Maarif və mədəniyyət tariximizdə parlayan sima - Qurbanəli Şərifzadə

 

 

 

Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi

"Mozalan", "Hacıleylək" və başqa gizli imzalarla yazıb-yaradan, "Molla Nəsrəddin" jurnalının müəlliflərindən və yaxın dəstəkçilərindən biri kimi tanınan maarifçi, mühərrir, mühəndis Qurbanəli Şərifzadə (1854-1917) Naxçıvanda doğulub və bu mühitdə boya-başa çatıb.

 

Azərbaycanın mədəni inkişafı uğrunda yorulmadan mübarizə aparan Qurbanəli Şərifzadə öz elmi biliyi və səviyyəsi ilə rəğbət qazanıb, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Eynəli Bəy Sultanov, Əbdürrəhim Bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Firidun bəy Köçərli, Əbdürrəhim Talıbov Təbrizi, Ömər Faiq Nemanzadə, Tağı Şahbazi Sümurq, Salman Mümtaz kimi mədəni və ictimai xadimlərlə dostluq və əməkdaşlıq qurub.

 

Onun "Molla Nəsrəddin" jurnalının fəal dəstəkçisi olması barədə böyük ədibimiz, görkəmli mollanəsrəddinçi Əbdürrəhim bəy Haqverdiyev öz xatirələrində yazır: "Bir dəfə cəm olub "İbrahimbəy səyahətnaməsi"ndən söhbət edirdik: burada "Molla Nəsrəddin" dostlarından Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, "Molla Nəsrəddin"in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Səlman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə səbəb idi. "İbrahimbəy səyahətnaməsi"ndən söhbət olduqda mən dedim:

 

- Nə olardı, bu kitaba nəzirə bir "Səyahətnameyi-Molla Nəsrəddin" də olaydı. Aya, görəsən, Molla Nəsrəddin islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər...

 

Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi:

 

- Gəlin biz Mozalanı gəzdirək; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqətdə bu adam gəlib, buraları görüb bu felyetonları yazmış.

 

Belə də oldu. Birinci felyetonu mən başlayıb Mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Səlman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, "Mozalanbəyin səyahətnaməsi" ortalığa çıxdı. "Molla Nəsrəddin" jurnalı getdikcə özünə hər şəhərdə dostlar qazanmağa nail oldu. Hər yerdən ona məqalələr, xırda xəbərlər gəlməyə başladı. Şamaxıdan, Göyçaydan, Nuxadan, Gəncədən, Qarabağdan, Vladiqafqazdan, hətta İrandan da məqalələr gəlirdi. Get-gedə "Molla Nəsrəddin" şöhrət və nüfuz qazanıb düşmənlərini iztiraba saldı".

 

Q.Şərifzadə "Molla Nəsrəddin" jurnalının fəal yazarlarından biri olub. Onun "Molla Nəsrəddin" jurnalında çap edilmiş ilk əsərlərindən biri "Mozalan" imzalı "Heç kəsdən qorxmuram" başlıqlı felyetonudur ki, 1906-cı il tarixli jurnalın 18-ci nömrəsində çap olunub.

 

1908-ci ilin 30 iyunundan, jurnalın 26-cı nömrəsindən başlayaraq bütün il ərzində "Məşədi Mozalanbəy" imzası ilə çap edilmiş felyetonların əlyazması Qurbanəli Şərifzadənin oğlu - görkəmli ədəbiyyatşünas, tərcüməçi və publisist, Əməkdar elm xadimi, professor Əziz Şərifin arxivində saxlanılır.

