"Biz Əjdər Olu ləyaqətli və
dürüst insan kimi tanıyırıq" -
AZƏRBAYCANIN
TANINMIŞ ƏDƏBİYYAT XADİMLƏRİ ŞAİR,
YAZIÇI ƏJDƏR OL İLƏ BAĞLI
HADİSƏDƏN NARAHATLIQLARINI İFADƏ ETDİLƏR
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
keçmiş aparat rəhbəri, tanınmış şair,
yazıçı Əjdər Ol bu günlərdə
hüquq-mühafizə orqanları tərəfindən
saxlanılıb, məhkəmənin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilib.
Şair, yazıçı Əjdər Ol öz əsərləri
ilə təkcə ölkəmizdə yox, dünyanın bir
çox ölkələrində də yaxşı
tanınır.
Baş verən bu hadisədən sonra Azərbaycanın
tanınmış qələm sahibləri ilə
yanaşı, dünyanın ayrı-ayrı ölkələrində
- Türkiyə, Polşa və Moldovada yaşayan və fəaliyyət
göstərən bir çox nüfuzlu ədəbiyyat
adamları da müxtəlif səviyyələrdə,
o cümlədən, sosial şəbəkələrdə
çıxış edərək Əjdər Ol
yaradıcılığı barədə öz fikirlərini
bölüşüb, bu hadisədən təəssüfləndiklərini
bildiribər.
Qəzetimizin ötən saylarından birində bir
sıra ədəbiyyat adamlarının bununla bağlı
sosial şəbəkələrdə paylaşılan fikirlərindən
nümunələr dərc olunmuşdu. Bu dəfə
isə Azərbaycanın tanınmış şair və
yazıçılarının, ədəbiyyat
adamlarının Əjdər Ol barədə fikirlərini
oxuculara təqdim edirik.
Anar,
AYB-nin sədri, Xalq yazıçısı:
- Əjdər Olu mən çox dəyərli bir ədəbiyyat
adamı kimi tanıyıram. O, çox istedadlı şair,
istedadlı nasirdir. Ən son yazdığı
"Lo" romanı bizim Azərbaycanda XX əsrin son illərində
baş verən ictimai-siyasi hadisələri çox dəqiq və
bədii cəhətdən inandırıcı şəkildə
əks etdirib. Əjdər Ol
yaradıcılığının bir başqa maraqlı cəhəti
də onun yazıçılarla, sənət adamlarıyla
bağlı müxtəlif rəvayətləri, məzəli
söhbətləri, ibrətamiz hadisələri özünəməxsus
ustalıqla qələmə almasıdır. Bu səpkidə onun maraqlı əsərlərindən
biri də unudulmaz Ulu öndər Heydər Əliyevlə
bağlı xatirələri, söhbətləri, deyimləri
əhatə edən kitabdır ki, bu da Ulu öndərin
xarakterinin bir çox cəhətlərini açır
bizimçün. Mən Əjdər Olun
bir ədib kimi, Yazıçılar Birliyinin üzvü kimi dəyərini
çox yüksək qiymətləndirirəm.
Fikrət
Qoca, AYB-nin birinci katibi, Xalq şairi:
- Əjdər Olu mən ilk şeirlərindən
tanıyıram. Ümumiyyətlə, mənim istedadlı
şair və yazıçılarla
tanışlığım ancaq yazıları vasitəsiylə
olub, sonra şəxsi münasibətdə davam etdirmişəm.
Yazılarıyla bağlı fikirlər yarananda
isə zənnim çox zaman məni aldatmayıb. Eləcə də Əjdərdə
yanılmamışam. Əjdər ilk
şeirlərindən orijinal idi, indi də orijinaldır.
Mən qələm dostlarımı təkcə
şəxsi münasibətə görə izləmirəm,
izləyirəm ki, görüm inkişaf varmı, mütaliə
edirmi? Çünki istedad elə bir
şeydir ki, müəyyən zamandan sonra əksinə, hətta
qurtara bilər. Onu mütaliəylə zənginləşdirmək
lazımdır. Əjdər Ol da çox
istedadlı, istedadını qoruya bilən, mütaliəli
insandır. Əgər o, bu günə kimi
ədəbiyyata, sözə sadiqliyini qoruyub-saxlaya bilibsə,
deməli, bundan sonra da saxlayacaq. Onun ən
çox xoşuma gələn cəhətləri bunlardır.
Əjdər, həmçinin, çox ailəcanlı
insandır, gözəl ailə başçısıdır.
Bu yaxınlarda Mədəniyyə Nazirliyinin xəttiylə
mənim on cildlik kitabım çıxmalı idi. Mən onun
redaktorluğunu Əjdərdən xahiş etdim. Baxmayaraq ki, onun işləri çoxdur, o, mənim
xahişimi canla-başla yerinə yetirdi. On cildin
hamısını tez zamanda özü də çox
böyük dəqiqliklə oxudu, ürəkdən iş
gördü. Dəfələrlə əsərlərin
üstündə müzakirələrim oldu, düzəlişlərini
elədi. Bu, böyük bir zəhmətin
nüumunəsi idi. Əjdər müəllimdə
işlə bağlı "yox" sözü yoxdur. O,
çox bacarıqlı insandır. Allah ona
cansağlığı versin. Mən ondan
yerdən göyə kimi razıyam.
