"Bir millət, iki dövlət" formulunun fundamental fəlsəfi-tarixi şərhi

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya institutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Mədətli və həmin institutun "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun birgə yazdıqları "Bir millət, iki dövlət": fəlsəfi-tarixi təhlil" adlı kitabı bir çox yenilikçi cəhətlərinə görə diqqətimizi cəlb edir.

"Bir millət, iki dövlət" anlayışına fəlsəfə tarixi kontekstindən yanaşan müəlliflər kitabın "Bir millət, iki dövlət" düsturu fəlsəfi-metodoloji prizmada" adlanan ilk fəslində, ilk növbədə millət, millətçilik anlayışlarının mahiyyətini açmağa çalışıb, onun fəlsəfi aspekti ilə yanaşı, tarixi yönünü də göstəriblər. Müəlliflərə görə, millət, millətçilik anlayışlarını bir neçə fərqli baxışlar kəsişməsində təhlil etmək mümkündür. Bu məsələ kitabda əsasən, Qərb millətçiliyi və Şərq millətçiliyi kontekstlərində nəzərdən keçirilir. Eyni zamanda, millət, millətçilik nəzəriyyələrini "metodoloji millətçilik" işığında da təhlil edən müəlliflərə görə, metodoloji millətçiliyin müəyyən etdiyi koqnitiv sərhədlər hələ də qalmaqdadır.

Müəlliflər kitabın "Bir millət, iki dövlət" formulu fəlsəfi, tarixi, siyasi və ideoloji aspektlərdə" adlanan ikinci fəslində isə ilk növbədə, millət və millətçiliyin sistemyaradıcı parametrlərini tarixi rakursdan ancaq fəlsəfi refleksiya ilə şərh etmişlər. Onlar burada göstərməyə çalışmışlar ki, "Bir millət, iki dövlət" formulu mədəniyyət/toplum və özyetərlilik/özreferensiya fərqləndirmələri səviyyələrində təsdiqini tapır. Müəlliflər yazırlar ki, 1736-cı ildə iki türk imperiyasından biri - Azərbaycan türklərinin qurub-yaratdığı və bütün tarixi Azərbaycan torpaqlarını da özündə birləşdirən qüdrətli Səfəvi dövləti süqut etdi, Osmanlı isə müxətlif cəbhələrdə savaşmaqdan zəif duruma düşdü: "Bununla da təqribən iki əsr yarım yanaşı mövcud olmuş "bir millət, iki imperiya" mövcudluğu sona çatdı. Bundan yalnız, təqribən, 170 il sonra bir millətin iki Respublikası yarandı. Öncə Azərbaycan Xalq Cümhuriyyəti (AXC), ardından da Türkiyə Cümhuriyyəti yarandı. Lakin çox qısa müddətdə AXC-nin Rusiyanın 1920-ci il 27 aprel işğalı nəticəsində süqut etməsi ilə "bir millət, iki Respublika" formulu da praktiki təməlindən məhrum oldu. Əslində, Türkiyə Respublikası rəsmi olaraq 1923-cü ildə elan edilib, lakin 1920-ci ildə Azərbaycanın Atatürk hökuməti ilə sıx əlaqəsi var idi. Bu da, əlbəttə, ilk növbədə xalqlarımızın türk kimliyi, eyni dil və din mənsubiyyətindən qaynaqlanırdı".

Burada əsasən razılaşmadığımız məsələ odur ki, Səfəvilərdən sonra Azərbaycan türklərinin Əfşarlar və Qacarlar kimi də imperiyaları vardı. Doğrudur, Qacarlar imperiyası bütün Azərbaycana sahib çıxa bilməmiş, apardığı uğursuz müharibələrdən sonra onun bir hissəsinin Çar Rusiyasının işğalı altına qalmasıyla barışmalı olmuşdu. Ancaq bütün hallarda Qacarlar da Azərbaycan türklərinin dövləti olub 1925-ci ilə qədər yaşamışdı.

