Qan yaddaşımızın "Xocalı simfoniyası"

 

Dünyanın ən dəhşətli faciələrindən olan Xocalı qırğınını - "dərdimizin qan rəngini" sözə çevirən çoxlu poetik əsərlər yaranıb.

Xalq şairi Zəlimxan Yaqubun "O qızın göz yaşları", Ələkbər Salahzadənin "Xocalı xəcilləri", Ədalət Əsgəroğlunun "Dərdimizin qan rəngi" (hər üç şairin ruhları şad olsun!), Ələmdar Quluzadənin "Şəhid şəhər", Nurəngiz Günün (Allah qəni-qəni rəhmət eləsin!) "Xocalı simfoniyası" poemaları Xocalı faciəsini poeziyada əbədiləşdirən əsərlərdir. Bu yazıda biz ancaq Nurəngiz Günün "Xocalı simfoniyası" poemasından söz açacağıq.

Nurəngiz Günün poeziyası lap başlanğıcdan Vətən havası, Azərbaycan sevgisi ilə nəfəs alıb. Onun poetik rəsmlərində daha çox dərdlərimizin tarixi əks olunub desək, yanılmarıq. O, həm Böyük Vətən müharibəsinə, həm də Qarabağ savaşına həsr etdiyi altı poemasında, onlarla şeirində bu müharibələrin törətdiyi maddi və mənəvi fəlakətləri, insanların taleyindəki silinməz izlərini, anaların oğul haraylarını, qurumayan göz yaşlarını qələmə almışdır. Əgər bu şeirləri, poemalardakı ayrı-ayrı hissələri bir yerə cəm etsək, onların hamısına belə bir ad verərik: ANA FƏRYADI.

Nurəngiz Günün poetik üslubuna xas olan bir çox çalarlar - emosional, təsirli lövhələr canlandırmaq, təşbihlər, metaforalar düzümü yaratmaq, gerçəkliyi hisslər, duyğular prizmasından keçirmək onun "Xocalı simfoniyası" poemasında da aydın nəzərə çarpır. Poema İlahiyə Xitabla başlayır:

 

İlahi! Sən onlara rahatlıq ver...

İlahim! Təskin et!..

Sən onlara səmia nəğmələri göndər,

təsəlli səp.

 

Poema Xocalı şəhidlərinə həsr olunub. Orada həlak olan günahsız körpələr vardı, amma onların ruhları, səsləri oyaqdır:

 

Onların sümük xatirəsində,

indi yalnız

diri-diri

torpağa əndərilmiş Böyük Hürkü,

şaşqın qışqırıqlarının yaddaşı yaşayır!

 

Hər hansı bir publisist Xocalı faciəsinin törətdiyi dəhşətləri faktlarla, sənədlərin dili ilə təqdim edə bilər (bu sarıdan nigarançılığımız yoxdur), tarixçilər bu faciəni, 1992-ci ilin fevral dəhşətlərini ümumiləşdirən əsərlər qələmə ala bilər, amma şairlərin silahı qəzəbli Sözdür. Nurəngiz xanımın qəzəbinin tuşlandığı hədəflər hamımıza məlumdur:

 

Hə, Ruzgar,

hərdən soruşuram Ondan

xəyalən:

" - Xocam!.. Məğlubum!.. Necəsən?

Yoxsa dağ çəkdi sinənə, tarixi dilənçi -

Bəd qonşu?  -

Dramatik "Yazıq Erməni" ilə

Məşhur Qırmızı Qospodin? -

O! Qospodi!

Köhnə Sovet humanisti? -

Moto-atıcı daşıyan

Kütləvi qırğın maşını? -

"Möhtəşəm" bir Alay"!!!

 

"Xocalı simfoniyası" bir ananın dünyaya xitabıdır. N.Günün Məryəm Anaya xitabları da bəşəri bir mənaya köklənib. Axı, xristianların müqəddəs bildiyi, uca tutduğu bu qadın zülmün, zorakılığın, vəhşiliyin mücəssiməsi deyildi, paklığın, saflığın, ədalətin rəmzi idi. Bəs indi niyə müsəlmanlar zorakılığa məruz qalır?

 

Sizlərdə beləmi zorakıdır Kəlisa -

Allahın müqəddəs evləri?

Yəqin elə onunçun

özünüz öz əlinizlə mıxladınız

çahari-mıx gözəlim İsanı!"

 

Poemada təsirli səhnələr çoxdur. Amma ən təsirli, şüura, ürəyə işləyən bir səhnə var ki, N.Günün söz palitrasında o səhnə heç vaxt öz boyasını, rəngini itrməyəcək. O, faciədə həlak olan günahsız körpələrdən söz açır:

 

Ah! Boğulur cocuqlar,

Yorulur torpağın altında

Cocuqlar!

Əlləri, qolları yorulur...

Heç bir şey anlamır Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

O! Məryəm!

Ancaq ki, ana məməsi istəyir

körpələr torpağın altında!

Heç bir şey anlamır İnqalar!..

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!

 

Dünya eşitsin bizi, Üst Qatlar eşitsin bizi. Zorun, zorakılığın, vəhşiliyin hələ də meydan suladığı bir zamanda hər gün, hər il Xocalı, Xirosima, Xatın, Buhenvald faciələrinə bənzər qırğınlar baş verir. Xocalıda bir küknar ağacı hələ də ağlayır, "yonur-tökür saçlarını yoncalar" bir balaca qız üçün. Təkcə Xocalıdamı? Dünyamızın çox-çox ölkəsi Xocalıya dönüb. "Bəşəri zalımlar" qandan doymurlar. Torpağın altında indi də körpələrin inqa səsləri eşidilir, torpağın üstündə isə Analar əllərini göylərə açıb imdad diləyir:

 

İlahi! Kömək ol! O, təkdir! Anadır!

 

Tək qalıb torpağın üstündə.

Biçarədir.

Eşitsin onu Dünya üst qatda!

Onunla bərabər hönkürsün

bu məşum nağılı

insan olan bəşər də!"

 

Nurəngiz Günün "Xocalı simfoniyası" polifonik üslubda yazılıb, poemada dərin qəzəb notları var, son dərəcə nisgilli, qəmli notlar həmçinin. Gah yüksəkliyə, səsin zilinə qalxan, gah da həzin, laylalı, kövrək hissləri oyadan poetik simfoniya - biz bu poemanı belə qiymətləndiririk.

 

Vaqif YUSİFLİ. Filologiya elmləri doktoru

525-ci qəzet.- 2021.- 26 fevral. S. 11.