Əks-sədanın
ilk mənbəyi
(Səadət Kərimi: Əks-səda:
Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində.
- İsveç, Diktonius Text, 2020.; 213 s.)
(Saadat Karimi: Efterdyningar:
Ögonvittnen berattar om Karabach, Tabriz och Jerevan. - Sverige, Diktonius
Text, 2020.; 213 s.)
Umeo
Universitetinin riyaziyyat üzrə elmlər doktoru Səadət
Kəriminin müəllifi olduğu bu kitab, sözün həqiqi
mənasında dərdlərimizin tərcümanı
sayıla bilər. Kitabın məğzini və mahiyyətini
açıqlamazdan əvvəl demək istəyirəm ki,
müəllifin bu çap məhsulunda tək
özünün yazdığı tarixi elmi araşdırma və
esselərindən savayı, həm də tərcümə əsərləri
toplanıb. Yəni yazar xanım kitabda məhsuldar əməyini
iki formada ortaya qoyub - müəlliflik və tərcümə
işini. Lakin mahiyyət baxımından kitabın içindəki
mövzuları bir xətt birləşdirir: Azərbaycan nədir?
- sualına cavab axtaranlara bu antologiya ilə
yardımçı ola bilmək. Mütərrəqi təşəbbüsdür,
elə deyilmi?
İkinci
bir tərəfdən, kitab yurdumuzun ruhani xəritəsi ilə
bağlı tək tarixi yox, eyni zamanda, ictimai-siyasi, etnoqrafik
baxımdan da müşküllərinə ayna tutmuş olur.
Kitabın
adı və üz qabığında olan foto oxucuya - istər
türk oxucusu olub üz qabığındakı olaydan xəbərdar
olanlara, istərsə də tarixi Xocalı
soyqırımından xəbərsiz olan əcnəbi oxucuya -
kitabın içindəkilərin sürpriz vəd etmədiyini
anons verərək, onu psixoloji baxımdan mövzuya kökləyir.
Yuxarıda
qeyd etdiyim kimi, bu gün işğal altında olan İrəvan,
Təbriz və bir hissəsi işğalçı ermənilərdən
geri alınmış Qarabağla bağlı informasiyaları
ilk növbədə kitabın üz qabığından almaq
mümkündür. Nədən müəllif kitabı
işğalda olan yurd yerlərimizin adı ilə
adlandırıb? Bu yerdə mənimlə
razılaşmasanız belə, deməliyəm ki, bu suala ən
çox Azərbaycandan kənarda yaşayan oxucular
doğru-dürüst cavab verə bilərlər.
Çünki Azərbaycanla bağlı informasiya
savaşında ən çox dara düşdüyümüz
hal, yurdumuzla bağlı tarixi faktlar əsasında elmi,
publisistik, tarixi-bədii romanların əlimizdə lazımi qədər
olmamasıdır. İngilis dilini çıxmaq şərtilə
digər dillərdə haqqında bəhs etdiyim tipdə
informasiya mənbəyi, əsasən də kitab yetərincə
deyil. Əslində, ingilis dilində belə qədərincə
bu növ əsərlər yoxdur. "Türk tarix yaradıb,
amma yazmayıb" deyimi, nə heyif ki, burda yerini
tapmış olur. Bir məsələni də etiraf etməliyəm
ki, müəllifin münaqişəli yurdumuzla bağlı bu
kitabı ortaya qoyması, onun hünər sahibi olmasından xəbər
verir. Uzun müddətdir İsveçdə yaşayan,
ictimaiyyətçi bir xanım bilməmiş deyil ki, türk
millətinin bu mövzuda sanballı çap məhsulunu üzə
çıxarması onun çapdan sonrakı karyerası
üçün maneələr törədə bilər.
Müəllifi yaxından tanıdığım
üçün bilirəm ki, o, əsl ziyalı kimi hərəkət
edərək həqiqətin yanında olmağı hər
şeydən üstün tutub.