Ancaq bütün hallarda müəlliflər onu doğru qeyd edirlər ki, birincisi, türk etnosunun passionarlıq potensialı həmişə yüksək olub. Bu, özünü sosial, siyasi, hərbi və mədəni hərəkətlilikdə göstərib. İkincisi, türk etnosu tolerantlıq keyfiyyətinə dünyaya ədalətli yanaşma əsasında sahib olub. Üçüncüsü, türk dövlətçilik ənənəsində mədəniyyət başlıca sistemyaradıcı faktor-mühit rolunu oynayıb. Türklər bir sıra hallarda "qılıncla" ərazilər fəth etsələr də, mənəviyyatlarındakı inanc və ədalət keyfiyyəti fərq etmədən bütün etnosların mədəniyyətinə hörmətlə yanaşmaq qaydasını formalaşdırıb.

Müəlliflər "Heydər Əliyev və müasir mərhələdə Azərbaycan milli dövlətçiliyi Türkiyə ilə münasibətlər kontekstində" adlanan üçüncü fəsildə isə ilk növbədə, XVIII əsrdən sonra Azərbaycan dövlətçiliyinin problemli vəziyyətini təhlil etmişlər. Onların fikrincə, Azərbaycan maarifçilərinin sayəsində 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik Respublikanın məhz Azərbaycanda meydana gəlməsi heç də təsadüfi deyildi: "Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ömrü qısa olsa da, bütün dünya Azərbaycan xalqının yüksək dövlətçilik ənənəsi mədəniyyətinə sahib olduğunu gördü. Demokratik islahatlar, qadınlara azadlığın verilməsi, ölkədə sülh, dünyada sülh tezisinin əsas götürülməsi və digər addımlar Azərbaycanda zəngin dövlətçilik ənənəsinin sürətlə yeni geosiyasi, siyasi-ideoloji və mədəni transformasiyalara adaptasiya olaraq, yenidən özünü təsdiq etdiyinin sübutu oldu. Lakin Birinci Respublika imperiyaların savaşından kənarda qala bilmədi. 23 aydan sonra onu yeni yaradılan SSRİ-nin tərkibinə qatdılar. Bununla da araşdırmaçıların İkinci Respublika dediyi mərhələ başladı. Bu mərhələdə tam müstəqillik olmadı. Lakin Azərbaycan dövlətçiliklə bağlı əksər sahələrdə yeni zaman kontekstində ciddi təcrübə qazandı".

Hər iki Respublika dövründə Azərbaycan-Türkiyə münasibətlərini geniş şəkildə toxunan müəlliflər, bu münasibətlərin yenidən qurulması və inkişafında Məhəmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun, Heydər Əliyevin rolunu ayrı-ayrılqda izah etmişlər.

Onlar yazırlar ki, görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti İkinci Respublikada dövlət idarəçiliyinin institutlaşmasında "Azərbaycanlaşma"nın təmin edilməsinə, "Azərbaycan" ideyasının dövlətçilik müstəvisində yaşamaq haqqının və qüdrətinin olduğunun öncə Mərkəzə, sonra isə dünyaya sübut edilməsinə, Azərbaycan dövlətçiliyində əsas dayaqlardan olan Ədalət prinsipinin sovet sistemi çərçivəsində yaşadılmasına və ən əsası onun həm ideya, həm də sosial-siyasi-mədəni praktikada həyata keçirilərək "Azərbaycanlaşma"nın azərbaycançılıqla tamamlanmasına yönəldilib: "Heydər Əliyevin azərbaycançılığı Üçüncü Respublika üçün məzmunu yeniləşmiş ideoloji konsepsiya keyfiyyətində irəli sürməsi tarixi hadisə idi".

Müəlliflərə görə, üçüncü Resublika dövrünün ilk günlərindən etibarən Azərbaycan-Türkiyə münasibətləri yenidən dirçəlməyə başladı: "Üçüncü Respublikada Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan müstəqil dövlət olaraq ənənə ilə müasirliyin çevik, yeniləşmələrə açıq, demokratik məzmunlu sintezinin əsaslarını müəyyənləşdirdi. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi həm baş tutdu, həm də burada inkişaf paradiqması birdəfəlik oturuşdu! Türkiyə-Azərbaycan münasibətləri bütün bunların fonunda olduqca məzmunlu, maraqlı və strateji əhəmiyyəti sınırsız olan proses kimi öz təsdiqini tapdı və indi də tapmaqdadır".

