"Qarabağ haqqında ən ali əsəri
Ali Baş Komandan yazdı" - Müsahibə
SEYRAN SƏXAVƏT:
"İNDİ ÖZÜMÜ 30-40 İL BUNDAN
ƏVVƏLKİ DƏLİQANLI
"
Müharibə
həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər
etdi ki, bir ömür boyu bəlkə də "müharibə
olmasaydı, belə olardı, elə olardı..." deyəcəyik.
Bəlkə daha
yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...
Lent.az-ın "Müharibə olmasaydı..." layihəsində
müharibənin həyatına birbaşa, yaxud
dolayısıyla təsir göstərdiyi, həyatını
dəyişdiyi insanlarla həmsöhbət olacağıq.
Bu dəfə yazıçı Seyran Səxavətlə
müharibə və onun insan həyatına təsirlərindən
söhbət açdıq. Həm də
yazıçının 75 illik yubileyi günlərində.
***
- Bəlkə
də, bu barədə çox deyilib. Çox
danışmısınız, amma layihənin kontekstində
olduğu üçün bir fikrinizdən başlamaq istədim.
"Kişilikdən istefa vermişəm" fikrini sizə
Qarabağın işğalda olması dedirdib...
- O fikri
deyəndə əhalinin bütün təbəqələrinə
aydın oldu ki, mən ata-anamın qəbrinin üstünə
gedə bilmirəm, başım aşağıdır,
başqa millətlərlə görüşəndə
özümü 40 il əvvəlki kimi apara bilmirdim, pərt
idim və bu pərtlik məişət pərtliyi deyildi,
tarixi pərtlik idi. Başı aşağı,
dili gödək, üzü qara idik. Böyük-böyük
danışmaq qarabağlıların şakəridir, bilməmiş
olmazsan. Bütün bunlardan məhrum olan adam
özünü necə kişi hesab edə bilər? O vaxt elə
də demişdim ki, nə qədər Qarabağ işğal
altındadır, aşağıdan tutmuş yuxarıya qədər
kim özünü kişi hesab edir etsin, mən
özümü kişi hesab etmirəm və kişilikdən
istefa verirəm. Mən bilən, haqlı idim.
İstefa ərizəsini yazmışdım, o
da qalmışdı, üstü yazılmamışdı.
44 günlük Vətən müharibəsində
Azərbaycan əsgərindən mənə məktub gəldi
ki, Seyran müəllim, sizin kişilikdən istefa haqqında ərizəniz
qəbul olunmadı. İndi özümü 30-40 il bundan əvvəlki dəliqanlı Seyran kimi
hiss edirəm. İnanın səmimiyyətimə, evdə
arvad-uşağın da üstünə qışqıra
bilmirdim ki, qayıdıb adama deyərlər ki, belə
qışqıransan, qışqırmaq yerin var, get orda
qışqır də.
Bütün bu şərtlər o istefanı elan etməyin
səbəbi idi. Telekanallardan birində qonaq idik, məndən
başqa da bir yazıçı vardı. Aparıcı
da tutub durub ki, Qarabağ haqqında az
yazılır. Dedim bala, onsuz da qonşular bizi aldadır,
özümüz özümüzü niyə aldadaq? Mənim fantaziyam da var, istedadım da çatır,
bir roman yazım qıra-qıra gedək İrəvanı da
geri alaq - kitabda. Mənə kitabda
alınan Qarabağ lazım deyil, mənə o Qarabağ
lazımdır ki, torpağını götürüb
gözümə sürtə bilim. Vaqif Səmədoğlunun
bir sözü vardı, deyirdi şeirlə, nəsrlə
Qarabağ geri alınsaydı, təkcə Xəlil Rzanın
şeirləri ilə düz İrəvana gedib çıxmaq
olardı. Bir 15 ilin söhbətidir bu, dedim Qarabağ
haqqında yazmağı yaxın dostlarım Musa Yaquba, Ramiz
Rövşənə, Vaqif Bəhmənliyə də
qadağan edirəm. Qarabağ haqqında ən ali
əsəri Ali Baş Komandan yazacaq. Şükürlər
olsun ki, Ali Baş Komandan bu əsəri yazdı. Son 200 ilin ən vacib əsəridir.