 

Ə.Şərif qeyd edir ki, Q.Şərifzadə peşəkar yazıçı və ya jurnalist olmasa da, ədəbiyyat və mətbuat həvəskarı, oxucu qarşısında öz vəzifə və məsuliyyətini düzgün başa düşən, yazılarının üzərində diqqətlə çalışanlardan biri idi. Bu fikirləri Q.Şərifzadənin özündə də rast gəlinir. O, yazılarının üzərində düzəliş aparmağı əvəzsiz dostu Cəlil Məmmədquluzadədən xahiş edirmiş. C.Məmmədquluzadəyə yazdığı bir müraciətnaməsində oxuyuruq: "Təvəqqe edirəm ki, əvvəldən axıradəkin diqqətlə oxuyub tənqid edəsiniz və bəzi yerlərini pozub və bəzi yerlərində bir-iki söz artırasınız. Qərəz, qəsdim budur ki, bu məqaləni gözəlləşdirəsiniz, vəssalam".

 

O, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin" jurnalında fasilələrlə çıxış etmişdi. 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir ki, bunların da bir hissəsinin əlyazmaları Qurbanəli Şərifzadənin arxivində qalmaqdadır.

 

Sənədlərlə isbat və təsdiq edilmiş bu əsas imzadan başqa, Qurbanəli Şərifzadənin "Molla Nəsrəddin" jurnalında "Hacıleylək" imzası da məlumdur, çünki bu imza ilə jurnalın 1911-ci il tarixli 6-cı nömrəsində "Qiyamətmi qopar" başlıqlı felyeton çap edilmişdi ki, bunun da əlyazması Qurbanəli Şərifzadənin arxivində mövcuddur və vaxtilə Mirzə Ələkbər Sabirin Şərifzadəyə yazdığı bir məktubu ilə əlaqədar olaraq, onun haqqında Əziz Şərif ətraflı və geniş məlumat vermişdi.

 

Maarif təşnəsi

 

Qeyd etdiyimiz kimi, fədakar maarifçi Qurbanəli Şərifzadə həm də Cəlil Məmmədquluzadəyə və ya "Molla Nəsrəddin" jurnalına maddi köməkliyini də əsirgəməyib. C.Məmmədquluzadə ya öz şəxsi ehtiyacı, ya da jurnalın xərcləri üçün 30 illik sadiq dostu Q.Şərifzadəyə nə zaman müraciət etsə, bu yardımsevər insan onun dadına çatar və hər vaxt əlindən gələni edərmiş. Mirzə Cəlilin 1902-ci ilin mart ayında İrəvandan Qurbanəli Şərifzadəyə ünvanladığı məktubdakı səmimi sözlərə nəzər salaq: "Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin (C.Məmmədquluzadə bu məktubda ağam dedikdə atası Məmmədqulunu nəzərə çatdırır - K.C.). Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər "çox razıyam", bu, həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

 

Teleqrafda yazmışdım ki, kağız gözlə. Həmin kağızda sənə yazacaqdım ki, ağam mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim. Axır gəldi oldu çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırda sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da, heç bilmirəm, Məşədi Heydər verib ya yox?"

 

Bu kimi "kiçik xərclik"lərdən əlavə, "Molla Nəsrəddin" jurnalı maddi böhran keçirdiyi zaman C.Məmmədquluzadə ilk növbədə Q.Şərifzadədən kömək istəyər və o da hər dəfə jurnalı bağlanmaq təhlükəsindən qurtararmış. Dəmiryol tikintisində podratçı kimi tanınan Q.Şərifzadənin bankda etibarı olduğundan, öz imzası ilə təqdim olunan vekselləri qəbul edib, onun hesabına pul borc verilirmiş. Bu minvalla da "Molla Nəsrəddin" jurnalı bağlanmaq təhlükəsindən qurtulurmuş.

