Tariximizin azad olunmuş Tuğdan
görünən üfüqləri –
APA-nın əməkdaşları
Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında işğaldan azad etdiyi ərazilərə səfər
edir, həmin ərazilərdən "Zəfərin izi ilə"
rubrikası altında silsilə reportajlar hazırlayır.
Bu silsilədən, yazıçı-publisist Mirmehdi
Ağaoğlu və fotoqraf İlkin Nəbiyevin Xocavənd
rayonunun məşhur Tuğ kəndindən
hazırladıqları reportajı təqdim edirik.
Məlik-Aslanovların
kolxoza verilmiş mülkü
Tuğdakı tarixi-mədəni abidələrdən bəhs
edərkən, ilk növbədə, Xudadat bəy Məlik-Aslanovun
mülkündən söz açmaq istərdik. Bu mülk
Tuğun mərkəzində yerləşir. Sovet
hökuməti təzə qurulan vaxt bu ev Məlik-Aslanovlardan
alınaraq kolxoza verilir və bir müddət burada kolxoz idarə
heyəti yerləşir. 1960-cı illərdən sonra isə
nəslin nümayəndələrinin dövlətə
çoxsaylı müraciətləri nəticəsində ev geri qaytarılır.
Qonşuları
Cəmil Bayramov deyir ki, Məlik-Aslanovun qohumları, nəslin
nümayəndələri hər yay gəlib burada dincəlirdilər:
"Bura Azərbaycanın Milli Qəhrəmanı Salatın
Əsgərovanın anasının da baba evidir. Salatın Əsgərova dəfələrlə bu
evdə olub, hətta oğlu Ceyhun da bura qonaq gəlib. Yadıma düşür, anası qətlə
yetiriləndən sonra balaca Ceyhun əlinə daş alıb
deyirdi ki, gedirəm erməniləri öldürməyə.
Biz onu güclə saxlayırdıq".
Cəmil
Bayramov o vaxtdan evin görkəminin xeyli dəyişdiyini də
təəssüflə bildirir: "Tuğ işğal ediləndən
sonra əksər binalarımız, evlərimiz kimi, bu evi də
bərbad günə qoyublar. Əvvəl
böyük balkonlu bir imarət idi, bizim evə tərəf isə
iki pəncərəsi vardı. O pəncərəni
bağlayıblar. Bir də yeni tikintilər əlavə
edilib. Xarici görünüşü,
içi acınacaqlı vəziyyətdədir. Girib baxa bilərsiniz, sanki burada insan
yaşamırmış. Bir qapıya belə
rəng vurmayıblar".
Ümid
edək ki, işğaldan azad olunmuş ərazilərimizdəki
mədəni abidələrin bərpası çərçivəsində
Azərbaycan Cümhuriyyəti zamanı Yollar, Poçt və
Teleqraf naziri olmuş Xudadat bəy Məlik-Aslanovun
mülkü də təmir edilib, Tuğun bu böyük nəslinin
tarixini özündə birləşdirən muzeyə
çevriləcək.
***
Tuğ kəndinin
məşhur nəsli Məlik-Aslanovlardan
danışmışkən, Dizaq məliklərindən bəhs
etməmək düzgün sayılmaz. Çünki
bura həm də Dizaq məlikliyinin mərkəzi
sayılıb. Ermənilərin öz
adlarına çıxmaq istədikləri Dizaq məlikləri
isə həqiqətdə alban əsilli olublar.
AMEA Elm
Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə
doktoru Bayram Quliyev XV əsrdən etibarən alban Həsən
Cəlalın nəslinin beş məlikliyə
bölündüyünü bildirir: "Onlardan biri Dizaq məlikliyi
idi. Onu vurğulamaq lazımdır ki, məlik titulunu alan bu albanlar İslamı qəbul etdikdən
sonra da eyni soyadda qaldılar. Məlikliklər
sadəcə Qarabağa xas olan bir xüsusiyyət sayılsa
da, İrəvan, Sünik və Şəkidə də
mövcud olub. Bu onların miqrasiya etdiyini
göstərir. Səfəvilər
dövründə gah Səfəvi, gah da Osmanlı hakimiyyətinə
keçən Dizaq məlikliyi Qarabağ
xanlığının da tərkib hissəsində əyalət
kimi öz varlığını sürdürüb".
