Dəyərli
biblioqraf alim, qayğıkeş ziyalı
Nadir
İsmayılovun 65 illiyinə
Bu
günlərdə dəyərli biblioqraf alim,
biblioqrafiyaşünaslıq tədqiqatlarında özünəməxsus
elmi yolu ilə seçilən, səriştəli təşkilatçı,
gözəl pedaqoq, minlərlə tələbənin sevimli
müəllimi Nadir İsmayılov həyatının yeni
yaşına qədəm qoyur.
O,
XXI əsrin ilk illərində ali təhsil almağa
başladığım Bakı Dövlət Universitetində
tanıdığım ilk müəllimlərdəndir. 21 il ərzində
Nadir müəllimi həm müəllim, həm səriştəli
alim, həm ata qayğısı ilə tələbələrinin
təəssübünü çəkən, onlara təkcə
Universitetdə deyil, sonrakı iş həyatında da dəstək
olan, hər zaman köməyə çatan təvazökar
insan kimi tanımışam.
Dəyərli
ziyalı Nadir İslam oğlu İsmayılov 1956-cı il
fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində
anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı
orta məktəbi bitirərək 1974-cü ildə BDU-nun
Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsinə daxil
olub, əla qiymətlərlə oxuduğuna görə
C.Cabbarlı adına təqaüdə layiq görülüb,
1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1979-cu ilin sentyabr ayının 5-dən dekabr ayının 30-dək
M.F.Axundov adına Azərbaycan Respublika Dövlət
Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası)
Elmi-metodiki şöbəsində böyük
kitabxanaçı vəzifəsində
çalışıb. 1979-1982-ci illərdə BDU-nun
Biblioqrafiyaşünaslıq kafedrasının əyani
aspirantı olub.
Zəhmətkeş
alim pedaqoji fəaliyyətə 1982-ci ildən BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsində Biblioqrafiyaşünaslıq
kafedrasının müəllimi kimi başlayıb. 1987-ci ildə
Moskva Dövlət Mədəniyyət və İncəsənət
Universitetində "Təbabət üzrə məhəlli
kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı,
müasir vəziyyəti və təkmilləşdirilməsi
yolları (Azərbaycan materialları əsasında)"
mövzusunda dissertasiya işini Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi, professor, unudulmaz müəllimimiz Zöhrab
Əliyevin rəhbərliyi altında müdafiə edərək
pedaqoji elmlər namizədi alimlik dərəcəsi
aldıqdan sonra 1992-ci ildən dosent kimi Azərbaycanda təbabətin
biblioqrafiyası, biblioqrafiyaşünaslıq,
biblioqrafiyaşünaslığın tədrisi metodikası,
soraq biblioqrafiya xidmətinin təşkili və idarə
olunması və başqa fənləri tədris edir. 3
monoqrafiya, 9 kitab, 100-dən çox məqalənin müəllifidir.
Bunlardan "Xəzər dənizi və neft" (2003),
"Biblioqrafik tərtibatın metodikası" (2004),
"Kitabxanada ölkəşünaslıq üzrə
biblioqrafik fəaliyyətin təşkili" (2004), "Heydər
Əliyev və Azərbaycan elmi" (2010), "Kitabxanalarda
biblioqrafik işin təşkili və metodikası" (2018)
adlı kitablar xüsusilə əhəmiyyətlidir. Zəhmətkeş
alimin gərgin və yorulmaz əməyi və müfəssəl
araşdırmaları nəticəsində "Azərbaycan
Respublikasında kitabxana-biblioqrafiya və informasiya
resursları: formalaşması, müasir vəziyyəti və
təkmilləşdirilməsi yolları" adlı elmlər
doktorluğu dissertasiyası üzrə işlər
tamamlanıb.
Əməksevər
və zəhmətkeş alim həyatının 30 ildən
çoxunu kitabxanaşünaslıq-biblioqrafiya elminin
inkişafına, çiçəklənməsinə həsr
edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında
tanınmış biblioqraf alim kimi şöhrət
qazanıb. Əsas tədqiqat sahəsi Azərbaycanın
kitabxana-biblioqrafiya resursları, onların yerləşməsi
və istifadəsi məsələləri, Azərbaycan
biblioqrafiyasının tarixi, nəzəri-metodiki və təşkilati
problemləri olan alim ilk dəfə olaraq Azərbaycanda
biblioqrafiyanın biblioqrafiyası sahəsində çox
mühüm tədqiqatlar apararaq, 2003-cü ildə "Azərbaycan
biblioqrafiyasının biblioqrafiyası" adlı sanballı
biblioqrafik əsər çap edib. Bundan başqa, Azərbaycan
Milli Kitabxanasının "Birillik Azərbaycan
Kitabiyyatı" biblioqrafik göstəricisinin redaktoru, AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunun 2013-cü ildə
nəşr etdirdiyi "Mirzə Fətəli Axundzadə"
elmi biblioqrafik göstəricisinin tərtibçisi, "Azərbaycan
Xalq Cümhuriyyəti-100: elmi-biblioqrafiya" (2018) adlı
biblioqrafik göstəricinin tərtibçi-müəllifi
olub.
Çox
az alimlərimizin nəşrləri beynəlxalq miqyasda
dünyanın akademik nəşriyyatları tərəfindən
çap olunur. 2013-cü ildə Almaniyanın "Lambert"
akademik nəşriyyatında "Azərbaycanın kitabxana-biblioqrafiya
və informasiya resursları: inkişaf mərhələləri,
vəziyyəti və təkmilləşdirilməsi
yolları" adlı monoqrafiyanın (rus dilində) çap
olunması Nadir müəllimin Azərbaycan
biblioqrafiyaşünaslığının inkişafı və
dünyaya tanıdılması sahəsində göstərdiyi
böyük xidmətlərdəndir. Bununla yanaşı,
alimin reytinqli beynəlxalq elmi jurnallarda xarici dildə bir
sıra müasir tədqiqat istiqamətlərini əhatə
edən elmi məqalələri işıq üzü
görüb.