Kitabın
içinə baş vurmazdan öncə bir haşiyə
çıxmaq istərdim. Səadət xanımın bu
ağır əməyinin məhsulunu müəlliflik
baxımından təhlil edərkən, mən istər-istəməz
onu orta əsr dəqiq elm sahəsinin alimləri ilə
müqayisə etməyə bilmədim. İxtisasca riyaziyyatçı
olan alimimizin tarixi, ictimai-siyasi olayları dərindən
araşdırması, ədəbiyyatı, toponimləri
öyrənməsi, etnoqrafiyanı, coğrafiyanı,
türkoloji məsələləri bilib, kitabda ustaca bəhrələnməsi
adamda heyrət yaradır. Elmi təsnifatın 200-dən
artıq növü var, qəribədir ki, elmi təsnifləşdirənlərin
əksəriyyəti dəqiq elmin mütəxəssisləri
idilər. Qədim dövr elmi təsnifatların
yarandığı ilkin başlanğıcda onların
arasında riyaziyyatı musiqi ilə bir yerdə və ya ədəbiyyatı
riyaziyyatla eyni sırada qoyanlar çox olub. Məncə, bu, ən
çox elmi təsnifatçıların öz bilik
hazırlıqlarından xəbər verirdi. Qəribədir
ki, mən bu kitabı oxuyarkən Səadət xanımı tək
riyazi savada malik olan birtərəfli şəxs kimi görmədim,
onun humanitar elmə dəqiq elmlər qədər diqqət
ayırdığını hiss etdim.
Az
qala, milli taleyüklü məsələmizə
çevrilmiş "Sarı gəlin" xalq
mahnımızı müəllif öz
araşdırmalarından olan "Sarı gəlin"
("Bruden i gult") essesi vasitəsi ilə erməni əlindən
geri alıb orta əsr mədəniyyət tariximizə
qaytarır. Mahnının yaranma kökünü Şah
İsmayıl Xətai dövrünə aparan müəllif,
essedə tək mahnı ilə bağlı məlumat verib
durmur, o, eyni zamanda, ilk abzaslardan Bütöv Azərbaycan
haqqında tarixi-coğrafi bilgini oxucuya çatdırmaqla, bu
mahnının niyə böyük bir ərazini gəzdiyini
ustacasına şərh edir (mahnının geniş mətni də
kitabda yerləşdirilib). Bəlkə də, bütün
bunlar bizim bildiyimizdir, deyəcəksiniz. Amma nəzərə
alın ki, "Sarı gəlin" haqqında xarici oxuculara
külli miqdarda yanlış məlumat və faktlar vermiş
ermənilərin informasiyasını darmadağın etməkdən
ötrü müəllifin hər bir kəlməsinə diqqət
edərək yazdığı bu əsəri biz beyni
yanlış informasiyadan qatmaqarışıq anbara
çevrilmiş İsveç ictimaiyyətinə tərəddüdsüz
təqdim edə bilərik.
İsveçdə
Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr
olunub
"Ermənilər
və Qarabağ" məqaləsinin ilk cümləsində
haqqında bəhs etdiyi mövzuda dünyanın obyektiv
baxışı olmadığından təəssüflənən
müəllif, böyük ustalıq nümayiş etdirərək
dünya tarix elmində ermənilərə olan dəqiq
baxışları misal çəkərək öz fikirlərini
şərh edib. Müəllifdən fərqli olaraq, mən bu
yerdə qeyd etmək istərdim ki, əslində,
dünyanın ədalət ölçüsü yoxdur. Bizim
görmək istədiyimiz məhz budur. O ölçü həqiqəti
dərk etməklə yaranır. Amma bizə qarşı həqiqətə
uyğun hərəkət etməyən dünya ədalət
hissini itirib. Qəribədir ki, müəllif ermənilərin
"qədim tarixinin varlığını" arxeoloji
tapıntılarla, faktlarla yalan olduğunu ortaya qoyduqdan sonra,
amerikalı alimlərin obyektiv rəyləri ilə
razılaşmayan ermənilərin onları bugünkü Ermənistana
buraxmadıqlarını vurğulayır.