Bayram
Quliyevin fikrincə, istər Nadir şah Əfşarın, istərsə
də Qarabağ xanlığının dövründə
Dizaq məlikliyi müstəqil siyasət yürütməyib:
"Hətta Nadir şahın zamanında xüsusi
imtiyazları olduğu halda, Pənahəli xan bu imtiyazları
onlara verməyib. Buna rəğmən, onlar xan tərəfindən
seçilmir və məliklik statusu irsi formada
ötürülürdü. Lakin
onların hakimiyyətinin müddətini xanlar müəyyən
edirdi. Məsələn, İbrahimxəlil
xan Dizaq məliyi Məlik Yesayanı 1781-ci ildə hakimiyyətdən
salıb, onun yerinə Bahtamı hakimiyyətə gətirmişdi.
Çox güman ki, bu albanların bəziləri
sonradan İslamı qəbul edib və ya ermənilərlə
qaynayıb-qarışıblar. Çünki
1828-ci ildən sonra bu ərazilərə kütləvi surətdə
ermənilər köçürülmüşdü. Dizaq məlikliyindəki albanların erməniləşməsində
bu faktın da böyük rolu oldu".
Əsrlər
boyu Tuğda Dizaq məlikləri Məlik Yeqan (1737-1744), Aram
(1744-1745), Yesaya (1745-1781), Avaq Məlikyeqanlı (1781-1785), Vaxtanq
Məlikyeqanlı (1785-1789), Abbas Məlikyeqanlı (1789-1805),
Aslan bəy Məlikyeqanlı (1805-1822) hakimiyyətdə
olublar.
Məlik Yeqanın soyundan Məlikaslanovlar, Məlikyeqanovlar,
Məlikabbasovlar kimi mötəbər nəsillər törəyib
və Azərbaycanın ictimai-siyasi həyatında fəal rol
alıblar.
Dizaq məliklərinin
sarayı
Tuğun mərkəzindəki sakit guşədə bir
neçə qədim tikilinin qalıqları yerləşir. İlk
baxışdan bura ermənilər tərəfindən
dağıdılmış əraziyə bənzəsə də,
Dizaq məliklərinin sarayının qalıqlarıdır.
Bir vaxtlar burada məliyin ehtişamlı
sarayı ucalırdı.
Dediyim kimi, ermənilər Dizaq məliklərinin guya
alban olduqlarını iddia etdikləri üçün
onların bir vaxtlar yaşadıqları sarayın
qalıqlarını mühafizə ediblər və bu
tarix-memarlıq abidələr kompleksində arxeoloji qazıntı
işləri apararaq bir neçə yeni abidə üzə
çıxarıblar.
Memarlıq
abidələrinin qarşısındakı lövhədən
erməni işğalı dövründə kompleksin muzeyə
çevrildiyi hiss olunur.
Məlik Yeqan tərəfindən tikilən saray ehtimal
ki, daha qədim bir sarayın və ya binanın üzərində
inşa edilib.
Kompleksə daxil olan tikililərin bədii-memarlıq
xüsusiyyətləri, həmçinin, epiqrafika nümunələri
onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda
inşa edildiyini göstərir.
Kompleksin uzunluğu 38, eni 13 metrdir, planda düzbucaqlı
formaya malikdir.