Nadir
İsmayılov səmərəli elmi və pedaqoji fəaliyyəti
ilə yanaşı, həm də gözəl təşkilatçılıq
və idarəçilik keyfiyyətlərinə malik bir
insandır. Müxtəlif fasilələrlə 1994-2003-cü
illərdə Kitabxanaçılıq-informasiya fakültəsində
dekan müavini vəzifəsində çalışıb,
2007-ci ildən Biblioqrafiyaşünaslıq kafedrasının
müdir əvəzi olub, 2012-ci ildə kafedra müdiri vəzifəsinə
təyin edilib. Bir sıra respublika və beynəlxalq
konfranslarda, onlayn treninq və vebinarlarda iştirak edib. Nadir
müəllim həm də kitabxanaşünaslıq və
biblioqrafiyaşünaslıq üzrə yüksək
ixtisaslı elmi kadrların hazırlığında
yaxından iştirak edir. Onun elmi məsləhətçiliyi
ilə iki fəlsəfə doktoru müvəffəqiyyətlə
müdafiə edib, ona yaxın fəlsəfə doktoru işlərini
yekunlaşdırıb, bir neçə fəlsəfə
doktorunun opponenti olub, onlarla bakalavr və magistr diplomu müdafiə
olunub. Azərbaycan kitabxanaşünaslıq və biblioqrafiya
elminin inkişafında, bir pedaqoq kimi tədris fəaliyyətində
göstərdiyi xidmətlərə görə
respublikanın Təhsil Nazirliyi tərəfindən
"Qabaqcıl Təhsil İşçisi" döş
nişanı, Fəxri fərmanı və Bakı Dövlət
Universitetinin Fəxri fərmanı ilə təltif olunub.
2014-cü ildə BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının həqiqi
üzvü seçilib. 2019-cu ildə Azərbaycan
Respublikasının təhsil nazirliyinin əmri ilə elm və
təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər
əldə etdiklərinə, bu sahələrin
inkişafına xüsusi töhfə verdiklərinə,
Universitetin sosial-mədəni inkişafında fəal
iştirak etdiklərinə görə Bakı Dövlət
Universitetin əməkdaşları sırasında
biblioqrafiyaşünas alım Nadir İsmayılov da
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan
Respublikasının yubiley medalı" ilə təltif
edilib.
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Azərbaycan Milli Kitabxanasının birgə layihəsi kimi
işıq üzü görmüş "Azərbaycan
Kitabxana Ensiklopediyası" 2015-ci ildə bütün
kitabxana ictimaiyyəti üçün çox əlamətdar
bir nəşr olunub. Respublikamızın əsas elmi
kitabxanalarının rəhbərləri və aparıcı
mütəxəssislərinin, görkəmli alimlərin daxil
olduğu redaksiya heyətinin və işçi qrupunun bir
neçə illik gərgin əməyinin nəticəsi olan
ilk fundamental soraq-məlumat nəşrinin hazırlanmasında
alimin xüsusi zəhməti, böyük təcrübəsi
və əməyi danılmazdır.
Nadir
İsmayılov eyni zamanda, bir sıra ixtisas jurnallarının
- BDU-nun "Kitabxanaşünaslıq və biblioqrafiya"
jurnalının baş redaktorunun müavini,
"Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri
və praktik jurnalının, "Kitabşünaslıq və
redaktor sənəti" jurnalının, AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunun "Elmi əsərləri"nin,
Azərbaycan Milli Kitabxanasının "Elmi əsərləri"nin
redaksiya heyətinin üzvüdür.
Son
illər dosent N.İsmayılov BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsində "Sənədşünaslıq",
"Biblioqrafiyaşünaslıq", "Xarici
biblioqrafiya" fənlərinin yüksək səviyyədə
tədrisini həyata keçirməklə yanaşı olduqca
aktual və mühüm əhəmiyyət kəsb edən
ayrı-ayrı sahələr üzrə sənəd
axınının tədqiqi, informasiya logistikası və
konsaltinqi, informasiya noviqasiyası istiqamətləri üzrə
elmi tədqiqat araşdırmaları aparır. Kafedra
müdiri kimi onun elmi rəhbərliyi və təşkilatçılığı
ilə informasiya cəmiyyətində innovativ biblioqrafik
informasiya fəaliyyətinin qlobal informasiya mühitinə
inteqrasiyası problemləri, Azərbaycan Respublikasında
informasiya logistikasının təşkili, metainformasiya xidməti:
istiqamətləri, vəziyyəti və perspektivləri və
s. mövzularda qabaqcıl elmi tədqiqatlar aparılıb.
Hörmətli
Nadir müəllim, Sizin 65 yaşınızı ürəkdən
təbrik edir, Sizə möhkəm cansağlığı,
yeni-yeni nailiyyətlər, bütün işlərinizdə
müvəffəqiyyətlər diləyirəm. Azərbaycan
elminin, ölkədə kitabxanaşünaslıq və
biblioqrafiyaşünaslıq təhsilinin inkişafı naminə
bütün təşəbbüslərinizdə və istəklərinizdə
uğurlar diləyirəm.
Adilə ABDULLAYEVA
Tarix üzrə fəlsəfə
doktoru, UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru
525-ci qəzet.- 2021.-
16 fevral. S. 12.