Onların fikrincə, Heydər Əliyevin müstəqil dövlət quruculuğunda "Bir millət, iki dövlət formulu", onun Azərbaycan Respublikasının Prezidenti (1993-2003) kimi Türkiyəyə 1994, 1997 və 2001-ci illərdə olan rəsmi səfərləri zamanı konkret məzmun aldı: "Bu səfərlər "Bir millət, iki imperiya" formulundan "Bir millət, iki Respublika" formuluna keçidi dövləti fəaliyyətin bütün istiqamətləri baxımından yekunlaşdırdı və ona strateji məzmun verdi. Detallara varmadan Ulu öndərin 1997-ci il mayın 5-də Türkiyə Respublikasının "Dövlət nişanı"nın təqdim olunması mərasimində çıxışı zamanı ifadə etdiyi bir fikri xatırladaq. Heydər Əliyev mərasimində bəyan etmişdi: "Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir".

Müəlliflər "Prezident İlham Əliyev və Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ" adlanan dördüncü fəsildə isə göstərirlər ki, H.Əliyevdən sonra Azərbaycan-Türkiyə münasibətlərini dövlət başçısı İlham Əliyev "Bir millət, iki dövlət" konsepsiyası çərçivəsində uğurla aparıb və aparmağa da davam edir. Onlar yazırlar: "İlham Əliyev öncə Baş nazir, sonra isə Azərbaycan Prezidenti kimi Ulu öndər Heydər Əliyevin tam mənasında siyasi varisi olaraq, bütün istiqamətlərdə, o cümlədən, "Bir millət, iki dövlət" formulunun ruhuna, məzmununa və məqsədinə uyğun addımlar atıb və bu, davam edir. Dövlət başçısı bu yolda heç bir tərəddüd göstərmədən, hər bir şərtlər daxilində iki qardaş dövlətin müstəqil inkişafına, cəmiyyətin güclənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın daim yüksəlməsinə xidmət edən siyasət yeridib. Praktiki uğurların reallaşması üçün isə Prezident İlham Əliyev "Bir millət, iki dövlət" formulunu nəzəri-ideoloji aspektlərdə zənginləşdirməli, sürətlə dəyişən qlobal mühitdə çevik adaptasiyaya imkan verən və öz təsir gücünü dinamik artıran siyasi kursa orqanik olaraq daxil etməli idi. Fəlsəfi baxımdan əhəmiyyəti çox olan məqam bundan ibarətdir. Təcrübə göstərir ki, İlham Əliyev bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlib, gəlir və gəlməkdə davam edəcəkdir".

Müəlliflər yazırlar ki, 27 sentyabr 2020-ci il tarixində təcavüzkar Ermənistanın yeni ərazilər ələ keçirmək məqsədilə ölkəmizə qarşı başladığı geniş miqyaslı hərbi əməliyyalar Azərbaycan xalqını düşmənə qarşı böyük Vətən müharibəsinə qalxmağa vadar edən gündən, Türkiyə Cümhuriyyəti bununla bağlı bütün məsələlərdə Azərbaycanın yanında yer almaqla "Bir millət, iki dövlət" formuluna bir daha sadiqliyini ortaya qoydu. Müəlliflər yazırlar: "Türkiyə Cümhuriyyəti dövləti və qardaş Türk xalqı ayrı-ayrı dövlətlərə malik olan vətəndaşların xoş günlərdə olduğu kimi, dar məqamda da vahid millət olaraq tarix səhnəsində öz sözünü deyə bilməsinin  real nümunəsini ortaya qoydu. Başda Prezident R.T.Ərdoğan olmaqla Türk xalqı, onun bütün siyasi partiyaları və qurumları, digər dövlət və ictimai təşkilatları elliklə bu ədalətli savaşda Azərbaycanın yanında olduqlarını ifadə etdilər. Azərbaycanın istədiyi hər hansı bir şəkildə yardım etməyə hazır olduqlarını bildirdilər".

Beləliklə, deyə bilərik ki, Eynulla Mədətli və Füzuli Qurbanovun birlikdə ərsəyə gətirdikləri "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlil" kitabı tarixi aspektdə yazılmış fəlsəfi əsərlərdən biri kimi mühüm əhəmiyyətə malikdir. Burada irəli sürülən ideyalar, mülahizlələr yalnız regionda deyil, dünyada gedən proseslərin tənzimlənməsinə, o cümlədən, Türk  dünyası üçün zəruri olan çağırışlara cavab verilməsi baxımından vacib yer tutacaq.

 

Faiq ƏLƏKBƏRLİ

AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2021.- 7 yanvar. S. 13.