 

Böyük şairimiz Hüseyn Cavidin "Məktəbi-Tərbiyə"də oxumasında da, Türkiyədə təhsil almasında da Qurbanəli Şərifzadə böyük rol oynamışdı. Hələ Hüseyn Cavid Məhəmməd Tağı Sidqinin yeni üsullu məktəbində, "Məktəbi-Tərbiyə"də oxumağa həvəslənəndə və atası buna qarşı çıxanda balaca Hüseyn bu məsələni maarifçi Qurbanəli Şərifzadəyə bildirmiş, o isə Molla Abdulladan çox çətinliklə də olsa, razılıq alıb Hüseynin "Məktəbi-Tərbiyə"də qalmasına müvəffəq olmuşdu. H.Cavidin Türkiyədə təhsil aldığı müddət ərzində də Q.Şərifzadə ona maddi və mənəvi köməkliyini əsirgəməmişdi. Bütün qeyd olunan bu fikirləri Hüseyn Cavidin Qurbanəli Şərifzadəyə yazdığı doqquz məktubun hər birində görmək mümkündür.

 

O dövrdəki cəhalət və geriliyə dözməyən Qurbanəli Şərifzadə müasiri olan qabaqcıl ziyalıları ilə bir sırada elmin, təhsilin rolunu əsas tutaraq, xalqı bu işə cəlb etməyə çalışırdı. Bu yolda hər cür çətinliklərə, maneələrə baxmayaraq, elm və təhsilin faydasını xalqa başa salır, savadsızlığı ləğv etmək uğrunda mübarizə aparırdı. Azərbaycanda o zaman mövcud olan vəziyyət barədə Qurbanəli Şərifzadənin dostlarına yazdığı bir məktubda oxuyuruq: "Vətənin istiqlalı bizim ən böyük arzumuzdur. Başımızda olan bu sevda yalnız başımız bədənimizdən ayrıldıqdan sonra bizi tərk edə bilər. Millətlər iri qədəmlərlə tərəqqi etdikləri halda, bizim millət zəlil və xar olmaqdadır. Xarabazara çevrilmiş vətənin dözülməz vəziyyəti getdikcə onun səhhətini daha da kökündən sarsıtmaqdadır... Bəli, vətən mədəsi pozulmuş, əlacı çətin olan xəstələrə bənzəyir. Bu xəstənin yaxası cahil və nadan təbiblər əlindədir. Nə qədər onun səhhəti haqqında düşünürüksə, məlal və hüznümüz o qədər artır..."

 

No description available.

 

Hüseyn Cavidin sözləri ilə desək, böyük bir müəllim, camaat müəllimi olan Qurbanəli Şərifzadənin ölüm xəbəri Azərbaycanın qabaqcıl maarifçilərini, o cümlədən, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Nəriman Nərimanovu, Firidun bəy Köçərlini, Əli bəy Hüseynzadəni, Hüseyn Cavidi və başqalarını dərindən sarsıtdı. Firidun bəy Köçərli Qoridən Bakıya "Açıq söz" redaksiyasına yazdığı "İzhari-təəssüf" başlıqlı nekroloqunda öz kədərini belə ifadə edir: "Əziz və möhtərəm bəradərimiz Qurbanəli Şərifzadənin gözləmədiyimiz bir hal və zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi... Azadeyi-kəlam və əfkar onun müqəddəs arzularından birisi idi. O, heç bir vaxtda azadə danışıb, rəy və fikirlərini açıq və aydın söyləməkdən çəkinməzdi... Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqdaydı..." Qurbanəli Şərifzadənin daxili aləmini, arzu və amalını, keçdiyi keşməkeşli həyat yolunu incə bir psixoloq kimi qələmə alan və nekroloqda onun həqiqi surətini çəkənlərdən biri də Hüseyn Cavid olmuşdu.

 

Ümidvarıq ki, "Molla Nəsrəddin" jurnalının tarixi ilə ciddi məşğul olan alimlərimiz Qurbanəli Şərifzadənin əlyazmalarından istifadə etməklə böyük maarifçi və ictimai xadimin həyat və yaradıcılığını tədqiqat obyektinə çevirəcəklər.

 

Kamal CAMALOV

525-ci qəzet.- 2021.- 23 fevral.- S.13.