Qartal zirvədə yaşayar

 

... İsmayıl dünyaya gələndə bizim üçün ən çətin illər idi. Sakit həyatımız pozulmuş, çörəyimizi yeyən, suyumuzu içən ermənilər yenidən xain xislətlərini göstərmiş, xaricdəki havadarlarının köməyi ilə yurd yerlərimizin viran qoyulmasına və işğal edilməsinə başlamışdılar.

O zamankı uşaqların xatirində qalanlar isə kədər və qəm-qüssədən savayı bir şey deyildi. Qarabağ müharibəsi, şəhidlər, torpaqlarımızın işğal olunması kimi sözlər hər gün səslənən, uşaqlıq dünyasına daxil olan sözlər idi. Onun oxuduğu orta məktəbdə ən çox adı çəkilənlər də şəhidlərin adları idi. Bəlkə dəfələrlə məktəbin dəhlizində asılmış şəhid Qoca Qocayevin şəkli önündə dayanan İsmayılın ürəyində mənfur düşmənə nifrət hissi də elə o zamandan baş qaldırmışdı. Doğrudur, hərbçi olmaq barədə fikrini büruzə verməyə hələ tələsmirdi. Təbiət fənlərini sevirdi. Lahıc kənd tam orta məktəbinin doqquzuncu sinifini bitirib Bakıya, kimya-biologiya təmayüllü məktəbə təhsilini davam etdirməyə gedəndə də əsl məqsədini bildirməmişdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmaq üçün sənədlərini verəndə valideynlərini sakitləşdirmək üçün demişdi ki, başqa ixtisaslara qəbul olunması çətin olar. Bunu mənə atası Məhəmməd söylədi. Mən başa düşdüm ki, İsmayıl özü könüllü bu sənəti seçib. Ürəyində olan böyük Vətən sevdası onun gələcək həyat yolunu müəyyənləşdirib. Könüllü şəkildə hərbçi kimi çətin bir peşəni seçmək, həyatını bu peşəyə həsr etmək bir gəncin iradə və qətiyyətindən qaynaqlana bilərdi. Onun çox qısa, 30 illik həyatında bəlkə çoxlarına müyəssər olmayan və örnək ola biləcək o qədər şeylər var ki...

2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olanda İsmayıl Səmədovun 17 yaşı vardı. O, təhsil aldığı dörd il ərzində hərbi biliklərə həvəslə və inadla yiyələndi. 2011-ci ildə arzusunda olduğu məqsədə çatdı, leytenant hərbi rütbəsi ilə Mingəçevir şəhərindəki hərbi hissələrin birində taqım komandiri  kimi xidmətə başladı. Atası Məhəmməd Səmədov deyir ki, hərbi xidmətə başladıqdan bir müddət sonra mənə zəng edərək bildirdi ki, xüsusi təyinatlı qüvvələrdə xidmətə keçmək istəyir. Dedim ki, ay oğul deyirlər orda xidmət etmək çox çətindir. Cavabında dedi ki, ata, narahat olma, öhdəsindən gələrəm. Beləliklə, onun bundan sonrakı hərbi yolu xüsusi təyinatlı qüvvələrin sırasında keçdi. İsmayıl Səmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı qüvvələrin 6 aylıq kurslarına daxil oldu və kursu uğurla bitirərək hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələr sırasında baş leytenant rütbəsilə davam etdirdi.

2016-cı ilin Aprel döyüşlərində İsmayıl Səmədov xüsusi təyinatlı zabit kimi böyük igidlik və şücaət göstərdi. Lələtəpə yüksəkliyinin alınmasında göstərdiyi igidliyə görə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mükafatlandırıldı. Birbaşa cəbhə xəttində Ali Baş Komandan tərəfindən verilən Diplom və medallar İsmayılın bir zabit kimi hörmət və nüfuzunu şəxsi heyət arasında daha da artırdı, onun hərbçi peşəsinə vurğunluğunu daha da gücləndirdi.