Yazıçılar Birliyində qəbul komissiyasının
üzvüyəm mən də, Ali Baş Komandanı
Yazıçılar Birliyinə üzv keçirdək və
son 200 ilin ən vacib əsəri nominasiyası təsis edib,
onu qalib elan edək. Uçmağa qanadım
yoxdur, inanırsınız. Bənzəri
olmayan tarixi hadisədir. Son 200 ildə ancaq
paylaya-paylaya gəlmişik. İlkimiz
mübarək olsun. Ali Baş Komandanı
da, Azərbaycan əsgərini də Allaha əmanət edirəm.
Allah da əmanətə xəyanət etməz,
daha da güclənərik.
- Sizi bir az müharibədən əvvələ aparacam
xəyalən. Qarabağ problemi olmayan Seyran Səxavəti
xatırlayaq...
-
Yazı-pozuyla məşğul olurduq, dünyanı səyahət
edirdik. Həftə səkkiz mən doqquz
Füzuliyə gedirdim. Beşinci gün
çatanda qaşınırdım. Uşaqları
da götürüb gedirdim, onlar da öyrəşmişdilər.
-
Yağlıvəndə gedirdiniz?
-
Yağlıvəndə, Füzuliyə. Qarabağ
elə-belə yer deyil. Erməni gedib
başqa yerləri tutardı da. Bütün
dünyada yüksəkliyə qalxdıqca oksigen azalır.
Şuşa dünyada yeganə məkandır
ki, aşağısındakı oksigen sıxlığı
necədirsə, Şuşanın kəlləsində də
elədir. Əslində, Azərbaycanda
Şuşadan da dəniz səviyyəsindən yüksək
yerlərimiz var. Xınalıqdı, Qusarda, Kəlbəcərdə
də var. Peşəkarcasına izah edə bilmirəm, amma
möcüzədir. Deyirlər dünyada 11 iqlim
zolağı var, 9-u bizdədir və 6-sı Şuşa
və ətrafındadır, 3-ü Azərbaycanın qalan yerlərində.
Orasını demirəm ki, ordan kimlər
çıxıb, o haqda çox deyilir. Qarabağsız
Azərbaycan onurğasının iliyi çıxarılmış
möhtəşəm kişiyə oxşayır.
- Elə
möhtəşəm kişi olar, daha...
- Ən qədim mədəniyyət Quruçay mədəniyyətidir. Quruçay mənim
şəhərimin içindən keçir. Ondan 2 kilometr aralıda Azıx mağarası yerləşir.
Azıx mağarası Adəmlə Həvvanın
yataq otağıdır və ordan insan törəyib,
bütün dünyaya səpələnib. Bu xalq da çox böyük xalqdır, sadəcə,
yaddaş problemi var.
- Tez
unutduğuna görə?
- Tez
unudur. Sadəcə bu xalqın tez-tez
özünü özünün yadına salmaq
lazımdır, sən böyük xalqsan deyilməlidir. Deyilməlidir ki, özünü
böyüklüyünə, ölçünə uyğun
apar. Hər gözəlin bir eybi var. Biz də
gözəlik xalq olaraq. Torpağın
altı, üstü, hər yeri, dağı da, aranı da
gözəldir. Yaddaş məsələsini
də ziyalılar, kütləvi informasiya vasitələri nəzərdə
saxlamalı və xatırlatmalıdır. Televiziyalar avara-avara işlərlə məşğul
olmaqdansa, bu yöndə layihələr etməlidir.
-
Müharibə başladı... Həyatınızda,
yaradıcılığınızda hansı dəyişikləri
yaratdı və bunlar yalnız mənfiyə doğru oldumu?
-
Müharibə nədir, hamı bilir. Dünyanı
elə bil əlcək kimi tərsinə çevirirsən.
Sistemlər laxladı, dəyərlər dəyişdi.
İnsanlar ümidsizləşdi. İndi mən yaradıcı insan olduğum
üçün öz içimə bir süni ümid
yaradıb qoymuşdum. Özüm
özümü aldadırdım, o da məni sağlam
saxlayırdı, məndən muğayat olurdu. Türklərdə
bir beyt var, deyir -
Öylə
bir yalan de ki,
İnanmayım yalandır.
