Dünya kinosunun Azərbaycan səhifəsi
Kino illüziya sənətidir. O dərəcədə illüziya sənətidir
ki, bu illüziyanın təsir gücü təkcə
kinozalın böyük ekranında film seyr edərkən
deyil, teleekran vasitəsilə də (bu, hətta daha kiçik
monitora da aid ola bilər) baş verə bilər,
əlbəttə, bu zaman yeganə şərt
illüziyanı yaradanın, yəni quruluşçu rejissorun
öz yaratdığına inamının nə dərəcədə
böyük olmasıdır.
Çoxlarımızın
sevdiyi bir Azərbaycan ekran əsərinin qəhrəmanlarından
birinin dediyi kimi, "...əsas odu ki, uydurduğun
nağıla inanasan..." Onda tamaşaçı
da ekranda gördüyünə inanacaq və zövqlü
kinomanların sayı artacaq. "Uydurmaq" və
"nağıl" kəlmələrinin görünməyən
tərəfini görməyə çalışıb anlamaq
çətin deyil ki, "nağıl" "nəql etmək"
anlamına gəlirsə, deməli, "uydurmaq" heç də
sırf təxəyyüldən, təsəvvürdən
qaynaqlanan bir anlam deyil, sadəcə, gerçəkdən
baş vermiş, hazırda yaşanan və ya baş verməsi
mümkün olan hadisənin, situasiyanın, halın,
yaşantının, təəssüratın yaradıcı
insan tərəfindən yozumu, interpretasiyası, bir sözlə,
qavrama tərzinin ifadəsidir. Teatrdan fərqli
olaraq, film izləmək birtərəflidir, bu və ya digər
filmin iştirakçıları, kinoobrazların
ifaçıları olan aktyorlar bizi, yəni
tamaşaçıları, daha doğrusu,
tamaşaçıların reaksiyasını, duyma, dərketmə
halını izləyə bilmirlər, tet-a-tet effekti yoxdur
kinoda. Buna görə də, əlahəzrət
kino digər, əlavə effektlərdən istifadə etməyə
daha çox meyillidir. Amma ən əsas
effekt əlbəttə ki, ssenari müəllifinin iti, analitik
beyni, quruluşçu rejissorun sərrast, peşəkar
gözləridir. Belə arsenala malik olan filmin
quruluşçu operatorunun, quruluşçu rəssamının,
bəstəkarının, aktyorlarının müvafiq,
layiqli, arzuolunan, məqsədəuyğun səviyyədə
olmaması mümkünsüzdür.
Bu
yaxınlarda Azərbaycan Kinematoqrafçılar
İttifaqının layihəsi olaraq çapdan çıxan
"Azərbaycan kino sənəti tarixi" dördcildliyi
yazıçı, publisist, ssenari müəllifi, kino tədqiqatçısı
Nəriman Əbdülrəhmanlının üç on ilin
müşahidələrini, təhlillərini, təəssüratlarını
bir külliyyatda birləşdirən tədqiqat nümunəsidir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin
100, Azərbaycan kinosunun 120 illiyinə ithaf olunub. Əlbəttə, terminoloji leksika ilə yüklənib
ağırlaşdırılmamış və ən əsası
töhfə səviyyəsində qələmə
alınmış hər bir əsər geniş oxucu dairəsini
bir araya gətirmək iqtidarındadır.
"Azərbaycan kino sənəti tarixi" kino ilə
bu və ya digər dərəcədə əlaqəli olan mətləblərin
mənbəyi kimi də dəyərlidir. Azərbaycan
kinosunun yarandığı ilk illərdən bu günədək
keçdiyi və keçməkdə olduğu yolun hər
cığırına bələdçilik edən bu tədqiqat
işi müvafiq dövrlərə aid siyasi-ictimai,
sosial-iqtisadi dəyişiklikləri də dolğun və
lakonik tərzdə oxucunun diqqətinə
çatdırır. Bu xüsusən
SSRİ-nin dağıldığı və bu hadisənin təsəvvür
edilməsi çətin olmayan hansı dəyişikliklərlə,
çətinliklərlə müşayiət olunmasına,
bütün bu kataklizmlərin fonunda müstəqil Azərbaycan
Respublikasının ikinci doğuluşuna aiddir.
