Vətən
sizə oğul dedi... -
Qəhrəmanlığı
şərtləndirən başlıca amillərdən biri də
vətənpərvərlik hissidir. 44 günlük Vətən
müharibəsi zamanı neçə-neçə igidlərin,
qəhrəmanların şəxsi rəşadəti sayəsində,
canı-qanı bahasına neçə illlərdən bəri
əsarət altında olan torpaqlarımız işqaldan azad
edildi.
Şəhidlik
zirvəsinə yüksələn o qəhrəman
oğullarımızı torpaqlarımızın
azadlığı uğrunda mücadiləyə sövq edən
Vətən sevgisi, vətənpərvərlik hissi idi.
Onları tanımaq hər birimizin borcumuzdur.
Vətən
müharibəsində canını fəda edən igidlərimizdən
biri də döyüşlərdə əsgərlərin həyatını
xilas edərkən şəhid olan həkim Tariyel Salmanovdur.
Salmanov
Tariyel Allahverdi oğlu 1988-ci il fevralın 7-si Ağcabədi
rayonunun Kəhrizli kəndində anadan olub. 1994-2005-ci illərdə
Kəhrizli kənd orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Azərbaycan
Dövlət Tibbi Universitetinin stomatologiya ixtisasına qəbul
olunub, 2011-ci ildə Universiteti müvəffəqiyyətlə
bitirib. Həmin ilin oktyabr ayından 2013-cü ilin aprel
ayına qədər Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzində hərbi xidmət keçib və
tibb xidməti leytenantı rütbəsi ilə hərbi xidmətini
tamamlayıb. Hərbi xidməti bitirdikdən sonra Ağcabədi
Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq
ixtisası üzrə əmək fəaliyyətinə
başlayıb. Ayrı-ayrı illərdə ölkəmizdə
və xaricdə (Türkiyə və BƏƏ) keçirilən
ixtisas artırma kurslarında, seminarlarda və konfranslarda
iştirak edib. 2020-ci il sentyabrın 29-da qismən səfərbərlik
elan olunarkən yenidən Hərbi xidmətə
çağırılıb. Tariyel həkim hər işində
vicdanlı olduğu kimi, müharibə dövründə həkimlik
işinə də sadiq qalaraq düşmənin silahlı
hücumu zamanı yaralanmış əsgərlərə
yerində ilkin tibb yardım göstərərib. Atası
Allahverdi Salmanovun dediyinə görə, Tariyel 100 nəfərdən
artıq yaralı asgəri qucağında və çiynində
tibb məntəqələrinə təxliyə edib. 2020-ci il
oktyabr ayının 7-dən 8-nə keçən gecə
Qarabağın azadlığı uğrunda gedən
döyüşlərdə hərbi andına sadiq qalaraq, mətinlik
və mərdlik nümayiş etdirərək qəhrəmancasına
şəhid olub.
Tariyel
həkimin Ləman adlı bir qızı var. Ən
böyük arzusu qızı Ləmanın da həkim
olması imiş. Həyat yoldaşı Ayna xanımın
dediyinə görə, qızına "Ləman həkim"
deyə səslənərmiş. Qeyd edək ki, Tariyel həkim
hələ uşaq yaşlarında anasını itirmiş və
bibisinin himayəsində böyümüşdü.
Atası
deyir ki, Tariyel hələ Tovuz döyüşləri
zamanı hərbi komissarlığa müraciət edərək
cəbhəyə getmək istədiyini bildirsə də, səfərbərlik
olmadığından müraciətinə mənfi cavab
almışdı.
Tariyel
həkim doğulduğu Kəhrizli kəndinin qəbiristanlığında
dəfn edilib.
***
Tapdıqov
Azad Azər oğlu 1 yanvar 1997-ci ildə Ağcabədi
rayonunun Avşar kəndində anadan olub. O, 2004-cü ildə
Nizami adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə
gedib, 2015-ci ildə orta təhsilini başa vurub. Elə həmin
il Milli Ordu sıralarına çağırılıb. 2017-ci
ilin yanvarında ordudan tərxis olunub. Vətən müharibəsi
başlanana qədər müxtəlif işlərdə
çalışıb. Vətənin bir çox oğlu kimi,
o da könüllü olaraq döyüşlərə
atılıb. Vətəni canı qədər sevən Azad
oktyabrın 9-da Füzuli istiqamətində gedən şiddətli
döyüşlərdə şəhid olub.
***
Əliyev
Mirağa Musa oğlu 2000-ci il avqustun 29-da Ağcabədi
rayonunun Xocavənd kəndində anadan olub. 2018-ci il avqustun
25-dən Hərbi Dəniz Qüvvələrində xidmətə
başlayıb. Hərbi xidməti 2020-ci il aprelin 22-də fərqlənməylə
bitirib. Sentyabrın 21-dən isə döyüş təlimlərində
iştirak edib.
Ailəsinin
dediyinə görə, hələ uşaq yaşlarından hərbi
verilişləri sevə-sevə izləyir, torpaqların azad
olunacağı günü səbirsizliklə gözləyirmiş.
Bəlkə də bu sevgi ona Birinci Qarabağ döyüşlərinin
veteranı olan atası tərəfindən
aşılanıb.