Nə qədər qurbanlar verdik müharibədə. Nə qədər
alçaldıq. Çox sevdiyim qarabağlı
balası Fərhad Bədəlbəyli gözəl bir söz
dedi ki, qastrollara gedəndə erməni görən kimi
üzümü çevirirdim - ona görə yox ki, zəhləm
gedir onlardan, ona görə ki, özümü pis hiss edirdim. Deyir, o da keçib qarşıma, necəliyimi
soruşurdu. Torpaq qayıtmadı təkcə,
özümüzün özümüzə inamımız
qayıtdı. Bizi
inandırmışdılar ki, döyüşə bilmirik,
ancaq bazar adamıyıq. Sübut olundu ki,
yanlış fikirdir. Ona görə
böyük qələbədir bu. Məni tanıyanlar bilir
ki, əlim heç vaxt yuxarıların ətəyində
olmayıb. Mənim üçün
yuxarı, aşağı yoxdur - mənim üçün bir
meyar var - həqiqət. Həqiqət naminə deyirəm
- bir az səbirli olaq. Rus
mahnısında deyildiyi kimi "net, net, ya xoçu seqodnya, ya
xoçu seyças" deməyək, vicdanlı olaq. Babalarımızın 200 ildə etdiyi səhvin
hamısını birdən Ali Baş Komandandan tələb
etmək olmaz ki, düzəlt. İnsaf,
mürvət var. Həqiqətə söykənib deyirəm,
həqiqət gözəl şeydir.
-
Müharibəyə qədərki
yaradıcılığınızla, müharibədən
sonrakı yaradıcılıq barədə düşüncələrinizdə
nə dəyişdi?
- Mən
elə götürə bilmirəm, amma İkinci Dünya
müharibəsi barədə əsərlərim olub. "Ağrı" povestim olub, məsələn.
Bir ailənin öz yurdundan didərgin
düşməsi haqda. O ailə əslində, bizdə
yaşayıb, mənim atam saxlayıb o ailəni. Bir
şeirimdə deyilir ki,
Neçə
il qabaq evimizdən
çox-çox uzaqlarda
bir
güllə atıldı.
Başladıq
axtarmağa,
Bir nənəm
oğlunu
Bir nənəm
kürəkənini
Bir kəs
dostunu
Anam da ərini.
Atama dəyən
gülləni tapsaydıq
Ondan
soruşardıq
Atamın yerini.
Müharibə
şərdi, onu heç kəs istəməz, istəyənlər
var - adam deyillər.
- Belə
bir fikir də var - müharibələr ölkələri
sivilizasiyaya qovuşdurur. Razısınız?
- Onu deyən
allahsız adamdır. O, hansı sivilizasiyadır? Qarabağda şəhərlərimizi
darmadağın ediblər, evlərimizi yandırıb, məbədlərimizi
təhqir edib erməni. Dünya ictimaiyyəti
bunu görə-görə yenə ermənin tərəfini
tutur. İnsanlar bir birini qırır, məhv
edir, bunun harasındadır sivilizasiya?
-
Müharibədən sonrakı inkişaf nəzərdə
tutulur.
- O
inkişaf növbəti müharibəyə
hazırlıqdır. Başa düşdün,
mənim balam. Gör, müharibə olmasa,
necə olar. Ümumiyyətlə, çox
inkişaf nəyə lazımdır? Bəsdir,
dayanaq, yaşayaq daha. Bütün
inkişafların kökündə, mayasında antibəşəri
şeylər dayanır. İnkişaf həm
də antiinkişafdır. İnkişafla
atom bombası yaratdıq. Bəşəriyyətin
başı xarab olub. O ki qaldı yaradıcılığa
təsirinə, müharibə olmasa da, yazırdıq. Müharibə heç bir təsir göstərmədi
yaradıcılığıma.
-
Mövzunu da dəyişmədi?
-
Mövzu yazıçının özüdür. Yazıçılıq xasiyyətdir. Bu, mənim xasiyyətimdir, müharibə olsun,
yağış yağsın, sel olsun... hamısı o xasiyyət
sahibi tərəfindən qəbul olunmağa baxır.
- Zatən
xasiyyətinizdə bir üsyankarlıq var, "mən
özüm müharibəyəm" - qəbilli...
- Hə də,
özüm həmişə müharibə aparmışam. Qəhrəman obrazı yaratmaq istəmirəm e,
görəndə ki, beşi birinin üstünə
düşüb, girmişəm meydana. Görəndə
kimsə qatığa qara deyir, tuturam yaxasından ki,
vicdanın olsun, ağappaqdı axı. Çox
yaxşı dedin, bu da müharibədir. Bir də
var dövlətlər arasında müharibə. Əslində, dövlətlər arasında
müharibə elə fərdi müharibələrin
mayasındandır.