Ensiklopediya. "Azərbaycan kino sənəti tarixi"ni bir kəlmə ilə bu cür də səciyyələndirmək
olar. Professor Rəhman Bədəlovun kinonun milli mədəniyyətin
ayaqda qalmasından ötrü nə qədər önəm kəsb
edən mədəniyyət təzahürlərindən biri
olmasına aid epiqrafı ilə başlayan monoqrafiya layihənin
rəhbəri, Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədri Rüstəm İbrahimbəyovun
Nəriman Əbdülrəhmanlının bu fundamental işi
haqqında yüksək fikirləri, daha sonra Həsən bəy
Zərdabinin 1899-cu ilə, yəni Azərbaycana kinonun gəlişinin
birinci ildönümünə aid təəssürat-tövsiyəsi
və nəhayət, müəllifin oxucularına müraciəti,
dördcildliyin ərsəyə gəlmə tarixçəsi
ilə başlayır. Daha sonra nəşrdəki
qısaldılmış sözlərin izahı və hətta
ayrıca olaraq Bakı küçələrinin köhnə
və yeni adları verilir. Sonuncu məlumatın
müasir oxucu üçün necə maraqlı və dəyərli
olduğunu vurğulamağa ehtiyac yoxdur.
Çoxlu
sayda arxiv mənbələrinə, keçmiş illərin qəzet
və jurnallarına, müxtəlif kino xadimlərinin qeydlərinə
istinadən yazılı və fotofaktlar, tarixçələr
silsiləsi olan kitab təhkiyə tərzinə görə də
diqqətçəkəndir; belə ki, Kino adlı planetin
peykləri, başqa sözlə, kinematoqrafçıların
sənət hekayətləri ilə zəngin olan kitab belə
səhifələri ilə sanki ssenari müəlliflərinə
ipucu vermiş olur. Çünki o hekayətləri
tam əminliklə kino tarixinə aid maraqlı bir filmin gələcək
ssenarisinin ilkin cizgiləri kimi nəzərdən keçirmək
olar. Məsələn, 1939-cu ildə Bakı
kinostudiyasındakı vəziyyətlə tanış olmaqdan
ötrü Moskvadan gəlmiş SSRİ XKS yanında
KİK-nin böyük redaktoru A.Mitriç
hazırladığı, AK(b)P MK katibi T.Yaqubova
ünvanlanmış sənəddə Bakı
kinostudiyasına rəhbərlik edən Əsriyevin
(Əsriyanın) yarıtmaz fəaliyyətindən bəhs etməsi,
qeyri-azərbaycanlı üç nəfər müəlliflə
gərəksiz ssenari səbəbində müqavilə
bağlandığını, milli müəlliflərlə
ciddi məsləhət işi aparılmadığını,
Azərbaycan yazıçılarının milli
kinematoqrafiyanın inkişafı işinə cəlb
olunması kimi önəmli işlə heç kimin məşğul
olmadığını və sairə önəmliyi diqqətdən
kənarda qalan problemlərdən bəhs edir. Və
bu çox maraqlı kinosüjet kimi nəzərdən
keçirilə bilər - heç kimə sirr deyil ki,
yaxşı kinonun ilkin və mütləq şərti
yaxşı ssenaridir. Teatrda bir az
başqa cürdür; səhnə əsəri səviyyəsində
qoyulan tamaşanın uğuru birmənalı şəkildə
xeyli dərəcədə quruluşçu rejissordan
asılıdır - hətta ədəbi material zəif olsa
belə səhnəyə mükəmməl tamaşa
çıxa bilər, əgər rejissor mükəmməldirsə.
Kinoda belə deyil. Hətta ən
bitkin ədəbi əsərin motivləri əsasında qələmə
alınan ssenari tələblərə cavab vermirsə,
quruluşçu rejissorun istənilən səyi nəticəsiz
qalacaq, ekrana sadəcə, illüstrasiya çıxacaq, ekran əsəri
səviyyəsində çəkilmiş film yox. Buna görə istedadlı, bacarıqlı ssenari
müəlliflərimizin azlığının səbəblərini
sanki proyeksiya edən N.Əbdülrəhmanlının təqdimatında
öncə bəhs etdiyimiz faktları kino dilinə çevirmək
bir çox sualların cavabını və həllini tezləşdirə
bilər.
Araşdırma toplusu müəllifin kino sənətinə
səmimi sevgisindən və marağından səhifə-səhifə
böyüyüb. Bu, aşkar hiss olunan məziyyətdir.