Atası Əliyev Musa deyir ki, iki
bacının bir qardaşı olan Mirağa çox təvazökar
və fədakar idi. Elə bunun nəticəsidir ki, o,
Füzuli uğrunda döyüşlərdə öndə gedənlərdən,
kəşfiyyat komandasında iştirak edənlərdən
biri olub. Əsgər yoldaşlarına "Siz evlisiniz, ailəniz,
uşaqlarınız var, mən öndə gedəcəyəm"
deyərək özünü fəda edib. Döyüşlər
zamanı raket atəşi nəticəsində ürəyindən
qəlpə yarası alaraq şəhid olub. Əliyev
Mirağa Musa oğlu 30 oktyabr 2020-ci ildə Xocavənd kəndində
torpağa tapşırılıb.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
ölümündən sonra "Vətən uğrunda" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif olunub.
***
Əsədov
Murad Rüstəm oğlu 1999-cu dekabrın 15-də Ağcəbədi
rayonunun Şərəfxanlı kəndində anadan olub. Murad
ailənin 9 ildən sonra doğulan tək övladı olub. Həqiqi
hərbi xidmətini Naxçıvanda keçib və hərbi
xidmətdən keçən ilin iyulunda qayıdıb. Bu il
sentyabrın 29-da Vətən müharibəsi başlayan zaman
könüllü olaraq hərbi xidmətə yollanıb.
Murad
onlarla düşmən əsgərini təkbaşına məhv
edən cəsur döyüşçü olub. 2020-ci il
oktyabrın 10-da Füzuli uğrunda gedən gərgin
döyüşlərdə qəhrəmancasına şəhid
olub. Şəhid olmazdan bir neçə saat öncə evə
zəng edərək halallıq almaq istədiyini deyib.
***
Gizir
Məmmədov Sahil Ədalət oğlu 1996-cı il iyul
ayının 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli
kəndində anadan olub. Orta təhsilini Alı Mustafayev
adına məktəbdə alıb. Həqiqi hərbi xidmət
zamanı taqım komandiri olub.
Sentyabr
27-də döyüşlər başlayan gündən Vətənin
igid oğlu özünü cəbhəyə yetirib.
Füzuli, Cəbrayıl, Hadrud və Xocavənd
rayonlarının azad olunması uğrunda gedən
döyüşlərdə iştirak edib. Ailəsinin dediyinə
görə, baş nahiyəsindən ağır travma alaraq
yaralanan Sahil bir neçə günün içində yenidən
cəbhəyə, döyüş yoldaşlarının
yanına yollanıb. Qardaşının dediyi kimi, Sahil qəhrəman
kimi döyüşüb, qəhrəmancasına şəhid
olub.
Oktyabrın
25-də Xocavənd istiqamətində gedən şiddətli
döyüşlərdə şəhid olan Sahil Məmmədov
Ağcabədi rayonundakı Şəhidlər Xiyabanında dəfn
edilib. Ölümündən sonra Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə müxtəlif - Vətən
uğrunda, eləcə də Cəbrayıl və Füzuli
rayonlarının azad olunmasına görə - medallarla təltif
olunub.
***
Hüseynov
Ceyhun Möhübbət oğlu 1991-ci il oktyabrın 5-də
Ağcabədi rayonunun Arasbar kəndində anadan olub. Orta təhsilini
Cavanşir Həsənov adına məktəbdə alıb. Həqiqi
hərbi xidmətini top komandiri kimi başa vuran Ceyhun 4 il sonra
müddətdən artıq hərbi xidmətə
başlayıb.
C.Hüseynov
2016-cı ilin Aprel döyüşlərinin də
iştirakçı olub. Vətən müharibəsi
başlayan zaman cəbhəyə yollanan Ceyhun minaatan
qurğularından məharətlə istifadə edərək
Xocavənd rayonunda düşmənin məhv edilməsində
böyük şücaət göstərib. Hərbçi
yoldaşlarının dediyinə görə, düşmənin
çox sayda canlı qüvvəsini və texnikasını
sıradan çıxaran Ceyhun döyüşlərdə cəbhə
yoldaşlarının həyatını dəfələrlə
xilas edib.
Ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
"İgidliyə görə" və "Xocavənd
rayonunun azad olunmasına görə" medalları ilə təltif
olunub.
***
Xüsusi
Təyinatlı Qüvvələrinin çavuşu Piriyev
Elsevər Mahir oğlu 1995-ci il iyunun 12-də Ağcabədi
rayonu Arasbar kəndində anadan olub. Həqiqi hərbi xidmətini
Bakıda başa vuran Elsevər sonradan XTQ-də çavuş
olaraq çalışmağa başlayıb. Vətən
müharibəsinin ilk günlərindən cəbhəyə
yollanan Elsevər Murovdağ, Füzuli, Cəbrayıl və
Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə
böyük qəhrəmanlıq göstərərək
döyüşüb.
XTQ-nin
qəhrəman əsgəri Elsevər Piriyev Hadrut istiqamətində
gedən şiddətli döyüşlərdə şəhadətə
yetişib.
Elsevər
Piriyev doğulduğu Arasbar kəndində torpağa
tapşırılıb. Ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə Vətən
uğrunda, Füzuli və Cəbrayıl
rayonlarının azad olunmasına görə medalları ilə
təltif olunub.
Qeyd
edək ki, şəhidimizin Vətənə əmanət iki
oğlan övladı qalıb.
Allahdan
torpaqlarımızın azadlığı uğrunda şəhid
olan bütün Vətən oğullarına rəhmət, ailələrinə
isə səbir diləyirik.
Günel ABBAS
525-ci qəzet.- 2021.-
7 yanvar. S. 14.