- Sizin
"Qızıl teşt"iniz Sovet dönəmində elə
müharibə idi, həm də həyatınızı dəyişən
müharibə...
- Həm
də siyasi büronun zamanında. O vaxt onu siyasiləşdirdilər.
- Siz
siyasi yazmamışdınız?
- Yox e, mən
felyetonçu deyiləm ki, kimisə nəzərdə tutam. Mən kommunist rejiminin əleyhinə yazmışam.
O kommunist rejiminin ki, mənim Xalq Cümhuriyyətimi
beşiyindəcə boğdu. O kommunist rejiminin əleyhinə
ki, 1937-ci ili mənim xalqımın
başına gətirdi. Gələk bir az
bəri - o kommunist rejiminin əleyhinəyəm ki, 20 Yanvar faciəsini
gətirdi xalqımın başına. Xocalı
soyqırımı törətdi, hələ arada çox
olanları demədim. "Qızıl
teşt" tamaşası Akademik teatrın səhnəsində
anşlaqla gedirdi, o teatrın tarixində bəlkə elə
anşlaq olmayıb. O əsəri yazmağımla həmişə
fəxr etmişəm, indi də fəxr edirəm. Yazıçının missiyası yazmaqdır.
İndi Allah saxlamışlar bir hekayə
yazır, onqat təbliğatını qurur. Məncə,
bu, məcburi köçkünlərə iki qutu yağ aparıb, onu 20 televiziyaya çəkdirməyə
bənzəyir. İnsan bir az təbii olar,
səmimi olar. Universitetlərdə səmimiyyət
fakültəsi olmur, o, qandan gəlir. Gərək nəslində,
kökündə genetikanda, mühitində ola.
- Sovet
vaxtı belə sizin qəhrəmanlarınız müstəqil
adamlar idi.
-
Yaxşı tutmusan, onlar sadəcə adamlardır, Sovet
adamları deyil. Azərbaycan xalqı 30 ildir müstəqildir,
ondan neçə il də qabaq mən
müstəqil idim. Mən azad adam
olmuşam.
- Sonuncu
romanınız "Qaçhaqaç" adlanır. Həm də
avtobioqrafikdir, yəni özümə həsr etmişəm
demisiniz...
- Bizim ədəbi
tənqidçilərə Sovet vaxtı muzdlu tənqidçilər
deyirdim, indi də günəmuzd tənqidçilər deyirəm.
Əslində, "Qaçhaqaç"dan əvvəlki
romanlarım da avtobioqrafikdir.
- "Daş evlər" də?
- "Daş evlər"də Akif mənəm. "Yəhudi
əlifbası"nda, "Palıd toxumu"nda, başqa
romanlarımda, povestlərimdə varam, hamısı elə
avtobioqrafikdir. O sözü tənqidçilər uydurub.
İnsan elə ömür boyu özündən
yazır da. Sadəcə, bu
"Qaçhaqaç", özü də iki kitabdır, mənim
keçdiyim və məndən keçən adamlardır.
Məlum adamlardır, tutaq ki, dünyanın
tanınmış adamlarından Andrey Bitov, Şövkət
Ələkbərova, Yusif Səmədoğlu. Onların adını çıxart,
avtobioqrafiksiz-filansız bədii romandır.
- Əslində, əsərinin hər sətirində
yazıçı özü var.
-
Aşıq gördüyün çağırar. Bütün yazıçılar var öz əsərlərində.
-
Eşitmişəm, hərdən yaxşı muğam
oxumağınız var?
- Var idi,
indi səsim yoxdur. 60
illik yubileyimdə səsim cingildəyirdi, sonra xəstələndim,
səsimə xırıltı gəldi. Qarabağlılar
özləri öləndən 15 il sonra da
hələ səsləri yaşayır. 60
illiyimdə Dədə Süleymanın qarşısında risk
edib "Mirzə Hüseyn" segahı oxudum, çox təəssüf
ki, şəkli qalıb, videoyazısı yoxdur. Qarabağda böyümüşəm, bizim tayfa
Muradxanlı tayfasıdır. Bir kənd qədər
böyük tayfadır, hamının səsi var,
hamımız xanəndə ola bilməzdik
ki, onda tayfa yox, xor kapellası olardı. Əvəz
Muradov vardı oxuyanımız, Bahar Muradovanın atası.