Sarayın şimal və cənub-şərq tərəflərində
qala divarlarının perimetrinə çıxan qalın
divarların qalıqları var. Kiçik dəyişikliklərə
baxmayaraq, məlik sarayı demək olar ki, ilkin
görünüşünü qoruyaraq dövrümüzə
çatıb. Düzbucaqlı həyətin qərb tərəfində
yaxşı yonulmuş daşlarla üzlənmiş fasad və
sütunlu eyvana malik tikili var. İkinci mərtəbənin
otaqları sonradan tikilib və plan xüsusiyyətlərinə
görə Tuğun ənənəvi evlərini
xatırladır.
1885-ci ildə Tuğda açılmış məktəbin
binası da məhz Dizaq məliklərinin saray kompleksinə
daxil olan bu binalardan birində fəaliyyət göstərib. Məktəbdə
dövrünün məşhur ədibi, mənim də
adaşım Mirmehdi Xəzani dərs deyib. 1859-cu ildə Tuğa köçən şair burada
müəllimlik fəaliyyəti ilə məşğul olub.
Ömrünün sonuna qədər də bu kənddə
yaşayıb. Şairin məzarı kənddən
bir qədər aralıdakı dağda yerləşir. Öyrəndik ki, şairin böyük müsəlman
qəbiristanlığında yerləşən məzarını
indiki halda ziyarət etmək təhlükəlidir. Həmin qəbiristanlığın azərbaycanlılar
üçün əhəmiyyətini anlayan ermənilər oranı
minalaya bilərlər. Biz də tövsiyələrlə
razılaşıb Mirmehdi Xəzaninin qəbrini ziyarəti
başqa səfərə saxlayası oluruq...
Tuğdakı
alban-xristian məbədləri
Kənddə
üç xristian abidəsi məbədi var: Müqəddəs
İohann (Müqəddəs Ovanes), Müqəddəs Stepanos
və Anapat kilsələri.
Tuğun mərkəzində yerləşən Müqəddəs
İohann kilsəsindən əvvəlki yazıda da bəhs
etmişdik. Bazilika formasında olan hazırkı kilsə XIII əsrdə
daha qədim bir məbədin üzərində inşa edilib.
Kilsə apsidasının sağ tərəfində,
köməkçi otağın girişinin qarşısında
döşəmə səviyyəsindən bir qədər
yüksəkdə nəhəng sütun
altlıqlarının qalıqları görünür.
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun "Etnoarxeologiya"
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
tarixi üzrə doktor Ülviyyə Hacıyeva dörd
sütun üzərində inşa olunan kilsənin
uzunluğunun 21.9 metr, eninin isə 12.92 metr təşkil
etdiyini bildirir: "Girişin yuxarısındakı
daşın üzündə qeyd olunub: "1185-ci il
(1736-cı il). Müqəddəs İohann kilsəsinin
damı arximandrit Qukasın oğlu Məlik Yeqan tərəfindən
bərpa etdirilib. Ruhu şad olsun".
Müqəddəs İohann kilsəsi böyük
maililiyə malik ərazidə inşa edilib, qərb divarı
bütövlükdə qayaya sıxılmış olsa da,
şərq divarı tamamilə açıqdır, hətta təməli
də görünür. Buna görə də, qərb divarında
bir, şərq divarında isə üç pəncərə
yeri açılıb.
Kilsənin yeganə qapısı cənub divarında,
qala divarları ilə əhatə olunmuş kiçik həyətdən
açılır. Zalın tavanı yerli daşlardan
hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə
yaxşı yonulmuş kvadrat formalı daşlardan, digər
divarlarda isə yarımyonulmuş daşlardan istifadə
edilib. Tağ-tavanın yüksəkliyi səbəbiylə
damın tərəfləri sərt maililiyə malikdir.
Bu qədim alban abidəsi Sovet dövründə klub kimi
fəaliyyət göstərib, 30 illik işğal ərzində
isə bərpa edilərək erməni kilsəsi kimi istifadə
olunub. Təmir zamanı kilsənin daş damı dəmir
örtüklə əvəzlənib və konstruksiyaya zəng
qülləsi əlavə edilib. Abidənin
ərazisində müxtəlif ölçülü və
üzəri ornamentlərlə, insan fiqurları ilə bəzənmiş
sənduqələr yerləşir.
