Üç qardaşın
acı həyat hekayəti - Anım
VƏ YA SEYİD
ŞUŞİNSKİ NİYƏ EVLƏNMƏDİ?..
Neçə illər əvvəl Azərbaycan Dövlət Neft və Sənaye
universitetinə getmişdim. Giriş
qapısının böyründə
yaşlı bir kişi kürsüdə
əyləşmişdi. Onunla salamlaşdım.
Məndən soruşdu:
- Bağışlayın, hara
gedirsiniz?
Dedim ki, qızımın sənədlərilə əlaqədar
gəlmişəm.
O dedi: - İş qurtarıb, hamı gedib. Başqa vaxt gəlin.
Mən burada gözətçiyəm.
Qocanın ləhcəsi mənə çox şirin gəldi. Dedim: - Sözünüzün
ahəngindən zənn
edirəm ki, qarabağlısınız.
Dedi: - Yanılmamısınız, elədir
ki, var. Xalis şuşalıyam.
Dedim: - Şuşada kimlərə
qohumluğunuz çatır?
O, mənim sualımı suallandırdı: - Siz Şuşada kimi tanıyırsınız?..
Dedim: - Ağsaqqal, mən də qarabağlıyam. Ağdamda doğulsam da, uşaqlığım
Şuşada keçib.
Demək
olar ki, hər yay tətilində atam bizi - üç
oğlunu, üç
də qızını
hökumət hesabına
Şuşada Uşaq Sanatoriyasına yerləşdirirdi.
Bizim kimi respublikamızın hər bölgəsindən
yüzlərlə uşaqlar
yayın üç ayını o sanatoriyada istirahət edirdilər.
Uşaq sanatoriyası ilin bütün fəsillərində
fəaliyyət göstərirdi.
Payız,
qış, yaz fəsillərində isə
şuşalı uşaqlar
çoxluq təşkil
edirdilər. Bu fəsillərdə
sanatoriyaya yaxın rayonlardan tək-tək gələn uşaqlar Şuşa məktəblərində
təhsillərini davam
etdirirdilər. 1954-cü ildə
mən də avqustun sonunda Ağdama qayıtmadım,
sanatoriyada qalıb, birinci rübü 1 nömrəli Şuşa
şəhər orta məktəbində oxudum.
Məlumatımız vardı ki,
bizim istirahət etdiyimiz sanatoriya ulu, xoşməramlı nənəmiz Xan qızı Natəvanın
imarəti idi. Sanatoriyanın qənşərində ucu-bucağı görünməyən
tut bağı vardı.
Bu bağ bal
kimi şəhdi süzülən şirin
barını biz uşaqlardan
əsirgəməzdi. Sanatoriyanın
digər tərəfində
Xan qızının xüsusi zövqlə tikdirdiyi yaraşıqlı
novlu bulaqların bumbuz suyu yay aylarınada od tutub yanan ürəklərimizi
sərinlədirdi. Həm
də şır-şır
axan bu nəğməkar
bulaqlar gecələr
biz uşaqlara laylay çalırdı... Bu yerdə mən söhbətimi yekunlaşdırdım.
O, başladı danışmağa:
- Sizin maraqlı söhbətiniz çox yerinə düşdü.
Mən işdəyəm. Adətən mənə müraciət
edənləri üç-beş
kəlməylə razı
yola salıram. Siz isə mənim
Şuşa dərdimi təzələdiniz.
Dediklərinizin hamısı gerçəkdir.
Gəlin, tanış
olaq.
Əl tutduq. Mən
ona adımı dedim. O da dedi ki, mənim adım İbrahimdir. Balaca vaxtı mənə İbiş deyirdilər.
Bilsəniz ki, mən kiməm, yəqin ki, kədərlənəcəksiniz.
Ona dedim: - Buyurun, dinləyirəm sizi.
O, udqundu. Görünür, danışmağa çətinlik çəkirdi.
Bu an onun üzündəki
kədəri sezdim... Dedim ki, xahiş
edirəm, danışın.
Dərindən köksünü ötürüb
dilləndi: - Mən ustad xanəndə Seyid Şuşinskinin qardaşı oğluyam. Atamgil üç qardaş idilər: Zülfüqar, Miriş,
Mir Möhsün. Böyük əmim
Zülfüqar 1918-ci ildə
erməni-müsəlman davasında
həlak oldu. Atam Miriş mənə atasının adını
qoymuşdu. Mən babam
İbrahimin adını
daşıdığıma görə, indinin özündə də fəxr duyuram. O dövrdə atam sayılıb-seçilən xanəndə
idi. Toylar, el şənlikləri onsuz keçməzdi.
O dövrün qatı
fanatik dindarları, imansız "molla"ları
atamın xanəndəliyinə
qadağa qoymuşdular
ki, bu, şeytan
əməlidir, dinə
ziddir!.. Amma atam dəfələrlə
həmin "molla"lardan
xəbərdarlıq almağına
baxmayaraq, sevimli peşəsindən əl
çəkmədi. Buna
görə də, onlar dilbir olub,
əlbir olub, atamı aradan götürdülər. Heç nə
edə bilmədik, atamın qanı batdı. Onun ölümü sonbeşik
əmim Mir Möhsünün
sağlamlığına ağır
zərbə vurdu, sevimli qardaşının
ölümü onu bərk sarsıtmışdı,
o, tərkidünyalığa düçar olub, özünə qapanmışdı.
Əmim günlərlə ac qalırdı,
boğazından su da keçmirdi. Yeganə həmdəmi
kağız parçasına
bükəndən sonra,
yandırıb çəkdiyi
tənbəki eşməsi
idi. Biri qurtarmamış, o birini eşirdi... O, söz verdi ki,
qardaşım Mirişin
ölümündən sonra,
mən heç vaxt evlənməyəcəyəm!
Əmim verdiyi vədinə əməl etdi. Axırda da bu sirri haqq dünyasına
özüylə apardı...
Üç qardaşın kədərli
həyat hekayəsi hər ikimizi bərk kövrəltmişdi. İbrahim kişini qəhər boğurdu. Mənim də gözlərim
dolmuşdu. Yanağımın
islandığını hiss edirdim. Elə bu an İbrahim kişi boğazını
arıtlayıb, söhbətini
davam etdirdi:
- Atam ölsə də, sənəti ölmədi. Mir Möhsün
əmim sağlığında
Seyid Şuşiniski adıyla atamın sevimli sənətini yaşatdı, ecazkar muğamı zirvəyə
qaldırdı!..
İbrahim
kişi söhbətini tamamladı.
Qardaşların hər
üçünə Tanrıdan
rəhmət, cənnət
dilədik, yerləri behişt olsun, - dedik. Sonra da İbrahim kişiylə vidalaşıb,
doğmalar kimi ayrıldıq...
***
Bir xeyli müddət keçəndən
sonra, gəldim ki, İbrahim kişiyə
baş çəkim,
ümidim boşa çıxdı. Kor-peşiman qayıdıb getdim.
Çox
gəldim, daha onu yerində tapmadım. Görən,
zavallı qocanın başına nə gəldi... Bu fani
dünyaya etibat yoxdur. Bəd fikirləri yaxın
buraxmıram, hər şeyi yaxşılığa
yozuram. Kaş ki, İbrahim kişi
sağ olaydı...
Rəşadətli Ordumuzun erməni
faşistləri üzərindəki
şanlı qələbəsindən
sonra, azadlığa çıxan doğma Şuşamızı kaş
o da görəydi!..
Ramiz MÖVSÜM
525-ci qəzet.- 2021.-
19 fevral.- S.14.