Gənc zabit öz üzərində daim çalışan, hərbi biliklərini daim yeniləməyi sevən biri idi. Təlimlərdə çox məsuliyyətli davranışı ilə diqqəti çəkirdi. Ən çətin təlimlərdə iradə və dözüm nümayiş etdirən İsmayıl Səmədov tabeliyində olanlara qarşı çox tələbkar bir kimandir idi. Əsgərlərinə deyirmiş ki, biz hərbi hazırlıq səviyyəsinə görə həmişə fərqlənməliyik. Bizləri görün nə qədər hərbçilər arasından  seçiblər. Odur ki, onun tabeçiliyində olan bölük hərbi təlimlərdə adətən birincilər sırasında olurdu.

2018-ci il İsmayıl Səmədovun həyatında ən  yaddaqalan illərdən biri oldu. Həmin ildə Türkiyə Cümhuriyyətində hərbçilər arasında festival keçirilirdi. Ölkəmizi bu beynəlxalq festivalda təmsil etmək şərəfi İsmayıl Səmədovun rəhbərlik etdiyi xüsusi təyinatlılardan ibarət dəstəyə qismət oldu. Festivalda iştirak edən 25 ölkə arasında İsmayılın rəhbərlik etdiyi dəstə yüksək məharət və peşəkarlıq nümayiş etdirərək birincilik qazandı. Bir zabit kimi İsmayılın sevinci hədsiz idi. Fəxr edirdi ki, günlərlə çəkdikləri əziyyət, fiziki güc onların adına şan-şöhrət gətirdi. Qazanılan bu uğura görə İsmayıl Səmədova  növbəsiz olaraq kapitan hərbi rütbəsi verildi.

Xüsusi təyinatlı qüvvələrin bacarıqlı zabiti İsmayıl Səmədovun bir komandir kimi qorxmazlığı və cəsarəti 44 günlük Vətən müharibəsində tam şəkildə özünü göstərdi. Sentyabrın 27-də torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda başlayan müharibədə əsgər və zabitlərimiz dünyanı heyrətə salan qəhrəmanlıqlar göstərdilər. Bu, bir tarixdir ki, hər səhifəsi qürur və fəxarətlə doludur. Döyüşlər hər yüksəklik, hər kənd, hər qəsəbə uğrunda şiddətli şəkildə gedirdi. Azərbaycan əsgəri və zabiti bir əlində bayraq, bir əlində silah heç nədən qorxmadan düşmən üzərinə yeriyərək o mənfurları torpaqlarımızdan qovdular.

Müharibənin ilk günlərindən xüsusi təyinatlılarımız düşmənə elə zərbələr endirdilər ki, onların adı gələndə düşmənlər lərzəyə düşür, ciddi itkilər verərək geri çəkilməyə məcbur olurdu. İsmayıl Səmədovun dəstəsi   Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə  igidliklə vuruşaraq yurd yerlərimizin azad olunmasında fəal iştirak etdi. İsmayıl təcrübəli zabit kimi döyüşlərdə şəxsi nümunəsi ilə tabeliyində olanları daim irəliyə aparır, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirdi. Döyüşçülərindən biri söyləyirmiş ki, komandirimiz çox qorxmaz insan idi. Onun cəsarətinə heyran qalmamaq mümkün deyildi. Dəfələrlə çətin duruma düşmüşük. Lakin komandirimiz İsmayıl elə bir igidlik göstərib ki, düşmənin məğlubiyyəti qaçılmaz olub. O, hər zaman bizi qorumağa çalışırdı. Döyüşlərdə onun gözlənilməz taktiki hərəkətləri qələbələrimizi təmin edirdi. Cəsur komandirimiz olan yerdə biz heç nədən qorxmurduq, qürur hissi keçirirdik ki, torpaqlarımızı azad edirik, Vətən qarşısındakı müqəddəs borcumuzu yerinə yetirmək şərəfinə nail oluruq.

Xüsusi təyinatlı qüvvələrimiz Füzuli istiqamətində düşmənin güclü müdafiə xətlərini yarmaqda xüsusilə fərqlənirdilər. Bəzi xarici hərbi ekspertlər bildirirdilər ki, bu yerləri azad etmək üçün xeyli vaxt lazım gələcək. Lakin Azərbaycan ordusunun döyüşkənlik bacarığını və yenilməz ruhunu kimsə hesablaya bilməzdi. O gücün qarşısında tab gətirməyə düşmənin taqəti yetmirdi.

