Cəsur zabit, qayğıkeş komandir

 

Şəhid baş leytenant Səid Rəşidzadənin şərəfli döyüş yolu

 

İkinci Qarabağ savaşı bizləri təxminən 30 il düşmən işğalı altında olan əzəli torpaqlarımıza qovuşdurmaqla yanaşı, buvaxtadək tanımadığımız, adını eşidib üzünü görmədiyimiz vətənsevər, canını Vətəni üçün fəda edən neçə-neçə Azərbaycan gəncinin adını milyonların yaddaşına yazdı. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərin döyüş yolu, şücaəti, sözün əsl mənasında, dillərdə dastana döndü. Bu həyat hekayələri qəhrəmanlıq nağılına çevrilərək gələcək nəsillərə də çatdırılacaq.

Qarabağ uğrunda canını qurban verən şəhidlər öz qanları bahasına ölməzlik qazandılar. Elə bir ölməzlik ki, bu millət, bu dövlət var olduqca yaddan çıxmaz, unudulmaz. Əgər böyük zəfərlə yekunlaşan bu savaş Azərbaycan xalqının gələcək firavan həyatına vəsiqə qazandırdısa, bu təminatı şərtləndirən ən əsas səbəblərindən biri də bu amil oldu: şəhidlərin və qazilərin ölümün gözünə dik baxmaları.

Döyüşdə göstərdiyi şücaəti dillərdə dolaşan, haqqında sevgi ilə danışılan igidlərdən biri də şəhid baş leytenant Səid Rəşidzadədir. Neçə-neçə silahdaşı, döyüş yoldaşı hər dəfə Səid Rəşidzadə haqqında qürur hissi ilə söz açır, şəhid baş leytenantı təkcə təkcə cəsur döyüşçü kimi yox, həm də qayğıkeş komandir kimi xarakterizə edir.

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

Səid Rəşidzadənin döyüş yoldaşı, İkinci Qarabağ savaşının iştirakçısı, qazi Cavid Nurinin şəhid baş leytenant haqqında dediklərini qəhərlənmədən dinləmək mümkün olmurdu. Şəhid komandir qısa zaman ərzində döyüş yoldaşlarının böyük sevgisini qazana bilmişdi: “Baş leytenant Səid Rəşidzadə bizim bölüyün komandir heyətindən idi. Çox cəsur, mərd və təcrübəli zabit idi. İlk günlərdən Səid komandir hamımızın diqqətini cəlb etmişdi.

Danışığından, hərəkətlərindən necə vətənpərvər və alicənab insan, yüksək dünyagörüşünə, döyüş təcrübəsinə malik zabit olduğu açıq-aydın görünürdü. Şəhid olmazdan bir neçə saat öncə biz əsgərlərlə söhbətlərində deyirdi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad edib sağ-salamat evimizə dönək, qələbəni mütləq qeyd edəcəyik, sizə yaxşı bir qonaqlıq verəcəyəm. Hadrut istiqamətində gedən döyüşlər zamanı Səid komandir böyük qəhrəmanlıq göstərdi.

O, döyüşə yola düşərkən azad edəcəyimiz ilk yüksəkliyə sancmaq üçün götürdüyü üçrəngli bayrağımızı Hadrutda azad olunmuş yüksəkliyə sancmaq istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi, bayrağımıza görə öz canını fəda etdi.

Mən baş leytenant Səid Rəşidzadə kimi qəhrəman komandirin əsgəri olduğum üçün, onunla döyüşlərdə çiyin-çiyinə düşmənə qarşı vuruşduğum üçün, onunla döyüş yoldaşı, silahdaş olduğum üçün qürur duyuram. Özümə söz vermişəm, inşallah, oğlum olsa, komandirimin əziz xatirəsini yaşatmaq üçün adını Səid qoyacağam. Səid komandir bizim qəlbimizdədir və hər zaman da qəlbimizdə yaşayacaq”.

Səid Rəşidzadə hər cəhətdən əsgərlərin qeydinə qalan, onları döyüş ruhuna kökləyən cəsur komandir olub. Döyüş yoldaşları deyir ki, onun ali məqsədi şəhid olmaq idi. Səidlə birgə döyüş yolu keçmiş qazi Cəlil Mehrəliyev komandirini belə xatırlayır: “Səid Rəşidzadə bizim bölük komandirimiz idi. İlk gün bizi sıraya düzüb dedi ki, hər birimiz Vətən üçün canımızdan keçməyə hazır olmalıyıq.

Dedi ki, mən Aprel döyüşlərində də iştirak etmişəm, Allah onda qismət eləmədi, inşallah, indi qismət eləyər, Vətən yolunda şəhid olaram. Səid Rəşidzadə əsgərlərə həmişə ürək-dirək verirdi. Çalışırdı ki, əhval-ruhiyyəmiz yüksək olsun.