"Vandalizmin
açıq muzeyi" ("Utomhusmuseum av vandalism") məqaləsi
İrəvanın mənimsənilməsinin böyük bir
plan üzrə baş tutduğunu dəqiq faktlar və hadisələrlə
şərh edir. Qərbi Azərbaycanın coğrafi relyefini,
tarixini, şəhərsalma mədəniyyətini yazmaqla
İrəvanın bizim üçün nə qədər
önəmli bir yurd yeri olduğunu önə çəkmək
müəllifin nəzərdə tutduğu əsas məsələdirsə,
bundan əlavə, yurdumuzun işğalına ermənilərin
təkbaşına nail olmadığını, "rusun
tarixində ağ ləkə" adlı məqalə boyu
verdiyi bir xətlə əsəri zənginləşdirir. Rus
tarixindəki ağ ləkələri sıralayan müəllif
iki Azərbaycanın yaranmasının İrəvanın
işğalında həlledici rolunu göstərir. Əsər
boyu verilmiş rəngli şəkillər vandalizmin faşist
caynaqlarında can vermiş şəhərin ruhlar şəhərinə
çevrildiyini əks etdirir. Sərdar sarayı, İrəvan
hamamı, qədim şərq memarlığının dəyərli
nümunələri olan məscidlərin fotoları, məşhur
rus rəssamı Frans Roubaudin "İrəvan
qalasının fəthi" kimi sənət əsərində
məscid günbəzlərinin təsviri ilə müəllif
İrəvanın əsl simasını çatdırmağa
çalışır. O, əsl bizə məxsus İrəvanın
yer üzündən silinməsinə xidmət edən digər
bir amili də diqqətə çatdırır: deportasiyalar!
Sovet rejiminin hakimiyyəti dövründəki Sovet Ermənistanı
imperiya daxilində olan digər respublikalar kimi Kremldən idarə
olunmayıb, birbaşa özü öz hakimi olduğundan
toponimlərimizin erməniləşməsi və buna türklərin
1947-1948-ci illərdə Qərbi Azərbaycandan
deportasiyasının güclü şəkildə rəvac
verdiyini bildirir.
"Salah"
türk adı 1991-ci ildən dəyişdirilib
"Akavnavan" adlandırılaraq erməniləşdirilib.
"Qətran" 1948-ci ildən "Gedaliç",
"Aşağı Qaranlıq" 1936-cı ildən
"Martuni", "Doqquz" 1945-ci ildən
"Kanaçut" adlandırılıb. "Zəngi"
çayının adı dəyişdirilərək
"Razdan", "Cəlaloğlu" mahalı 1924-cü
ildən "Stepanavan", "Göyçə
gölü" "Sevan" olub. Burada Ağrı
dağı kimi ağrılı mövzuya da yer verilib. Bu
dağın Türkiyə ərazisində yerləşməsinə
baxmayaraq, ermənilər hər yerdə dağı öz əraziləri
kimi mənimsəyib dururlar. Yeri gəlmişkən, qeyd edim
ki, bizim yaşadığımız İsveçdə Ararat
firmasının yemək məhsulları geniş şəkildə
satılır. Ararat isə Ağrı dağının erməniləşmiş
variantıdır.
Səadət
xanımın tərcüməçisi olduğu əsərlər
iki yerə bölünür: İsveçdə yaşayan
müəlliflər və öz ruhu ilə səsləşən
əsərlər. Eluca Atalı, Vahid Qazi və Şəlalə
Əbildən etdiyi tərcümələr kitabın ümumi
xəttinə xidmət edir. E.Atalının "Ay ana, yel
vurub sındırdı sünbülümüzü" və
"Atillanın açıq pəncərəsi" kimi
Güney Azərbaycanın ictimai-siyasi və güneylilərin
mühacir həyatından bəhs edən əsərləri, əslən
Ağdamdan olan Vahid Qazinin "Üsyan nəğməsi",
"Mən göz şahidiyəm", "Həyatda qalan
ayaq izləri", "Milli kimlik harayında" kimi əsərləri
Qarabağın keçmişi və Birinci Qarabağ
savaşının acı nəticələri haqda
İsveç dilli oxucuya lazımi məlumatı verir.
Tərçüməçinin
ruhuna doğma bildiyi poeziya nümunələri isə Nigar Rəfibəyli,
Ramiz Rövşən, Aydın Əfəndi, Rafiq Zəka Xəndan,
Zivər Ağayeva, Adil Rəsuldan etdiyi seçmələrlə
kitab səhifələrini zənginləşdirir.
"Əks-səda:
Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində"
kitabı əcnəbi oxuculara Azərbaycanın
taleyüklü problemlərindən qədərincə məlumat
verdiyi üçün bu kitabın daha böyük tirajla
yayılmasını və eyni zamanda, digər xarici dillərə
çevrilib təbliğ edilməsini arzulayıram.
Eluca ATALI
525-ci qəzet.- 2021.-
26 fevral. S. 10.