Səfir
Hidayət Orucov: "Bu qırğın soyqırım siyasətinin
dəhşətli numunəsidir
Fevralın
24-də Bişkek şəhərində Xocalı
soyqırımının 29-cu ildönümünə həsr
olunmuş anım mərasimi keçirilib. Mərasimin əvvəlində
Heydər Əliyev Fondu tərəfindən çəkilmiş
Xocalı soyqırımı haqqında “Xocalıya ədalət”
adlı sənədli film nümayiş edilib və Xocalı
soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad olunub. Sonra Xocalı şəhidlərinin ruhuna
“Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.
Tədbiri
açan Azərbaycan Respublikasının Qırğız
Respublikasındakı səfiri Hidayət Orucov Xocalı
soyqırımının dəhşətlərini, onun
ağır nəticələrini, fəlakət nəticəsində
xalqımıza vurulan maddi və mənəvi zərərləri
barədə həqiqətləri
iştirakçıların diqqətinə çatdırıb.
Bildirib ki, bütün bunlar erməni hərbçiləri tərəfindən
xüsusi amansızlıqla həyata keçirib. Bir çox
qurban diri-diri yandırılıb, bəzilərinin
başları kəsilib, gözləri
çıxarılıb. Hamilə qadınların cəsədlərində
zorakılıq izlərinə rast gəlinib və bu insanlar
yalnız azərbaycanlı olduqlarına, yalnız Xocalıda
yaşadıqlarını görə vəhşicəsinə,
qəddarlıqla qətlə yetiriliblər, yalnız
Qarabağda yaşadıqlarına görə
öldürüldülər. Bu qırğın Azərbaycan
xalqına qarşı erməni millətçiləri tərəfindən
həyata keçirilən işğalçılıq, etnik
təmizləmə və soyqırımı siyasətinin dəhşətli
nümunəsidir.
Səfir
qeyd edib ki, ümumilikdə 80-ci illərin sonundan 90-cı illərədək
200 mindən çox azərbaycanlı öz doğma
yurdlarından qovulub. 1990-cı illərin əvvəllərində
Ermənistan suveren Azərbaycan ərazisinin 20 faizini
işğal edilib. Bu silahlı təcavüz zamanı erməni
tərəfi Dağlıq Qarabağın yerli əhalisinə
qarşı soyqırımı törədib. Azərbaycanlılar
terrora məruz qalıb, vəhşicəsinə
öldürülüb, şikəst edilib, diri-diri
yandırılıb və öz dədə-baba yurdlarını
məcburi tərk etməyə məcbur edilib. Bu silahlı
terror nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı
doğma torpaqlarından qovulub.
Diqqətə
çatdırılıb ki, Xocalı soyqırımı
özünün siyasi-hüquqi qiymətini yalnız
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması
üzrə məqsədyönlü tədbirlər
görülməyə başlanılıb. Məhz Ulu Öndərin
təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan
Milli Məclisi fevralın 26-nı Xocalı
Soyqırımı Günü elan edib. Bu gün də
dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə
məlumatlandırılması istiqamətində işlər
davam etdirilir. Məlumat verilib ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası çərçivəsində hər
il silsilə tədbirlər reallaşdırılır. Məhz
bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin
soyqırımı olması faktını dünyanın bir
sıra ölkələri və beynəlxalq təşkilatlar
tanıyıb. H.Orucov söyləyib ki, Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatı
keçirərək 44 gündə ərazilərimizi təxminən
30 il davam edən düşmən işğalından azad
etdi. Ali Baş Komandanın dəmir iradəsi və
sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və
şanlı Ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində
müharibə Azərbaycanın tam qələbəsi ilə
başa çatdı. “Demək olar ki, əksər dövlətlər
və beynəlxalq təşkilatlar Azərbaycanın
işğal olunmuş ərazilərin azad edilməsi
üçün haqlı işini dəstəklədilər.
Həm də dost Qırğızıstan bəyanat verdi ki, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir.
Ziyalılar, görkəmli siyasi, dövlət və ictimai
xadimlər, Qırğızıstanın müxtəlif siyasi
partiyalarının, Qırğızıstan
Respublikasının ərazisində yaşayan milli
azlıqların nümayəndələri yerli mətbuatda
çıxışlarında Azərbaycana dəstək
olduqlarını bildirdilər və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə dəstək
məktubları yazdılar”, - deyə səfir
vurğulayıb.
Tədbirdə
Türkiyə Respublikasının Qırğız
Respublikasında səfiri Çingiz Kamil Fırat,
Macarıstanın Qırğız Respublikasında səfiri
Şandor Doroqi, Qırğızıstan-Türkiyə Manas
Universitetinin rektoru Alpaslan Ceylan, "Lina" firmasının
baş direktoru Qiyas Xəlilov, Azərbaycan-Qırğızıstan
dostluq və əməkdaşlıq cəmiyyətinin
prezidenti, Əməkdar həkim Akif Alaferdov, “AzVirt
Qırğızıstan” şirkətinin direktoru Çingiz
Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin
direktoru Flora Xəlilova və Qırğızıstan-Rusiya
Slavyan Universiteti İranistika Mərkəzinin direktoru Məlahət
Məmmədova Xocalı soyqırımı haqqında fikirlərini,
təəssüratlarını bölüşüb, erməni
təcavüzü barədə danışıblar. Həmçinin
çıxışlarda Xocalı faciəsini törədən
cinayətkarlar pislənilib, soyqırımı barədə
dünya ölkələrinin məlumatlandırılmasının
önəmi qeyd olunub.
Mərasimdə
Tədbirdə Qırğız Respublikası Hökumətinin
müxtəlif strukturlarının təmsilçiləri,
fövqəladə və səlahiyyətli səfirlər,
ölkədə akkreditə olunmuş diplomatik missiyaların,
beynəlxalq qurumlarının təmsilçiləri, ali təhsil
ocaqlarının rektorları, Azərbaycan diasporunun üzvləri,
ziyalılar, ictimaiyyət nümayəndələri və
Qırğızıstanın kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak ediblər.
525-ci qəzet.- 2021.-
26 fevral. S. 4.