Kilsənin
sol tərəfində tikilmiş dar və uzun sövməədə
məlik nəslinə məxsus şəxslər - Məlik
Qukas, Məlik Yeqan, Məlik Aram, Məlik Yesaya dəfn olunub.
Müqəddəs İohann kilsəsindən fərqli
olaraq, Müqəddəs Stepanos kilsəsi kəndin şimal-qərb
hissəsindəki yüksəklikdə, xristian qəbiristanlığının
yaxınlığında yerləşir. Ora piyada
qalxmaq çətin olduğu üçün
sürücümüz Elçindən bizi maşınla aparmasını
xahiş edirik. Vahid müəllim də bizə
qoşulur. Maşınımız Tuğ xəstəxanasının
yanından burulub qəbiristanlıq tərəfə
dönür.
Və budur, üzəri xaçdaşlarla
örtülü, çox hissəsi kobud yonulu daşlarla
tikilmiş qədim abidənin qarşısında
dayanırıq. İlk növbədə
gözümüzə dəyən kilsənin həyətindəki
üstünü mamır, şibyə basmış xeyli sayda
qədim məzar daşıdır. Daşların üzərində
atlı, ovçu, musiqiçi motivləri
ilə bəzədilmiş çoxlu bədii səhnə və
qrabar dilində yazılar həkk olunub. Vahid müəllim
deyir ki, uşaq vaxtı buranı tez-tez ziyarətə gəlirmişlər:
"Ermənilərdən bu daşların üzərində
nə yazıldığını soruşurduq. Özləri də etiraf edirdilər ki, bu, onların
dili deyil, çünki yazılanları oxuya bilmirdilər.
Amma ermənilər də bura ziyarətə gəlib
xoruz kəsirdilər. Bir də 1988-ci il
hadisələrində ən çox bura toplaşır və
"Miatsum, miatsum" deyə bağırırdılar. Biz özümüz də bu kilsəyə ocaq, pir
kimi baxırdıq".
Abidənin çox hissəsi torpağın altında
qalıb, sol divarının daşlarının isə xeyli
hissəsi sökülüb.
Abidə ön tərəfdən bir, arxa tərəfdən
isə üç kiçik pəncərəyə malikdir. İçəri
məhz bu pəncərələr hesabına
işıqlanır.
Kilsənin içinə keçirik, lakin qaranlıq
olduğu üçün demək olar ki, heç nə
görmək mümkün deyil. Təhlükəsizlik naminə elə
qapının kandarındanca içərini müşahidə
edirik: sağda bir ədəd qəbir daşı var, üzərində
qrabarca yazılar... Bir də mehrabın
ölçüsü diqqətimizi çəkir - 50 sm
hündürlüyündədir.
Kilsə düzbucaqlı formasındadır. Fasadın
üzlənməsində kobud yonulmuş daşlardan, tağ,
həmçinin, pəncərə və qapı çərçivələrinin
hörgüsündə isə yaxşı yonulmuş
daşlardan istifadə edilib.
Xudavəng monastırındakı Həsən Cəlal
kilsəsində olduğu kimi, Müqəddəs Stepanos kilsəsinin
girişinin hər iki tərəfinə böyük xaç
daşlar hörülüb. Ümumiyyətlə,
kilsənin perimetri boyu bütün divarlara xaç daşlar həkk
edilib və onların bir çoxu kitabələrlə bəzədilib.
Ülviyyə
Hacıyevanın sözlərinə görə, XIX əsrin
sonlarına qədər girişin üzərindəki
daşda yazı olub: "Həmin yazıda qeyd edilib ki,
1196-cı (1747) ildə Məlik Yeqan və oğlu Məlik
Yesaya kilsənin damını bərpa ediblər. Hələ
19-cu əsrdə Makar Bərxudaryans yazırdı ki, kilsə
çox qədimdir, 600 il və ya daha əvvəl,
təxminən XII əsrdə tikilib".