Səsi "Şahnaz"ın zilini
götürürdü e. Biz Ağabala Abdullayevin "Segah
zabulu"u ilə böyümüşük.
- 75
yaşı tamamlayırsınız artıq, bu yaşda nə
üzərində düşünürsünüz, nə
üzərində işləyirsiniz?
- Son
beş-altı ayda öz üzərimdə işləmişəm,
canıma baxmaqla məşğul olmuşam. Oramı,
buramı redaktə edirəm, bərpa olunuram. Müstəqillik
illərindən bəri beş mindən
artıq müsahibə vermişəm, onlar elə bir
kitabdır. Fikirlərimi bölüşəndə
canım sağlamlaşır, bölüşməyəndə
qalır, incidir.
- Xəstəlik
yaradır...
- Hə,
düz deyirsən, gərək danışasan çıxa
canından. Mən Azərbaycan qazisiyəm.
Canımda minimum 15 qəlpə var,
çünki minimum 15 cildlik əsərim var ki, onları
çap etdirə bilmirəm. Eləsi var,
kirillə yazılan vaxtların əsəridir. Məni qazi hesab etmək olar də. 15 cildlik 15 qəlpə kimi varlığımda
qalıb məni incidir. Yəqin ki, nə
vaxtsa çap etdirə biləcəm.
İndi qayıdıram "müharibə
olmasaydı" məsələsinə. Olmasaydı,
Azərbaycan çox inkişaf edərdi. Müstəqil
olduq, Şura hökuməti Qarabağ problemini yaradıb bizə
müstəqilliyi haram etdi. Qarabağ dünyanın ən
məhsuldar yeridir...
- İnsanları da qarışqa kimi
çalışqan.
- Bəli.
Hardasa torpaq yeyən uşaq eşitmisən, amma
Qarabağda balaca uşaqlar torpağı yeyirdi, yeməli
torpaqdı. Bütün nemətlər
torpaqdan bar verir də. Birbaşa ilkin mənbədən
qidalanmışıq biz. Azərbaycan cənnətməkandı.
O qədər inkişaf edəcəkdi ki, dünya heyran
qalacaqdı.
- Elə
ona görə də etdilər o müharibəni.
- Hə, əllərində
"kozır" oldu Qarabağ. İndi vermişik beynəlxalq
məhkəməyə, ödəyəcəklər
vurduqları ziyanı. Azərbaycan süd gölündə
üzəcəkdi, müharibə olmasaydı. Dünyanın ən
inkişaf etmiş ölkəsi olacaqdı, mən də
dünyanın ən inkişaf etmiş ölkəsinin vətəndaşı
kimi əlimi cibimə qoyub yekə-yekə gəzəcəkdim.
İnşallah, olacaq. Taledi, təkcə adamların yox,
xalqın alın yazısıdır.
- Bayaq dediyiniz o süni inamı bu gün
baş verənlərlə bağlı
yaşadırsınız içinizdə, yoxsa sabaha -
yaxşı gələcəyə inanırsınız?
- O süni inamı yaradıb onunla yaşamaqda
çox çətinlik çəkmişdim, əslində,
asan məsələ deyil. Qələbədən sonra bir də
ayıldım ki, o süni inam yoxdur. Mənim Azərbaycanın
gələcəyinə böyük inamım var. Xalqla
dövlətin birliyi yaratdı məndə o inamı.
-
Tanrı doğrultsun o inamı, Seyran müəllim. Bəs Yağlıvəndə gedə bildiniz?
- Hə,
getdim, çox pis oldum. O kəndin hər təpəsi,
küncü mənə əziz, doğmadır və əzbər
bildiyimdir. O deyil, viranədir, erməni xislətinin məhsuludur.
Kəndimiz 7 obadan ibarətdir, böyük kənddir.
Bizdən Şuşaya 45 km-dir. Meşə,
dağ, cırcıramaların müşayiəti ilə gedib
çıxırsan. Adı da tarixidir,
özü də.
- Abad
günlərini görmək qismətiniz olsun, 75
yaşınız mübarək, 76-nı
Yağlıvənddə qeyd etmək arzusuyla...
Ramilə QURBANLI
525-ci qəzet.- 2021.- 19 fevral.- S.12,16.