Hadrut istiqamətində gedən döyüşlər şiddətinə görə seçilirdi. Düşmən ağır itkilər versə də, geri çəkilmək niyyətində deyildi. Lakin bu istiqamətdəki yüksəkliklərin ələ keçirilməsi strateji baxımdan əhəmiyyətli idi. İgid komandir İsmayıl Səmədovun rəhbərliyi altında xüsusi təyinatlılar oktyabr ayının 11-də düşməni ağır məğlubiyətə uğradaraq Hadrut qəsəbəsinə daxil oldular. Qəsəbənin alınması uğrunda gedən döyüşlərdə İsmayıl əsl qəhrəmanlıq göstərdi,  80-ədək erməni işğalçısını məhv edərək şəhidlik zirvəsinə yüksəldi. Onun komandirlərindən birinin bu yaxınlarda mənə söylədikləri İsmayıl Səmədovu gözlərimdə bir daha ucaltdı. O dedi ki, İsmayıl bizim ən seçilmiş, gələcəyi çox parlaq olan bir zabitimiz idi. Mən ona təkcə ləyaqətli bir həmyerlimiz kimi deyil, əsl zabit keyfiyyətlərinə görə həmişə hörmət bəsləmişəm. İsmayılda vətənpərvərlik çox güclü idi. Ona hədsiz dərəcədə inanır və güvənirdik. Vətən müharibəsində qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsində İsmayıl bir zabit kimi hər zaman fərqləndi. Sonuncu döyüşə yollananda dostlar kimi görüşdük, ona uğurlar arzuladım. Döyüşdə şəhid olması xəbərini alanda uzun müddət özümə gələ bilmədim. Biz çox dəyərli və igid zabitimizi itirdik. Nə etmək olar, müharibə qan-qadasız, itkilərsiz olmur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən İsmayıl Səmədov ölümündən sonra "Vətən uğrunda" və  "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi. Bunadək kapitan İsmayıl Səmədov nümunəvi və qüsursuz xidmətlərinə görə  III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", III dərəcəli "Qüsursuz xidmətə görə",  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, çoxlu sayda fəxri fərman, qiymətli hədiyyələrlə təltif olunmuşdu.

Vətən müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun ömrü qısa olsa da, onun adı daim yaşayacaq. Qarşımda kapitan hərbi formasında İsmayılın gülümsər şəkli var. Sanki o, hiss edirmiş ki, Qarabağımıza Qələbə və Zəfər mütləq gələcək. Deyirlər, elə insanlar var ki, qarşıda nələr olacağını əvvəlcədən duyurlar, ürəklərinin dərinliyində buna bütün varlıqları ilə inanırlar. İsmayıl Səmədov da Vətən müharibəsindəki döyüşlərdə iştirak edərkən Qələbəyə tərəddüdsüz inananlardan biri idi. Ona bu günü şəxsən görmək nəsib olmasa da, ruhu bu gün şaddır. Vətənimizin dilbər güşəsi Qarabağ erməni işğalından azad olunub, xalqımız tarixi qələbə qazanıb. İsmayılın ailəsi indi hamının ən əzizinə çevrilib. Ailədə böyüyən iki kiçik yaşlı uşaqları indi atasız böyüyürlər. Balaca oğlunun başındakı xüsusi təyinatlıların bireti ona Vətən müharibəsi Qəhrəmanı atasından qalan bir yadigardır.

Nədənsə, xüsusi təyinatlı döyüşçülərimizin şax duruşunu, kəskin baxışlarını görəndə gözlərim önünə qartal gəlir. Qartal yenilməzlik rəmzidir. Onların məskəni yalnız yüksəkliklərdir. Həmyerlimiz İsmayıl Səmədov da Qəhrəman və İgid bir zabit kimi, yenilməz bir Qartal kimi həmişəlik uca bir məkanda, müqəddəs Şəhidlik məkanındadır. Dünyanın rəhməti səninlə olsun, igidimiz!

 

İbrahim BƏXTİYAROĞLU

525-ci qəzet.- 2021.- 16 fevral. S. 13.