Bütün yollar Qarabağa aparır!

 

Onun poeziyası ilə 90-cı illərin sonlarında tanış olmuşdum. O vaxtdan bəri mətbuat səhifələrində, kitab mağazalarında gözüm bu imzanı axtarmışdı.

 

Nəhayət, 2018-ci ildə "Facebook" sosial şəbəkəsində sevdiyim imzayla qarşılaşdım:

 

Yayılır gülüşlərin ürəyimə yağ kimi,

Danışırsan içirəm səsini bulaq kimi,

Baxmıram aradakı neçə-neçə baryerə,

Səsin aparır məni arzulanan hər yerə.

Bu səsin vampiriyəm, bu səsin zəlisiyəm,

Sənin özündən qabaq səsinin dəlisiyəm...

 

... Və beləcə son dövrlər Azərbaycan poeziyasının içərisində bulaq suyu  kimi içdiyim bənzərsiz nümunələr, düşündürən fikir yüklü SÖZ sahibinin imzasını tapdım. O, həm də "Uzaqlar yaxın olsa..." adlı kitabı ilə oxucularına dünya boyda sevinc bəxş edən Ayaz Arabaçı idi.

 

Dünən məktəbli oğlum

Yanıma gəlib dedi:

- Məktub yazmaq istəyirəm,

Cəbhəyə bir əsgərə.

Şairsən, kömək elə,

Heç olmasa, bir kərə.

İçim üşürgələndi,

Ürəyimə elə bil

bir ovuc qar ələndi.

İndi axı mən bilən

məktub yola salınmır...

Saçını sığalladım

- Mənim ağıllı oğlum,

Özün bir şeylər düşün,

məndə heç cür alınmır...

 

Alındı, Ayaz Arabaçı, özü də məhz 2020-ci ilin unudulmaz 8 noyabrında, şanlı Zəfər Günümüzdə:

 

Yağış yağır dayanmadan Şuşaya,

O yağışın sellərindən öpürəm.

O yağışda qıvrım-qıvrım islanan

Əsgərimin tellərindən öpürəm.

 

Bütün Azərbaycanın bayram etdiyi, Şuşasızlıq həsrətinə son qoyulduğu həmin möhtəşəm gün bu şeir çoxları kimi məni də Şuşaya apardı. 28 illik həsrətimizə son qoyan etibarlı Şuşaya! Şuşam beləcə təmizlənir, paklanır, durulanırdı. O, adi su, sıradan yağış deyildi. O, Şuşamın yaralarına məlhəm, dərdinə əlac idi! Əsgərimin islanan telləri ilə verdiyi Azan su ilə qarışıb burada törədilmiş bütün murdarlıqları sel edib aparırdı. Şuşa bütün mənalarda azadlığına qovuşmuşdu. Möhtəşəm əzəməti bir də doğmalarının səsləri, nəfəsləri ilə füsunkar olmuşdu!

 

Yağış damcıları həm də mənim göz yaşlarıma qarışmışdı. Yağış da Şuşa üçün sevinc göz yaşları tökürdü, mən də! Bu gözəl şeirin və onun yaratdığı əvəzolunmaz hisslərin təsiri altında mən Şuşanı bütünlüklə gəzdim, hiss etdim, qəhrəman əsgərlərimizin rəşadətindən doğan qələbənin sevincini Cıdır Düzündə, Qalamızda yaşadım.

 

Şuşanın düşmən tapdağından azad olunması xəbərindən elə təsirlənmişdim ki, qarmaqarışıq hisslərə köklənmişdim (hətta şeirdən bir parçanı istinad vermədən sosial şəbəkə hesabımda paylaşmışdım da). Ağlayımmı? Sevinimmi? 28 illik həsrət başa çatmışdı və xalqımızın itirilmiş ləyaqəti özünə qayıtmışdı, millətin əyilmiş qaməti düzəlmişdi.

 

Bu xalqın əzəli kökünə döndük,

Bu xalqın əzəli soyuna gəldik!

Uca zirvələrə qonan bayrağın,

Vurulub hüsnünə, boyuna gəldik!