Səmimiyyət özünü büruzə
verməyi sevən keyfiyyət olduğu üçün bunu
sezməmək olmur. Müəllifin
"söz" adlı ilkin məfhuma və kinoya olan səmimi
münasibəti monoqrafiyanın hər sətrindən
"boylanır".
"Azərbaycan
kinosunun doğuluşu və ilk dövrü" (1898-1920-ci
illər)", "Azərbaycan Sovet səssiz kinosu (1920-1935-ci
illər)" bölümləri qeyd olunan illərin kino
istehsalı və kino yaradıcılığı
anlayışlarının bir-birindən ayrı mövcud ola
bilməmək məxrəcini axtaranların fəaliyyətindən
faktlarla, "hərəkətli fotoqrafiya"nın
sinematoqrafla fotoqrafiya arasında təşəkkül
tapması, üstəlik, teatr ənənələrinin,
tamaşa tərzinin yenicə fəaliyyətə başlayan
kinematoqrafçıların işində biixtiyar əks
olunması mərhələlərini keçib kino sənətinə
çevrilən yeni bir incəsənət növünün hələ
kövrək "addımlarının sədaları" ilə
zəngindir.
"Bütün incəsənət növlərindən
bizim üçün ən vacib olanı kinodur" -
V.İ.Leninin bu məşhur fikri yəqin ki, dünya və
deməli, kino dünyası durduqca aktual olacaq. İqtibasın
gerçəkləşdirilməsi dövrünü əhatə
edən ötən əsrin 20-30-cu illəri nəinki kinonun,
ümumilikdə, incəsənətin ictimai-siyasi,
sosial-iqtisadi çağırışları ən çox,
ən qabarıq inikas edən dövr kimi tarixə
yazılıb.
"Azərbaycan kinosunun formalaşması və milli
xarakter axtarışları (1936-1960-cı illər)
bölümü kinomuzun böhran illərindən XX əsrin
İntibah dövrü olan 60-cı illərə keçidinin
özəlliklərindən ibarətdir. Haqqında
danışdığımız kitabın bu dövrü əhatə
edən səhifələri Azərbaycan kinosunun özünəxas
simasına varması yolundakı axtarışların əlvan
palitrasını sərgiləyir - əgər öncəki
illər ya bədii əsərlərin illüstrativ təsvirini
və ya plakatların canlanmasını daha çox
xatırladan kinolentlərdən ibarət idisə,
1960-90-cı illər həyata, insanlara, ailəyə, peşəyə
aid öz fikri, yanaşması formalaşan insanların
proobrazlarının böyük ekrandan gerçəklikdəki
prototipləri ilə görüşə gəlməsi ilə
əlamətdardır.
Əksər hallarda bir müəllif olaraq şahidi və
ya iştirakçısı olduğu hadisələrdən,
içində yaşadığı dövrdən, zamandan,
yaxşı tanıdığı, bələd olduğu
insanlardan bəhs etmək həm asan olur, həm də çətin. Bu,
anlaşılandır. Çünki bu
zaman bu və ya digər müəllif artıq sadəcə
müəllif deyil, tarixin şahidi və gələcək nəsillərə
ötürücüsüdür. Və təbii
ki, məsuliyyəti ikiqatdır.
Monoqrafiyanın
"Azərbaycan kinosu: inkişaf ənənələri və
janr müxtəlifliyi (1961-1991)" və "Azərbaycan kinosu müstəqillik
dövründə (1991-2018)" bölümlərindəki tədqiqatçı
əməyi, tarixin şahidi və iştirakçısı
məsuliyyəti və müəllif fəhmi (əlbəttə,
bu, daha çox son dövrə aiddir) sayəsində
dövrün mürəkkəb, birmənalı olmayan kino mənzərəsi
realist boyalarla əks olunub.
Məqaləni "Azərbaycan
kino sənəti tarixi"nin müəllifi Nəriman
Əbdülrəhmanlının "...uzun illər ərzində
ekran əsərlərinin qorunması, saxlanması, araşdırılması,
kino ilə bağlı məlumat bazasının
yaradılması və sair məsələlərinə ciddi
fikir verilmədiyinə görə, itkilərimizin həcmini
müəyyənləşdirmək çətindir. Bu nəşr
də əsasən, qalanları yaşatmaq ehtiyacından
yaranıb..." sözləri ilə tamamlayıb, kinematoqrafçılarımızın
bu araşdırma .
Samirə BEHBUDQIZI
525-ci qəzet.-2021.- 20 fevral.- S.10.