1984-cü ilin martında Təbriz şəhərində anadan olub. Orta məktəbi Təbrizin Səmpad mədrəsəsində oxuyub. 2002-ci ildə Urmiyə Həkimlik Bilim yurdunda Tibb bölümünü qazanıb Urmiyə şəhərinə daşınıb. Universiteti bitirdikdən sonra, bir neçə il İranın dəyişik bölgələrində həkim kimi çalışıb. Hazırda Kanadanın Edminton şəhərində doktoranturada oxuyur. Son illərdə şairin tibb sahəsində yazdığı məqalə kitablarından əlavə, şeirləri ictimai məsələlərə həsr olunmuş məqalələri ədəbi dərgi ilgili kitablarda yayımlanıb. Nəriman Sepehrvəndin "Ülkər" nəşriyyatında çap etdirdiyi "Mən adında bir yoldan ötən" adlı şeir toplusu türkcə farsca şeirlərinin bir payını (2006-2013) ehtiva edir. "Verəcəyəm Günəşə bir daha salam" kitabı İranın adlım (ünlü) şairi Füruğ Fərruxzadın seçilmiş şeirlərinin Azərbaycan türkcəsinə çevrisindən ibarətdir. Bunlardan başqa, bir neçə şeiri "Ülkər" yayım evinin nəşr elədiyi "Urmiyə Şeir Antologiyası"nda yayımlanıb.

 

Yalqız

 

İşıqlar partlayışıyla

Şəhər qımıldayır...

Bu köşədəysə yalqız bir kişi,

Dünyalardan uzaq bir insan...

- Bir kimsəsiz, heç kimsə!.. -

Çünki o, Doğum gününü qutlamayan,

Mutlu Valentinlərə inanmayan,

Analar gününün kökünü sorqulayan,

Bayram görüşmərəriniysə umursamayan

Biri idi...

O, bir intellektual idi,

... Kimsəsiz biri idi...

 

Körpü

 

Oturmuşam maşında, gözlərim bağlı...

Yatmışam,

Xəyal kimi şeylər görürəm ancaq,

Uzaq illərdən beynimdə qalmış

Boyalı anılar...

Gəmilər, maşın sürüləri

Plyajlarda gözlərin ovuşdurub

ağlayan çılpaq uşaqlar,

Sızlayan gözlər üstünə

sürtülən bostan xiyarları

 

Araba körpüdən keçir,

Kim inanardı?!

Mən göl üstündə,

gözlərimi bağlamışam...

 

Bir səs gəldi!

Qabaq səndəldə oturan misafir

Şüşəni üstə çəkir.

Yox! Yox!

Dənizin şəpəsi üz-gözünə səpilməyibdir!

Elə bil o da yatmaq istəyir...

Şofer günaha batıb,

Yaman deyir!

Görəsən, mən gözlərimi bağladığım üçün,

Susduğum üçün,

Onun qədər günaha batmışam?!

 

Hökm

 

Genə uçuqlamışam,

Yarım

Yaxında gələr bəlkə .

Qutsal üzüntümü görüb,

Sonunda məni sevər bəlkə ...

 

Əlimdə gitar,

miz üstündə bric kartları

hökm edirəm

Keçiniz!

 

"Keçiniz"im çox,

Heç əlində kartı az ikən,

Hökm edən hakim görmüsünüzmü?!

 

Başarıdan dodağımda bir gülümsəmə,

Əlimdə olan kartları düşünən dostlarım

Necə davranmalarından şübhələnməkdə...

Qəfil! Qorxunc bir tərpəniş,

Titrəyir hər yer...

Qonşumuz qopuzuna əl atıb bəlkə ...

 

Eşiyə çıxdım,

Hay-küylə dolu küçəmizdə

Qonşumuzun qızı

Torpaqla bəzənir.

Serçələr uçur,

İtlər hürür,

Adamlar qaçır,

Yer titrəyir...

 

Bir qəmli orkestra mahnısı,

Qonşumuz

Qopuzuna əl atıb bəlkə !

Bu mahnının notları

Qandır, ətdir candır...

Notları qəmdir, kədərdir

şivəndir...

 

Süzülür göz yaşlarım,

Üzülür qəlbim.

Yox, ağlamağı?!

Bir an torpaq girdi gözümə...

 

Heç kimsə məni

yeri qazmaqdan tutanmaz,

Məni boşuna axtarmaqdan

qurtarammaz!

Qaradağda dəprəm deyil,

Aşıq hərarətlə çalır,

Titrədir hər yeri...

 

Bir ay sonra, çadırımızda

Əlimdə sınıq gitar,

Hökm edirəm "qopuz!"

Nədir?!

 

Heçmi əlində çoxlu kartla

Hökm edən hakim

Görməmisiniz?!

 

Nəriman SEPEHRVƏND

 

525-ci qəzet.- 2021.- 19 fevral.- S.15.