 

Və həmin günün axşamı Ayaz Arabaçının soyuq noyabr gecəsində doğma nəfəslərlə isinən Şuşanı tərənnüm edən şeiri lap yerinə düşmüşdü. Şair Şuşanı azad edən əsgərlərin analarının əllərindən, Dəlidağın yellərindən, bu torpağa vətən deyən dillərdən öpür və deyir ki:

 

Ağlamışam, kükrəmişəm, əsmişəm,

Ürəyimi bir ulduzdan asmışam,

Xəritəmi qucağıma basmışam,

Azərbaycan ellərindən öpürəm.

 

... "Uzaqlar yaxın olsa..." kitabını oxumağa başlayıram və gecədən keçmiş bitirirəm.

 

Gecənin divarından asılmış saatdı Ay,

Biz iki əqrəb kimi sarılıb 12-də,

vaxtı dayandırmışıq.

 

Şairin özəlliyi yazdığını yaşamasında və bu səmimiyyəti oxucuya ötürməsindədir. Ayaz Arabaçının misralarında sevginin, ülvi duyğuların rəngli çalarları var. Bəzən o rənglər oxucuya o qədər tanış gəlir ki, sanki şair onu vəsf edir, onun hisslərindən bəhs edir, yəni duyğularını özü yaşadığı kimi, oxucuya da yaşadır.

 

Köhnə yoluq, köhnə izik,

Gedən bizik, gələn bizik.

Niyə elə ikimizik?

Qeylü-qallar şəhərində.

 

"Səninlə arama sədd qoya bilmirəm, qoyanda ölüm ayağında oluram" - deyən şairin qaçmaq istədiyi yerlər də çox deyil. Bəzən qəlbini qılınclayan duyğulardan qaçıb yaxa qurtarmağa çalışsa da, bacarmır:

 

Hara qaçmaq istəyirəm,

ayaqlarım səndə qalır.

 

Şairin şeirlərində həyat çırpıntıları var. Yaşamağın ümidsizliyi, tez doğulub, tez də yox olan arzuların vəfasızlığı var. Qara, ağ, boz, sarı rənglərdədi onlar. Hərəsinin də öz tale yazısı...

 

Bir az və ilaxır, bir az və sair,

Qurduğum xəyallar yerində sayır...

Yaxşı ki, heç kimə məğlub olmayır,

Yaxşı ki, sarılır silaha ümid...

 

O, usanmır, ümidini silahlandırır, keçmişlə gələcək arasında bağ qurur. Özü yaradır bu dünyanı, nə qədər çətin də olsa bu dünyanın ağlı-qaralı rəsmini çəkir:

 

Adam saflığını qorumaq üçün,

Bircə biləydiniz keçir nələrdən...

 

Kitabın hər 3-4 şeirindən biri Vətən mövzusundadır. Deməli, Şuşanın belə içdən tərənnümü təsadüfi deyil. Bu, Vətən eşqi ürəyində köz bağlayan bir şairin arzularının, duyğularının ifadəsidir. Bu, Vətən dediyi torpaqları 28 il işğal altında qalan, amma nə olursa-olsun onu unutmayan, yurda bağlı bir insanın, bir vətəndaşın nisgildən xilas olmaq, yurda qovuşmaq çırpıntılarıdır.

 

Şair şeirlərində milyonlarla soydaşımızın uzun illər qəlbini didən həsrəti dilə gətirir. Vətən nigarançılığı onun ruhunun ana xəttini yaradır və beləcə Vətən məhəbbəti işğalla azadlıq arasındakı o həssas nöqtədə birləşir:

 

Mən ömrümü nəğmələrə çevirib,

Bir gün zildə, bir gün bəmdə yaşadım.

Vətənimin, millətimin çəkdiyi

Hər ağrıda, hər sitəmdə yaşadım.

 

Nəhayət, möhtəşəm QƏLƏBƏ!.. Təəssüf ki, bu QƏLƏBƏyə gələn yolda biz şəhidlər verdik, yenə qəlbimizə sağalmayan yaralar saplandı. "Şəhid şeirləri yaza bilmirəm" - deyən şair indi balaca qanadları üzləşdiyi dərdin ağırlığına dözə bilməyən şəhid övladlarına üz tutur:

 

Sənin də atanı aldı əlindən,

Nə deyim amansız savaşa, oğlum.