Musa Yaqub,
Xalq şairi:
- Əjdər Olun həbs edilməsi xəbərini
eşidəndə çox narahat oldum. Əjdər
bizim hamımıza kömək edən dostumuzdur. Əvvəl Maliyyə Nazirliyində işləyirdi,
daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində işləməyə başladı. O, mənim
üçün doğma adamdır. Onun
"Günəbaxan zəmisi" adlı şeiri var və
ona mən şeir həsr etmişəm. Əjdər
də o "Günəbaxan zəmisi"ndən bir tum
götürüb və gərək onu buna görə həbs
etməsinlər.
Mən onun tez bir zamanda azadlığa
çıxmasını arzulayıram. Çünki
yazıçılardan heç kim bu adla həbsdə
yatmayıb. Əjdər çox tərbiyəli,
bizim adlı-sanı yazıçımızdır. Onun gözəl şeirləri və misraları var.
Mən qələm əhlindən xahiş edirəm ki, Əjdər
Olun azadlığa çıxması üçün
dövlətimizə müraciət etsinlər. Gərək Günəbaxan zəmisindən
tağını kəsməyəydilər. Əjdər torpağa bağlı bir insandır.
Elə bir yerdə işləyib ki, ordan
tüstü qalxıb və Əjdər Ol da o tüstüyə
düşüb.
Seyran Səxavət,
yazıçı:
- Əjdər istedadlı, yaxşı şair,
istiqanlı yoldaşdır. Bu ölkədə
korrupsiyaya bulaşanların hamısını tutandan sonra
keçib yazıçını, şairi həbs eləmək
olar. İntəhası, Əjdərin
korrupsiyaya bulaşmasına inanmıram, inana bilmirəm.
Əjdərə Allah kömək olsun, inanmıram ki, belə
iş görüb. İstedad adamı nataraz
işlərlə məşğul olmağa qoymaz.
Aqil Abbas,
yazıçı, millət vəkili:
- Əjdər Ol çox gözəl yazıçı,
çox gözəl şair və çox gözəl
insandır. İndi onun orada nə işi olubsa, hüquq
mühafizə orqanları araşdırıb deyə bilər.
Çox təəssüflənirəm. Əjdər Ol ədəbiyyatımızda xüsusi
yeri olan bir imzadır.
Səyyad
Aran, yazıçı:
- Çağdaş Azərbaycan ədəbiyyatının
istedadlı və tanınmış nümayəndələrindən
Əjdər Olun həbsi məni və onu tanıyan minlərlə
oxucusunu çox üzdü. Biz hamımız
Əjdəri ləyaqətli, namuslu, doğru, dürüst bir
insan kimi tanıyırıq. Onun hansısa
dolaşıq-bulaşıq işlərdə əlinin və
iştirakının olmasına inanmırıq. Ədalətli məhkəməmiz əminəm ki,
inamımızı doğruldar. Düz həmişə
əyrini kəsib. Bu dəfə də belə olar,
inşallah!
Allah
qapını açsın, Əjdər!
Paşa Qəlbinur,
şair:
- Mən
Əjdəri 39 ildir tanıyıram - Vaqif İbrahimin şeir
dərnəyindən... Bu illər ərzində
ara-sıra görüşlər, qələm
dostlarımızla ədəbiyyat, həyat, dünya söhbətləri
edərdik.
Əjdərlə
Dünya Azərbaycanlıları Konqresinin müxtəlif
ölkələrdəki tədbirlərində
görüşlərimiz, iki il əvvəl
Yazıçılar İttifaqının xətti ilə Mərakeş
səfərimiz hələ də xəyalımda
canlıdır.
Pandemiya
başlayandan yalnız telefonla əlaqə saxlayırdıq...
Əjdər Olun "Canlı lətifələr, əhvalatlar,
deyimlər" kitabını və "40"
romanını bir də vərəqləyirəm. O, Ulu öndər Heydər
Əliyev haqqında böyük hörmətlə və məhəbbətlə
yazır: "Görkəmli siyasətçi və dövlət
xadimi, Azəbaycan dövlətçiliyi tarixində əvəzsiz
xidmətlər göstərən, hakimiyyət ustası,
ayıq-sayıq, çətin anlarda özünü itirməyib
xoş günlərində hissə qapılmayan, şəraiti
həmişə doğru-düzgün qiymətləndirən,
əzəmətli, şax, çevik, yorulmaz,
dözünlü, hafizəli, gərgin vəziyyətdən
çıxış yolu tapmaqda bənzərsiz iti fikri, qətiyyəti
olan Heydər Əlirza oğlu Əliyev bütün yüksək
keyfiyyətlərilə yanaşı, həm də
güclü yumor hissinə malik, hazırcavab, sözün
çəkisini bilən, dediyini vaxtında və yerində
deyən bir şəxsiyyət idi".
