da görürük ki, bölgədə hər hansı bir janrın digərlərinə
nisbətdə az ya çox
olması söhbət
mövzusu deyil. Bütün janrlar Ordubadda öz çəkisi ilə seçilirlər.
Təbii
olaraq monoqrafiyanın ən böyük və ağırlıq təşkil edən hissəsi də məhz sonuncu fəsildir. Burada biz verilmiş nümunələrdəki
istər toponimlərin,
istər məkan adlarının, istərsə
də dialekt özəlliklərinin sayəsində
nümunənin birbaşa
Ordubada aidliyi haqqında dolğun təəssürata sahibi oluruq. Tədqiqatın ən dəyərli
cəhəti həm də ondan ibarətdir
ki, müəllif fikirlərinin bölgə
ilə bağlı aparılmış, yaxud yazılmış elmi məqalə və monoqrafiyalara istinadla daha da yetkin şəkildə təqdim
edə bilir. Bundan əlavə, Aytən Cəfərovanın özünün
topladığı materiallara
müraciət edərək
şəxsi folklor arxivindən gətirdiyi nümunələr onun əsl folklorşünas bacarığını nümayiş
etdirə bilməsində
böyük rol oynamışdır.
Yuxarıda qeyd etdiklərimizi əhatəli şəkildə
müəllifin ümumiləşdirmələri
əsasında təqdim
olunan Nəticə bölməsində daha aydın şəkildə
görmək mümkündür. Belə ki,
Aytən Cəfərovanın
da qeyd etdiyi kimi, "Ordubad folklor materiallarının
araşdırılması janrların
semantikası və funksiyasının mühitin
özünəməxsus xüsusiyyətlərinə
bağlı olduğunu
üzə çıxartdı.
Həm toplama, həm də toplanan mətnlər üzərində
aparılan işdən
də göründüyü
kimi, bölgədə
hər bir folklor janrının özünəməxsus semantikası
onun icra edilmə funksiyası ilə paralelik yaradır. Bir sözlə, mətnin
söylənməsi bölgə
insanının adət-ənənəsi,
məişəti və
nəhayət, estetik zövqü ilə sıx
bağlıdır".
Ümumilikdə Azərbaycan, rus,
türk dillərində
olan həmçinin,
internet resurslarından istifadə
edilməklə 200-ə yaxın
ədəbiyyata müraciət
edən müəllif
sonda, sözün əsl mənasında, Ordubad folklor mühiti ilə bağlı mükəmməl
bir tədqiqat işi ortaya qoymağa nail olmuşdur.
İlk növbədə, Folklorşünaslıq
elmi üçün sanballı mənbə rolunu oynayan, həmçinin, Naxçıvanşünaslıq
üçün əhəmiyyətli
əsər olma özəlliklərinə sahib "Ordubad folklor mühitinin regional xüsusiyyətləri"
monoqrafiyası folkorşünaslar,
regionşünaslar, bu
sahə ilə məşğul olan tədqiqatçılar, həmçinin,
geniş oxucu kütləsi üçün
maraqlı bir əsərdir.
Müəllifi ilk və yeni monoqrafiyasının nəşri münasibəti
ilə təbrik edir, ona bundan
sonrakı elmi fəaliyyətində bol-bol
uğurlar arzulayırıq.
İnanırıq ki,
Naxçıvan Muxtar
Respublikasının digər
regionlarının folklor
mühitinin öyrənilməsi
istiqamətində də
Aytən xanımın
monoqrafiyası nümunə olacaq və gələcəkdə
Naxçıvan folklor
mühitinin ümumiləşmiş
şəkildə tədqiqinə
öz töhfəsini
verəcək.
Elxan YURDOĞLU
525-ci qəzet.-2021.-18
fevral.- S.13.