Küsmüşəm az qala Tanrıdan-dindən,

Axı qıyılmazdı bu yaşa, oğlum.

 

Cəmi-cümlətanı altı yaşın var,

Hər doğman, hər yadın bu yükü çəkməz.

Uçulub üstünə bir ağır divar,

Balaca qanadın bu yükü çəkməz...

 

... Nə deyim, nə yazım, ağırdı yasın,

Bu dərdin sevincə yolları yoxdur.

Səni qucağında necə oxşasın,

Ata məzarının qolları yoxdur.

 

Xalqımızın başına düşmənin açdığı müsibətlərin, vurduğu yaraların ağrısını şair də yaşayır, onları qəlbinin süzgəcindən keçirir, sözə çevirir. Beləcə, biz ədəbi yaradıcılığın içində vətəndaş mövqeyini görürük, haqsızlıqla barışmağın mümkünsüzlüyünə şahid oluruq.

 

Ağırdı, çox ağırdı daşı bu məmləkətin,

Hər yetənə əyilməz başı bu məmləkətin.

 

Və yaxud:

 

Sinəmizdə azadlıq eşqini körükləriz,

İçində yurd sevgisi dağ boyda ürəkləriz.

 

Şair bir şeirində yazır ki,

 

Dalğalanır dəniztək coşqun izdihamımız,

Bir əqidə yolunda səfərbərik hamımız.

 

Deməli, şair inanırdı ki, bir gün xalqımızın mübarizəsi hədər getməyəcək, həmrəyliyi qalib gələcək. Nəhəng imperiyaların ram edə bilmədiyi bir xalqı və onun şəhid qanı ilə suvarılan torpağını kim zorla özününkü edə bildi ki? Amma şairin daxili dünyasını zaman-zaman özünün nigaran qaranlığına qərq edən cavabsız suallarla üz-üzə qaldığı vaxtlar da az olmamışdı. "Allah kəssin səbrimizi" - deyib hərdən də üsyan edərək:

 

Bu gün Şuşaya layiq

Bir şeir yazammadım.

Utandım cızma-qaralarımdan.

Utandım ildə bir dəfə

Üstü açılan yaralarımdan -

 

deyən Vətən sevdalısı şairin xiffətini hiss etmək o qədər də çətin deyil. Nəhayət, o şeir yarandı. Noyabrın 8-də... O şeir o zaman yarandı ki, biz 28 ildən sonra QƏLƏBƏni daddıq, QƏLƏBƏni yaşadıq.

 

Qarabağa həyat verdi o haqq qan,

Bax bu idi gözlənilən ən xoş an.

Bu torpağa igid doğan, ər doğan,

Anaların əllərindən öpürəm.

 

Şair-publisist Pərvanə Bayramqızı Ayaz Arabaçı haqqında olan yazısında bu şeiri "Əsgər üçün oxşama" adlandırır. Qeyd edir ki, 44 günlük müharibədə Ayaz Arabaçı sözüylə, misrasıyla gah döyüşdü, gah da ruh verdi, bir yandan əsgərə dayaq, o biri yandan ədəbiyyatın əsgəri oldu:

 

... Sözümü sənnən açıb, sənnən də başlayıram,

Allahı çağırıram, şeytanı daşlayıram.

Bəzən olur özümdən özümü dışlayıram,

Sinəmi torpaq kimi eşirəm, xışlayıram.

Hamıya hirslənəndə səndə yavaşlayıram.

Hər gün səni öyürəm, səni alqışlayıram.

Mənim əsgər qardaşım, baş əyirəm önündə -

Əyirəm önündə baş.

Savaş indi başlayır, indi başlayır savaş!

 

Möhtəşəm olduğu qədər qürurverici hisslərdir və bu misilsiz eşqin ağuşunda indi bizi "bütün yollar Qarabağa aparır!"

 

Şəhla TAHİRQIZI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2021.- 16 fevral. S. 14.