Bu 39 ildə həmişə Əjdəri Vətənimizi,
torpaqlarımızı, dövlətçiliyimizi, Azərbaycan
uğrunda fədakarlıq edənləri, dostlarını, ailəsini,
üç qız balasını sevən görmüşəm. Onu həmişə
yerini bilən, dürüst, əyni-başı səliqəli,
danışığı, məclisdə nuş etdiyi
içki və təamın qədərini bilən, heç
bir hərəkətində ifrata varmayan, insanları
yaxşı tanıyan görmüşəm.
Əjdər
Ol şairdir!
Neçə illər əvvəl hamı tərəfindən
atılmış, unudulmuş, daima sərxoş olan,
istedadlı yazıçımız Namiq Abdullayevin Novruz
bayramında görüşünə getməyinin şahidi
olmuşam. O
anda Namiq müəllimin gözlərindəki ifadəni
ömrüm boyu unutmayacağam...
Etiraf edim
ki, mənim bir şakərim var: Uzun illər
tanıdığım adamların məşhur filosofların
hansı təyin və kəşflərinə uyğun gəlmələrini
beynimdə müqayisə edirəm. Dünya
şöhrətli alman filosofu Artur Şopen Hauer yazır ki,
insanın etik baxışları onun əqli qabiliyyəti ilə
(təfəkkür) eyni kökdən qidalanır. Mən bu müddəanı (kəşfi) oxuyanda onun
düzgünlüyünə sübut kimi həmişə gözlərimin
önünə Əjdər Ol gəlib.
Böyüklərin
və kiçiklərin yanında yerini bilən, bir an da olsa Allahını, Vətənini unutmayan
ləyaqət sahibi. Üç qız atası,
çoxlu kitabların müəllifi, Azərbaycanı
dünyada tanıdan Ulu öndərimizi, möhtərəm
Prezidentimizi, yazarları, fırça sahiblərini, alimləri
sevə-sevə vəsf edən qələm sahibi.
Elçin
Hüseynbəyli, yazıçı:
- Əjdər Ol Azərbaycan nəsrinin dəyərli
imzalarından biridir. Onun portret hekayələri özünəməxsusluğu,
milli koloriti ilə bənzərsizdir. Yazıçının
axıcı təhkiyəsi nəsrimizə maraqlı
çalarlar qatır. O, qələmə
aldığı hadisəni, obrazları dərindən öyrənir,
müşahidə edir və oxucunu dediklərinə,
yazdıqlarına inandıra bilir. Bütün bunlar əsl nəsrə
xas xüsusiyyətlərdir...
Yunus
Oğuz, yazıçı:
- Əjdər Olu 33 ildir tanıyıram. Müstəqillik
uğrunda fəaliyyəti danılmazdır. Azərbaycanın gələcəyinə, ədəbiyyatına
özəl fikirləri var. Eredusiyalıdır, nəzm və
nəsrdə öz sözü olan şəxsdir. Onun "Azərbaycan" şeiri əvəzolunmazlar
sırasındadır. "Lo" romanı isə 80-ci
illərin ensiklopadiyasıdır. Düşünürəm
ki, ona qarşı sürülən ittihamlara aydınlıq gətiriləcək.
Ramiz
Qusarçaylı, şair:
- Mən
Əjdər Olla 40 ilə yaxındır ki, ailəvi dostam. Eyni ədəbi nəslin nümayəndələri
kimi ədəbi uğurlarımıza birlikdə sevinmişik,
bir yerdə ədəbi görüşlər, tədbirlər
keçirmişik. Əjdər mənim
yaradıcılığım barədə "Bənövşə,
bal arısı, su daşı" adlı məqalə və
şeir yazıb, mən də onun
yaradıcılığına Əjdər Olun "Can Azərbaycanı"
adlı məqalə və şeir həsr etmişəm.
Əjdərin poeziyasından, nəsr və dram əsərlərindən
boylanan vətən məhəbbəti, vətən ruhu
mükəmməldir, təqdirəlayiqdir. Əjdərin
Ulu öndər Heydər Əliyevin çevik siyasi
dühası, ali insani keyfiyyətləri və
müdrik dünyagörüşləri barədə
yazdığı kitab da onun çoxşaxəli
yaradıcılıq məziyyətlərinə malik
olduğunu göstərir. Əmin olmaq istərdim
ki, tezliklə belə bir istedadlı və vətənpərvər
yazarın həbsdən azad edilməsinin şahidi
olacağıq.
Qardaşxan,
şair:
- Əslində, Əjdər Olun kimliyi, nəçiliyi
- istər şeiri olsun, istər nəsri - onun
yazdıqlarındadır. İndiki məqamda arzu-diləyimi elə
Əjdərin öz deyimi ilə ifadə etmək istəyirəm:
"Sol
gedib, sağ cinah qalır,
Haqq solaxayda durmasa".
Ümid edirəm ki, haqq "sağ cinahda"
duracaq.
525-ci qəzet.-2021.- 20 fevral.- S. 15.