Ən sevmədiyi şey o idi ki, kimsə qorxsun, çəkinsin. Qorxu hissi ona yad idi. Səid Rəşidzadə özü ilə Azərbaycan bayrağı gəzdirirdi, onun bayrağa olan sevgisi bir başqa idi. Özü arzuladığı kimi də oldu, əsl qəhrəman kimi döyüşərək Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. Səid Rəşidzadə qəhrəman döyüşçü, cəsur komandir kimi ən yüksək adlara layiq zabit idi. Allah rəhmət eləsin”.

Səid Rəşidzadənin silahdaşı, baş leytenant Ədalət Məmmədov onunla birlikdə keçdikləri döyüş yolundan söz açarkən onunla döyüşlərdən əvvəl Beyləqanda təlimlərdə tanış olduğunu deyir:

“İkimiz də ehtiyatda olan zabit idik. Beyləqanda təlimlər keçdikdən sonra cəbhəyə yollandıq. Mən dördüncü taborda, Səid isə üçüncü taborda xidmət edirdi. Səid çoxumuzdan təcrübəli idi. Çox qayğıkeş insan idi. Əsgərlərə qardaş kimi can yandırırdı. Həddindən artıq məsuliyyətli zabit idi. Biz onunla Füzulidən Cəbrayıl istiqamətinə yollandıq. Cəbrayılda Süleymanlı kəndindən keçib Hadrutun yüksəkliyinə getməli idik. Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüşə qatılmalı idik. Hadruta yollananda dəfələrlə düşmən tərəfindən atəşə tutulsaq da, müdafiə olunub qarşı tərəfə lazımi cavabı verirdik. Gecə hücuma keçdik. Meşənin üstünü düşməndən təmizləyib səhər Hadrut istiqamətində hücum etməli idik. Səhər açılan kimi komanda verildi və biz hərəkətə keçdik. Qızğın döyüşlərdən sonra Hadrutun yüksəkliyinə bayraq sancılmalı idi. Səid Beyləqandan bəri cibində bayraq gəzdirirdi ki, bu bayrağı yüksəkliyə özüm asacağam. Səid bayrağı yüksəkliyə sancan vaxt mənfur düşmənin snayper atəşi nəticəsində şəhid oldu. Ruhu şad olsun".Qısa zamanda tanış olmalarına baxmayaraq, döyüş yoldaşları şəhid baş leytenantın onların yaddaşında yüksək kefiyyətlərə malik insan və zabit kimi qaldığını bildirirlər. Səid Rəşidzadənin döyüş yoldaşı, müddətdən artıq xidmət edən Xalid Abdullayev onun barəsində öz xatirələrini bizimlə bölüşür: "Döyüşlərə qatıldığımız gündən bir yerdə olmuşduq.

Səidlə sözümüz-söhbətimiz yaxşı tuturdu. Onun döyüşməyini sözlə ifadə eləmək qeyri-mümkündür. Çox ürəklə döyüşürdü. Şəxsən mən xidmət etdiyim müddətdə onun kimi ürəkli adam görməmişdim. İnanın, şəhid olub deyə demirəm, Allah şahiddir ki, Səid necə şövqlə döyüşürdü. O, səfərbərlikdən gəlmişdi, biz isə burada daimi idik.

Amma Səid öz döyüşkənliyi ilə bizə də ruh verirdi. Bu insanda qorxu deyilən hiss yox idi. Mən bir dəfə də olsun görmədim ki, o, irəli getməkdən çəkinsin. Səid şəhid olanda mən onun yanında idim. Çox ağır döyüşlərdən keçib həmin yüksəkliyə çatmışdıq. Onunla birlikdə Şuşaya, Kəlbəcərə getməklə bağlı xəyallar qururduq. Çox təəssüf ki, aramızdan tez ayrıldı. Allah Səidə rəhmət eləsin".

Səid Rəşidzadənin döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimovun da şəhid baş leytenantla bağlı xatirələri var: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir. Səid də, onun dostları da döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən hərbçilər idilər. Səid heç nədən qorxmayan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun. Həmişə mənə deyirdi ki, komandir, Vətən sağ olsun, biz borcumuzu yerinə yetiririk. Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirib onun yerinə Azərbaycan bayrağını sancmaq istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə bayrağa Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah Səidə və bütün şəhidlərimizə rəhmət eləsin".

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” fikri Səid Rəşidzadə kimi qəhrəmanların timsalında öz təsdiqini tapır. İllər keçəcək, amma Azərbaycan xalqı bu şərəfli tarixi unutmayacaq.

Bu 44 gün ərzində ürəyi arzularla dolu, gələcəyə ümidli neçə-neçə gəncin şəhidlik zirvəsinə ucalması naminə milli qürurumuzun üzərindəki ləkə təmizləndi. Onlar gələcək nəsillərin bu töhmətlə yaşamasını rəva bilmədilər. Bizim borcumuz isə bu isimləri əbədi olaraq yaşatmaqdır. Allahdan bütün şəhidlərlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik!..

 

Nadir Rzalı.

 

525-ci qəzet. -2021.- 19 fevral.- S.11.