Müqəddəs Stepanos kilsəsindən təxminən
200 metr yuxarıda, dağın döşündə daha bir
alban abidəsi ucalır. Ülviyyə Hacıyevanın fikrincə, məbəd
Anapat kilsəsi adlanır: "Burada Məlik Bahtamın məzarı
yerləşir. Makar Barxudaryans isə bir vaxtlar
burada qadın monastırı olduğunu yazır".
Çox güman ki, bir-birlərinə yaxın yerləşən
kilsələr Barxudaryansın da yazdığı kimi, nə
zamansa bu ərazidə mövcud olmuş qadın
monastırına daxil imiş. Maraqlı
burasıdır ki, xristian qəbiristanlığının
yerləşdiyi Tuğun bu hissəsi xalq arasında Qızlar
düzü kimi də tanınırmış. Görünür, məhz qadın monastırına
görə el arasında bura Qızlar düzü adlanıb.
Çətinliklə də olsa, məbədin yanına
qalxırıq. Ətrafı dəmir torla çəpərlənmiş
kilsənin arxa divarı bütövlükdə dağın
içinə girib və tikilinin damı dağla birləşib.
Digər divarlarının da çox hissəsi
torpağın altında qalıb.
Mehrabın söykəndiyi divarda böyük bir oyuq
açılıb. Görünür, içəri mal-heyvan
girməsin deyə, divarın uçması nəticəsində
əmələ gələn oyuq daşlarla qapadılıb.
Kilsənin yandan olan giriş qapısının üzərində
xaç daş diqqəti çəkir.
Məbədə daxil oluruq. İçəridə
3 məzar gözə dəyir. Mehrabın
ölçüsü isə alban məbədlərində
olduğu kimi 50-60 santimetr hündürlüyündədir.
Təkcə bu fakt Anapat və
yaxınlıqdakı digər kilsələrin (Müqəddəs
Stepanos və başqaları) alban mədəniyyətinə məxsusluğuna
bariz sübutdur (erməni kilsəsində mehrab daha
hündürdür).
Kilsənin həyətində də çoxlu sayda qəbir
daşları, sənduqələr yerləşir. Divarları
kobud çapılmış daşlardan hörülsə də,
Müqəddəs Stepanosla məbədi ilə müqayisədə
daha hamardır.
Müqəddəs
İohann kilsəsindən fərqli olaraq hər iki abidə
acınacaqlı haldadır, damlarını ot
basıb, dağılmaq təhlükəsi ilə
üz-üzədirlər.
Abidələrin üçü də Mədəniyyət
Nazirliyi tərəfindən yerli əhəmiyyətli
memarlıq abidəsi kimi qeydiyyata alınıb. İnanırıq
ki, bu kilsələr də işğaldan azad edilmiş ərazilərdə
tarixi-mədəni abidələrin bərpası çərçivəsində
təmir edilərək istər yerli, istər xarici turistləri
özünə cəlb edəcək.
30 illik ayrılıqdan sonra bu qədim alban yurdu öz
tarixi sahiblərinə qayıdıb. Müzəffər
Ordumuzun zəfəri sayəsində Tuğda üçrəngli
Azərbaycan bayrağı dalğalanır. Tezliklə tuğlular da öz dədə-baba
yurdlarına qayıdacaqlar. Bircə qalır bizim
Tuğa qonaq gəlməyimiz...
ülliyyatı
ilə yaxından tanış olmalarını və "sənət
sənət üçündür" fikrini qəbahət
hesab etməyərək uydurduqları nağıla
inanmalarını arzulayıram.
525-ci qəzet.-2021.- 20 fevral.- S.10.