Baş
Konsulluq Xocalı soyqırımına dair qısa film
hazırlayıb
"Erməni
cəlladlarının qəddar əməlləri təqdim
olunur"
Azərbaycanın
Los Ancelesdəki Baş Konsulluğu tərəfindən
Xocalı soyqırımına həsr olunmuş qısa film
hazırlanıb. Baş Konsulluqdan verilən məlumata görə,
ingilis dilində hazırlanmış filmdə 26 fevral 1992-ci
il tarixində Ermənistan qoşunlarının Azərbaycanın
Xocalı şəhərinə hücum edərək,
uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə
yetirdiyi vurğulanır. Videoda Ermənistanın
keçmiş prezidenti
Serj Sarqsyanın Xocalı qətliamını
etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı
törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte
Melkonyanın qardaşının yazdığı kitaba da istinad
edilərək, erməni cəlladlarının qəddar əməlləri
təqdim olunur.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.
Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir. 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur. Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.
525-ci qəzet.- 2021.-
26 fevral. S. 4.